Main » Files » Əqidə » Ədl |
Allah yolunda ehsan.
2013-02-13, 8:08 AM | |
«Məşhədi Dadaş» məscidinin imamcüməsi Hacı Şahin Həsənovun Cümə söhbəti. «Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!» (Cümə surəsi, ayə 9) Sizə və özümə İlahi təqvaya riayət etməyi tövsiyə edirəm. Qurani-Kərimin Hədid surəsinin 7-ci ayəsində Allah möminlərə, müsəlmanlara müraciət edərək buyurur: «Allah və Peyğəmbərinə iman gətirin…» Ayənin maraqlı tərəfi odur ki, Allah artıq mömin, müsəlman olan şəxslərə Allaha, Peyğəmbərinə (s) iman gətirməsini buyurur. Bu ayənin mənası budur ki, hər kəs ki, Kəlməyi-şəhadəti dedi bu onun mömin olmasına dəlalət etmir. Gərək iman ərdinsanın qəlbində özünə yer tapsın. İman isə müxtəlif dərəcələrə malikdir. Və Allah bizdən dildə iman gətirdik deməklə kifayətlənməməyi tələb edir. Həqiqətdə Allah imanı qəlbdən gətirin bildirir, qiyamət günü bizim zahirimizə baxmayacaq. Bu dünyada bizim batinimiz zahirimizin arxasında gizlənib. Zahir bəzi insanları çaşdıra bilər. Görürsən bir insan zahirdə ibadət edir, amma qəlbində iman gətirməyib. Bu dünyada çox zaman bilinmir, əlbəttə gec də olsa zühura çıxır, amma bəzən çox gec bir vəziyyətdə. Amma qiyamət günü hicablar çəkiləcək, yalnız qəlbə baxacaqlar. İman qəlbdə yer tapdığı halda insan məzarda, qiyamət günündə ona verilən suallara cavab verə biləcək. Ola bilsin ki, bir ömür insan namazda Allahdan başqa Allah yoxdur kəlməsini deyə, amma məzarda ondan «Rəbin kimdir?» deyə soruşulduğu zaman o cavab verə bilməyə. O insan ki, həmişə «Əşhədu ən la ilahə illəllah» kəlməsini deyirdi, bu adi cümləni məzarda deməyə çətinlik çəkəcək. Qəlbən Allaha iman gətirə bilməmək ona bu sözün etirafına əngəl yaradacaq. Allah bu ayədə möminləri həqiqi iman gətirməyə dəvət edir. Bundan sonra Allah imanın qəlbdə möhkəmlətmə düsturunu da qeyd edir: «…Sizə əta olunanı başqaları ilə bölüşün» Allahın sizə verdiklərini başqalarına da infaq edin. Bu təkcə varlılara aid deyil, Allah belə bir istisna qeyd etmir, buyurur ki, sizə verilən nemətlən başqalarına da verin. Elm veribsə elminizi, mal veribsə malınızı infaq edin ki, vücudunuz bərəkət tapsın. İnsanların xidmətində olun ki, iman qəlbinizə yerləşsin. Allahın sizə bəxş etdiyi maldan Allah yolunda infaq edin. Bir nəfər Peyğəmbərin (s) yanına gəlib ona deyir ki, mən namaz qılıb oruc tutub başqa ibadətlər etməyimə baxmayaraq ölümdən qorxuram. Bu dünyadan daha geniş aləmə məni aparacaq ölüm mənə çox qorxunc görünür. Bunları başa düşsəm də ölüm məni qorxudur. Peyğəmbər (s) onu dinləyib nə ibadət nə itaət nə də başqa dəvəti ona demədi. Allah Rəsulu (s) ondan «Malın sərvətin varmı?» deyə sual etdi. O şəxs dövlətinin olduğunu etiraf etdi. Bundan sonra Allah Rəsulu (s) buyurdu: «İnsanın malı haradadırsa, qəlbi də oradadır» Əgər insanın malı dünyadadırsa onda insan da dünyadan getmək istəməyəcək. Olur ki, insanın özü buradadır, amma malı axirətdədir, bunun yolu da malını Allah yolunda infaq etməklə əldə etmək olar. Mal əlinə gəldikcə onu axirətə göndərdikcə insanın qəlbi də axirətə bağlanır. Onsuzda insanın istəyindən asılı olmayaraq bir gün onu malından ayıracaqlar. İki haldan biri ya malın əlindən çıxması, ya da ölümün onu malından ayırması halının baş verməsi qaçılmazdır. Nə qədər insanlar var ki, varın, dövlətin yanıda can verib amma bunlar ona heç bir kömək edə bilməyib?! Muhəmməd ibn Hənnan nəql edib, deyir Qurban bayramı günü idi, biz də qurbanlıq kəsməklə məşğul idik. Bu zaman bir qadın anamın yanına gəldi. İlk baxışdan qadın gözümə möhtərəm kimi göründü. Anamdan qadının kimliyini xəbər aldıqda anam dedi ki, bu keçmiş vəzir Cəfər Bərməkinin anasıdır. Keçmiş vəzirin anası olması diqqətimi çəkdi və qadına yaxınlaşıb ona dünya görüşünə müvafiq ibrətli bir hadisəni nəql etməsini ondan xahiş etdim. Vəzirin anasının gördüyü hadisələr yəqin ki, çox olar. Qadın dedi: «İbrətli hadisə istəyirsənsə sənə elə öz həyatımdan danışım. Sarayda təkcə mənim qul və kənizlərimin sayı 400 nəfər idi. Ötən illərin birində, Qurban bayramının günündə oğlum əmr etdi ki, hər bir qul və kənizin adından sarayda bir qoyun qurbanlıq kəsilsin. Bayram günü evimizdə 400 qurban kəsildi. Sayın bu qədər olmasına baxmayaraq mən oğlumdan gileyləndim ki, təmtəraqlı bayram keçirməyə o xəsislik etdi. O hadisədən bir il sonra şah oğlumu hakimiyyətdən uzaqlaşdırdı. Nəyimiz varsa müsadirə etdi. İndi gəlmişəm ki, sizin kəsdiyiniz qurbanlığın dərisini sizdən alıb ayağımın altına salım ki, oturmağa bir şeyim yoxdur.» bu dünya həmişə belə olub və belə də olacaq. Qiyamətdə insanın tutduğu vəzifəsi onu heç bir mərtəbəyə qaldırmayacaq. Eşitmisiniz Bəhlulun əhvalatını. İsti günlərin birində Bəhlul məzarlığın yanında oturub insan sümüklərini bir-birinin yanına düzmüşdü. Harunun vəziri də oradan keçirdi. Zamanının arifi olan Bəhlul öz təbliğini bu vasitə ilə həyata çekirirdi. Vəzirə onun nə etməsi maraqlı ikən bunu ondan xəbər alır. Bəhlul deyir: «Baxıram bu sümüklərə, aid etmək istəyirəm ki, hansı şahin, hansı vəzirin, hansı hambalın sümükləridir. Amma görürəm ki, heç bir fərqləri yoxdur. Şahla hambalın sümüyündə heç bir fərq yoxdur.» Mövzunun ona xoş gəlmədiyini görən vəzir Bəhlulu ələ salmaq üçün ondan soruşur: «Heç olur ki, hərdən ölülərlə söhbət edəsən?» Bəhlul deyir: «Bəli danışıram. Hərdən onlardan soruşuram ki, ey karvan əhli. Burada qoyduğunuz yükünüzü nə zaman qaldırıb gedəcəksiniz? Onlar da mənə cavab verirlər ki, biz də sizi gözləyirik ki, səfərə yola düşək.» İnsan dünyadan köçəndən sonra arzu edir ki, dünyaya gəlib saleh əməllər etsin. Bu hədisi mən dəfələrlə danışmışam. Böyük xurma bağları sahibi olan bir kişi dünyadan köçmüşdü. Vəsiyyəti də bu idi ki, bağının xurmalarını Peyğəmbər (s) öz əli ilə ehtiyaclılara paylasın. Peyğəmbər (s) bütün günü xurmaları ehtiyaclılara payladı. Sonunda yerdə bir dənə əzik xurma dənəsi qaldı. Peyğəmbər (s) xurma dənəsini qaldırıb buyurdu: « And olsun Allaha ki, onun dirilikdə öz əli ilə bu xurma dənəsini ehsan etməsi bu gün bizim bütün bağı ehsan paylamağımızdan daha yaxşı idi» Həzrət Məryəm (s.ə) o məqamı ilə bir gün Həzrət İsanın (ə) yuxusuna gəlir. Həzrət (ə) ondan dünyaya gəlmək istəyirsənmi soruşanda Həzrət Məryəm (s.ə) buyurur: «Kaş dünyaya qayıdıb uzun günün istisində oruc tutub, uzun gecələrdə isə ibadət etmək imkanım olaydı» Orada ancaq insanın Allaha yaxın olması onun köməyinə gəlir. Orada şah məqamı yoxdur, oranın məqamı təqvadır. «Allah yaxında sevimli olanlar təqvalılardır» Odur ki, buyururlar ki, o məqamı əldə etmək istəyirsənsə malından infaq et. Əgər qəlbində dünyaya məhəbbət görürsənsə bil ki, təhlükədəsən. Dünya məhəbbəti çoxlarını həlak edib. Şüreyh Qazi Kufənin müftisi, alimi idi. İbni Ziyadın dəvəti ilə saraya gələn Şüreyh eşidəndə ki, İbni Ziyad Hüseyn (ə) haqqında pis fikirdədir, mürəkkəb qabını İbni Ziyada tərəf atır və evinə döyür. İbni Ziyad bir miqdar qızılı kisəyə yığıb Şüreyhin evinə yollayır. Şüreyh qızılların təsirinən səhər yazılı surətdə İmam Hüseynin (ə) dindən çıxıb fəsad yaydığını qeyd edib ölümünə fətva verir. İmam Hüseynin (ə) qanını imansız, təqvasız bir şəxs bir neçə qızıla satdı. Bu dünya məhəbbətinin axırıdır. İnsanın dünyaya məhəbbəti Allahın onun qəlbində yerləşdirdiyindən artıq olsa bu onun fəsada aparıb çıxarmasına səbəb olar. Buna görə də hədisdə buyururlur ki, qazanın, amma özünüzə zəruri miqdarda götürüb qalanını Allah yoluda infaq edib paylayın. Bununla imanınızı kamil edib axirətinizi abadlaşdırın. Bunu da bilməliyik ki, infaq gərək Allah yolunda xalis niyyətlə olsun. Miqdarından asılı olmayaraq insanın infaqı gərək Alaha görə, Allah yolunda olsun. Çox olsa daha yaxşıdır, amma gərək xalis niyyətlə olsun. Niyyətin xalisliyi əməlin qiymətini müəyyən edir. Bəhluldan bunu da deyim ki, bir gün Bağdadda Bəhlul görür ki, məscid inşa edirlər. Məscid əzəmətli olduğundan xəlifə də tikintiyə baxmağa gəlmişdi. Bəhlul xəlifənin yanına gəlib burada nə etdiyini ondan soruşur. Xəlifə deyir ki, Allah evi tikirəm, gəlmişəm işin gedişinə nəzarət etməyə. Bəhlul ondan bir xahiş etmək üçün icazə istəyir. Xəlifə etiraz etmir. Bəhlul deyir: «Olar ki, məscidin üzərində-Bəhlul məscidi-sözlərini yazıb məscidə mənim adımı verəsən?» Xəlifə ona sərt etiraz edib dedi: «Ağılsız, pulu mən xərc edim, məscid isə sənin adına inşa olunsun? Olmaz» Bundan sonra Bəhlul deyir: «Ağılsız sənsən ki, özünə ev tikdirib onu Allahın adı ilə bağlayırsan. Əgər bunu Allah üçün inşa etmisənsə sənin üçün nə fərqi var ki, qapının üzərində mənim və ya sənin adın olsun?» İnsanın əməlinin dəyəri onun ixlası ilə ölçülür. Əlinin (ə) Allaha görə bir üzüyü infaq etməsi Quranda Allahın tərifinə səbəb olur. Allah onu İmam təyin edəndə onu əlindən ruku halında zəkat verən kimi təqdim edir. Amma adam var ki, məscid tikdirib təmir etdirir ki, desinlər ki, bu əməli filankəs edib. Bu əməlin Allah yanında heç bir əhəmiyyəti yoxdur. Hədid surəsində qeyd etdiyimiz ayədə Allah möminləri, müsəlmanları Allah, Peyğəmbərə (s) itaət etməyi əmr edib onları Allah yolunda mallarından infaq etməyə dəvət edir. Allah möminlərin əməllərinin aliliyini onların Allah yolunda fədakarlığı ilə yekunlaşdırır. Allah bizi imanla yaşadıb imanla dünyadan köçürsün. ihq.az | |
Views: 755 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |