Çərşənbə axşamı, 2019-08-20, 2:47 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Kitab bölməsi » Həqiqət olduğu kimi... 1

Həqiqət olduğu kimi... 1
2013-04-04, 8:00 AM

Həqiqət olduğu kimi... 1

ƏHLİ-SÜNNƏNİN MƏNASI

Əhli-sünnə müsəlmanların böyük bir hissəsinə deyilir. Onlar təqribən müsəlmanların dörddə üçünü təmsil edirlər. Ümumiyyətlə, əhli-sünnə dörd imama, yəni Əbu Hənifə, Malik, Şafei və Əhməd Hənbəliyə itaət edirlər və dörd yerə bölünürlər.

Bu böyük qrupdan kiçik bir hissə ayrılır. Onların fikirlərini İbni Teymiyyə yaratmışdır. Bu qrupun adı "Sələfiyyə”, onun yaradıcısı isə "sünnəni təzələyən” adı almışdır. Bundan sonra Mühəmməd ibni Əbdül-Vəhhabın rəhbərliyi əsasında vəhhabi adı ilə məşhur olmuşdur. Hal-hazırda Ərəbistanda rəsmi məzhəbdir.

Bu qrupların hər biri özünü əhli-sünnə adlandırır. Bəzən daha bir kəlmə artıraraq "əhli-sünnət və camaat” da deyirlər.

Tarixi bəhslərin araşdırılmasında məlum olacaq ki, "xüləfai raşidin”ə, yəni Əbu Bəkr, Ömər, Osman və Əli (ə)-a(Qeyd etmək lazımdır ki, müəyyən vaxtlara qədər Əhli-sünnət Əli (ə)-ı raşidin xəlifələrindən saymırdılar (təqribən hicrətin 230-cu ilinə qədər). Gələcək bəhslərdə bu barədə daha geniş bəhs edəcəyik. ) etiqadı olub, onların hamısına eyni dərəcədə baxan hər bir kəs (istər keçmişdə olanlar, ya hal-hazırda) sünnü, ya əhli-sünnə və camaat adlanır.

Xilafəti bu ardıcıllıqla qəbul etməyib Peyğəmbərin Əli (ə)-ı öz yerinə canişin qoyduğuna etiqad bəsləyən hər bir kəsi "Rafizi” adlandırırlar.

Gələcək bəhslərdə bir daha aydın olacaqdır ki, bütün başçılar Əbu Bəkrdən tutmuş, Bəni Abbasın axırıncı xəlifəsinə qədər sünnülərdən həmişə razı olmuş, Əli (ə)-ın xilafətini qəbul edib onunla və ondan sonra onun övladları ilə beyət edən şiələrə düşmən kəsilərək daim onlardan intiqam almışlar.

Beləliklə, Əli (ə) və onun ardıcılları "əhli-sünnə və camaat”dan sayılmırlar. Elə bil ki, bu söz – "əhli-sünnə və camaat” – Əli (ə) və onun şiələri ilə üzbəüz durmaq üçün yaradılmışdır. Mənim fikrimcə, İslam ümmətinin Peyğəmbər (s)-dən sonra parçalanmasına (şiə və sünnüyə) əsas səbəb elə bu olmuşdur.

Həqiqi tarixi mənbələr arasında dəqiq axtarış aparsaq görərik ki, bu parçalanmanın əsası İislam Peyğəmbəri (s)-nin dünyadan getdiyi ilk günlərə qayıdır. Peyğəmbər (s) dünyadan getdiyi vaxt Əbu Bəkr xilafəti əlinə alır və bir çox səhabələr onunla beyət edirlər. Yalnız Həzrət Əli (ə), Bəni Haşimin çoxusu və nökər və qul olan kiçik bir qrup beyət etməkdən boyun qaçırırlar.

Məlumdur ki, belə olan halda hakim öz qüdrətindən istifadə edərək onları "qiyamçı” adlandırıb müsəlmanlardan ayıraraq iqtisadi, siyasi və ictimai təzyiqlərə məruz qoydu.

Sözsüz, "əhli-sünnə və camaat” o günün siyasi hadisələrini dəqiq bilmirlər, Peyğəmbər (s)-dən sonra İslamın ən böyük şəxsiyyətinin necə düşmənçiliklə kənara qoyulmasından xəbərləri yoxdur. Əhli-sünnə və camaat bu fikirdədirlər ki, baş vermiş hadisələr Peyğəmbər (s) həyatdan getdikdən sonra yerində həyata keçmiş, hər şey Quran və sünnətlə uyğun olmuşdur. Onların fikrincə, "Xüləfai-raşidin” mələklər tək pak olmuşlar. Bir-birinə ehtiram etmiş və aralarında heç bir düşmənçilik və anlaşılmazlıq olmamışdır!!!

Bu, səbəb olmuşdur ki, şiələrin xəlifələr, məxsusən raşidin xəlifələri haqqında dediyini qəbul etməsinlər. Elə bil ki, əhli-sünnə və camaat heç vaxt tarix oxumamış, yalnız səhabə və raşidin xəlifələri haqqında dildən-dilə yetişən rəvayətlərlə kifayətlənmişlər. Əgər onlar göz və qəlblərini həqiqətə qarşı açıb tarix və hədis kitablarını vərəqləyərək haqq sözün ardınca gəzsəydilər, yəqin ki, düz saydıqları bir çox hökm və fətvalarda dəyişiklik edərdilər.

Mən öz kiçik zəhmətimlə əhli-sünnə və camaatdan olan qardaşlarıma tarix kitablarında olan bəzi həqiqətləri çatdırmaq istəyirəm. Çox qısa və eyni halda dəqiq mətnlər – inşaallah – gətirərək haqqı aşkar edib batili aradan aparacağıq. Bəlkə bu yol müsəlmanlar arasında olan ayrılığa bir çarə qılaraq onların birləşməsində faydalı olsun.

Mənim bildiyimə görə, əhli-sünnə və camaat o qədər də təəssübkeş deyildir. Əli (ə) və onun ailəsi ilə düşmənçilik etməməklə yanaşı, onları sevib hörmət bəsləyirlər. Amma buna baxmayaraq Əhli-beyt düşmənlərini də sevib hörmət edirlər. Onlara iqtida edib deyirlər: Hamısını Allahın Peyğəmbərindən öyrənmişlər!

Əhli-sünnət və camaat iki mühüm əslə əməl etmirlər: Biri "Allahın dostlarını dost tutmaq”, digəri isə "Allahın düşmənlərini düşmən tutmaq” məsələsidir. Həzrət Əli (ə) üçün Allahdan behişt və rəhmət istədikləri halda Müaviyə üçün də Allahdan rəhmət və behişt diləyirlər!!!

Onlar gözəl və qəşəng səslənən əhli-sünnə və camaat kəlməsinə aldanıb onun daxilindən xəbərsizdirlər. Onlar bilmirlər ki, ərəb siyasətçiləri bu adı hansı proqramlar əsasında təbliğ edirlər.

Əgər bir gün həqiqətə əl tapıb Əli ibn Əbi Talib (ə)-ın Peyğəmbər sünnəsinin mücəssəməsi və onun elminin qapısı olduğunu dərk edərək hər şeydə onunla müxalifətçilik etdiklərini başa düşsələr, bu günkü rəftarlarından əl çəkib daha diqqətlə bu məsələni araşdırarlar. Nəticədə başa düşərlər ki, həqiqi "əhli-sünnə” Əli (ə) və Peyğəmbər yolunu gedən şiələrdir.

Beləliklə, bizə vacibdir ki, bu böyük fitnəni – ki, Peyğəmbər sünnəsinin kənarda qalmasına əsas amil sayılır – aşkar edib həqiqəti üzə çıxaraq. Bu fitnə Peyğəmbər (s) sünnəsini cahiliyyət bidətlərinə çevirib müsəlmanların özlərini itirərək dindən çıxmalarına və ixtilaflarına səbəb olmuşdur. Müsəlmanlar bu fitnə nəticəsində bir-birlərini "kafir” adlandıraraq öz aralarında daxili müharibələr etmiş, elm və texnikada digərlərindən geridə qalmışlar. İş o yerə çatmışdır ki, torpaqları işğal, özləri düşmən qarşısında zəlil və xar olmuşlar. Başqa millətlər arasında hörmətdən düşmələri də həmin fitnənin nəticəsidir.

Şiə və sünnü barəsində olan qısa mənadan sonra bilməliyik ki, şiə heç də Peyğəmbər (s)-in sünnəsi ilə müxalifətçilik etmək deyildir. Şiələr yalnız özlərinin Peyğəmbərin həqiqi sünnəsinə bağlı olduqlarını bildirirlər. Çünki onu əsli yolu və həqiqi qapısı ilə, yəni Həzrət Əli ibni Əbi Taliblə (ə) ələ gətirmişlər. Onların əqidəsinə görə, Peyğəmbərэ (s) yetişmək üçün Əlidən (ə) başqa bir qapı yoxdur.

Həqiqətə çatmaq üçün həmişə bitərəf olduğumuz üçün əziz oxucumuzu qədəm-qədəm irəli aparıb onunla birlikdə tarixin bəzi hadisələrini açıqlayacağıq. Dəlil və sübutla şiələrin əsl sünnəyə əməl etmələrini sübuta yetirəcəyik. (Kitabımız da elə məhz bu cür adlanır.) Son qərar qəbul etməyi isə əziz oxucuların ixtiyarında qoyacağıq.

MÜSƏLMANLARI SÜNNÜ VƏ ŞİƏYƏ BÖLƏN İLK HADİSƏ

Bu hadisə Allah Peyğəmbəri (s)-nin "sizə məktub yazmağım üçün mürəkkəb və qələm gətirin. Siz bu məktubun vasitəsilə heç vaxt haqdan azmazsınız”(Cümə axşamı faciəsi "Səhih Müslüm” və "Səhihi Buxari”də gəlmişdir. "Səhihi Buxari”, 5-ci cild, səh. 137-138; "Səhihi Müslüm”, 7-ci cild, səh. 123; "Tarixi Təbəri”, 3-cü cild, səh. 193. ) – sözü qarşısında Ömər ibni Xəttab və bir çox səhabələrin mane olmasına qayıdır.

Onlar tamam həyasızlıqla Allah Peyğəmbərinin sözünün əməli olmasının qarşısını aldılar. Heç bir hörməti gözləmədən Peyğəmbərə "sayıqlamaq” töhmətini vurdular. Allah Kitabının onlara kafi olmasını iddia edib, Peyğəmbərin məktubuna ehtiyac olmadığını bildirdilər!!!

İbni Abbas bu hadisəni müsəlmanlar üçün "böyük faciə” adlandırmışdır. Onların hərəkətindən bu nəticəni alıb deyə bilərik: Müsəlmanların çoxusu Peyğəmbərin sünnəsini ayaq altına qoyub dedilər: "Quran bizə bəsdir!”

Bu yerdə Həzrət Əli (ə) və onun ardıcılı olub azlıq təşkil edən və Peyğəmbərin "Əli (ə)-ın şiələri” adlandırdığı bir dəstə adam heç bir söz demədən Peyğəmbərin buyruqlarını yerinə yetirdilər. Onun söz və əməlini sünnət, sünnətə əməl etməyi isə Qurana əməl etmək kimi vacib saydılar. Necə ki, Quran buyurmuşdur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ

"Ey iman gətirənlər! Allah və Peyğəmbərə itaət edin.” ("Nisa” surəsi, 59-cu ayə. )

Ömər ibni Xəttabın rəftarı bütün müsəlmanlar arasında məşhurdur. Bütün ömrü boyu Peyğəmbər (s)-lə etdiyi müxalifətçilik hamının arasında tanınmışdır.(Zikr əhlindən soruşun” kitabında bu barədə geniş bəhs etmişik.)

Sözsüz, o, sözünü heç vaxt Peyğəmbər (s)-in sünnəsinə bağlı bilməmiş və daim bunu açıqlamışdır. O, xəlifə olduğu zaman Peyğəmbər hədislərinin ziddinə fətva vermişdir. Hətta bəzən Quranın möhkəm (aşkar) ayələrinin xilafına da hökm vermişdir. Allahın halalını haram, haramını isə halal etmişdir.(Nümunə üçün: Bir məclisdə üç təlaqın haram olması halda onu halal etməsi, "müəllifətul-qülubuhum”un payını zəkatdan ayırması, həcc və qadının mütəsini haram etməsi. "Səhihi Buxari”, 2-ci cild, səh. 153. "həcc” kitabı. )

Səhabələr arasında onun tərəfdarlarının onun kimi olması da təbii bir haldır. Dost və ardıcılları keçmişdə və indi də onun bidətlərini davam etdirirlər. "ələcək bəhslərdə onların Peyğəmbər (s)-in sünnəsini tərk edib Ömərin sünnəsinə əməl etmələri daha da aydın olacaqdır.

PEYĞƏMBƏR (S)-İN SÜNNƏSİ İLƏ İKİNCİ MÜXALİFƏTÇİLİK

Üsamənin qoşununa qoşulmaqdan boyun qaçırma Peyğəmbərin sünnəsi ilə müxalif olma kimi qiymətləndirilir. Bu qoşunu Həzrət Peyğəmbər (s) özü təşkil etmişdi. Dünyadan getməmişdən iki gün qabaq onlara Üsamənin qoşununa qoşulub hərəkət etmək hökmünü vermişdi.

İş o yerə çatmışdı ki, Peyğəmbərin sözünə də irad tuturdular. Üzünə hələ tük çıxmamış on yeddi yaşlı bir cavanın qoşun başçısı təyin olunması onlara ağır gəlirdi.

Əbu Bəkr, Ömər və səhabələrdən bəzisi orduya qoşulmaqdan boyun qaçırdılar. Xilafət işlərini idarə etmək bəhanəsi ilə Mədinədə qaldılar. Bu iş elə bir vaxtda baş verirdi ki, Peyğəmbər Üsamənin qoşununa qoşulmaqdan boyun qaçıranları lənətləmişdi.("Əl-miləlu vən-nihəl”, Şəhristani, 1-ci cild, səh. 29. Peyğəmbərdən olan hədis: "Ləənəllahu mən təxəlləfə ən cəyşi Üsamə.” )

Əli (ə) və ətrafındakılar həmişə olduğu kimi, bu hadisədə də Peyğəmbərin sözünə itaət edərək, iynə ucu qədər də ondan uzaq olmadılar. Belə bir ağır gündə Əli (ə) Peyğəmbər (s)-in vəsiyyətinə əməl edir, qurtarmamış heç bir iş görmürdü. Baxmayaraq ki, bir qrupun xəlifə seçmək və seçilmək üçün Bəni Saidənin səqifəsinə yığılmasından xəbərdar idi. O da bu işi görə bilərdi. Özünü ora çatdıraraq onların qurduqları bütün planları boşa çıxarardı. Lakin Peyğəmbərin sünnəsinə ehtiram edib ona əməl etdi.

Burada daha artıq diqqət etmək lazımdır. Əli (ə)-ın Mustafa (s)-dan irs apardığı ucalıq və şərafəti insanı heyran edir. Başqalarının xilafəti xatirinə sünnəti tapdaladıqları zaman, Əli sünnətə əməl edib xilafəti ayaq altına qoyur.

ŞİƏNİ SÜNNÜ QARŞISINDA AŞKAR EDƏN ÜÇÜNCÜ HADİSƏ

Səqifə hadisəsini Peyğəmbərin sünnəsi ilə açıqca müxalifətçilik adlandırmaq olar. Bu hadisədə bir çox səhabələr Peyğəmbər (s)-in sünnəti qarşısında çox xətərli bir qarşıdurma yaratdılar. Onlar Peyğəmbər (s)-in "həccətül-vida”dan qayıtdığı zaman, Qədir-xumda Həzrət Əli (ə)-ı canişin təyin etməsinə heç bir məhəl qoymayıb o Həzrətin sünnəti ilə aşkar müxalifətçilik etdilər. (Baxmayaraq ki, canişin məsələsi böyük bir kütlə qarşısında baş vermişdi.)

Mühacir və ənsarın öz aralarından kimi xəlifə seçmək üstündə ixtilafına baxmayaraq, nəhayətdə Əbu Bəkrin xəlifə olmasında razılığa gəldilər. Hətta Peyğəmbər (s)-in yaxınlarından olan müxalifləri öldürməyə belə hazır oldular.(Bu sözə ən böyük dəlil Ömərin nəql etdiyidir. O, hətta Fatimeyi-Zəhra (əleyha salam)-ın evinə orada olanlarla birlikdə od vuracağını deyirdi. Bu hadisə tarix kitablarında məşhurdur. "Tarixi Təbəri”, 3-cü cild, səh. 202; "Tarixi Yəqubi”, 2-ci cild, səh. 26. Beyrut çapı. )

Bu hadisə əksər səhabələrin Ömər və Əbu Bəkri himayə etmələrini göstərir. Beləliklə, onlar Ömər və Əbu Bəkrin Peyğəmbər sünnəsi qarşısında etdikləri ictihadı himayə edərək sünnətdən üz çevirdilər.

Bu böyük kütlə qarşısında çox az adam – Əli (ə) və onun şiələri – sünnəni himayə etdilər.

Bu üç hadisədən sonra iki qrupun əsli İslam cəmiyyətində tanındı. Onlardan biri Peyğəmbərin sünnətinə vəfalı qalıb ona əməl etdilər, digəri isə Peyğəmbərin sünnətini ayaq altına salaraq ictihad edib, çoxunu tamaha salan qüdrət ələ gətirdilər.

Birinci qrupun başında sünnət ardıcılı Əli ibni Əbi Talib (ə), ikinci qrupun başında isə Ömər, Əbu Bəkr və bir çox səhabələr dururdu.

İkinci qrup Ömər və Əbu Bəkrin başçılığı ilə birinci qrupu zəiflətməyə və hər yolla onları qarşılarından götürməyə çalışırdılar.

İQTİSADİ ÇƏTİNLİKLƏ MÜXALİFLƏRİ ZƏİFLƏTMƏK

Hakim olan qrupun birinci planı müxalifləri iqtisadi cəhətdən iflic vəziyyətə salmaq idi. Buna görə də Fədəkin bütün müsəlmanlara aid olması bəhanəsi ilə onu Fatimeyi-Zəhra (əleyha-salam)-ın əlindən alıb işçilərini oradan qovdular. Onlar unutdular ki, Fədəki Peyğəmbər (s) özü xanım Zəhra (əleyha-salam)-a bağışlamışdı.

Bu bəs deyilmiş, hələ "peyğəmbərlər özlərindən sonra irs qoymurlar” – deyib xanımı öz ata irsindən məhrum etdilər. Bununla kifayətlənməyən hakimlər zəkatın Peyğəmbər (s) ailəsinə haram olduğunu bilə-bilə, onlara düşən xums payını da onlardan aldılar.

Bu əməllərlə Əli (ə)-ı iqtisadi cəhətdən çətin vəziyyətdə qoydular. Çünki iki böyük gəlir mənbəyi onun əlindən alınmışdı.

İşi elə bir yerə çatdırdılar ki, Peyğəmbər ailəsi bir tikə çörəyə möhtac qaldı. Bu vaxt Əbu Bəkr xanım Zəhra (əleyha-salam)-a üz tutub dedi: "Sənin xumsdan haqqın vardır. Mən də Allah rəsulu kimi rəftar edərək səni ac qalmağa qoymaram.”

Qeyd etdiyimiz kimi, Əli (ə)-ın şiələrinin çoxu azad olmuş qullardan ibarət idi. Pul və sərvətləri olmadığı üçün hakimiyyət onların nüfuzundan qorxmurdu. Çünki xalq həmişə kasıbları xar sayıb pullulara tərəf üz tuturlar.

MÜXALİFLƏRİ İCTİMAİ CƏHƏTDƏN İFLİC ETMƏ

Qüdrətdə olan hakimiyyət başda Əli ibni Əbi Talib olmaqla öz müxaliflərini ictimai cəhətdən də səhnədən çıxartdı.

Əbu Bəkr və Ömərin etdiyi birinci iş Peyğəmbər ailəsinə olan hörmət pərdəsini aradan aparmaq oldu. Bundan sonra Peyğəmbər (s) ailəsi xalq arasında olan hörmətini itirdi.

Həzrət Əli (ə) Peyğəmbər (s)-in əmisi oğlu və Peyğəmbər ailəsinin başçısı olduğu üçün səhabələrdən çoxları ona paxıllıq edirdilər. Belə ki, Allah bu yolla onu çoxlarından üstün qərar vermişdi.

Fatimə (əleyha-salam) Peyğəmbərin ümmət arasında qalan yeganə yadigarı idi. Peyğəmbər (s)-in özünün dediyi kimi, xanım Zəhra (s) ona analıq etmişdi. Peyğəmbər onu dünya xanımlarının xanımı adlandırırdı. Peyğəmbər (s)-in ona olan məhəbbəti və onun fəziləti haqqında olan rəvayətlər ümmət arasında əzizlənib sevilməsinə səbəb olmuşdu.

Lakin Əbu Bəkr və Ömər onun hörmət və ehtiramını xalqın arasında yerə saldılar. Ömər onun evinin ətrafını odunla əhatə edib "əgər evin içindəkilər çıxıb beyət etməsələr” – deyərək, evi yandıracağına and içdi.

İbni Əbdü Rəbbih yazır: Əli (ə), Abbas və Zübeyr Fatimə (s)-nin evində idi. Əbu Bəkr Öməri beyət etmək üçün onları gətirməyə yollayıb dedi: Əgər qəbul etməsələr, onlarla vuruş. O, əlində məşəl gəldi. Xanım Fatimə (s) onu görüb dedi: Ey Xəttabın oğlu! Bizim evi yandırmağa gəlmisən?

Dedi: Bəli, gərək hamınız bütün ümmətin getdiyi yolla gedəsiniz.("Əl-iqdul-fərid”, 4-cü cild, səh. 260. "Bir qrupun Əbu Bəkrlə beyət etməkdən boyun qaçırması” bəhsi. )

Əhli-sünnət kitablarında xanım Zəhra (s)-nın haqqında deyilir: O, dünya xanımlarının xanımı, iki oğlu Həsən (ə) və Hüseyn (ə) behişt cavanlarının ağası, Peyğəmbər (s) həyatının ümmət arasında gülləridir. Bütün bunlara baxmayaraq Ömər onları təhqir edib zəlil sayır. Əbu Bəkrlə beyət etdirmək üçün onların evlərini oda çəkməklə hədələyir. Bundan sonra ümmət arasında – ki, çoxları paxıllıq edib onu düşmən sayırdılar – Əli ibni Əbi Talibin hörməti qalarmı? Bundan əlavə, Peyğəmbər (s)-dən sonra dünya malından əlində heç nə olmayan Əli (ə) özünü xalqa sevdirə bilərdimi? (Əvvəldə qeyd etdiyimiz kimi xalq dünya malına üz tuturdu.)

Buxari öz "Səhih”ində yazır: Fatimə (s) Əbu Bəkrdən ata irsini istəyib dedi: Peyğəmbər Allahın ona lütf etdiyi Fədəki Mədinədə və Xeybərin xumsunun qalığını mənə bağışlamışdır. Əbu Bəkr bu şeyləri ona qaytarmaqdan boyun qaçırdı. Fatimə (s) narahat olub ona qəzəbləndi və küsərək ömrünün axırına qədər Əbu Bəkrlə danışmadı. Dünyadan getdiyi zaman həyat yoldaşı ona namaz qılıb gecə ikən dəfn etdi və bu barədə Əbu Bəkrə heç nə demədi. Əli (ə) xanım Fatimə sağ olduğu zaman (az da olsa) camaatın yanında hörməti vardı. O, dünyadan gedəndən sonra ürəyi xalqdan sındı, əlacsız qalıb Əbu Bəkrlə beyət etdi. Bundan qabaq isə bir neçə ay onunla beyət etməmişdi.("Səhihi Buxari”, 5-ci cild, səh. 82. "Xeybər müharibəsi” bəhsi; "Səhihi Müslüm”, 5-ci cild, səh. 153, "cihad” kitabı. )

Hakim partiya bu yolla müəyyən qədər Əli ibni Əbi Talibi səhnədən çıxartmağa və xalqın gözündən salmağa müvəffəq olmuşdu. Xalq, məxsusən xanım Zəhra (əleyha-salam)-dan sonra ona hörmət etmirdi. Elə buna görə də o, xalqdan incidi. Buxari və Müslümün rəvayətinə görə, çarəsiz qalıb Əbu Bəkrlə sülh və beyət etdi.

Buxari hədisdə "xalqın üzünü görmək istəmirdi” – cümləsini işlədir. Bu cümlə Əbul-Həsən (ə)-ın Peyğəmbər (s) və xanım Zəhra (əleyha-salam)-dan sonra xalqın ona qarşı düşmənçilik etməsini göstərir. İş o yerə çatmışdı ki, o, səhabələr arasında yol gedəndə onların pis sözləri və ələ salmalarına məruz qalırdı. Elə buna görə də onların üzünü görmək istəmirdi.

Bu fəsildə Həzrət Əli (ə)-ın tarixi və məzlumiyyəti haqqında danışmaq istəmirik, yalnız acı dərd gətirən həqiqətin üstünü açmaq istəyirik. O həqiqət sünnət ələmdarı, Peyğəmbər (s) elminin qapısı Həzrət Əli (ə)-ın, Peyğəmbər sünnətini ayaq altına qoyub öz ictihadına əməl edərək firavanlığa çatanlar qarşısında tək qalmasıdır.

MÜXALİFLƏRİ SİYASİ SƏHNƏDƏN ÇIXARTMAQ

Hakim olan qrup onları iqtisadi mühasirə və xalqdan uzaq salmaqla kifayətlənməyib siyasi cəhətdən də sıxışdırmağa başladılar. Onlar Əli (ə)-ı bütün idarəedici işlərdən uzaqlaşdıraraq heç bir məsuliyyəti ona tapşırmadılar. Hətta bəzi müharibələrdə Peyğəmbər (s)-in azad etdiyi şəxslərdən istifadə edirdilər. Peyğəmbərin bütün həyatı boyu onunla müharibə aparan Bəni Üməyyəni iş başına qoydular. Lakin Əli (ə)-ı siyasi səhnədən uzaqlaşdıraraq – Əbu Bəkr, Ömər və Osmanın xilafətləri zamanında – iyirmi beş il kənarda qoydular. Bu müddət ərzində (fürsətdən istifadə edən) bəzi səhabələr öz siyasi məsuliyyətlərindən sui-istifadə edərək müsəlmanların var-dövlətini özləri üçün yığmağa məşğul idilər. Əli ibni Əbi Talib isə yəhudilərin bağlarını suvararaq öz ailəsi üçün çörək qazanırdı.

Beləliklə, elm qapısı, ümmət alimi, sünnə hamisi evdə dustaq oldu. Çox az bir kütlədən başqa heç kəs qədrini bilmədi. Bu az kütlə ona itaət edir, onun yol göstərməsindən faydalanaraq ondan əl çəkmirdilər.

İmam Əli (ə) öz xilafəti zamanı xalqı Quran və Peyğəmbərin sünnətinə əməl etməyə çox çağırsa da faydası olmadı. Onlar artıq Ömərin ictihadlarına adət etmişdilər. Hətta bəziləri qışqırıb "heyif, Ömər əldən getdi” – deyirdilər.

Bütün dediklərimizdən bu nəticəni almaq olar ki, ümmət Əbu Bəkrin, Ömərin, Osmanın və Aişənin bidətlərini "gözəl yenilik”(Səhihi Buxari”, 2-ci cild, səh. 252, "təravih namazı” babı və həmçinin 7-ci cild, səh. 98) adlandırıb, onlara itaət etdikləri halda, Əli (ə) və onun şiələri Peyğəmbərin sünnətinə vəfalı olaraq daim onu yaşatmağa çalışırdılar.

Bu yalnız bir iddia deyildir, həm də bir həqiqətdir ki, bütün müsəlmanlar ona inanaraq öz səhih kitablarında qeyd edir və insaflı mühəqqiqlər də onu qəbul edirlər.

İmam Əli (ə) Quranı və onun əhkamını əzbər bilirdi. O, Quranı yığan birinci insandır. Bu həqiqətə Buxari öz "Səhih”ində etiraf etmişdir.

Əbu Bəkr, Ömər və Osmana gəldikdə isə, onlar nə Quranı əzbər bilir, nə də onun hökmlərindən xəbərdar idilər.(Ömərin "kəlalənin” hökmünü bilməməsi və təyəmmümün necə alınmasından xəbərsiz olması məşhurdur. "Səhihi Buxari”, 1-ci cild, səh. 90. )

Tarixçilər Ömərin "əgər Əli olmasaydı, mən həlak olardım” – cümləsini yetmiş dəfə deməsi və Əbu Bəkrin "Allah belə etsin ki, mən heç vaxt Əlisiz yaşamayım” – sözlərini qeyd etmişlər. Osman barəsində isə həddən artıq çoxdur.

Category: Həqiqət olduğu kimi... 1 | Added by: Ənfal
Views: 542 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]