Main » Files » Əqidə » İmamət |
Aşura müsibətinə ağlayanlar
2012-12-11, 8:11 AM | |
Tarixə diqqətlə müraciət etməklə yanaşı çox saylı sünni və şiə mənbələrinə istinadən Məhəmməd peyğəmbərin (s) və səhabələrin Aşura müsibətinə ağladıqlarını tam qətiyyətlə söyləyə bilərik. Belə hədislərin bir neçəsini sizə təqdim edirik: 1) Peyğəmbərin (s) əzadarlığı 1-Hakim Nişaburi səhih sənədlə Ümmül-Fəzldən belə nəql edir: "... Balaca Hüseyni (ə) qucağıma alaraq, Peyğəmbərin (s) yanına gətirdim. Və onun qucağına qoydum. Gözlərim Həzrət Məhəmmədin (s) yanağından aşağı süzülən yaşlara sataşdıqda soruşdum: "Ey Allahın elçisi! Atam-anam sənə fəda olsun, nə üçün ağlayırsan?" Peyğəmbər (s) buyurdu: "Cəbrayıl tanrı tərəfindən mənə nazil oldu və ümmətimin yaxın zamanlarda Hüseyni (ə) şəhid edəcəyini xəbər verdi..." 2- Hafiz Əhməd Beyhəqinin nəql etdiyi hədisdə oxuyuruq: "Əsma binti Umeys deyir: "Mən yenicə dünyaya gəmiş Hüseyni (ə) ağ parçaya bükülmüş qundaqda Peyğəmbərə (s) verdim. O, körpənin sağ qulağına azan və sol qulağına isə iqamə oxudu. Sonra onu qucaqlayaraq, ağladı. Soruşdum: atam-anam sənə qurban nə üçün ağlayırsan? Buyurdu: "Bu övladım üçün ağlayıram. Mən "O, indicə dünyaya gəlib, ağlamaq nə üçündür? "-dedikdə isə, Peyğəmbər (s) buyurdu: "Əsma, övladımı zülmkar bir qövm şəhid edəcək. Allah mənim şəfaətimi onlara yetirməsin." Sonra sözünə davam edərək buyurdu: "Bunu Fatiməyə (s) xəbər vermə. Axı o, yenicə övlad dünyaya gətirib!" 3-Əhməd ibn Hənbəl səhih sənədlə Ənəs ibn Malikdən belə nəql edir: "Ümmü Sələmə deyir: "Həsən (ə) və Hüseyn (ə) mənim evimdə idilər. Cəbrayıl nazil oldu və Peyğəmbərə (s) "Ey Məhəmməd! Sənin ümmətin övladın Hüseyni (ə) şəhid edəcəkdir"- dedi. Elə bu zaman Peyğəmbər (s) ağladı və Hüseyni (ə) bağrına basaraq buyurdu: "Ey Ümmü Sələmə bu torpaq sənin yanında əmanət qalsın." Bu qırmızı rəngli torpağı Hüseynin (ə) şəhid olacağı məkandan Cəbrayıl ona gətirmişdi. 4- İbn Əsakir səhih sənədlə Aişədən bu hədisi nəql edir: "Allahın elçisi (s) yatmışdı. Hüseyn (ə) otağa girərək ona tərəf getdi. Mən onu Peyğəmbərdən (s) uzaqlaşdırdım. Sonra isə öz işimlə məşğul oldum... Peyğəmbər (s) yuxudan ayıldı. O, ağlayırdı. Səbəbini soruşduqda isə buyurdu: "Cəbrayıl (ə), mən yuxuda ikən, Hüseynin şəhid ediləcəyi məkandan olan bir ovuc torpağı mənə göstərdi. Allahın əzabı onun qanını axıdanlara qarşı şiddətlidir."... Sonra buyurdu: "Ey Aişə! Canımın sahibi Allaha and olsun ki, bu iş məni şox kədərləndirdi. Görəsən, məndən sonra Hüseyni qətlə yetirəcək kəslər kimdir?!" Əbu Bəkr, Ömər, Əli (ə), Əmmar və Əbuzər də, orada idi." (Aişə bu məzmunlu başqa müxtəlif hədislər də söyləmişdir. ) 5- Hafiz əbu Yə`li Zeynəb binti Cəhşdən belə nəql edir: "Peyğəmbər (s) mənim evimdə olarkən, yenicə yeriməyə başlayan Hüseyn (ə) otağa girdi. Mən onu saxlamaq istədikdə, Peyğəmbər (s) mənə mane oldu. Dəstəmaz alan Peyğəmbər (s) sonra Hüseyni (ə) qucağına alaraq elə bu halda da, namaz qıldı. Namazdan sonra oturaraq, ağladı. Dedim: "Ey Allahın elçisi! İndiyədək səni bu halda görməmişdim. Səbəbi nədir? Buyurdu(s): "Cəbrayıl mənə ümmətimin Hüseyni (ə) şəhid edəcəyini söylədi..." 6- Əhməd ibn Hənbəl səhih sənədlə İbn Abbasdan nəql edir: "Günorta vaxtı Peyğəmbəri (s) yuxuda gördüm. O, çox kədərli və pərişan idi. Əlində qanla dolu bir şüşə qab var idi. Soruşdum: Atam-anam sənə qurban olsun, bu nədir?" Buyurdu (s): "Bu Hüseynin (ə) və onun silahdaşlarının qanıdır. Bunu bu gün mənə verdilər." İbn Abbas deyir: "O gün Aşura günü idi." 7- Termizi və Hakim səhih sənədlə Peyğəmbərin həyat yoldaşı Ümmü Sələmənin də, belə bir yuxu gördüyünü nəql edir. 8-Əbul-Həsən Əqiqi "Əxbarül-Mədinə" kitabında Həzrət Əli (ə) -dən belə nəql edir: "... Evimizdə olarkən, yeməkdən sonra Peyğəmbər (s) üzünü qibləyə çevirərək dua etməyə başladı. O, ağlayırdı. Səbəbini soruşdum. Hüseyn (ə) onun kürəyinə mindi. Peyğəmbər (s) yenidən ağlamağa başladı... Buyurdu(s): "Oğlum! Sizi görərkən elə sevindim ki, indiyədək belə xoşhal olmamışdım. Amma dostum Cəbrayıl mənə Hüseynin şəhid olacağı xəbərini verdi. Sənin qətligahın dağıdılmışdı. Bu xəbər məni çox sarsıtdı..." 9-Hafiz Əbu Bəkr ibn Əbi Şeybə, Abdullah ibn Məsuddan nəql edir: "Peyğəmbər (s) bir qrup səhabə ilə gedirdi. Yolda Bəni-Haşimdən olan adamlarla rastlaşdı. Peyğəmbər (s) onları gördükdə ağlamağa başladı... Buyurdu (s): "Əhli-beytim məndən sonra zülmlərə mə`ruz qalaraq, öz yurdlarından didərgin olunacaqlar..." 10-İbn Cuzi özünün "Məqtəl" adlı kitabında Peyğəmbərin (s) səhabələr və camaat arasında Hüseynin (ə) şəhid ediləcəyi xəbərini verərək, birlikdə ağladıqlarını yazır. Bir çox səhabələr, hələ Həzrət Peyğəmbər (s) diri ikən onunla birgə Aşura müsibətinə ağladıqlarını, keçmiş bəhslərimizdə qeyd etdik. Burada isə onların bəzisinin adını bəyan edirik: 2)Səhabələrin əzadarlığı 1- İbn Abbas Səbt ibn Cövzi deyir: "İmam Hüseyn (ə) şəhid olduqdan sonra İbn Abbas daim ağlayırdı. Hətta axırda gözləri tutuldu." İbn Abbas Həzrət Əli (ə) ilə Siffeyn yolunda Kərbəla ərazisində burada baş verəcək dəhşətlərə əvvəlcədən ağlamış, göz yaşı tökmüşdür." 2- Ənəs ibn Malik İbn Ziyadın sarayında olmasına baxmayaraq haqsızlığa dözməyən Ənəs ibn Malik ağlayaraq ona e`tiraz edib, "Hüseyn (ə) hamıdan çox Peyğəmbərə (s) oxşayırdı, sən isə onu şəhid etdin!" söylədi. 3- Zeyd ibn Ərqəm Zeyd ibn Ərqəm zülmkar vali İbn Ziyadın sarayında, onun Hüseynə (ə) qarşı etdiyi iyrənc hərəkətlərinə şiddətlə e`tiraz edərək, ağlayıb söylədiyi kəskin nitqlə hamını kövrəltmişdi. "Zeyd ibn Ərqəm valiyə belə deyir: "Əlindəki çubuqları Hüseynin (ə) dodaqlarından kənara çək! Peyğəmbərin (ə) övladını təhqir etmək olmaz. Sən (kəsilmiş başına) çubuqla vurduğun Hüseynin (ə) dodaqlarını Peyğəmbərin (s) dəfələrlə öpdüyünü görmüşəm." Sonra isə ağlamağa başladı. İbn Ziyad hiddətlənərək ona dedi: "Sakit ol! Əgər səhabə olmasaydın səni yetərincə kötəkləməyə əmr edərdim." Amma Zeyd ibn Ərqəm qorxmadı və cəsarətlə ayağa qalxaraq fəryad etməyə başladı: "Ey camaat! Allahdan başqasına bəndəlik etdiniz! Hüseyni (ə), Fatimənin (s) övladını öldürüb, "Mərcanənin oğlunu" özünüzə ağa seçdiniz. Allaha and olsun ki, o sizin yaxşılarınızı öldürəcək. Pis insanları sizə hakim edəcək. Sizi öz quluna çevirəcək..." Sonra üzünü İbn Ziyada çevirərək dedi: "Ey İbn Ziyad! Peyğəmbərin (s) müsəlmanlara dönə-dönə tapşırdığı əmanətlə gör necə rəftar etdin?! " 4- Rəbi ibn Xeysəm "Rəbi ibn Xeysəm Həzrət İmam Hüseynin (ə) şəhadətini eşitdikdə hönkürərək ağlayıb belə dedi: "Elə cavanları şəhid etdilər ki, Peyğəmbər (s) onları gördüyü zaman olduqca mərhəmət və məhəbbətlə davranırdı. Öz mübarək əllərilə onlara yemək verər və qucağına alardı." 5- Cabir ibn Abdullah Ənsari Cabir İmam Hüseynin (ə) şəhadətini eşitdikdən sonra öz dostları ilə birgə Kərbəlaya tərəf yola düşdü. Fərat çayında qüsl alıb, paltarlarını dəyişdikdən sonra, ayaqyalın, mərsiyə deyə-deyə İmamı (ə) ziyarət etməyə getdi. Özünü mübarək qəbrin üzərinə ataraq, ağlamaqdan huşunu itirdi. 6-Həsən Bəsri İmam Hüseynin (ə) şəhid olduğunu eşidən Həsən Bəsri şiddətlə ağlayıb, fəryad edərək belə deyirdi: "Xar olsun öz Peyğəmbərinin nəvəsini öldürən ümmətə! Allaha and olsun, qiyamət günü İmam Hüseynin (ə) babası və atası İbn "Mərcanə"dən (İbn Ziyaddan) intiqam alacaqdır!" 7- Ümmü Sələmə Peyğəmbərin (s) həyat yoldaşı İbn Abbas deyir: "Yatmışdım, Ümmü Sələmənin evindən gələn vay-şivən səsi məni ayıltdı. Peyğəmbərin (s) evinə sarı yürüdüm. Çoxsaylı kişi və qadının ağladığını gördüm. Səbəbini soruşduqda isə Ümmü Sələmənin səsini eşitdim, deyirdi: "Ey Əbdül-Mütəllib qızları, gəlin birgə ağlayaq. Allaha and olsun ki, sizin rəhbərinizi və behişt cavanlarının sərvərini şəhid etdilər..." Peyğəmbərin (s) həyat yoldaşları Ümmü Sələmənin evində əzadarlıq mərasimləri qurmuş, Peyğəmbərin (s) məscidini qara parçalarla bükmüşdülər. 8- Ümumiyyətlə Aşura müsibətindən sonra İslam xilafətinin bütün böyük şəhərləri matəmə bürünmüşdü. Mədinə, Məkkə, Şam, Kufə, Yəmən və sair... İmam Sadiq (ə) buyurur: "Aşura vaqiəsindən sonra Bəni-Haşim tayfasının qadınlarından heç biri sürmə çəkmədi, saçlarını bəzəmədi. Heç bir evdən "qonaqlıq ocağının tüstüsü" çıxmadı. Onlar İbn Ziyad ölənədək bu işə davam etdilər..." | |
Views: 742 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |