Main » Files » Əqidə » Məad |
Ölüm anında baş verənlər
2013-02-08, 7:45 AM | |
Can vermə anından müvəffəqiyyətlə çıxmaq üçün çarə fikirləşmək lazımdır. Həyatda olan zaman bəzi rəftarları islah etmək lazımdır ki, insan dünyadan gedəndə dini sağlam qalsın. Ölüm məsələsini yada salmaq - insanın süqutuna mane olan amillərdən biridir. Qurani-Kərim və hədislərin bir çoxu ölüm mövzusuna çox yer vermişdir. Bu da həmin mövzunun nə qədər əhəmiyyətli olduğuna işarədir. Quran buyurur: "O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) «salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik Bərzəx aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun» deyərlər”. ("Nəhl” 32). "Əgər mələklərin kafirlərin canlarını aldıqları zamanı görsən (belə bir səhnənin şahidi olarsan ki, alovlu qamçı ilə) onların üz və arxalarına vururlar və «dadın yandırıcı əzabı!» (deyirlər)”. ("Ənfal” 50). Rəhmətlik İmamın (r) belə bir kəlamı vardır: "O insanlar ki, dünyaya bağlıdırlar, axirət üçün bir iş görməyiblər, ölüm anında dünyadan getmək istəmirlər. Əzrayil (ə) və ya İlahi mələklər canını almaq üçün gələndə onlarla düşmənçilik edər”. İmam (r) başqa yerdə buyurur: "Əmirəl-möminin (ə) izni olmadan mələklər bir iş görə bilməz. Hər bir iş onun icazəsi ilə olar. Əgər can verən pis əməl sahibidirsə, dünyaya bağlıdırsa, o zaman ki, ruhunun Əmirəl-möminin (ə) izni ilə alındığını görəndə onun kinini qəlbinə salar. Bu zaman Əmirəl-mömininlə (ə) düşmən halında dünyadan gedər. Vay olsun o kəsin halına ki, Həzrət Əlinin (ə) düşməni olsun”. İnsan rahat can verməyini istəyirsə, gərək maddiyyata bağlı olmasın, Qiyamət gününü və qəbri fikirləşsin, Əhli-beytə (ə) təvəssül etsin ki, dünyadan gedən zaman dini sağlam olsun. Böyük alimlərdən biri belə deyir: "Qoca bir kişini tanıyırdım ki, əlifba savadı belə yox idi. Ancaq ali bir nəfsə malik idi. Bir gün xəstələnir və bir nəfəri mənim dalımca göndərir. Onun yanına gedəndə dedi: "Mən bu gecə öləcəyəm və istəyirəm ki, sən mənim başımın üstündə olasan”. Mən qəbul etdim və kişinin yanında qaldım. Kişi dedi: "Mən indi ölmürəm, get yat və səhərə yaxın yanıma gəl”. Alim deyir: Mən yatdım və gecə namazı üçün onun yanına gəldim. Gördüm ki, ayağa qalxa bilmir. Uzanan halda namaz qılır. Ondan sonra sübh namazında da mənə iqtida etdi. Sübh namazı tamam olandan sonra eşitdim ki, deyir: "Əssəlamu əleykə ya Rəsullah! Əssəlamu əleykə ya Əmirəl-möminin! Əssəlamu əleyki ya Seyyidətil-nisail aləmin!” Ta İmam Zamanın (ə) adına çatır, qalxmaq istədi, ancaq bacarmadı. Uzanan halda əlini başına qoyur və deyir: "Əssəlamu əleykə ya Bəqiyətillah! Əssəlamu əleykə ya Hüccətəllah!”. Sonra isə dünyadan gedir. Mən başa düşdüm ki, 14 Məsum (ə) onun ruhunu alan zaman orada idi və bu qocanın ruhunu özləri ilə aparmağa gəlmişdilər”. Digər alimlərdən biri deyir: "Dostlarımın biri ilə səfərə çıxmışdım və qayıdan zaman qəzaya düşdük. Mən salamat idim, ancaq dostumun halı qəza nəticəsində pisləşmişdi. Onu maşına otuzdurduq ki, xəstəxanaya aparaq. Mən onun başının üstündə idim və onun "Cameə” ziyarətini oxuduğunu gördüm. Ziyarəti oxuya-oxuya İsfahana çatdıq. İsfahana daxil olanda "Yasin” surəsini oxumağa başladı. Maşın xəstəxanaya çatanda "(Onlara) salam vardır. (Bu salam) rəhimli Rəbbdən (gələn) bir sözdür.(Bu salam vasitəsiz olaraq, ya mələklərin vasitəsilə onlara yetişər)” (”Yasin”58) deyib, dünyadan getdi”. Əgər insan yaxşı əməl sahibi olarsa, can verməsi də onun üçün rahat olar. Çirkin əxlaq və həvayi-nəfsin ardınca getmək ölümü çətinləşdirir. O insan ki, dili söyüşə öyrəşmişdir, can verən zaman söyüş söyməyə başlayar. Ailəsinə və qohumlarına pis sözlər deyər. Can verən zaman insan ömrü boyu tərbiyə etdiyi ruhunun eyblərini üzə çıxardar. Arzular, xahişlər təcəlli olar. İnsan əgər ibadət əhlidirsə, Quranla ünisyyəti vardırsa, can verən zaman da Quran tilavət edər. Ancaq əgər dünyapərəstdirsə, o anda belə dünya mallarından istəyər. Rəhmətlik İmam (r) yazır: "Elm əhlindən biri xəstələnir. Can verir, onu görməyə gedəndə o, dedi: "Allah qəribə zalımdır! Mənimlə arvad-uşağım arasında fasilə salmaq istəyir”. O, elə bu halda dünyadan gedir. Baxmayaraq ki, elm əhli olur, ancaq dünyapərəstliyi bais olur ki, şeytan ona rəhbərlik etsin və ilham etsin ki, Allaha qarşı cəsarət əldə edə bilsin”. Ayətullah Gülpayiqani (r) deyir: "Qədim dostlarımdan biri can verən zaman yanında idim. O, gözünü açdı və dedi: "Allah nə qədər zalımdır. Biz hər ikimiz tələbə olmuşuq və hər ikimiz mərhum Hacı Şeyx Əbdulkərim Hairinin dərsində iştirak etmişik. Hər ikimiz savadlı idik. Ancaq sən mərcəyi-təqlid olmusan, mən isə heç bir məqama çatmamışam”. Sonra isə dünyadan gedir”. İnsan gərək sabahını düşünsün. Can verən zaman insanın həyatda olan əməlləri özünü büruzə verər. ”Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!” ("Səcdə” 17). Ölüm bu dünyada mütləq baş verəcək hadisədir. Bu dünyadakı həyatımız axirət həyatının ancaq bir anıdır. Qiyamət günü bu dünyada uzun ömrə malik olanlardan soruşacaqlar ki, o dünyada nə qədər qalmısan? "Onlar (axirətin əbədi olmasını bildikdən və onu dünya və Bərzəx ilə müqayisə etdikdən sonra) deyərlər: «Bir gün və ya günün bir hissəsini. (Sənin tərəfindən) sayanlardan soruş». ("Muminun” 113). Bu ayəni təfsir edənlər deyirlər ki, bu insanlar yalan danışmaq istəyirlər. Ancaq həqiqət də elə budur. Həqiqətən bu dünya bərzəx aləminə nisbətdə bir andan çox deyildir. Bərzəx aləmi isə bu qədər uzun olmasına baxmayaraq, Qiyamətin yanında bir andan çox deyildir. Bu dünyada bir anlıq qəflət insanı süqut etdirə bilər. Bir anlıq diqqət isə insana nicat verə bilər. Əllamə Təbatəbai ömrünün son anında bizə tövsiyə etmişdir: "Diqqət! Diqqət! Diqqət! Ey qafil insan! "Məgər iman gətirmiş kəslərin qəlblərinin Allahı yada salmaq və haqqdan nazil olan şey üçün təvazökar, müti olmasının və onların özlərindən qabaq (səmavi) kitab verilmiş, beləliklə (ömür) müddətləri uzadılmış, qəlbləri sərtləşmiş və çoxu itaətsiz olan kəslər kimi olmamalarının vaxtı çatmayıb?!” ("Hədid” 16). Nə zaman Allaha üz çevirəcək və Qurana yaxınlıq edəcəyik? Nəyi gözləyirik? (Tebyan/ Deyerler.org) | |
Views: 1002 | Downloads: 0 | Rating: 5.0/2 |
Total comments: 0 | |