Main » Files » Əqidə » Məad |
Məada inanmaq – dini vəzifədir
2013-01-23, 8:22 PM | |
Məadın lüğətdəki mənası "geri qayıtmaq”dır. Məad elə bir məsələdir ki, bütün peyğəmbərlər ona dəvət edirdilər. "Buyurdu: «Hamılıqla, bir-birinizə (əbədi) düşmən olan halda (bu məkandan yerə) enin və sizin üçün yer üzündə müəyyən müddətədək sığınacaq və dolanacaq olacaqdır (və ondan sonra Bərzəx aləminə, daha sonra isə Qiyamətə köçürüləcəksiniz)». ("Əraf” 24). Bu ayədən göründüyü kimi, insan müəyyən müddətədək bu dünyada qalacaq və sonra da o biri dünyaya köçəcəkdir. Allah Təala Nuha (ə) buyurur: "«Və Allah sizi yerdən xas bir şəkildə (bitki kimi) bitirdi (torpaq maddəsindən kamil bir insan olanadək, cövhəri-hərəkət tərzi ilə bitirdi)». «Sonra sizi(n cisminizi yenə) onun (yerin) köksünə qaytaracaq və yenidən xas bir tərzdə çıxaracaqdır. (Qiyamət günü onun parçalanmış zərrələrini (hissəciklərini) yığaraq dünyadakı şəklə salacaq və Bərzəx ruhunu ona daxil edəcəkdir)». ("Nuh” 17-18). Quranda Həzrət Musa (ə), Həzrət İbrahimin (ə) və Həzrət İsanın (ə) da məada dəvət etdiyinin şahidi oluruq - bu ayələrdə: "Bəqərə” 126, "Şüəra” 87, "İbrahim” 41, "Əraf” 146-147, "Ali-İmran” 55-57. Quranda məada aid ayələrin sayı başqa ayələrdən daha çoxdur. Bu haqda təxminən 1400 ayə vardır. Əllamə Təbatəbai isə bu ayələrin sayının 2000 olduğunu söyləyir ki, bəzi ayələrin təfsiri bu mənanı verir. Məadın mənasını verən 26 ada rast gəlirik: qiyamət günü, cəza günü, haqq günü, üzləşmə günü və sair. Hər bir müsəlman məada inanmalıdır, əks halda kafir hökmündə olar. Yəni, o kəs kimi olar ki, Allahı inkar edər. "Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Bu, sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz”. (”Bəqərə” 232). "Və səndən «görəsən o (Qiyamət, savab və cəza) haqdır?» (deyə) xəbər alırlar. De: «Bəli, Rəbbimə and olsun ki, o, haqdır və siz əsla aciz qoyan (mənim Allahımın əzabından qaça bilən) deyilsiniz». ("Yunus” 53). Məadın varlığını isbat edən başqa bir dəlil isə İlahi ədalətdir. İnsanlar iki qrup olur: itaət edənlər və itaət etməyənlər. Əgər Allah bu insanlarla eyni cür rəftar etsə, ədalətsizlik olar. Ancaq bu sifət Allaha yaraşmaz. Gərək savab və cəza verəndə bu iki qrup arasında fərq qoysun. Bu zaman hər iki qrup bir-birindən fərqlənər. Bu, həmin məada olan əqidədir. "Sizin hamınızın dönüşü Ona tərəfdir. (Bu,) Allahın haqq və sabit olan vədidir. Həqiqətən yaradılmışları əvvəldə yaradan, sonra isə onları (ömür müddətləri başa çatdıqdan sonra) iman gətirən və yaxşı işlər görənləri haqq və ədalətlə mükafatlandırmaq üçün (Özünə tərəf) qaytaran Odur”. ("Yunus” 4). "Qiyamət günü mütləq gələcəkdir. (Həmin gün) hər bir kəsə çalışdığının əvəzinin verilməsi üçün onu(n vaxtını) gizlətmək istəyirəm”. ("Taha” 15). «Ey Rəbbimiz! Peyğəmbərlərinin dili ilə bizə vəd etdiklərini bizə əta et və bizi Qiyamət günü xar və rüsvay etmə ki, həqiqətən Sən heç vaxt Öz vədinə xilaf çıxmırsan». ("Ali-İmran” 194). Beləliklə, deyə bilərik ki, məad - qəti bir məsələdir. Hər bir insan bir gün o biri dünyaya qayıdacaq və Allaha qovuşacaqdır. Çünki Ondan gəlmişik və Ona da qayıdacağıq. Allah bizləri Qiyamət günü sevinənlərdən qərar versin. Biz insanlar həmişə Allahın lütfünə ümid bəsləyirik. Çünki, O, biz insanlara qarşı həmişə Mehribandır. "Allahın köməyi və yardımı ilə, O, (Allah) istədiyinə kömək edər. O yenilməz qüdrət sahibi və mehribandır”. ("Rum” 5). (Tebyan/ Deyerler.org) | |
Views: 804 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |