Main » Files » Əqidə » Ədl |
Ruhun Əbədiyyəti
2013-02-13, 8:05 AM | |
Ruh mücərrəd varlıq olduğu üçün onun surəti yoxdur bu səbəbdən fani olmaz. Amma əşyanın surəti olduğundan fani olmaq ona məxsusdur. Ruhun əbədi qalmasının əsaslı dəlillərindən biri sadiq yuxulardır. Bəzi insanların ölümündən sonra başqalarının yuxusuna gəlib müxtəlif şeylər haqqında danışmaları və onların doğru çıxması haqqında çox eşitmisiniz. Bəzən yuxunu görən şəxs müəyyən bir şeyin həqiqətinə həmin yuxudan sonra nail olur. Belə hadisələrlə bağlı xəbərlər həm şifahi və həm də bəzi kitablarda öz əksini tapmışdır. Həmin sadiq yuxulardan birini sizin üçün nəql etmək yerinə düşər: «Mərhum Şeyx Əbbas Qumminin (bu alimin çoxlu sayda kitabları Azərbaycan dilinə tərcümə olunb ki, oxucular onun qüdrətli qələm sahibi olmasından xəbərdardırlar) oğlu nəql edir:- Atamın şəxsi kitabxanası olmadığından çox vaxt kitabları oxumaq üçün əmanət alardı. Atam vəfat edəndən sonra bir gecə yuxuda gördüm ki, mənə deyir;- oğlum taxçada filan kitabı mən filankəsdən əmanət almışdım, kitabı ona qaytar. Səhər mən kitabı götürüb atam deyən mənzilə yollandım. Yağışlı gün idi. Mən sürüşüb yerə dəydim və kitabın üzü azacıq palçığa bulaşdı. Kitabı bulaşıq halda aparıb yuxuda atamın dediyi ünvana verdim. Ev sahibi kitabın onun olduğunu təsdiq edib gördüyüm yuxuya təəccüb etdi. Mən vəzifəmi yerinə yetirdiyimə görə xoşhal olub evə qayıtdım. Axşam atamı yuxuda gördüm ki, mənə dedi:- niyə kitabı bulaşıq halda sahibinə qaytardın». Səhv etmirəmsə təqribən 70-ci illərin axırı idi o zamanın «Trud» ya «Komsomolskaya pravda» qəzetində belə bir məqalə dərc olunmuşdu. Rusiyanın hansı vilayətində baş verdiyi də yadımda qalmayıb. Xülasə lokomotivin maşinisti istirahət edən vaxt köməkçi dəfələrlə qeyri adi bir vücudun sanki var gücü ilə özünü qabaq şüşəyə çırpdığını görür. Bundan qorxuya düşən köməkçi maşinisti oyadır və onlar qatarı saxlayırlar. Onlar aşağı düşüb piyada dəmir yol boyu maraqla qabağa gedirlər və bir qədər aralıda cavan bir qızın relsə bağlandığını görürlər. Sonralar məlum olur ki, hələ uşaq ikən qızcığazın anası vəfat edibmiş. Məqalədə ruhun mövcudluğu haqqında uzun bir bəhs açılmışdı ki, mən onları təkrar yazmaq niyyətində deyiləm və həm də uzun müddət keçdiyindən təfsilatı ilə yadımda qalmayıb. Bu nümunələr doğrudan da ibrətamizdir ki, xəbərdarlıq fitini çalır. Əgər insanların ruhu onlardan sonra qalmayıbsa bəs bu işlərə səbəb nədir. Qurani-kərim də ruhun baqi qaldığına işarə edir:-«Mələklər özlərinə zülm etmişlərin canlarını alanda onlardan soruşacaqlar; yer üzündə necə keçinirdiz? Onlar deyəcəklər:- biz yer üzündə aciz idik. Mələklər deyəcəklər:- Məgər Allahın yeri geniş deyildi ki, siz də hicrət edəsiniz?» (Nisa. ayə 97) Ayədəki sorğu-sual ruhun baqi qalmasına işarədir. Çünki cism öləndən sonra sorğu onların ruhları ilə baş verir. Deməli ruh baqi qalmalıdır ki, onlarla sorğu aparmaq mümkün olsun. Həbbə Ərani nəql edir:- «Əmirəl-Möminin Əli (ə) ilə birlikdə Kufədən kənara çıxdıq. Həzrət (ə) Vadius-səlam qəbristanlığında dayandı və elə bil ki, bir dəstə insanlara xitab edirdi. Mən də onunla dayandım. O qədər dayandım ki, axırda yorulub oturdum. Oturmaqdan yorulub təzədən ayağa durdum, yenə də yorulub oturdum. Yorulub təzədən durdum və çiynimdəki əbanı götürüb dedim:- Ya Əmirəl-Möminin (ə) sizin bu qədər ayaq üstə durmağınıza görə narahatam heç olmasa bir azca istirahət edin. Sonra əlimdəki əbanı yerə sərdim ki, Həzrət (ə) onun üstündə otursun. Əmirəl-Möminin (ə) dedi:- Ey Həbbə mənim bu danışığım möminlərlədir. Dedim:- Ya Əmirəl-Möminin onlar da öz aralarında ünsiyyətdə olurlar? Buyurdu:- Bəli, əgər sənin gözlərin önündəki pərdələr kənara çəkilsə onda görərsən ki, onlar dəstə-dəstə toplaşıb bir biri ilə söhbət edirlər. Dedim:- Onların ruhlarıdır ya bədənləri? Dedi:- Ruhları. Dünyanın hər bir nöqtəsində mömin ölsə onun ruhuna əmr olunacaq ki, Vadius-səlama getsin. Vadius-səlam Cənnətin bir güşəsidir». Hədisdən müşahidə edirsiniz ki, ruhlar bir biri ilə ünsiyyətdə olurlar. Bu ünsiyyət ruhun baqi qalması ilə mümkündür. Burada belə bir nəticəyə gəlirik ki, ruh ölmür, amma sözümüzün mənası bu deyil ki, məad ruhani olacaq. Xeyr məad cism və ruhla birlikdə olacaq. Məadın keyfiyyəti haqqında bəhs edəndə bu haqda danışacağıq. ihq.az | |
Views: 715 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |