Cümə günü, 2024-04-19, 4:46 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Kitab bölməsi » Həqiqət olduğu kimi... 1

Həqiqət olduğu kimi... 1
2013-04-04, 8:04 AM

Həqiqət olduğu kimi... 1

ÖN SÖZ

İnsanları doğru yola yönəldən, şərəf və hörmət sahibi edən, onlara saysız-hesabsız nemət bağışlayan mərhəmətli və mehriban Allaha şükürlər olsun! Belə ki, Qurani-Kərimdə buyurulur: "Biz Adəm övladlarını şərəfli və hörmətli etdik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik.”(İsra” surəsi, 70-ci ayə. )

Yüksək məqama malik olan mələklərin insana səcdə etməsini əmr edən və bu əmrə təslim olmayanları Öz dərgahından qovan Allaha həmd edirəm! Allah-taala doğru yolu bizə göstərmişdir və əgər bu yolu bizə tanıtdırmasaydı, həmin yolu tapa bilməzdik. Eləcə də doğru yolu tapmaq üçün bizə müxtəlif zəminələr yaratmışdır ki, onların vasitəsilə və Ona pərəstiş etməklə yüksək məqamlara, səciyyəvi xüsusiyyətlərə və insani keyfiyyətlərə malik olaq. Əsaslı dəlillər və aşkar sübutlarla qaranlıqları bizim üçün işıqlandırdı və özümüzdən olan peyğəmbərlər göndərdi ki, Onun ayələrini bizə oxusunlar, qaranlıqları aydınlığa, azğınlığı doğru yola çevirsinlər. Allah bizə həm də həqiqəti batildən ayırd etmək üçün əql və idrak qüvvəsi bağışladı.

Peyğəmbərlərin sonuncusu və kainatın ən şərəflisi olan, bütün insanlara lütf və mərhəmət sayılan, qiyamət günündə Allahın iznilə şəfaət edən peyğəmbərimiz və ağamız həzrət Mühəmməd (s)-in, eləcə də, Allah dərgahında yüksək məqama malik olan, ümməti cəhalət quyusundan xilas edən, azğın yollardan çəkindirən və möminlərin başıucalığına səbəb olan Əhli-beytinin pak ruhlarına salam və salavat olsun! Belə ki, Hər kəs Əhli-beyt (ə)-a məhəbbət və rəhbərliyinə sarılsa, nicat tapmış, hər kəs də onlardan üz çevirsə azğınlığa yuvarlanmış və münafiq adını qazanmışlar. Onlarla düşmənçilik edən şəxsələri İlahi əzab gözləyir. İnsan onları qəbul etmədən Allah dərgahına yaxınlaşa bilməz.

Sonra səhabələr içərisində Allahın razılığını qazanmaq və dinin nəşr olunması yolunda bir-birlərilə əhd-peyman bağlayan və bu əhd-peymanlarında vəfalı qalan Əhli-beyt dostlarına, tərəfdarlarına və qiyamət gününə qədər onlara itaət edənlərə salam olsun!

İlahi! Mən əlimə qələm-kağız almışam, işimi asan et, sözlərimin başa düşülməsi üçün dilimdən düyünü aç və kitabımı oxuyan hər bir şəxsi haqqa yönəlt ki, Sənin köməyinlə yersiz təəssüb və qərəzliklərindən əl çəkib, həqiqəti dərk etsinlər. Çünki bu işə yalnız Sən qadirsən!

İlahi! Səni Öz izzət və cəlalına, bəndələrinə qarşı məhəbbətinə və Peyğəmbərinin (s) uca məqamına and verirəm ki, həqiqəti dərk etmək üçün həbibin həzrət Mühəmməd (s)-ə iman gətirən möminlərin düşüncə qabiliyyətlərini artır ki, Peyğəmbər (s)-in xanədanından olan imamların məqam və mənzilətini qavrayıb başa düşsünlər, hamılıqla – vəhdət və birlik bayrağı altında – elmə, gözəl nəsihətlərə və dostluğa əsaslanıb, dini yaymaq üçün əllərindən gələni əsirgəməsinlər. Çünki fitnə-fəsad dünyanın hər bir yerini bürümüşdür.

Əgər Sənin bizə bəxş etdiyin səbir olmasaydı, qəlbimizə ümidsizliklə dolar və bununla da zərər çəkənlərdən olardıq! Çünki zərər çəkənlərdən – kafirlərdən başqa heç kəs Allahın rəhmətindən naümid olmaz. İlahi, bizi naümidlərdən deyil, səbir əhlindən qərar ver!

İlahi! Yer üzünün höccəti olan İmam Məhdi (ə)-a hər an yardım et və onu qoruyub saxla ki, zühur edib kamil qüdrətlə və qətiyyətlə yer üzünə hakim olsun. İlahi, bizi o həzrətin dostlarından və köməkçilərindən qərar ver, hüzurunda şəhadət məqamına nail olmağı bizə nəsib et! Sən hər şeyi eşidən və bilənsən!

İlahi! Bizi hidayət et və qəlblərimizi azğınlığa salma, Öz rəhmətini bizə nazil et; çünki Sən baxşiş edənsən!

İlahi! Sənə həmd və şükürlər edir, Peyğəmbər (s) və onun pak Əhli-beytinə salam göndəririk!

MÜQƏDDİMƏ

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah dərgahında alimin qələmi şəhidlərin qanından üstündür.”("Əl-əsrarul-mərfuə”, Əli Qari, səh. 312; "Kəşful-xifa”, 2-ci cild, səh. 280; "Əl-fəvaidul-məcmuə”, Şovkani, səh. 287; "Əd-durərul-müntəsirə fil-əhadisil-muştəhirə”, Süyuti, səh. 141. )

Hər hansı bir müəllif xalqı doğru yola yönəldən, onların arasında vəhdət və birlik yaradan, eləcə də onlara faydalı olan məsələlər haqqında söz açmalı və onları qaranlıqdan aydınlığa çıxarmalıdır. Çünki insan Allah dininin nəşr olunması və ədalətin bəraqərar edilməsi yolunda şəhadət məqamına nail olsa, yalnız həmin səhnəni görənlər onlara təsir qoya bilər. Lakin camaat arasında elə alimlər vardır ki, tədris etməklə onları öz elmindən faydalandırır, hazırkı və gələcək nəsillərin istifadəsi üçün kitablar yazırlar. Onların insanlara verdiyi xeyir-bərəkət qiyamət gününə qədər qalır. Hər bir şey xərclənməklə azalır, elm isə bağışlamaqla daha da artır.

Həzrət Peyğəmbəri-Əkrəm (s) Əli (ə)-a buyurmuşdur: "Əgər Allah-taala sənin vasitənlə bir nəfəri hidayət etsə, bu, sənin üçün üstünə günəşin saçdığı hər bir şeydən, yaxud dünya və onun içindəkilərdən yaxşıdır.”("Əz-zöhd”, İbni Mübarək, səh. 484, hədis: 1375. )

Əsrlər öncə yaşamış alimlərin isə olmuşdur ki, əqidələri və elmləri yüzlərlə kitab və nüsxədə çap olunmuş və həmişə insanların doğru yola yönəlməsinə səbəb olmuşdur.

Şəhidlər diri olub, Allah dərgahındakı ruzilərdən bəhrələndiyi kimi, alim də xalqı haqqa doğru hidayət etdiyi üçün Allah dərgahında diridir. Sair insanlar da onun barəsində həmişə yaxşı fikirdə olmuş, onu yaxşı adla yad edir və Allahdan onun bağışlanmasını diləmişlər.

Mən isə alimlərdən deyiləm, belə bir iddia da etmirəm; xudbinlikdən Allaha pənah aparır, özümü alimlərin xidmətçisi sayır və onların əkdiklərini biçirəm.

Allah-taala mənə "Necə hidayət oldum” kitabını yazmaqda müvəffəqiyyət əta etdikdən sonra çoxlu oxucular və təhqiqatçılar məni təşviq etdilər ki, "Düz danışanlarla birgə” adlı digər bir kitab yazım. Bu kitab da alqışla qarşılandı. Bu iş məni əlavə təhqiqat aparmağa rəğbətləndirdi, təhqiqatımı davam etdirib, "Zikr əhlindən soruşun” adlı üçüncü kitabı təlif etdim ki, orada İslamı və Peyğəmbər (s)-i müdafiə etmiş, o həzrətə vurulan ittihamlara cavab vermiş, ona və Əhli-beytinə qarşı tökülən məkrli tədbirləri faş etmişəm.

Mənə dünyanın bir çox ərəb və İslam ölkələrindən dostluq hissi və məhəbbətlə dolu olan məktublar göndərilmişdir. Həmçinin, məni dünyanın islami müəssisələri tərəfindən keçirilən çoxlu elmi konfranslara dəvət etmişlər. Mən də Amerikada, İranda, İngiltərədə, Pakistanda, Kenyada, Şveçariyada və qərbi Afrika ölkələrində keçirilən konfranslarda iştirak etmişəm.

Hər vaxt ali təhsilli cavanları və elmi şəxsiyyətləri görürdümsə, onların İslama qəribə şəkildə və daha da meylli olmaları ilə rastlaşırdım. Onlar da məndən daha artıq məlumat istəyir və "yeni bir kitab yazmısınızmı?” – deyə soruşurdular.

Mənə bu müvəffəqiyyəti əta etdiyinə görə Allaha həmd və şükürlər edirəm! Allahdan istəmişəm ki, bundan da artıq mənə kömək etsin və yol göstərsin. Məhz Onun köməyi ilə bu kitabı haqq axtaran müsəlmanlara hədiyyə edirəm. Ümidvaram ki, bu kitab təhqiq əhli və haqq axtaranlar üçün faydalı olsun və bilsinlər ki, düşmənlərin zəhərli oxuna hədəf tutulan yalnız "İmamiyyə şiəsi” adlı bir məzhəbdir. Nicat tapmış firqə məhz onlardır, həm də həqiqi əhli-sünnə həmin şiələrdir. Mən sünnə dedikdə İslam Peyğəmbəri həzrət Mühəmməd (s)-in İlahi vəhy vasitəsilə aldığı sünnəni nəzərdə tuturam.

O, nəfsani istəklər üzündən danışmır, dediklərinin hamısı vəhyə əsaslanır. Mən tezliklə oxuculara göstərəcəyəm ki, şiələrin müxaliflərinin "Əhli-sünnə və cəmaat” adını özlərinə götürməsi ata-babalarının uydurduqları yalan sünnədən başqa bir şey deyildir. Bu barədə Allah-taala heç bir ayə nazil etmədiyi kimi, İslam Peyğəmbəri də ondan narahatdır.

Çünki Peyğəmbər (s)-in adından çoxlu yalan hədislər nəql olunmuş, düzgün hədislər, o həzrətin həqiqi rəftar və əməli müsəlmanlardan gizli saxlanılmışdır. Onların Peyğəmbər sünnəsinin müsəlmanlardan gizlətməkdə bəhanələri bu olmuşdur ki, sünnə Allahın kəlamı ilə qarışa bilər və müsəlmanlar səhvə düşə bilərlər. Lakin bu dəlil hörümçəyin torundan da zəif və süstdür. Səhih olan çoxlu hədislər unudldu və onlara əsla ehtiram göstərilmədi. Peyğəmbərdən sonra bir çox xurafatlar "şəri hökm” sayılıb, o həzrətə nisbət verilmişdir.

O həzrətdən sonra tarixdə alçaqlıq sifəti ilə tanınan bir çoxları vəzifəyə keçmiş və onların səhvlərini aradan qaldırmaq və onları günahsız qələmə vermək üçün müxtəlif bəhanələr gətirmişlər.

Bunun müqabilində isə elə şərəfli və hörmətli şəxsiyyətlər olmuşdur ki, ondan sonra heç kəsin yadına düşməmiş, məzlum olmuş, hətta bir çox vaxtlarda lənətlənmişlər. Onlar elə adları yaşatmışlar ki, zahiri gözəl və aldadıcı, batini isə küfr və azğınlıqdan başqa bir şey deyildir. Ҹəhənnəm əhli olan bir çox adamların qəbirlərini ziyarət edirlər. Böyük Allah bunların hamısını gözəl üslubla bu ayədə belə buyurmuşdur:

"(Ya Mühəmməd!) Elə insanlar vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da Allahı şahid göstərər, halbuki Allah fitnə-fəsadı sevməz. Ona "Allahdan qorx!” – deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Belə şəxslərə cəhənnəm kifayətdir. Ora nə pis yerdir.”(Bəqərə” surəsi, 204-205-ci ayələr)

Bəlkə də mən "uçurt, qoy düzəlsin” – kimi nəsihət etsəm, puç bir söz danışmamış olaram. Haqq ardınca olan təhqiqatçı hər bir şeyi həqiqət kimi qəbul etməməli, onun əksini də nəzərə almalı, nəticədə hansı tərəfin doğru olduğunu dərk etməli və siyasət vasitəsilə gizli qalmış həqiqətləri üzə çıxarmalıdır. Əlbəttə, cəmiyyətin çoxluğuna da aldanmamalıdır, çünki Allah-taala buyurur:

"Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar yalnız zənnə uyar və yalan danışarlar.”("Ənam” surəsi, 116-cı ayə. )

Bəzən avam xalqı aldatmaq üçün batilə haqq donu geyindirir və çox vaxtlar da bu işə müvəffəq olurlar. Çünki xalq ya sadə fikirlidir, ya da məsələyə nikbin nəzərlə yanaşırlar. Bəzi vaxtlar batilin qələbə çalması onun tərəfdarının çoxluğuna görədir, belə bir vaxtda Allahın vədəsi kerçəklənənə qədər haqq gizli qalmalıdır. Allahın vədəsi – batilin məhv olmasıdır. Bəli, batil mütləq məhv olacaqdır.

Bunun ən gözəl nümunəsi Qurani-kərimin həzrət Yəqub və onun övladları barəsində açıqladığı hekayədir. Belə ki, ayədə buyurulur:

"Onlar axşam üstü ağlaya-ağlaya atalarının yanına gəlib dedilər: "Ata! Biz yarışa getdik, Yusifi vəsaitlərimizin yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da, sən bizə inanmayacaqsan!”("Yusif” surəsi, 16-17-ci ayələr. )

Əgər onlar düz danışan olsaydılar, belə deməli idilər: "Sən bizə inanmayacaqsan, çünki biz yalançıyıq.”

Allahın peyğəmbəri olan və vəhyə əsaslanan həzrət Yəqub heç bir iş görə bilməyib, onların batil sözləri qarşısında təslim oldu və yalan danışdıqlarını bildiyi halda, Allahdan dözümlü səbir istədi və dedi:

"Xeyr, sizin öz nəfsiniz sizi (aldadaraq) bu işə sövq etmişdir. Mənə yalnız tükənməz, dözümlü səbir gərəkdir. (Yusifin barəsində) dediklərinizin yalan olduğunu (sübut etmk üçün) yalnız Allahdan kömək diləmək lazımır!”("Yusif” surəsi, 18-ci ayə. )

O, nə edə bilərdi, onun on bir övladı bir-birləri ilə əlbir olub, qanlı köynəklə səhnə düzəltdilər və Yusifi əldən verdikləri üçün ağlamağa başladılar!

Görəsən, Yəqub (ə) onların yalanlarını ifşa edib, quyunun kənarına gedərək öz əziz oğlunu oradan çıxartmalı, sonra da onları bu çirkin işlərinə görə cəzalandırmalı idimi?!

Heç vaxt! Çünki bu iş nadanların tutduğu işə bənzəyir ki, Allahın hidayətindən qafildirlər, lakin həzrət Yəqub (ə) doğru yolu seçir və əql ilə hərəkət edir. Allah-taala onun barəsində buyurur:

"Şübhəsiz ki, Yəqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti bilməz.”("Yusif” surəsi, 68-ci ayə. )

O, məhz bu elmə və əqlə görə, onlardan üz çevirdi və dedi:

"Heyif sənə, Yusif! Və dərd-qəmdən (həmişə ağlamaqdan) Yəqubun gözlərinə ağ gəldi. O, qəzəbini söndürdü.”(Yusif” surəsi, 84-cü ayə. )

Əgər Yəqub (ə) öz oğlanları ilə dediyimiz kimi davranıb, oğlu Yusifi quyudan çıxartsaydı və onları cəzalandırsaydı, onların Yusifə qarşı kin-küdurətləri daha da artacaqdı, hətta bu iş atalarını öldürmək dərəcəsinə gətirib çıxara bilərdi. Bəlkə də, onların bu sözü həmin məsələyə işarədir:

"(Onlar Yəquba) dedilər: "Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!”("Yusif” surəsi, 85-ci ayə. )

Buradan başa düşülür ki, bəzi hallarda sükut etmək – əgər batillə müxalifət etmək başqalarının fəsada düşməsinə və məhv olmasına səbəb olsa, eləcə də haqqı deməyib sükut etmək uzun müddətli olsa da belə, ümumxalqın xeyrinə nəticələnsə – bəyənilmişdir.

Belə olan təqdirdə, çarəsizlik ucbatından Həzrət Peyğəmbəri-Əkrəm (s)-in buyurduğu "Haqqı deməkdə sükut edən şəxs lal şeytandır” – hədisin Quran və əql ilə uyğun gəlsin deyə, başqa cür başa düşmək (və onu təvil etmək) lazımdır.

İslam Peyğəmbərinin həyatına nəzər saldıqda, görəcəyik ki, o həzrət bir çox hallarda İslamın və müsəlmanların mənafelərini qoruyub saxlamaq üçün sükut etmişdir. Peyğəmbər (s)-in "Hüdeybiyyə” sülhündə və digər yerlərdəki üslubu buna canlı bir şahiddir. Həmçinin, Əmirəl-möminin Əli (ə) də əmisi oğlu Peyğəmbəri-Əkrəm (s) dünyadan getdikdən sonra sükut etmişdir.

Belə ki, o həzrət "Nəhcül-bəlağə”də belə buyurmuşdur: "Mən iki şeyin arasında sərgərdan vəziyyətdə qaldım, öz-özümə düşündüm ki, kəsilmiş qolumla hücum edim, yoxsa bu zülmət korluğuna səbir edim? Özü də elə bir korluq ki, qocaları əldən salır və uşaqları qocaldır. Mömin isə Rəbbi ilə görüşənə qədər bu zülmətdə əzab və işkəncə çəkər. Gördüm ki, səbir etmək ağıllı və doğru bir işdir, buna görə də gözümdə tikan olduğu və boğazımda sümük qaldığı halda səbir etdim...”("Nəhcül-bəlağə”, Sübhi Saleh, xütbə: 3, səh. 48.)

Əgər imam Əli (ə) öz haqqı olan xilafət barəsində sükut etməyib, İslamın və müsəlmanların məsləhət və mənafelərini nəzərə almasaydı, Peyğəmbəri-Əkrəm (s)-dən sonra İslam dini Allahın və Peyğəmbər (s)-in istədiyi kimi öz yerini tuta bilməzdi. Bu həqiqəti camaatın əksəriyyəti bilmirlər, buna görə də belə dəlil gətirirlər:

Əbu Bəkr və Ömərin xilafəti düzgün və qanuni idi, çünki Əli (ə) onların müqabilində sükut etmişdir. Hətta əlavə edərək deyirlər ki, əgər Peyğəmbər (s) Əli (ə)-ı özündən sonra xəlifə təyin etmiş olsaydı, onda həzrət Əli (ə)-ın sükut etməyə ixtiyarı yox idi. Çünki xilafət onun haqqı idi və haqq sözü deməyən və sükut edən şəxs lal bir şeytandır. Bəli, onlar belə sözləri tarix boyu təkrar etməkdədirlər.

Belə sözlər danışanlar haqqı yalnız nəfsi istəklərdə görür, sükutun faydasını və onun uzun müddətli mənafeyini dərk etmirlər. Onlar başa düşmürlər ki, belə bir mənafeyi tez bir zamanda aradan gedən mənafe ilə müqayisə edildikdə, o, daha da əhatəli olar. Xüsusilə, batilin tərəfdarları çoxluq təşkil etdikdə, dərhal onunla çarpışma çox az fayda verər, nəinki həqiqətin aydın olması üçün sükut etmək və zaman amilindən istifadə etmək.

Həzrət Peyğəmbər (s)-in Hüdeybiyyə müharibəsində haqqı deməkdə sükut edib, Qüreyşin və batil fikirli müşriklərin şərtlərini qəbul etməsi Ömər ibni Xəttabı qəzəbləndirdi və o həzrətə dedi: "Sən haqq olaraq göndərilən bir peyğəmbər deyilsənmi? Məgər biz haqlı, onlar isə batil deyilmi? Belə isə, nə üçün dində xar və zəlilliyi qəbul etməliyik?!”

Mənim fikrimcə, əgər o həzrətin Ömər ibni Xəttabın və çoxlu səhabələrin yanında sükut etməsi zahirdə mənfi yönə malik olsaydı belə, həqiqət tam bunun əksini və onun İslam və müsəlmanlar üçün müsbət, çoxlu faydalı olduğunu göstərdi. Bu hadisənin faydaları qısa bir zamanda görünməsə də, müsbət nəticəsi bir ildən sonra aşakr oldu. Həmin vaxtlarda Peyğəmbər (s) Məkkə şəhərini müharibə etmədən fəth etdi və bununla da camaat dəstə-dəstə İslam dininə üz gətirdilər. Belə bir zamanda Peyğəmbəri-Əkrəm (s) Ömər ibni Xəttabı çağırıb, haqqı deməkdə sükut etməsinin müsbət nəticəsini və bu işin faydasını ona başa saldı.

Bizim bu dəlilləri gətirməkdə məqsədimiz həqiqəti aşkar etməkdir; əgər batilin tərəfdarı çoxalsa, haqqa qələbə çalar və bu iş labüddür. Əli (ə) haqq ilə, haqq da o həzrətlə birgə olduğu halda, batil fikirli Müaviyə ilə mübarizə etmək üçün özünə tərəfdar olacaq bir kəs tapa bilmədi. Çünki Müaviyənin tərəfdarı çox və haqqı tapdalamaq qüdrətinə malik idi. İnsanlar dünya quludur, din isə onların dillərinin məsxərəsinə çevrilmişdir. Onlar haqqı sevmədilər və batilə üz gətirdilər. Çünki haqq acı və çətin, batil isə asan və rahatdır. Bu da uca Allahın buyruğudur:

"Peyğəmbər onlara haqq ilə gəldi, lakin onların əksəriyyəti haqqı xoşlamır.”("Muminun” surəsi, 70-ci ayə. )

Batil olan Yezid haqq olan imam Hüseyn (ə)-a məhz bu səbəbə görə (zahirdə) qalib gəldi, eləcə də batil olan Əməvi və Abbasi xəlifələri – İslam və müsəlmanları hifz etmək üçün sükut etdikləri halda şəhid olan haqq imamlarına qarşı – həmin hərəkətləri davam etdirdilər

On ikinci imam da batilə görə qeybdə yaşayır. Haqqın tərəfdarlarının çoxalmasını gördükdə, Allah-taala o həzrətə icazə verəcək ki, zühur edib, dünya səviyyəsində haqqın batilə qələbə çalacağı bir inqilab yaratsın. Bəli, o həzrət dünyanın zülm və fəsadla dolduğu bir vaxtda zühur edib, dünyanı haqq-ədalətlə dolduracaq.

Haqqı sevməyən, batilə yardım edən insanlar çoxdur, onların içərisində haqq tərəfdarları olduqca azdır. Bunlar yalnız Allahın köməyi və möcüzə gücü ilə batilə qələbə çalacaqlar. Bu, Quranın buyurduğu bir həqiqətdir:

"Neçə dəfə olub ki, az bir dəstə Allahın izni ilə çox bir dəstəyə qalib gəlib! Allah səbir edənlərlədir.”("Bəqərə” surəsi, 249-cu ayə.)

Az olan haqq tərəfdarları səbir etdikləri üçün Allah-taala onlara möcüzə göstərməklə yardım edir və mələklər göndərir ki, onlarla birgə batilə qarşı vuruşsunlar. Əgər Allah-taala birbaşa yardım etməsə, haqq batilə qalib gəlməz.

Müasir dövrdə biz bu acı həqiqəti dərk edir və görürük ki, haqqı müdafiə edən həqiqi möminlər məhkum və məğlub olurlar. Halbuki batilin tərəfdarları Allahı tanımır, hər yerdə hökmranlıq edir, xalqların və millətlərin heysiyyətləri ilə oynayırlar. Bəli, Allahın köməyi olmadan zülmə məruz qalan möminlər kafirlərlə müharibədə qələbəyə nail ola bilməzlər. Məhz buna görə də rəvayətlərdə bəyan olunmuşdur ki, imam Məhdi (ə) zühur edərkən çoxlu möcüzələr baş verəcəkdir.

Bu söz tənbəllik, süstlük və mənfi intizar mənasında deyildir; dediyimiz kimi, haqqın tərəfdarı çoxaldıqda, qələbə çala bilər. Buna görə də müsəlmanların Əhli-beyt (ə)-a məhəbbət əsasında qurulan düzgün islami əqidəni qəbul etmələri, Peyğəmbər (s)-in əmanət olaraq tapşırdığı Allahın Kitabına və Əhli-beyt (ə)-a sarılmaları imam Məhdi (ə)-ın dostlarından sayılmasına kifayət edər.

Bu sözləri deyərkən böyük Allahdan istəyirəm ki, məni bağışlasın, çünki mən müsəlmanların əksəriyyətinə tabe olmaqla səhvə düşmüşdüm. İndi isə azlıq təşkil edən müsəlmanlara tabe olub, doğru yoldayam. Bu yolda çox olan qrupun danlağından qorxmadığım kimi, az olan qrupun məni tərifləməkləri ilə də öyünmürəm. Çünki məqsədim yalnız Allahın, Peyğəmbər (s)-in və Əhli-beyt imamlarının razılığını qazanmaqdır.

Xalqın razılığını qazanmaq mümkün deyildir, çünki xalq yalnız xoşladıqları şeyləri qəbul edir, istəkləri ilə uyğun olanlara üz gətirirlər, insanların bu istəkləri də müxtəlifdir:

"Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar bir-birinə dəyərdi.”("Muminun” surəsi, 71-ci ayə. )

İnsanların əksəriyyəti haqqdan üz çevirdiklərindən (haqq ilə müxalifət etmək məqsədilə) peyğəmbərləri öldürdülər. Çünki peyğəmbərlərin proqramları onların istəkləri ilə uyğun gəlmirdi. Allah-taala buyurur:

"Hər dəfə istəkləri ilə uyğun olmayan bir əmrlə gələn peyğəmbərə təkəbbür göstərmədinizmi?! Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz.”(Bəqərə” surəsi, 87-ci ayə. )

Bəzilərinin məni təhqir etmələri, yaxud lənətləmələri yeni bir məsələ deyildir, çünki kitablarımda açıqladığım həqiqətlərə dözə bilməyib, çarəsizlik üzündən nalayiq sözlərə, söyüşlərə üz gətirirlər. Nadan şəxslərin adəti də məhz budur!

Mən heç bir vəchlə haqq üstündə kimsə ilə al-ver etmərəm və qorxaqlıq tələsinə düçar olmaram, dilim, qədəmlərim, qələmimlə Allahın Rəsulunu və onun Əhli-beytini müdafiə edirəm. İnşaalah, bu, onların razılığına və mənim nicat tapmağıma səbəb olacaq! Mənim müvəffəqiyyətim Allahın əlindədir, yalnız Ona təvəkkül edir və Ona tərəf üz çevirərəm!

Məhəmməd Ticani Səmavi (Tunisi)

Category: Həqiqət olduğu kimi... 1 | Added by: Ənfal
Views: 780 | Downloads: 0 | Rating: 2.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]