Main » Files » Əqidə » İmamət |
QӘDİR-XUM HADİSӘSİ
2013-02-21, 9:57 AM | |
Tarixin daş yaddaşına silinməz hərflərlə həkk olunmuş Qədir-xum hadisəsi Әli (ə)-ın imamət və xilafətinə şəhadət verən ən böyük dəlildir. Qədir-xum hadisəsinin mö᾿təbər sənədlərini araşdırmazdan öncə hadisənin mahiyyəti barədə xülasə şəkildə mə᾿lumat veririk: Hicrətin 10-cu ilində, yə᾿ni İslam Peyğəmbərinin (s) ömrünün son ilində həzrət Məhəmməd (s) özünün son həcc mərasimini tamamlayaraq Mədinəyə qayıdırdı. Bu zaman 120 mindən artıq müsəlman əziz Peyğəmbərlərini müşayiət edirdilər. Zil-hiccə ayının 18-ci günü həzrətin qafiləsi Qədir-xum adlı bir səhraya yetişdi. Həzrət Peyğəmbər (s) gözlənilmədən hamıya bu isti səhrada dayanmağı əmr etdi. Bir az öncə onlardan ayrılan Yəmən, Taif və başqa diyarlardan olan müsəlmanların arxasınca qasid göndərərək onların qayıtmasını istədi. Həzrət dəvə xamıdlarından düzəldilmiş uca bir yerə çıxaraq əvvəlcə bir neçə kəlmə Әli (ə)-ın fəzilətlərindən, onun barəsində nazil olan ayələrdən danışaraq buyurdu: Ey müsəlmanlar, mən sizə sizin özünüzdən daha yaxın deyiləmmi? (Yə᾿ni mənim əmr və göstərişlərim sizin öz fikirlərinizdən daha əhəmiyyətli deyilmi? Mən sizin rəhbəriniz deyiləmmi?) Dedilər: Bəli ya Rəsuləllah! Həzrət Peyğəmbər, Әli (ə)-ın əlindən tutaraq bacardıqca yuxarı qaldırdı və buyurdu: Mən hər kəsin mövlasıyamsa (rəhbəri), Әli də onun mövlasıdır! İlahi! Onu sevəni Sən də sev, ona düşmən olana Sən də düşmən ol. Ona kömək edən şəxsə kömək et, onu zəlil etmək istəyəni zəlil et! Daha sonra üzünü bütün müsəlmanlara tutaraq: Gedin Әliyə bey᾿ət edin! Buyurdu. Әli (ə)-a hamıdan öncə Ömər, sonra Әbu Bəkr daha sonra Osman, Təlhə, Zübeyr və bütün müsəlmanlar bey᾿ət etdilər.» Bu böyük hadisəni bütün tarixçilər 120-dən artıq mö᾿təbər sənədlə nəql etmişlər. Burada bu hadisəni nəql edən əhli-sünnət kitablarının bir hissəsini gətiririk: Məfatihul-ğəyb – İmam Fəxri Razi; 2. Kəşful-bəyan – imam Sə᾿ləbi; 3. Dürrül-mənsur – Cəlaləddin Siyuti; 4. Әsbabun-nüzul – Nişapuri Әbul Həsən; 5. Təfsiri-kəbir – Məhəmməd Təbəri; 6. Hilyətul-övliya – Hafiz İsfəhani; 7. Səhih – Müslim ibni Həccac; 8. Tarix – Məhəmməd Buxari; 9. Sünən - Әbi Davud; 10. Sünən – Termezi; 11. Kitabul-vilayə - Hafiz ibni Әqdih; 12. Tarix – İbni Kəsir; 13. Müsnəd – imam Әhməd ibni Hənbəl; 14. Sirrul-aləmin – Ğəzzali; 15. İstiab – İbni Әbdül-birr; 16. Mətalibus-sual – İbni Təlhə Şafei; 17. Mənaqib – İbni Məğazili Şafei; 18. Fusulul-mühimmə - İbni Səbbağ Maliki; 19. Məsabihus-sünnə – İbni Məs᾿ud Bəğəvi; 20. Mənaqib – Xətib Xarəzmi; 21. Qamusul-üsul – Məcduddin ibni Әsir; 22. Sünən və xəsaisul ələvi – imam Nəsai; 23. Yənabiul-məvəddə – Şeyx Süleyman Hənəfi; 24. Әs-Səvaiqul-muhriqə - İbni Həcər Məkki; 25. Sünən – İbni Yezid Hafiz ibni Macə; 26. Müstədrək – Hakim Nişapuri; 27. Әvsət – İbni Әhməd Təbərani; 28. Üsdul-ğabə - İbni Әsir Cəzəri; 29. Təzkirətu xəvassil-ummə - Sibt ibni Cuzi; 30. Әqdül-fərid – İbni Әbdi Rəbih; 31. Cəvahirul-əqdəyn - Әllamə Səmhudi; 32. Minhacus-sünnə - İbni Teymiyyə; 33. Fəthul-bari – İbni Həcər Әsqəlani; 34. Rəbiul-əbrar – Carullah Zəməxşəri; 35. Әd-dirayə fi hədisil-vilayə - Әbu Səid Səcistani; 36. Duatul-huda ila ədai həqqil-məvalat – Həskani; 37. Әl-Cəm bəynəs-sihah sittə - İbni Müaviyə Әbdəri; 38. Әl-Әrbəin – imam Fəxri Razi; 39. Әhadisul-mütəvatirə - Muqbili; 40. Tarixul-xüləfa – Siyuti; 41. Məvəddətul-qurba – Mir seyyid Әli Həmədani; 42. Xəsaisul-ələvi - Әbdul-fəth Nəzəzi; 43. Fəslul-xitab – Xacə Buxari; 44. Әl-Әrbəin – Cəmaləddin Şirazi; 45. Feyzul-qədir - Әbu-rəuf əl-Mənavi; 46. Kifayətu-talib – İbni Şərəf ən-Nəvəvi; 47. Təhzibul-əsma – İbni Şərəf ən-Nəvəvi; 48. Fəraidus-sibtəyn – İbrahim Həmvini. 49. İbtalul-batil – Qazi Fəzlullah; 50. Siracul-munir – Şəmsəddin Şərbini; 51. Әl-Miləl vən-nihəl – Şəhristani Şafei; 52. Tarixu Bağdad – Xətib Bağdadi; 53. Tarix – İbni Әsakir Dəməşqi; 54. Şərhu-nəhcil-bəlağə - İbni Әbil Hədid; 55. Ürvətul-vüsqa - Әlauddin Səmnani; 56. Tarix – İbni Xəldun; 57. Kənzul-ümmal – Müttəqi Hindi; 58. Әsnəl mətalib - Әbul-xeyr Dəməşqi; 59. Şərhu Məvaqif – Şərif Hənəfi Cürcani; 60. Ğəraibul-qur᾿an – Nizamuddin Nişapuri. Bu qədər mö᾿təbər sənədin müqabilində e᾿tirafa məcbur olan bə᾿zi qərəzli alimlər belə bir məntiqsiz bəhanə gətirirlər: Bu hadisənin tarixi fakt olması şübhəsizdir. Lakin Peyğəmbər (s) bu hədisdə «mövla» dedikdə dostluq və məhəbbət nəzərdə tuturdu. Bu isə Әli (ə)-ın imamət və xilafətinə dəlalət etmir!.. Cavab: Doğrudur «mövla» sözünün mə᾿nalarından biri də dost deməkdir, lakin: 1. Әgər mövla sözünün bir mə᾿nası rəhbər, digər mə᾿nası dost deməkdirsə, nə üçün təkcə dost mə᾿nasını qəbul edək? Mövla dedikdə hansı mə᾿nanın nəzərdə tutulduğunu bilmiriksə, hansı dəlil və sübuta əsasən yalnız dost mə᾿nasını qəbul etməliyik? 2. Bir şəxsin dostluq və məhəbbətinin nə qədər əhəmiyyəti vardır ki, təkcə 60-dan artıq əhli-sünnət kitabı, 120-dən artıq sənədlə bu hədisi nəql etmişlər!? 3. Bunu hansı məntiqlə qəbul edək ki, İslam Peyğəmbəri (s) qızmar günəş altında, pul kimi qızaran səhrada müsəlmanlara dayanmaq əmri verir, ayrılan dəstələri geri qaytarıb onlara Әlini sevin deyir!? 4. Hədisin məzmununa bütünlüklə diqqət etsək görərik ki, Peyğəmbər (s) əvvəlcə özünün bütün müsəlmanlara olan vilayətini xatırladır və müsəlmanlardan bir daha bey᾿ət alır: «Ey müsəlmanlar, mən sizə sizin özünüzdən yaxın deyiləmmi?» Yə᾿ni mənim itaətim bir ilahi rəhbər kimi hamıya vacib deyilmi? Müsəlmanlar bir daha bu həqiqəti iqrar etdikdən sonra Peyğəmbər (s) - mənim rəhbərliyimi qəbul edən kəslər Әlinin rəhbərliyini də qəbul etməlidirlər -.deyə buyurdu. 5. Cəlaləddin Siyuti «Dürrül-mənsur» kitabında, İbni Әbi Hatəm Razi «Təfsirul-ğədir» kitabında, Hafiz Təbəri «əl-Vilayə» kitabında, Hafiz Әbu Bəkr Şirazi «Ma nəzələ minəl-qur᾿an fi Әli» kitabında, Həskani «Şəvahidut-tənzil» kitabında, Qazi Şukani «Fəthul-qədir» kitabında, Bədrəddin Hənəfi «Ümdətul-qari» kitabında, İmam Sə᾿ləbi «Kəşful-bəyan» kitabında, İbni Səbbağ Maliki «Füsulul-mühimmə» kitabında və 20-dən artıq digər əhli-sünnət kitablarında Qədir-xum hadisəsini şərh edərkən yazmışlar: «Peyğəmbər (s) Qədir-xum səhrasına yetişdikdə Qur᾿ani-Kərimin bu ayəsi nazil oldu: «Ey Peyğəmbər, Allah tərəfindən sənə nazil olan hökmü xalqa çatdır. Әgər bunu etməsən öz peyğəmbərliyini yerinə yetirməmisən...»(36) Bu ayə nazil olan kimi Peyğəmbər (s) müsəlmanlara dayanmaq əmri verdi və mə᾿lum xütbəni oxudu.» Diqqət edin, əgər biz mövla sözünü dost mə᾿nasında qəbul etsək, belə çıxır ki, Allah-taala xüsusi bir ayə nazil edərək Öz Peyğəmbərinə əmr edir ki, xalqı isti səhrada dayandırıb Әlinin dostluğunu tövsiyə etsin!!! Maraqlı burasıdır ki, Peyğəmbər (s) müsəlmanlara «Әli ilə dost olun» deməsə, 23 illik risalət və peyğəmbərliyini yerinə yetirməmiş olur!!!» Gəlin qəbul edək ki, qeyd etdiyimiz ayənin məzmununa əsasən Peyğəmbərin (s) risalətinin tamamlanması hesab olunan, qızmar günəş altında 120 mindən artıq müsəlmana xitab edilən bu tarixi cümləni sadə bir dostluq mə᾿nasına yozduğumuzu eşidənlər bizə və ya bizim dinimizin məntiqinə qəhqəhə ilə gülsələr, onlara qoşulub gülməkdən başqa çarəmiz qalmır. | |
Views: 747 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |