Main » Files » Əqidə » Ədl |
Əbədi həyat (4)
2012-10-18, 0:33 AM | |
Əbədi həyat (4) Bu dünya ilə axirət dünyasının oxşar və fərqli xüsusiyyətləri Bu iki aləmin oxşar xüsusiyyətləri bunlardan ibarətdir: Hər ikisi həqiqi və cismanidir. Onların hər birində qəm-qüssə və şadlıq-sevinc vardır. Bu dünyada olduğu kimi, insan hər şeyi dərk edəcək və cismani həyat tərzi keçirəcək. Hər birində ləzzət və bədbəxtçiliklər vardır. Nəhayət, hər iki aləmdə fəza və bir çox cismani varlıqlar mövcuddur. Fərqləri isə bunlardan ibarətdir: Bu dünyada doğum, cavanlıq, qocalıq və sonra ölüm olsa da, axirət dünyasında bütün bunlar heç bir məna kəsb etmir. Bu dünyada insan zəhmətə qatlaşmalı, əkin yerlərini abadlaşdırıb oraya toxum əkməli, xeyirxah işlər görməli, axirət dünyasında isə əkdiyi toxumun [gördüyü xeyirxah işlərin] səmərəsindən bəhrələnməlidir. Bu dünya iş və əməl yeri, axirət dünyası isə nəticə və hesab yeridir. İnsan bu dünyada öz müqəddəratını həll edə bilsə də, axirət dünyasında buna nail ola bilmir. İnsanın dünyəvi həyatı ölümlə nəticələnir və bu dünyada bir gün cansız olan bir varlıq sabah canlanır və ya əksinə olaraq bir gün canlı olan varlıq sabah cansız bir varlığa çevrilir. Axirət dünyasında isə, mütləq həyat və qanun hakimdir. Orada heç bir dəyişiklik baş vermir. Axirət dünyasının cismi varlıqları (yer, göy, bağ və meyvələr və s.) insanın təcəssüm edən əməlləri kimi canlı və hər şeydən agahdır. Bu dünyanın özünəməxsus zaman mərhələsi vardır və varlıqlar zaman çərçivəsində müxtəlif şəraitlərdə təkamülə doğru hərəkət edir. Axirət dünyasında isə hər şey Allahın istək və iradəsindən asılıdır. Bu dünyadan fərqli olaraq insanın axirət dünyasındakı şüuru daha fəal olur. Başqa sözlə, pərdə və maneələr insanın gözləri önündən götürülür və o həqiqətlər olduğu kimi görünməyə başlayır. "Qaf” surəsinin 27-ci ayəsində bu haqda buyurulur: "Artıq bu gün gözünüzdən pərdəni götürdük. Sən bu gün sərrast görürsən.” İnsanın dünyəvi həyatı yorucu və təkrarolunası fəaliyyətlərdən savayı bir şey deyildir. O, daim nə isə ələ gətirməyə və nəyəsə nail olmağa cəhd edər. Amma bir qədər sonra onun üçün adiləşər və yeni-yeni şeylər ələ gətirməyə çalışar. İnsan daim nə isə itirdiyini zənn edər və bütün ömrünü, itirdiyi şeyi tapmağa sərf edər. Axirət dünyasında əbədi həyata qovuşduqdan sonra axtardığının nə olduğunu dərk edər. Burada artıq yorğunluğun, ürək sarsıntısının nə olduğunu bilməz. O, hər şeyi unudar və həyatdan ləzzət alar. Qurani-Kərimdə bu haqda deyilir: "Onlar o cənnətlərdə əbədi qalıb oradan ayrılmaq [başqa yerə getmək] istəməyəcəklər.” (Kəhf-108.)) Bu səbəbdən də cənnət əhli, əbədi olmasına baxmayaraq, özlərində yorğunluq hiss etməzlər və istədikləri hər bir şey dərhal onların ixtiyarında qoyulduğu üçün artıq heç nəyin fikrini etməzlər. Quranın gətirdiyi dəlillər Qiyamət gününə iman və etiqadımız Quran ayələrindən və Peyğəmbərdən (s) nəql olunmuş hədislərdən qaynaqlandığı üçün bu haqda elmi dəlil-sübutlar gətirməyə heç bir ehtiyac duyulmur. Amma Quranın bizim bu mətləbə daha çox əhəmiyyət və diqqət yetirməyimiz üçün gətirdiyi dəlilləri nəzərə alaraq, onlardan bir neçəsinə qısa şəkildə işarə edirik. Quranın gətirdiyi bəzi dəlillər qiyaməti inkar edən şəxslərə verilən cavablardan ibarətdir. Digər ayələrdə mətləbi bir qədər genişləndirərək bu dünyada qiyamətə oşxar baş verən hadisələrə işarə edilmişdir. Başqa bir ayədə isə qiyamətin zəruri və hər şeyin sonu olduğu bəyan edilir. Demək, Qurani-Kərimin qiyamət haqda gətirdiyi dəlillər üç qismə bölünür: 1. "Yasin” surəsinin 78-79-cu ayəsində deyilir: "Öz yaradılışını unudub: Çürümüş sümükləri kim dirildə bilər?! – deyə hələ Bizə bir məsəl də çəkdi. [Ya Peyğəmbər!] De ki: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu [yaradılışdan əvvəl və sonra da] çox gözəl tanıyandır.” Qiyaməti qətiyyətlə inkar edən Məkkə müşriklərindən biri çürümüş sümük parçasını Peyğəmbərin (s) qarşısında ovub tozunu göyə atır və sonra istehza ilə soruşur: Havada toz kimi pərakəndə olan sümük zərrəciklərini kim bir yerə yığa bilər? Bu ayə nazil olur və bu işin aləmlərinin Rəbbi tərəfindən həyata keçəcəyi bəyan olunur. İnsan bəzən bütün işləri öz qüdrət və istedadı ilə müqayisə edir və onun mümkün və ya qeyri-mümkün olduğunu hesab edir. Hər hansı bir işin öz qüdrət və istedadından xaric olduğunu gördükdə, onu qeyri-mümkün hesab edir. Qurani-Kərimdə bu haqda deyilir: "İnsanın qüdrət və istedadı ilə müqayisə edildikdə təbii ki, qeyri-mümkün hesab edilməlidir. Amma hər şeyi yoxdan yaradan və elmi hər şeyi əhatə edən bir varlıqla müqayisə etdikdə necə?” Allahın yenilməz qüdrətilə müqayisə etdikdə biz onun mümkün və sadə bir iş olduğuna əmin olmalıyıq. Allah-təalanın qüdrət və əzəmətini, qiyaməti və xilqəti bəyan edən ayələrdən belə bir nəticəyə gəlirik ki, bütün hadisələr Allahın istək və iradəsi ilə həyata keçir və Onun üçün qiyamət günü insanı yenidən diriltməsi bir o qədər də çətin iş deyildir. 2. İkinci qismə aid ayələrdə dünyada qiyamət aləminə oxşar hadisələrə toxunulur və bu ayələr iki hissəyə bölünür: a) Keçmişdə baş vermiş əhvalatlar (ölülərin yenidən dirilməsi) ətraflı şərh olunur. Belə ki, həzrət İbrahimin (ə) əhvalatında deyilir: İbrahim (ə) dedi: "Ey mənim Allahım! Mənə ölülərin necə dirildiklərini göstərməyini istəyirəm. Allah-təala buyurdu: Məgər buna iman gətirməmisənmi? Dedi: Bəli! İman gətirmişəm, amma bunu ürəyimin rahatlığı üçün istəyirəm. Allah-təala buyurdu: "Dörd quş tutub başlarını bədənlərindən ayırıb bədənlərini tikə-tikə et və onların hər birini dağların zirvəsinə qoy. Sonra onları, özünə tərəf gəlmələrini səslə. Onların yenidən dirilib sənə tərəf gəlmələrinin şahidi olacaqsan.” b) İbrahimin (ə) qeyri-adi əhvalatına deyil, təbiətin hər il payız fəslində ölüb, yaz fəslində yenidən dirilməsinə işarə olunur. Belə ki, biz təbiətdə baş verən bu prosesin hər il şahidi oluruq. Qış mövsümündən sonra təbiətdə yenidən canlanma və dirçəliş başlanır. Amma bir müddət keçdikdən sonra yenidən hər şey öz fəaliyyətini dayandırıb, solğun rəng alır. Axirət günü bu fəaliyyətsizlik bütün aləmdə müşahidə olunacaq. Günəş və onun ətrafına dövr edən digər planetlər (qalaktika) öz hərəkət dairəsindən xaric olub məhvə doğru yönələcəkdir. Amma bütün bunlar həmişəlik deyil, müvəqqəti olacaqdır. Axirət dünyasında varlıqlar yenidən dünyadan bir qədər fərqli olaraq yeni həyata başlayacaqlar. Əlli, altmış, yüz və ya daha çox yaşayan insan hər il təbiətin ölüb və yenidən dirilməsinin şahidi olur. O, bütün bu mərhələni üç yüz altmış beş gün ərzində müşahidə edir və hər il bunun şahidi olduğu üçün bu təbii proseslər onda heç bir təəccüb doğurmur. Bir anlıq təsəvvür edək ki, ömrümüz əlli-altmış... deyil, bəzi həşaratlar kimi yalnız bir neçə aya davam edəcəkdir. Belə olduqda biz təbiət və ətraf mühit haqda heç bir məlumat əldə etməmiş olarıq. Biz də onlar kimi baharda dünyaya gəlib, təbiətdə baş verən prosesləri görmədən yaz fəslində dünyamızı dəyişməli olardıq. Bir il ərzində yalnız bir neçə ay ömür edən böcək təbii ki, torpağın ölüb yenidən dirilməsini və həyatın yeni mərhələyə başlamasını dərk etmir. Məgər yaşadığı bağı dünya hesab edən bir böcək onun hər hansı bir məntəqəyə və oranın hər hansı bir şəhər və şəhərin hər hansı bir ölkəyə və nəhayət, bütün bunların vahid bir qanuna (günəş sisteminə) tabe olduğunu təsəvvür edə bilirmi? Bilmirik! Bəlkə də yaşadığımız bu aləm və günəş sistemini təşkil edən digər planetlər başqa bir qalaktikanın kiçik bir hissəsini təşkil edir və onun da üzərinə vahid bir qanun hakimdir. Bütün bunlar bir gün öz fəaliyyətini dayandırıb bir müddət keçdikdən sonra yeni bir mərhələyə başlayacaqdır. Peyğəmbərlər bir gün hər şeyin sona çatacağını və qiyamət günü insanların məhşərə daxil olaraq yeni həyata başlayacaqlarını biz insanlara dəfələrlə xəbər vermişlər. Və biz bu hadisəyə vahid ilahi qanunlar çərçivəsindən xaric proses kimi baxmamalıyıq. Quran qiyaməti yeni bir həyat adlandırır və bu yeni həyatın nümunələrini biz dünyada hər gün müşahidə edirik. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir: "Bahar gəldiyi zaman qiyaməti çox yad edin.” "Fatir” surəsinin 9-cu ayəsində deyilir: "Buludları hərəkətə gətirən küləkləri göndərən Allahdır. Biz o buludları quru [ölü] bir məmləkətə tərəf qovub onunla torpağı, öldükdən sonra dirildirik. Ölüləri diriltmək də belədir.” "Həcc” surəsinin 5-7-ci ayələrində deyilir: "Sən yer üzünü qup-quru görərsən. Biz ona yağmur endirdiyimiz zaman, o hərəkətə [cana] gəlib qabarar [yaxud xəmir kimi acıyar] və hər növ gözəl [meyvədən, bitkidən] bar gətirər. Bu [insan yaradılışının müxtəlif mərhələləri, ölü torpağın cana gətirilməsi] ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir. [Bu həm də belə bir danılmaz həqiqətə inanmağınız üçündür ki,] qiyamət günü mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcək!” Bu məzmunda istənilən qədər Quran ayələrini misal çəkmək olar, amma hələlik biz ikisi ilə kifayətlənirik. 3. Üçüncü hissəyə aid ayələrdə qiyamətin zəruriliyi bəyan olunur və burada iki mühüm məsələyə toxunulur: 1. Allahın ədaləti; Bütün məxluqat öz istedad və bacarıqlarına müvafiq olaraq, ilahi nemətlərdən bəhrələnmişdir. Onların birinin nə haqqı tapdalanmış, nə də digərinə üstünlük verilmişdir. 2. İlahi hikmət; Allah-təala bütün məxluqatı müəyyən hədəf və məqsəd üçün yaratmışdır. Onların hər biri Allah tərəfindən nəticə və kamala doğru sövq edilir. Quranın bir çox ayələrində ayrı-ayrılıqda Allahın ədalət və hikmətinə işarə edilmişdir. Aşağıda qeyd edəcəyimiz ayələrdə isə bu mətləbin hər ikisinə bir yerdə toxunulmuşdur. 1. "Sad” surəsinin 27-28-ci ayələrində qiyamət gününü unudaraq haqq yoldan azmış və şiddətli əzaba düçar olmuş şəxslərin aqibəti bəyan olduqdan sonra deyilir: "Biz göyü, yeri və onların arasında olanları [bütün məxluqatı] boş-boşuna yaratmadıq. Bu, kafirin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına! Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yeri üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?” 2. "Casiyə” surəsinin 21-22-ci ayələrində deyilir: "Yoxsa dünyada pis əməllər edənlər [axirətdə] onları iman gətirib, yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər! [Dünyada naz-nemət içində yaşayan kafirlər:] "Əgər qiyamət günü, axirət doğrudursa, Allah bizə orada da firavan həyat bəxş edəcəkdir!” – deyirlər. Xeyr, onların axirət həyatı çox pis olacaq, əzab içində keçəcəkdir. [Dünyada aldıqları ləzzət, axirətdə burunlarından töküləcəkdir. Gözəl axirət həyatı yalnız dünyada Allah, din yolunda məşəqqətlərə dözmüş möminlərə məxsusdur]. Allah göyləri və yeri haqq-ədalətlə yaratmışdır ki, [onlar Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət etsin] və hər kəs öz əməlinin əvəzini alsın onlara heç bir haqsızlıq edilməyəcəkdir. [Yaxşı əməl sahibinə mükafat veriləcək, pislik edən də öz pisliyi müqabilində cəzalandırılacaqdır.]” Göründüyü kimi, birinci ayədə Allahın ədalətinə, ikinci ayədə isə ilahi hikmətə toxunulur və ikinici ayənin sonunda Allahın ədalətinə və qiyamət gününün hədəf olmasına bir daha diqqət yetirilir.” ihq.az | |
Views: 714 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |