Main » Files » Əqidə » İmamət |
2012-12-11, 8:08 AM | |
Biz bir məsələnin isbatı üçün misal, yaxud nümunə göstərməli olduqda, onun ən yaxşısını, kamil olanını seçib göstəririk ki, həmin məsələ tam mahiyyətilə aydın olsun. Bir mahiyyətin ən kamilini seçmək üçün müxtəlif yollardan istifadə edir, yalnız müəyyən meyarlar əsasında seçimin baş tutmasına əhəmiyyət veririk. Bu seçim doğru-düzgün həyata keçdikdə nümunəni təqdim etdiyimiz tərəf onun mahiyyətini tanımaqda heç bir çətinlik çəkmir. Ümumiyyətlə nümunələr təmsil olunduğu mahiyyəti tanıtmaq funksiyasından əlavə daha iki mühüm vəzifəni də ehtiva edir. Bəlkə də bu iki vəzifə nümunənin əsl ideya yüküdür. Lakin nümunə meydana gətirilərkən qeyd olunan ikinci və üçüncü, daha prinsipial məqamı görmək həddən artıq diqqət tələb edir. Həmin ikinci və üçüncü vəzifə budur ki, əvvəla nümunə gətirilən hər hansı bir fərd öz mahiyyətini digərlərinə tanıtmaqla yanaşı, eyni mahiyyətdən olan fərdlərə də bir nümunə olur. Yəni o fərdlərdə də onun kimi olmaq istəyi yaranır, zaman keçdikcə bu istək həyata keçir. Nəticədə eyni mahiyyətdən olan bütün fərdlər kamilləşir. Həm də onu nümunəvi edən amil tanınır və alqışlanır. Məsələn, sinifdə müəllim digər müəllimlərə öz fəal tələbəsini nümunə göstərirsə, burada həm nümunəvi tələbə tanınır, həm başqa tələbələrdə də fəallıq hissi yaranır, həm də onu nümunəvi edən, ona bu işdə müəllimlik edən ustadı həqiqi bir ustad kimi tanınır və alqışlanır. Deyilənləri nəzərə alaraq biz yaradılış aləminin ən şərəflisi olan, bəlkə də yeganə şərəflisi olan insan və insanlıq üçün nümunə axtaracağıq. Bunun üçünsə əvvəlcə insanın mahiyyəti haqqında məlumatlı olmalıyıq. Yəni əvvəlcə "insan nədir?"" (kimdir yox, məhz nədir?) sualına cavab tapmalı, sonra ona kamil nümunə göstərməliyik. Elə bir nümunə ki, bütün insanlara əsl örnək olsun, onları kamil insanlığa səsləsin, həm də elə bir nümunə ki, onu xatırlayanlar Yaradanına şükr edib, "insan" adında məxluq yaratdığına görə" Onun əzəmətini etiraf etsin. Insan mahiyyətcə nədir? Nə üçün yaradılıb? Bu sualın cavabında Allah-Təala bu varlığı yalnız Ona ibadət etmək üçün, Ona həqiqi bəndəçilik etmək üçün yaratdığını bildirir. Yəni həqiqi insan yalnız Allah bəndəsi olmalı, Onun göstərdiyi yolla getməlidir. Insanın kamilliyi, böyüklüyü bəndə olmaqdır, yalnız Allaha, başqalarına deyil. Yalnız Allaha bəndə olmaq insana şərəf gətirər, onu ucaldar və Allah-Təalanın insan üçün təyin etdiyi ülvi məqama çatdırar. Insan Allah tərəfin-dəndir və Ona tərəf də qayıdacaq. Yəni ülviyyətdən gəlib və qayıdış yeri də yalnız ülviyyətdir. Allah insana şah damarından da yaxındır. Yəni insan Allahı özünə elə yaxın, səmimi bilməlidir ki, əsla bu böyük fəzldən uzaq düşməsin. Allah insana öz ruhundan üfürməklə ona həyat verib, həmin anda ona elə bir əzəmət verib ki, mələklərin qibtə etməkdən savayı çarələri qalmayıb. Allah insana dəyəri sonsuz olan elm bəxş edib. Elə ona görədir ki, alimlər insan şüurunun sonsuz olduğunu qətiyyətlə iddia edirlər. Insan özündəki heyvani hisslərin, xüsusiyyətlərin qaranlıqlarını ilahi feyzin nuruyla məhv edə biləcək qüdrətə malik bir varlıqdır.Indi belə bir varlığa nümunə gətirək. Biz, yəni insanlar bu nümunəni tapa bilərikmi? Məgər biz özümüzü elə yaxşı tanıyırıqmı? Belə bir nümunə gətirməyə Allahın gətirdiyi nümunə kifayət etməzmi? Ilk insanın yaranışından başlayaraq Allah-Təala insanlar içindən ən ləyaqətli olanlarını özünə elçi, yaratdıqlarına rəhbər seçərkən onları nümunə obyekti olaraq tanıtmışdır ki, digərləri onlardan insanlıq dərsi alsınlar. Belə nümunlər çoxdur. Lakin biz onların içindən seçilmiş on dörd şəxsiyyətdən beşincisi, cənnət cavanlarının ağası, Peyğəmbərin (s) vəsf olunmaz dərəcədə məhəbbət bəslədiyi iki ciyərparəsindən biri, əlinin (ə) və Fatimənin (s.ə) valideyn-övlad bağlılığının ülvi timsalı olan oğlu, ən əsası isə Peyğəmbərin (s) gətirdiyi dini və Əlinin (ə) vilayətini nəinki qanı bahasına, bütün adi və qeyri-adi imkanları bahasına qoruyan, ismət, qeyrət, şücaət rəmzi olan, şəhidlər ağası Imam Hüseyni (ə) nümunə göstəririk. Artıq qeyd etdik ki, bu şəxsiyyəti Allah-Təala bütün yaratdıqlarına nümunə göstərib. Aşura günü, Kərbəla çölündə Allah onu nümunə göstərməklə üç məqama diqqət yönəltmişdir: Birinci məqam Allah "Mən yer üzündə öz xəlifəmi qərar verirəm" deyərək mələklərə xitab etdiyi zaman mələklər: "Sən fəsad əhli yaratmaq istəyirsən?"" deyə soruşdular. Allah-Təala isə: "Mən bildiyimi siz bilmirsiniz"" deməklə hökm etdi ki, insan onların güman etdikləri kimi nahaq qan tökən və fəsad törədən yox, əksinə, niyyət və əməllərinə görə fəxr olunmalı, nümunə göstərilməli bir varlıqdır. Allah Özünün qüdrətini, elmini və s. ali sifətlərini məhz insan yaratmaqla biruzə verir. Nəticədə Imam Hüseyn (ə) kimi şəxsi nümunə göstərməklə öz varlığını isbat edir. Zəkalı insanlar bu nümunə vasitəsilə Allaha olan əqidələrini möhkəmləndirir, Onu daha yaxşı tanıyır, Ona daha yaxşı bəndəçilik edir və kamilləşirlər. Doğrudur, Allahı tanımaq üçün kainatda çoxlu dəlillər mövcuddur. Lakin bu dəlillər nümunə kimi seçilən bir şəxslə əsla müqayisə oluna bilməz. Şübhəsiz ki, onların təsir gücü də bərabər deyil. Imam Hüseyni (ə) tanımaqla Allahı tanımaq hər hansı başqa bir şeyin vasitəsilə tanımaqdan qat-qat təsirli və möhkəmdir. əlavə olaraq bu mərifət və tanıtım möhkəmliyindən başqa davamlı təsirə malikdir.Belə ki, çox az müddətdə böyük bir kütləni batildən haqqa tərəf yönəldə bilən bir təsir mexanizmidir. Odur ki, onu nə iləsə müqayisə etmək yersizdir. Tarixə nəzər saldıqda bir çox cəmiyyətlərin məhz Imam Hüseyni (ə) tanımaqla haqqa döndüklərinin şahidi olarıq. Razılaşaq ki, hər il məhz Aşura və həmin ərəfədə keçirilən mərasimlərdə çoxlu sayda insanlar qəflət yuxusundan ayılaraq Allaha tərəf üz tuturlar. Aşura hadisəsindən keçən illəri, eləcə də dünyada bu mərasim qeyd olunan əraziləri nəzərə alsaq, təkcə bu baxımdan böyük bir məktəbin fəaliyyət göstərməsini aydın görmək olar. Ikinci məqam Nümunə göstərildiyinə görə imam Hüseyn (ə) şəxsiyyətinin tanınması ikinci məqamı meydana gətirir. Belə bir şəxsiyyəti olduğu kimi vəsf etmək mümkündürmü? Yalnız Allah-Təala və Onun hikmət verdiyi şəxslər onun əsl tərifini demişlər. Məgər Peyğəmbərin "Hüseyn məndəndir, mən də Hüseyndənəm" ifadəsi, "Hüseyn hidayət çırağı və nicat gəmisidir" deyimi onu layiqincə vəsf etmirmi? əsrlər boyu adları dillər əzbəri olmuş, dahi sayıla biləcək insanlar arasında Imam Hüseynə (ə) özəllik verən, onu tam başqa göstərən cəhət əvəzsiz şücaət və rəşadətdir. Söhbət o Həzrətin (ə) döyüş meydanında göstərdiyi qəhrəmanlıqdan getmir. Bu, onun işinin çox az bir hissəsidir. Lakin buna qədərki dövrə, xüsusilə beyət tələbindən sonrakı zəminə nəzər saldıqda gün kimi aydın görünür ki, O (ə) öz əqidəsinin uğrunda qarşıya çıxan Yezid kimi maneələri dəf etməkdə mənəvi rəşadət göstərir. Imamın Yezidə qarşı çıxmasına qiyam demək olmaz. çünki "qiyam" kəlməsi daha çox rəiyyətin ağaya qarşı çıxmasına şamil olur. Imam isə Allahın yer üzündə hüccətidir. O (ə), Yezidi cəmiyyətin yararsız sıravi bir fərdi görüb onun fəsadlarından digər fərdləri qoruyur, cəmiyyəti belə fərsiz nakəslərdən təmizləyir, ağalıq nümayiş etdirir. Imam Hüseyn (ə) zəmanəsinin ilahi hüccəti, Imamı olduğundan o dövrün nöqsanlarını, fəsadlarını aradan qaldırır, öz imamlıq vəzifəsini icra edir. Allahın məsləhəti olan zaman hicrət edir, Kufəyə sarı gəlir, Kərbəla torpağında şəhid olur, ailəsi əsir düşür və s. Bunlar Imamın (ə) həmin dövrdə görməli olduğu vəzifələrdir. Yezid isə atası Müaviyə kimi xilafətdə qəsbi yer tutduğundan, fasiqliyindən, cinayətkarlığndan, cəmiyyətdə ən iyrənc və bədnam kimi səciyyələnir. Buna görə də imam Hüseynin (ə) gözündə xəlifəlik iddia edən Yezidlə, cəmiyyətin digər adi və bədnam şəxsi arasında heç bir fərq yoxdur, hər ikisi islah olunmalı, əks təqdirdə cəmiyyətdən silinib atılmalıdırlar. Bu, qazinin, hakimin və ən əsası zamanə Imamının vəzifəsidir. Üçüncü məqam Bu məqam Imam Hüseyn (ə) simasında insanın özünə dəyər verməsindən ibarətdir. Həqiqi insan kimi yaşamaq üçün dəqiq işlənmiş proqram, ilahi göstərişlərin izahını verəcək iş planı lazımdır. Deyilənləri Imam Hüseynin (ə) həyatında açıq-aydın görmək mümkündür. Onun, beyət məsələsi ortaya çıxandan şəhadətə çatdığı ana qədər hərəkətləri, sözləri hamıya örnək ola bilər. Özünə ideal axtarmaqdan təngə gəlmiş müasir cəmiyyət bu yöndə hansı meyarları əsas götürür? Əgər dünyagörüşünün formalaşması üçün və insani həyat tərzi üçün ideal axtarırsa, ona Imam Hüseyn (ə) kimi şəxsin müridi olmaq yetər. Qarşısına məqsəd qoyaraq Imam (ə) kimi əqidəli, əzmkar, fəal, şücaətli olmaq insana səadətdən savayı nə verir? Hazırki dövrdə insanlar mənəviyyatsızlıqdan bezar olduqları halda, daxili paklıq və saflıq artıq yadlaşdığı bir zamanda Imam Hüseyni (ə) ideal seçib, onun yolunu gedib, müxtəlif mərasimlər keçirməklə onun mübarizə yolunu yaşatmaq zəmanənin ehtiyacı və mənəvi qidasıdır. Imam Hüseyn (ə) buyurur: "Mən şər işlər törətmək, həvayi-nəfsə uymaq, yer üzündə fitnə-fəsad törətmək, haqqın hüdudlarına təcavüz etmək üçün öz vətənimdən çıxmamışam. əksinə, mən öz vətənimdən ona görə çıxmışam ki, cəddimin bədbəxtliyə və biçarəliyə tutulduğu, haqqının tapdalandığı, zəlil edildiyi ümmətini islah edim. Mən istəyirəm ki, əmr be məruf edəm, cəmiyyətdəki çirkin işləri, fəsadları, zülm və təcavüzləri aradan qaldıram. əgər bir kəs haqqı müdafiə etdiyim üçün məni qəbul etsə, onda Allah haqqın himayəçisidir. əgər bir kəs məni qəbul etməyib rədd etmək istəsə, mən Allahın mənimlə bu qövm arasında hökm edəcəyi vaxta qədər səbr edəcəyəm...Mən canımı fəda edirəm ki, insanlarla Allah arasında əlaqə yaradam və insanların həyatına həqiqi məna və hədəf verəm." ihq.az | |
Views: 772 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |