Cümə axşamı, 2024-03-28, 10:46 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Məad

Qiyamətin şahidlik evi
2013-02-06, 10:17 AM
Qiyamətin şahidlik evi

Qiyamət mənzillərdən biri şahidlik evidir. Bu evdə insanın xeyrinə və zərərinə şahidlik veriləcəkdir. İnsan bir iş görən zaman bu şahidlərə diqqət etsə, süqutdan nicat tapmış olar.

Qiyamət günü elə şahidlər olacaqdır ki, bizim bütün əməllərimizə görə şəhadət verəcəkdir. Bu şahidlər bu dünyada bizim əməllərimizə nəzarət edərlər. Şahid o zaman şahidlik verə bilər ki, əməllərimizi həm görsün, həm də onun necəliyindən xəbərdar olsun. Bəs bu şahidlər kimlərdir?

1. Allah Təala.

Qiyamət günü ilk şahid Allah Təaladır. Aləmlərin Pərvərdigarı bizim bütün əməllərimizə şahiddir. Qiyamət günü insanın əleyhinə şəhadət verəcəkdir. «Buna görə də, bizimlə sizin aranızda Allahın şahid olması kifayətdir. Həqiqətən biz sizin ibadətinizdən xəbərsiz idik». ("Yunus” 29). "Həqiqətən Allah hər şeyə şahiddir.” ("Həcc” 17).

2. İlahi Peyğəmbərlər (ə).

"Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O, sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir». ("Tövbə” 105).

3. Məsum İmamlar (ə).

Allah buyurur: "Ey insan! Hər nə istəyirsənsə et. Ancaq ehtiyatlı ol ki, gizlində və aşkarda Allah Təalanın hüzurundasan!”.

İmam Zaman ağanın (ə.f) hüzurundayıq. Ona görə də ədəbinə riayət et və bil ki, Qiyamət günü onlar sənin əməllərinə şəhadət verəcəklər. Bütün Əhli-beyt (ə) davamçıları arzu edirlər ki, Məsumlar (ə) onlara Qiyamət günü şəfaət versinlər. Məsələn, İmam Hüseyn (ə) şəfaət etsin. Buna nail olmaq üçün həm gizlində və həm də aşkarda əməllərimizə diqqət edək.

4. İlahi mələklər.

Şahid olan mələklər üç qrupdur:

a). Allahın yaxın mələkləridir. Cəbrayil (ə) və Mikayil (ə) kimi. "(O,) rəqəmlənmiş (yazılmış) (əhatəli) bir kitabdır (yaxşıların mükafatı orada qeyd olunmuşdur), (Allah) dərgahına yaxın olanlar onu görərlər və mələklər onun yanında hazır olarlar”. ("Mutəffifin”20- 21). Bu yaxın mələklər Nəkir və Məkirdir. Onlar insanın gün ərzindəki əməllərini qeyd edərlər. Xoş olsun o insanların halına ki, qiyamət günü Cəbrayil (ə) onun xeyrinə şəhadət verər.

b). Bizi şərdən, cinlərdən qoruyan mələklərdir. "İnsan üçün (onun əməllərini yazan Rəqib və Ətid adlı iki mələkdən başqa) onun önündə və arxasında (mələklərdən olan) nəzarətçilər vardır ki, Allahın əmri ilə daim onu qoruyurlar. Həqiqətən Allah heç bir dəstə üçün (mövcud) olanı (nemət və firavanlığı, yaxud bəla və çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud itaət və fasiqliyi) dəyişdirməyincə, dəyişdirmir. Allah hər hansı bir dəstə üçün pislik (və əzab) istəyəndə, onun qarşısı əsla alınmaz və onlar üçün Ondan başqa heç bir yardımçı və başçı yoxdur”. ("Rəd” 11).

c). Rəqib və Ətib adlı iki mələkdir. Bizim əməllərimizi yazarlar. "Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın”. ("Qaf” 18).

5. İnsanın bədən üzvləri.

"Bu gün onların ağızlarını möhürləyərik. Onların əlləri Bizimlə danışar, ayaqları isə etdikləri əməllər barəsində şəhadət verərlər”. ("Yasin” 65). "Onlar öz (bədənlərinin günahda birbaşa iştirak etmiş) dərilərinə deyərlər: «Nə üçün bizim əleyhimizə şəhadət verdiniz?» (Dəriləri) deyərlər: «Bizi hər şeyi (bütün danışanları) dilə gətirən Allah danışdırdı. Sizin hamınızı ilk dəfə O yaradıb və indi (də) Ona tərəf qaytarılırsınız». ("Fussilət” 21).

6. Zaman və məkan.

Bu aləmin həyatı vardır. Əgər insan qəlb gözünü açarsa, dərk edər ki, zaman və yerin həyatı və şüuru vardır. Quran buyurur: «Ey dağlar və ey quşlar, onunla birgə Allahı zikr etməkdə səs-səsə verin». ("Səba” 10). İnsan o yerdə ki, yaşayır və o yerdə ki, əməllər görür, insan üçün şəhadət verir. İnsanın evi şəhadət verər ki, gecə namazı qılıb, yoxsa yox.

7. Rəfiq və dostlar.

«Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım». ("Furqan” 28).

Əgər həyatda olan zaman Məsumların (ə) ümmətinə layiq əməllər görəriksə, əməl və rəftarlarımızı onlara uyğun edəriksə, xilas olmuşlardan olarıq. Əgər bir mömin Əhli-beytin (ə) həqiqi davamçısıdırsa, Qiyamət günü xoş olsun halına! Ancaq əgər kimsə əməlində və ya etiqadında nöqsana məruz qalarsa, bütün bu şahidlərin şəhadət mənzilindən keçməlidir.



(Tebyan/ Deyerler.org)
Category: Məad | Added by: Ənfal
Views: 908 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]