Main » Files » Əqidə » Ədl |
Atəşin yandıra bilmədiyi əllər
2013-02-12, 4:07 PM | |
İnsan istəsə də, istəməsə də gününün müəyyən hissəsini gəlir qazanmaq üçün sərf etməlidir. Çünki əks halda, insan ailəsini dolandıra bilməz. Ona görə də Allah Təala Məsumlarımız (ə) vasitəsilə müsəlmanları halal ruzi qazanmağa daima təşivq edir. Çünki bu yolla bir müsəlman öz izzətini qoruyub saxlaya bilər. Başqalarına möhtac olmaz. Gündəlik ehtiyaclarını təmin etməkdə çətinlik çəkməz. İslamın böyük rəhbəri müsəlmanları səy etmək və çalışmaq üçün təşviq edər və tənbəllikdən uzaq olmağa dəvət edərdi. Zəhmətkeş insanlara həmişə hörmət edər və ehtiram qoyardı. Əksinə, tənbəl insanlara qarşı soyuq davranar və özünün narazı olduğunu biruzi verərdi. Ənəs ibni Malik nəql edir: "O zaman ki, Peyğəmbər (s) Təbuk döyüşündən qayıdırdı, Səid Ənsari onu qarşılayır. Həzrət (s) onunla salamlaşır və onun əlini çox kobud görür. Həzrət (s) buyurur: "Əlinə dəyən bu zədə nədir?” Dedi: "Ya Rəsulallah! Mən kəndir və bel ilə işləyirəm. Gəllirim ilə ailəmin ehtiyacını ödəyirəm”. Həzrət (s) onun əllərini öpür və buyurur: "Bu, o əllərdir ki, atəş ona toxunmaz”. Əbi Əmru Şeybani deyir: "İmam Sadiqi (ə) gördüm ki, əlində beli və əynində kobud bir paltar var idi. İşləyir və tər tökürdü. Ona dedim: "Beli mənə verin ki, sizin işinizi mən görüm”. Həzrət (ə) buyurdu: "Çox sevirəm ki, bir kişi qazanc əldə etmək üçün günəşin istilinin əziyyətini çəksin və ona dözsün””. Qurani-Kərimdə oxuyuruq: "Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur”. ("Nəcm” 39). "Kişilərin (ixtiyari və ya qeyri-ixtiyari xüsusiyyətlərlə) qazandıqlarından (əldə etdiklərindən) payları vardır. Həmçinin qadınların qazandıqlarından payları vardır”. ("Nisa” 32). İnsan qazanc dalınca gedən zaman bəzi məsələlərə riayət etməlidir. 1. Halal ruzi dalınca gedin. Haram və şübhəli qazanclardan çəkinin. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, hansı yoldan qazanc əldə etdiyinə əhəmiyyət verməz, Sübhan Allah da onu hansı yolla cəhənnəmə aparmaqlarına əhəmiyyət verməz.” 2. Bacardığı qədər gününə qənaət etməlidir. Məsələn bütün bir günü bir dinar qazanıbsa, ancaq gündəlik xərci bu dinarın üçdə biri qədərdirsə, üçdə bir qədər iş görsün və qalan vaxtını isə ibadətə sərf etsin. Ya da bir gün işləyib, iki gün ibadətlə məşğul ola bilər. Bir illik gəlir yığmaq da olar. Ondan artığı isə təhlükəlidir. Şeyx Səduq Həzrət Peyğəmbərdən (s) nəlq edir ki, buyurub: "O kəsin ki, bədəni sağlamdır, bir gecə-gündüzünün xərcinə malik olarsa, sanki bütün dünyaya malik olmuşdur. Ey Cəşəmin oğlu! Sənə lazım olan şey birinci o yeməkdir ki, aclığını aradan aparsın. İkinci paltardır ki, bədənini örtsün. Əgər evin olsa, daha yaxşı olar. Əgər minik vasitəsi də bunlara əlavə olarsa, çox ali olar. Ancaq əgər bunlar hazır olmasa, çörəklə suyun olsa kifayətdir. Çünki bundan qeyrisinin ya əzabı vardır, ya da hesabı”. İmam Sadiq (ə) buyurur: "O kəs ki, ruzisinə görə qəmgin olar, onun üçün günah yazılmış olar”. Kəlib Seydavi İmam Sadiqə (ə) deyir: "Allahdan mənim üçün ruzi istəyin. Həyatım bir-birinə qarışmışdır”. İmam (ə) cavab verir: "Yox. Evindən çıx və çalış”. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, ailəsini dolandırmaq üçün çalışar, halal yolla onların ehtiyacını aradan aparar, Allah yoluda cihad edənlərin savabına malik olar”. Beləliklə, deyə bilərik ki, İslam dini həmişə müsəlmanları zəhmətə və halal yolla ruzi qazanmağa təşviq etmiş və bu yolla onların ehtiyacsız olacağını vəd etmişdir. Hər kim zəhmət çəkərsə, Allah ona ruzi verər. Tənbəl insan durduğu yerdən ruzi qazanacağını güman etməsin. Bu, həm bir müsəlmanın izzətinə yaraşmayan bir əməldir, həm də başqalarına möhtac olmaq dinimizin bəyənmədiyi bir işdir. (Tebyan/ Deyerler.org) | |
Views: 678 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |