Cümə günü, 2024-04-26, 11:36 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Kitab bölməsi » Həqiqət olduğu kimi... 1

Həqiqət olduğu kimi... 1
2013-04-04, 7:45 AM

Həqiqət olduğu kimi... 1

PEYĞƏMBƏR TƏRƏFİNDƏN ŞİƏ İMAMLARININ MÜƏYYƏN EDİLMƏSİ

Peyğəmbər sirəsini və islam tarixini oxuyan hər bir kəs Peyğəmbər (s)-in on iki nəfəri imam təyin etməsini bilir. Peyğəmbər onların bir-bir adlarını sadalayaraq özünə canişin təyin etmişdir.

Onların sayı əhli-sünnətin "Sihah”ında gəlmiş, on iki nəfər olmaqları açıqlanmışdır. Onların hamısı Qüreyşdəndir. Bu rəvayətləri Buxari, Müslüm və başqaları qeyd etmişlər.

Bəzi sünnü mənbələri də onların adını çəkmişdir. Peyğəmbər (s) onların birincisinin Əli ibni Əbi Talib (ə), ondan sonra oğlu Həsən (ə), ondan sonra qardaşı Hüseyn və daha sonra doqquz nəfər imam Hüseyn (ə)-ın nəslindən olmalarını bildirmişdir. Onların axırıncısı Məhdi (ə)-dır.

"Yənabiul-məvəddət” kitabının sahibi deyir: Etəl adlı bir yəhudi Peyğəmbər (s)-in yanına gəlib dedi: Ey Mühəmməd! Çoxdan qəlbimdə olan bir neçə şeyi səndən soruşmaq istəyirəm. Əgər cavab versən, sənin qarşında müsəlman olacağam.

Həzrət buyurdu: Ey Əbu Əmarə, soruş! O bir neçə şey soruşdu. Həzrət cavab verdikdən sonra yəhudi dedi: Düz deyirsən. Sonra dedi: Mənə de görüm, sənin canişinin kimdir? Çünki hər bir peyğəmbərin canişini olmuşdur. Bizim peyğəmbərimiz Musa ibni İmran buyurmuşdur ki, onun canişini Yuşə ibni Nundur.

Peyğəmbər (s) buyurdu: Mənim canişinim Əli ibni Əbi Talib, ondan olan iki nəvəm Həsən və Hüseyndir. Daha sonra doqquz nəfər Hüseynin nəslindən bir-birinin ardınca olanlardır.

Dedi: Ey Mühəmməd! Onların adını mənim üçün say.

Buyurdu: Hüseyn dünyadan gedəndən sonra oğlu Əli, o dünyadan gedəndən sonra oğlu Mühəmməd, ondan sonra oğlu Cəfər, ondan sonra oğlu Musa, ondan sonra oğlu Əli, Əlidən sonra oğlu Mühəmməd, ondan sonra oğlu Əli, ondan sonra oğlu Həsən, ondan sonra oğlu Məhdi Allahın höccətidir. Bunlar on iki nəfərdirlər.

Yazır: Yəhudi müsəlman oldu. Allaha bu hidayətə görə həmd etdi.("Yənabiul-məvəddət”, Qunduzi Hənəfi, səh. 441; "Fəraidul-səmtin Həmuni”, 2-ci cild, səh. 133, hədis: 440-441.) Əgər şiə kitablarını axtarıb həqiqətləri üzə çıxarsaq, bunun neçə-neçə bərabərini ələ gətirə bilərik.

Sünnülərin imamların sayını on iki nəfər qəbul etmələri kifayətdir. Bu ədəd yalnız Ali-Əli (ə) imamları ilə düz gəlir.

Bizim yəqinimizi daha da artıran, Əhli-beytdən olan imamların heç kəsin yanında elm oxumamasıdır. Heç bir tarixçi, mühəddis və sirə yazan şəxs Əhli-beyt imamlarının səhabə, ya tabeindən elm oxumasını yazmamışdır. Ümmətin bütün alimləri, o cümlədən başqa məzhəb sahiblərinin hamısı başqa alim yanında dərs almışlar.

Əbu Hənifə imam Sadiqin, Malik isə Əbu Hənifənin şagirdi olmuş, Şafei Malikdən və Əhməd də Şafeidən istifadə etmişdir.

Amma Əhli-beyt alimləri öz elmlərini Allahdan almış, nəsildən-nəsilə irs aparmışlar. Allah yalnız onların haqqında buyurmuşdur:

ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا

"Sonra Kitab və elmi seçdiyimiz bəndələrə irs olaraq verdik.”

Başqa bir yerdə imam Cəfər Sadiq (ə) bu həqiqət barəsində belə buyurur: Çox təəccüblüdür, camaat öz elmlərini Allah rəsulundan aldıqlarını və ona əməl etdiklərini deyir, bizim isə ondan heç nə öyrənmədiyimizi iddia edirlər. Biz onun ailəsiyik, bizim ailəmizdə vəhy nazil olmuşdur. Elm bizim ailədən xalqa çatmışdır. Sizin fikrinizcə, onlar bilib həqiqətə çatmışlar, ya biz bilməyib həqiqətdən uzaq olmuşuq?!

Bəli, imam Sadiq (ə) necə də təəccüb etməsin? Əhli-beytlə düşmənçilik etdikləri halda Həzrət Peyğəmbər (ə)-dən elm öyrəndiklərini iddia edirlər. Sünnəti ayaq altına qoyub özlərini əhli-sünnət adlandırırlar?!

Tarixin şəhadət verdiyi kimi, şiələr Əliyə yaxın olmuş, ona kömək etmişlər. Düşmənləri qarşısında durmuş, müharibələrdə onunla olmuşlar. Bütün elmlərini ondan almışlar. Əhli sünnət və camaat isə əksinə olaraq onun şiəsi olmamış, ona kömək etməmişlər. Həmişə onunla müharibə etmiş, onu aradan aparmağa çalışmışlar. Ondan sonra övladlarını azad buraxmamış, ya zindanlara salmış, ya da öldürmüşlər. Dinin bir çox hökmlərində onunla düşmənçilik etmişlər. Özlərini elm və bilik sahibi bilib Allahın dinində ictihad edənlərin ardınca düşmüş, onlara itaət etmişlər.

Özlərini əhli-sünnət və camaat adlandıran bu insanlara necə də təəccüb etməyəsən. Sünnət və camaatdan olduqları halda dörd yerə bölünmüşlər: Maliki, Hənəfi, Şafei və Hənbəli. Bunların dördü də fiqh hökmlərində bir-biri ilə müxalifətçilik edirlər. İxtilafların onlar üçün rəhmət olduğunu iddia edirlər. Bu yolla Allahın dini həvayi-nəfslərə, şəxsi fikirlərə qurban edilir.

Bəli, bu qruplar çoxdandır ki, Allah və Peyğəmbərin əhkamından çıxmışdır. Bununla belə bir nöqtədə "Səqifə icmasının düz olmasında və Peyğəmbər (s) ailəsinin kənara qoyulmasında” birləşirlər.

Bunların əhli-sünnət olmalarına necə də təəccüb etməyəsən? Allah rəsulunun "səqəleyn”indən, yəni, Allahın kitabı və Əhli-beytdən tutma əmrini yerə atdılar. Baxmayaraq ki, onlar bu hədisi düz saymış, öz Səhih” kitablarında sənədlə gətirmişlər. Onlar nə Qurandan tutmuşlar, nə də Əhli-beytdən. Əhli-beyti bir kənara qoymaq həqiqətdə Quranı kənara qoymaqdır. Çünki hədis bunların heç zaman bir-birindən ayrılmayacağını qeyd etmişdir. Allah Peyğəmbəri buyurur: Alim olan Allah mənə xəbər vermişdir ki, bu iki – "Quran və itrət” Kövsər hovuzunda mənə yetişənə qədər heç vaxt bir-birindən ayrılmayacaqdır.("Müsnədi Əhməd”, 5-ci cild, səh. 189-190; "Müstədrəki Hakim”, 3-cü cild, səh. 148. Onların dediyinə görə: Buxari və Müslümün nəzərinə görə bu hədis səhihdir.)

Bunların əhli-sünnət olmasına necə də təəccüb etməyəsən? Öz səhih kitablarında Peyğəmbərin rəftarı barəsində olan hədislərlə müxalifətçilik edirlər?("Səhihi Buxari”, 1-ci cild, səh. 178, "səlatul-leyl” babı, və 8-ci cild, səh. 142; "Müsnədi Əhməd”, 5-ci cild, səh. 182.)

Əhli-sünnənin daha çox qəbul etmək istədiyi "mən sizin aranızda Allahın kitabı və öz sünnətimi qoyuram. Əgər onlardan tutsanız, heç vaxt yoldan çıxmazsınız” hədisini əgər səhih saysaq, bizim təəccübümüz, onların isə biabırçılığı daha da artacaqdır. Çünki onların rəhbərləri həmin o kəslərdir ki, ilk dəfə özləri Peyğəmbərin sünnətini ayaq altına qoyub onun hədislərini yandırdılar. Onları müsəlman içində yayılmağa qoymadılar.

Ömər ibni Xəttab çox aşkar deyir: Allahın Kitabı bizə bəsdir. Bu sözü demək Allah rəsulunu rədd etmək deməkdir. Hər kəs Allahın rəsulunu rədd edərsə, Allahı rədd etmişdir.

Ömər ibni Xəttabın bu sözünü əhli-sünnətin bütün səhih kitabları gətirmişdir. Onlardan biri də Buxari və Müslümdür. Peyğəmbər "mən sizin aranızda kitab və sünnəti qoyuram” dedikdə, Ömər ona cavab verir. Allahın kitabı bizə bəs edər, sənin sünnətinə ehtiyac yoxdur. Əgər Ömər Peyğəmbərin qarşısında belə bir söz deyirsə, sözsüz dostu Əbu Bəkr də onun sözünü təkid etmişdir. O, xəlifə olduqdan sonra dedi: Allah rəsulundan heç nə rəvayət etməyin. Əgər bir kəs sizdən bir şey soruşsa, deyin: Allahın kitabı bizimlədir. Onun halalını halal, haramını haram bilin.("Təzkirətul-huffaz”, Zəhəbi, 1-ci cild, səh. 3)

(Onların hər işi təəccüblüdür.) Onlar Allah rəsulunun sünnətini tərk edib onun yerinə bidətlər meydana çıxartdılar. O bidətlər ki, Allah heç birisi barəsində elm və bilik göndərməyibdir.

Amma görəndə ki, Əbu Bəkr "əgər məni Peyğəmbərin sünnəti ilə məhkum etmək istəyirsinizsə, mənim ona taqətim yoxdur” cümləsini deyir və bizim təəccübümüz azalır.

Nəyə görə Əbu Bəkrin Peyğəmbər sünnəsinə taqəti yoxdur? Görəsən, Peyğəmbərin sünnəsi qeyri-mümkün olan bir şeydir ki, Əbu Bəkr ona dözə bilmir?

Məzhəblərinin banisi olan birinci imamları əgər sünnətə dözə bilmirsə, onlar necə özlərinin əhli sünnə və camaat olduqlarını deyirlər?!!

Allah Quranda buyurmurmu:

لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ

"Sizin üçün Allah Peyğəmbərində gözəl nümunə vardır.” ("Əhzab” sürəsi, 21-ci ayə)

Yenə də sünnət barəsində buyurur:

لاَ تُكَلَّفُ نَفْسٌ إِلاَّ وُسْعَهَا

"Allah heç kəsə, onun bacardığından üstün təklif etmir.” ("Bəqərə” surəsi, 286-cı ayə. )

وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ

"Allah sizin üçün dində çətinlik qoymamışdır.”(Həcc” surəsi, 78-ci ayə. )

Görəsən, Əbu Bəkr və dostu bu fikirdədir ki, Allah rəsulu Allahın göndərdiyi dindən başqa bir din gətirmiş və müsəlmanları çətinliklə üz-üzə qoymuşdur? Yox, belə deyildir. O özü çox vaxt buyururdu: Xalqa müjdə verin. Onları bezdirməyin, onlara asan tutun, çətinlik yaratmayın. Allah sizə bəzi işlərdə icazə vermişdir, özünüzü çətinliyə salmayın.

Amma Əbu Bəkrin sünnəyə dözə bilməməsi etirafı bizim dediyimizi təsdiq edir. Çünki o öz dövlət siyasətinə uyğun bidətlər yaratmışdır.

Ola bilər ki, Ömər də Quran və sünnətin dözülməz olduğu fikrindədir! Cənabət vaxtı su olmadıqda namazı tərk edir, xilafəti zamanı da həmin fətvanı verir. Baxmayaraq ki, bütün adamlar onun hökmünü bilirdilər. Hədisçilər hamısı onun hökmünü qeyd etmişlər.

Ömərin cinsi əlaqəyə çox həvəsi olduğu üçün bu ayə onun haqqında nazil olmuşdur:

عَلِمَ اللّهُ أَنَّكُمْ كُنتُمْ تَخْتانُونَ أَنفُسَكُمْ فَتَابَ عَلَيْكُمْ

"Allah bilirdi ki, özünüzə xəyanət edəcəksiniz və sizə bağışladı.” ("Bəqərə” surəsi, 187-ci ayə. )

O oruc tutduğu zaman özünü cinsi əlaqədən saxlaya bilmədi. Su az olduğu üçün qüsl etməyib namazı tərk etdi. Özünü rahat edib su çoxalana qədər gözləməyi qərara aldı. Bu niyyətlə ki, namazını sonra yenidən qılsın.

Osmanın da Peyğəmbər (s)-in sünnəti ilə müxalifətçilik etməsi məşhurdur. Belə ki, Aişə Peyğəmbərin köynəyini əlinə götürüb dedi: "Peyğəmbərin köynəyi köhnəlməmiş Osman onun sünnətini köhnəltdi.” Peyğəmbər və iki şeyxin sünnətini ayağı altına qoyduğuna görə səhabələr onu öldürdülər.

Müaviyənin işi isə danışılmalı deyil. O həm Quran, həm də Peyğəmbərin sünnəti ilə müxalifətçilik və düşmənçilik etdi. Çünki Peyğəmbər buyurmuşdu:

"Əli məndən, mən də Əlidənəm. Hər kəs Əlini söysə, məni söymüşdür. Hər kəs məni söysə, sanki Allahı söymüşdür.”("Müstədrəki Hakim”, 3-cü cild, səh. 121. "Müsnədi Əhməd”, 6-cı cild, səh. 323; "Xəsaisun-nisa”, səh. 169)

Tarixdə göstərilir ki, Müaviyə Əli (ə)-ı söyməkdə həddini aşmışdı. O, bütün hakimlərə Əlini söyməyi və lənət etməyi tapşırmışdı. Boyun qaçıran hər bir kəsi işdən uzaqlaşdırıb öldürmüşdü.

Müaviyə özünü və ardıcıllarını əhli-sünnət və camaat adlandırmışdı. O, bu işi şiə adının müqabilində etmişdi.

Bəzi tarixçilər Müaviyənin İmam Həsən (ə)-la sülh edəndən sonra xilafəti öz əlinə keçirdiyi ili "camaat” ili adlandırdığını qeyd etmişlər.

Bəli, Müaviyənin sünnəsindən məqsəd Əli (ə)-ı minbər üstündə lənətləməkdir, buna görə də onların əhli-sünnə olmaları təəccüb doğurmur.

Əgər sünnət və camaat Müaviyənin bidətlərindəndirsə, onda Allahdan istəyirik ki, bizim canımızı Əli (ə) banisi olduğu "rafizi” bidətində alsın!!!

Əziz oxucular! Əhli-bidətin əhli-sünnət və camaat, Əhli-beytin pak imamlarının isə əhli-bidət adlanmasına təəccüb etməyin.

Əllamə İbni Xəldun əhli-sünnətin məşhur alimlərindəndir. O, əhli-sünnət məzhəblərini saydıqdan sonra tam həyasızlıqla deyir: Əhli-beyt özlərinə bütün ümmətin əksinə olan bir məzhəb seçdilər. Özlərinə aid olan fiqh yaratdılar. Onu öz yaratdıqları təməl üstündə bina etdilər. Bəzi səhabələri də tənqid etdilər.(İbni Xəldunun giriş sözü”, səh. 354. )

Hörmətli oxucular! Mən əvvəldə sizə dedim ki, onların sözünün əksi həqiqətlə düz gəlir.

Əgər fasiqləri əhli-sünnət, pak imamları və Əhli-beyti əhli-bidət adlandırsaq (necə ki, Xəldun belə deyir), gərək İslamın fatihəsi oxunsun və daha dünyanın da bundan sonra heç bir qədir-qiyməti olmayacaqdır.

ZALIM BAŞÇILAR TƏRƏFİNDƏN ƏHLİ–SÜNNƏ İMAMLARININ TƏYİN OLUNMASI

Əhli-sünnə rəhbərlərinin Quran və sünnətlə müxalif olmalarını bildirən şeylərdən biri də onların heç birinin Əhli-beyt imamlarına tərəf gəlməməsi, nicat gəmisindən uzaq düşmələridir. Baxmayaraq ki, Peyğəmbərin pak sünnəti və Quran hamını onlara itaət etməyə çağırmışdır.

İmam Sadiq (ə)-dan dərs almış Əbu Hənifədən bu söz məşhurdur: "Əgər o iki il olmasaydı, Nöman (Əbu Hənifə) həlak olardı.” İki ildən hədəfi imam Sadiqdən dərs aldığı müddətdir. Buna baxmayaraq, bidətlə dolu olan bir məzhəb yaratdı. Qiyas və öz nəzəriyyələrini səhih rəvayətlərlə üz-üzə qoydu. Ondan əlavə, Malik də imam Sadiq (ə)-dan dərs almışdır. Ondan rəvayət olmuşdur ki, deyir: "Heç bir göz imam Sadiq (ə)-dan biliklisini görməmiş və heç bir qulaq eşitməmişdir. Heç bir kəs onun kimi insanın qəlbinə yol tapmamışdır.” Bunları deməsinə baxmayaraq, o da öz növbəsində yeni bir məzhəb yaratmışdır. Abbasilər onu böyüdüb "darul-hicrə imamı” adlandırdılar. Bundan sonra Malik çoxlu pul, qüdrət və nüfuz sahibi oldu.

Peyğəmbər ailəsini şiə adlandırmaqla müttəhim olan Şafei bu məşhur şeri demişdir:

"Ya Əhlə-beyti Rəsulillah, hubbukum,

Fərzun minəllahi fil-Qurani ənzələh.”

"Ey Allah rəsulunun Əhli-beyti!

Allah tərəfindən nazil olan Quranda eşqiniz vacib olmuşdur.”

"Kəfakum min əzimil-fəzli ənnəkum,

Mən ləm yusəlli ələykum la səlatə ləh.”

"Çox böyük fəzilətiniz üçün elə bircə bu kifayətdir ki,

Hər kəs sizə salavat göndərməzsə, namazı batildir.”

Həmçinin Əhli-beytin mədhində deyilmiş bu beytləri də ona nisbət verirlər:

"Və ləmma rəəytun-nasə qəd zəhəbət bihim,

Məzahibuhum fi əbhoril-ğəyyi vəl-cəhəl.”

"İnsanları azğınlıq və cəhalət dəryasında sərgərdan gördüyüm zaman,”

"Rəkibtu əla ismillahi fi sufunin-nəca,

və hum əhlu bəytil-Mustəfa Xatəmir-rusuli.”

"Allahın adı ilə nicat gəmisinə mən səvar oldum,

Onlar axırıncı Peyğəmbərin Əhli-beytidir.”

"Və əmsəktu həbləllahi və huvə və la vuhum,

Kəma qəd əmərəna bittəməssoki bil-həbli.”

"Allahın ipindən tutun ki, bu onların dostluğudur. Necə ki, bizə ibu pdən tutmağı əmr ediblər.”

Onun bu sözü məşhurdur:

"İn kanə rəfzən hubbu Ali-Mühəmməd,

Fəlyəşhədus-səqəlanə inni rafiziyyun.”

"Əgər Ali-Mühəmmədi sevmək rafizilikdirsə,

Ey cinlər və insanlar, şahid olun ki, mən də rafiziyəm.”

Əgər aləmləri şiə olmağına şahid çağırırsa, bəs nə üçün Əhli-beytin əksinə olan məzhəbləri kənara qoymur. Əksinə bundan da yuxarı, öz adına yeni məzhəb yaradır və zəmanəsində yaşayan Əhli-beyt imamlarından kənara çəkilir.

Həzrət Əli (ə)-ı raşidin imamlardan sayan Əhməd ibni Hənbəldən bu söz məşhurdur ki:

"Heç bir səhabənin Əli (ə)-ın fəziləti barəsində olan rəvayətlər qədər rəvayəti yoxdur. Bu rəvayətlərin hamısının sənədi səhihdir.”

O da məzhəb yaradıb ona öz adını vermişdir. Amma zəmanəsinin alimlərinin şəhadətinə görə o, fəqih olmamışdır.

Şeyx Əbu Zöhrə yazır: Qədim alimlərin çoxu Əhməd ibni Hənbəli fəqih bilməmişlər. O cümlədən, onun zəmanəsində yaşayan İbni Qüteybə və İbni Cərir Təbərinin adını çəkmək olar.

İbni Teymiyyə Hənbəli məzhəbindən çıxmış, ona özünün bir neçə nəzəriyyəsini əlavə etmişdir. O cümlədən, qəbirlərin ziyarətini və onların üstünü düzəltməyi haram etmişdir. Peyğəmbər ailəsinə təvəssül etməyi də qadağan etmiş, onların hamısını şirk hesab etmişdir. Bəli, budur bu dörd məzhəb, bu da onların rəhbərləri və Əhli-beyt haqqında olan fikirləri.

Onların bəzi sözlər deməsi və ona əməl etməmələri çox pis və nifrət doğurasıdır. Buna ona görədir ki, onlar özləri bu məzhəbləri yaratmamışlar. Həqiqətdə əməvi və abbasilərin vücuda gətirdikləri bu məzhəbləri onların köməyi ilə yaymış və öləndən sonra onların adı ilə məşhurlaşmışdır. Bu barədə tezliklə danışacağıq.

Siz bu rəhbərlərə təəccüb etmirsiniz ki, hidayət rəhbərləri olan Əhli-beytlə eyni zamanda yaşamış, lakin onların düz yolundan üz çevirmişlər? Onların öz cəddlərindən söylədikləri rəvayətləri qəbul etməyib başqalarının rəvayətlərini ondan üstün tutmuş, yəhudi olan Kəbul-əhbar və Əbu Hüreyrə kimi adamların rəvayətini düzgün saymışlar. Əmirəl-möminin Əli (ə) Əbu Hüreyrənin haqqında buyurur: "Peyğəmbər haqqında ən çox yalan danışan şəxs Əbu Hüreyrə Dusidir.” Aişə də həmin sözü Əbu Hüreyrənin haqqında demişdir.

Həzrət Əli (ə)-la düşmənçilikdə məşhur olan Abdullah ibni Öməri də Əhli-beytdən üstün tuturlar.

Abdullah ibni Ömər o kəsdir ki, Həzrət Əli (ə)-a beyət etməkdən boyun qaçırmış, əvəzində Həccac ibni Yusiflə beyət etmişdi.

Müaviyənin hiyləgər və münafiq müşaviri olan Əmr Ası da onlardan üstün tuturlar.

Bu rəhbərlərin özlərinə Allahın dinində "qanun qoyma” haqqını verməklərinə təəccüb etmirsiniz? Peyğəmbərin sünnətini ayaq altına qoyub, qiyas və bidət etməklə (ki, Allah onlara öyrətməmişdir) Peyğəmbər və dinilə döyüşə başladılar.

Görəsən, Allah və Peyğəmbər dinin kamil olmasına etinasız idilər? Bunlara icazə vermişdilərmi ki, öz ictihadları ilə onu kamil etsinlər? Hər nəyi istəsələr, onun halal və haram olmasını desinlər?!

Peyğəmbərin sünnətini tutmalarını iddia edən insanlara təəccüb etmirsiniz ki, nə Peyğəmbəri görmüş və nə də Peyğəmbər onları görüb tanımış adamlara itaət edirlər?!

Allahın kitabında, ya Peyğəmbərin sünnəsində onların bu əməllərinə dəlil vardırmı?!

Mən bu barədə bütün dünya ilə bəhs etməyə hazıram. Onlar bu haqda bir dəlil də Allah Kitabından və Peyğəmbər sünnəsindən gətirə bilməzlər.

Yox, and olsun Allaha, yox! Allahın Kitabında və Peyğəmbərin sünnəsində Əhli-beyt imamlarına təqlid və itaətdən başqa bir şey yoxdur. Bu barədə qəti dəlillər və parlayan həqiqətlər əldədir.

فَاعْتَبِرُوا يَا أُولِي الْأَبْصَارِ

"Nəsihət alın, ey görənlər.” ("Həşr” surəsi, 2-ci ayə. )

فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَكِن تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ

"Gözlər kor olmaz, sinələrdə olan qəlblər kor olur.” ("Həcc” surəsi, 46-cı ayə. )

Category: Həqiqət olduğu kimi... 1 | Added by: Ənfal
Views: 838 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]