Cümə günü, 2024-04-19, 11:36 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Kitab bölməsi » Həqiqət olduğu kimi... 2

Həqiqət olduğu kimi... 2
2013-04-04, 7:20 AM

Həqiqət olduğu kimi... 2

9-XALİD İBN VƏLİD
Xalid ibn Vəlid ibn Müğeyrə Bəni Məxzumdandır. Əhli-sünnət və camaat onu "Seyfullah” (Allahın qılıncı) adlandırırlar! Atası çox varlı adamlardan olmuşdur. Onun var-dövlətinin sayı-hesabı olmamışdır. Hər cür sərvətə – qızıl, gümüş, bağ, ticarət, qulam, kənizə – malik olmuş və heç kəsin onunla rəqabət etməyə qüdrəti çatmamışdır. Elə buna görə də onu "Vəhid” – ruzigarda yeganə – adlandırmışlar.("Əbqəriyyətu Xalid”, Abbas Əqqad, səh. 24)
Onun atası Vəlid ibn Müğeyrə o kəsdir ki, Quran onu cəhənnəm atəşi ilə hədələmiş, ən pis yeri onun üçün xəbər vermişdir.
Mütəal Allah onun haqqında buyurur:
ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا وَجَعَلْتُ لَهُ مَالًا مَّمْدُودًا وَبَنِينَ شُهُودًا وَمَهَّدتُّ لَهُ تَمْهِيدًا ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ كَلَّا إِنَّهُ كَانَ لِآيَاتِنَا عَنِيدًا سَأُرْهِقُهُ صَعُودًا إِنَّهُ فَكَّرَ وَقَدَّرَ فَقُتِلَ كَيْفَ قَدَّرَ ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ ثُمَّ نَظَرَ ثُمَّ عَبَسَ وَبَسَرَ ثُمَّ أَدْبَرَ وَاسْتَكْبَرَ فَقَالَ إِنْ هَذَا إِلَّا سِحْرٌ يُؤْثَرُ إِنْ هَذَا إِلَّا قَوْلُ الْبَشَرِ سَأُصْلِيهِ سَقَرَ
"Məni Öz yaratdığım kimsə ilə tək burax. Mən ona bollu mal-dövlət əta etdim. Yanında hazır duran oğullar. Ona artıqlaması ilə müyəssər etdim. Sonra yenə də artırmağımı istəyir. Xeyr, çünki o ayələrimizə qarşı inadkar oldu. Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm. O fikirləşdi, ölçdü-biçdi. Ölüm olsun ona! Necə ölçdü-biçdi. Yenə də ölüm olsun ona! Necə də ölçdü-biçdi?! Sonra baxdı, sonra üz turşutdu, qaş-qabağını tökdü. Sonra da üz çevirdi, təkəbbür göstərdi. Və dedi: Bu, öyrənilən sehrdən başqa bir şey deyildir! Bu, yalnız bəşər sözüdür. Biz onu "səqərə” atacağıq.”(Müddəssir”, 11-26-cı ayələr)
Deyirlər: Vəlid Peyğəmbər (s)-in yanına gələrək onu mal-dövlətlə aldadıb təzə dinini buraxmağı istəmişdi. Belə bir zamanda bu şərif ayələr nazil oldu:
وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِينٍ هَمَّازٍ مَّشَّاء بِنَمِيمٍ مَنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ عُتُلٍّ بَعْدَ ذَلِكَ زَنِيمٍ أَن كَانَ ذَا مَالٍ وَبَنِينَ إِذَا تُتْلَى عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ سَنَسِمُهُ عَلَى الْخُرْطُومِ
"İtaət etmə hər and içənə, alçağa, qeybət edənə, söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günaha batana, daşürəkliyə, əsli-nəsəbi olmayan haramzadəyə. O, mal-dövlət, oğul-uşaq sahibi olsa da belə! Ayələrimiz ona oxunduğu zaman o: "qədimlərin əfsanələridir!” – dedi. Biz onun burnuna damğa basacağıq!”("Qələm” surəsi, 10-16-cı aylər. )
Vəlid belə hesab edirdi ki, o, peyğəmbərliyə Həzrət Mühəmməd (s)-dən daha layiqlidir! Deyirdi: Məgər Quran və peyğəmbərlik əliboş Mühəmmədə nazil olur, mən isə Qüreyşin böyüyü ola-ola, ondan bəhrəsiz qalıram?!
Xalid ibn Vəlid İslam və İslamın Peyğəmbəri ilə düşmənçilik əqidəsi ilə böyüdü. Xalid bütün müharibələrdə Allah Peyğəmbəri ilə üz-üzə durmuşdu.
Şəksiz, Xalid də atası ilə həmfikir olmuş, belə güman etmişdir ki, o, peyğəmbərliyə "əliboş” Mühəmməd (ə)-dən daha layiqdir. Çünki o da atası kimi – Qüreyşin ən varlı adamı olmasa da – çox varlılardan idi. Allah onların etiqadlarını bu ayələrdə qeyd etmişdir:
وَلَمَّا جَاءهُمُ الْحَقُّ قَالُوا هَذَا سِحْرٌ وَإِنَّا بِهِ كَافِرُونَ وَقَالُوا لَوْلَا نُزِّلَ هَذَا الْقُرْآنُ عَلَى رَجُلٍ مِّنَ الْقَرْيَتَيْنِ عَظِيمٍ
"Haqq onlara gəldikdə dedilər: Bu, cadudur və bizim ona imanımız yoxdur. Və dedilər: Nə üçün Quran bu iki məntəqənin böyüklərindən birinə nazil olmadı?”("Zuxruf” surəsi, 30-31. )
Mühəmməd (s) və onun təbliğatını aradan aparmaq üçün Xalid hər nə qədər çalışsa, təəccüblü deyildir. O, Ühüd müharibəsində öz pulu ilə böyük bir qoşun düzəldərək pusquda durur və Peyğəmbəri aradan götürmək istəyir. Bundan əlavə, Hüdeybiyyə sülhü ilində Peyğəmbəri terror etmək istəyir. Amma Allah onun cızdığı planları süst və Öz Peyğəmbərinə kömək etdi.
Xalid (və Qüreyşin başqa böyükləri) Peyğəmbərə güc gəlməkdə özlərini aciz bildi. Digər bir tərəfdən də xalqın dəstə-dəstə Allah dininə girməsini görüb təəssüflənirdi, amma çox gec, düz hicrətin 8-ci ilində – Məkkənin fəthindən dörd ay qabaq – o da çarəsiz qalıb İslamı qəbul etdi.
Xalid İslamı qəbul etməsini Peyğəmbər (s)-ə itaətsizlik göstərməklə başladı. Peyğəmbər (s) Məkkənin fəthi zamanı qoşununa müharibə etməmək tapşırdığına baxmayaraq, o, otuz nəfərdən çox adamı – ki, əksəriyyəti Qüreyşdən idi – öldürdü.
Bəhanəçilərin üzr gətirib "Xalidi Məkkəyə buraxmadıqları üçün, o, silah çəkmişdir” – demələrinə baxmayaraq, bu, müharibəyə dəlil hesab olunmur. Çünki Peyğəmbər (s) bu işə icazə verməmişdi. O, başqa bir qapıdan – müharibə etmədən – Məkkəyə girə bilərdi, necə ki, başqaları belə etmişdi. Ya da adam göndərib Peyğəmbərlə bu haqda məşvərət edə bilərdi. Amma o bunların heç birini etmədi və Peyğəmbər (s)-in saf və aydın əmri qarşısında ictihad etdi.
Nəssin müqabilindəki ictihaddan söhbət açdaqda – ki, özünə köməkçilər tapmış, məktəbə çevrilmiş, səhabələr, qanunçular yetişdirmiş və daha sonra özünə "xəlifələr məktəbi” adı almışdı – qeyd etməliyik ki, bu ictihad Allaha və Peyğəmbərə itaətsizlik deməkdir. Demək lazımdır ki, Xalid öz nəzəri ilə nəss qarşısında ictihad etmişdir. Quran bizə buyurur:
"Və əsa Adəmu Rəbbəhu fəğəva.” – Adəm Allahın qarşısında itaətsizlik etdi və azdı.”
Çünki Allah ona ağacdan yeməyi qadağan etmişdi, amma Adəm ondan yedi. Biz demirik Adəm nəss qarşısında ictihad etmişdir.
Hər bir müsəlmana öz həddini bilmək vacibdir. Allah və Peyğəmbərin əmr və nəhyi qarşısında öz şəxsi nəzəri ilə heç nə deməməlidir. Çünki bu, aşkar küfrdür.
Allah mələklərə buyurdu: "Uscudu li Adəmə” – yəni Adəm üçün "səcdə edin!” Bu, bir əmr idi. "Fəsəcədu” – səcdə etdilər. Bu itaət etmə və müsbət cavabdır. Təkcə İblisdən başqa ki, öz şəxsi nəzəri ilə ictihad edib dedi: Mən ondan yaxşıyam, necə ona səcdə edə bilərəm?! Bu bir itaətsizlikdir, istər Adəm yaxşı olsun, ya İblis. Elə buna görə də sübhan Allah buyurdu:
وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ
"Heç bir mömin kişi və mömin qadının haqqı yoxdur, Allah və Peyğəmbər əmr verdiyi zaman özlərindən qanun qəbul edələr.”("Əhzab” surəsi, 36-cı ayə. )
İmam Sadiq (ə) Əbu Hənifəyə buyurur: "Qiyas (müqayisə) etmə, əgər din qiyasla ölçülərsə, məhv olar. Birinci dəfə qiyas edən Şeytan olmuş və demişdir: Mən ondan yaxşıyam, məni oddan yaratmısan, onu isə torpaqdan.”
İmam Sadiq (ə) bu sözündə həmin mətləbə işarə etmişdir. Buyurur: Din qiyas olunarsa, məhv olar. Bu özü qiyasın düz olmamasını bildirən ən yaxşı dəlildir. Əgər insanlar dinin nəss və aşkar əmrləri qarşısında öz şəxsi nəzərlərinə əməl etsələr, dindən heç nə qalmaz. Quran buyurur:
وَلَوِ اتَّبَعَ الْحَقُّ أَهْوَاءهُمْ لَفَسَدَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ
"Əgər haqq onların həvayi-həvəslərinə itaət etsəydi, göylər və yer viran olardı.”("Muminun” surəsi, 71-ci ayə. )
İctihad barəsində qısa söhbətdən sonra yenidən Xalidin məsələsini üstünə qayıdırıq ki, o daha bir dəfə də Allah Rəsulunun əmrindən çıxmışdı. Bu hadisə onun Bəni Cəziməyə tərəf ezam olunması zamanı baş vermişdi. Xalid onları İslama dəvət etməli idi. Müharibə etməyə isə heç bir əmr olmamışdı.
Xalid onlara tərəf getdi. Onlar İslamı qəbul etdikdən sonra hiylə işlədərək qılıncla onları qətlə yetirdi. Belə ki, onunla birlikdə o hadisədə iştirak edən Əbdürrəhman ibn Ovf onu iki əmisinin qanını almaq üçün onları öldürməsində ittiham etdi.(Yəqubi öz tarixinin 2-ci cildinin 61-ci səhifəsində yazır: Əbdürrəhman İbn Ovf ona dedi: Allaha and olsun! Xalid onları (onlar) iman gətirəndən sonra öldürdü. Xalid dedi: Onları atan Ovf İbn Əbd Ovfa görə öldürdüm. Əbdürrəhman ona dedi: Onları mənim atama görə öldürməmisən, əksinə öz əmin Fakit İbn Müğeyrəyə görə öldürdün. Siz Allah, özünüz diqqət edin: Müsəlmanları öldürdüyünə görə etiraz etmir, əksinə etiraf edib Əbdürrəhmanın atası Ovfa görə öldürdüyünü deyir. Allahın dinində düzdürmü ki, bir nəfərə görə, ya müsəlmanları bir kafirə görə öldürsünlər? )
Peyğəmbər (ə) bu pis xəbəri eşitdikdə, üç dəfə Xalidin işindən Allaha bizarlığını bildirdi. Sonra Əli ibn Əbi Talib (ə)-ı çoxlu pulla onların yanına göndərib Xalidin öldürdüyü adamların diyəsini verməyi tapşırdı.
Əhli-sünnət və camaatın bəhanəçiləri nə qədər çalışıb Xalid üçün üzr gətirsələr də belə, tarixin səhifələri, onun qüssə gətirən həyatının Allah Kitabı və Peyğəmbərin sünnəsi ilə itaətsizliklə dolu olduğunu göstərir. Əbu Bəkrin zəmanəsində Yəmanə camaatının başına gətirdiyi işlər mühəqqiqə bəs edər. O, Malik ibn Nüveyrə və onun ailəsini aldatdı, müsəlmanların qollarını bağlatdırıb öldürdü. Elə həmin gecə Malikin arvadının yanına girib onunla zina etdi. Bu rəftarında nə İslam qanununa əməl etdi, nə də ərəb comərdliyinə. Ömər ibn Xəttab hökmləri boş tutmasına baxmayaraq onun işinin pis olmasına göz yuma bilmədi, onu Allahın düşməni adlandıraraq daş-qalaq edəcəyi ilə hədələdi.
Mühəqqiqlər açıq gözlə tarixə baxa bilərlər. İslahedici etirazları ilə onu araşdırıb həqiqətə çatmağa səy göstərməlidirlər. Bu yolda heç bir məzhəbi təəssüb onlara mane olmamalıdır. İnsanları Peyğəmbər (s)-in adından yalan olan rəvayətlərlə araşdırmamalıdırlar. Çünki əhli-sünnət və camaat (ki, həmin Bəni Üməyyədir) tarixi hadisələri düzəldilmiş bir hədisə görə kənara qoyur və yolu haqq axtaranların üzünə bağlayaraq onları haqqa yetişməyə qoymurlar.
Necə də asanlıqla deyirlər: Allah Peyğəmbəri Xalid ibn Vəlidə buyurdu: "Ey Allah qılıncı! Xoş gəlmisən.” Bu yalançı hədis sadə müsəlmanların qəlbində yer tapmışdır. Onlar öz sadə nəzərlərinə görə Bəni Üməyyənin hiylələrini bilmirlər. Bu yalançı hədisin əsasında Xalidin haqqında deyilən hər bir sözü dəyişdirir, onun üçün üzr gətirirlər.
Bu, insanların ruhunda təsir qoyan amildir. Dərmanı olmayan bir dərddir ki, insanı haqdan uzaq saxlayıb həqiqəti tərsinə göstərir.
Məsələn deyirlər ki, Peyğəmbərin əmisi Əbu Talib dünyadan kafir getmişdir və Peyğəmbər (s) onun haqqında buyurmuşdur: Əbu Talib cəhənnəmin çox dərin olmayan yerindədir və beyni ondan qaynayır!
Bu yalançı hədisə görə əhli-sünnət və camaatın əqidəsi budur ki, Əbu Talib müşrik olmuş və cəhənnəmlikdir. Daha həqiqətə yetişmək üçün öz ağıllarından istifadə etmirlər. Bu quraşdırılmış hədislə Əbu Talibin bütün həyatı boyu İslam yolunda etdiyi cihadını, qardaşı oğlunun təbliğinin qalib gəlməsi üçün etdiyi fədakarlığı görmürlər. Qəbiləsinin onunla düşmənçiliyi və nəticədə üç il qardaşı oğlu ilə bir dərədə məhbus olmasına göz yumurlar. Onun qəhrəmancasına tutduğu mövqe, yazdığı etiqadi şerlər, Peyğəmbər (s)-ə dində köməyi göz qarşısında olduğu halda onu görmürlər. Peyğəmbər (s)-in də əmisi barəsində olan bütün işlərini gizlədir, ona qüsl verməsini, öz köynəyindən ona kəfən hazırlamasını, onun qəbrinin içinə girməsini və o ili qəm-qüssə ili adlandırmasını, "Allaha and olsun! Qüreyş təkcə Əbu Talib dünyadan gedəndən sonra mənimlə pis rəftar edə bildi. Allah mənə vəhy edib bu şəhərdən çıxmağımı buyurdu və dedi: "Bu şəhərdən çıx, çünki daha sənin hamin ölmüşdür” dediyini unudurlar!
Bu ünvanda digər bir nümunə Əbu Süfyan ibn Hərb – Müaviyənin atasıdır. O, Məkkə fəth olandan sonra müsəlman olmuşdu. Peyğəmbər (s) onun barəsində buyurmuşdu: "Hər kəs Əbu Süfyanın evinə pənah aparsa, amandadır.”
Bu hədisə görə – ki, heç bir fəzilət onda yoxdur – əhli-sünnət və camaat onun müsəlman olmasına etiqad bağlamış, bu fikirdədirlər ki, onun İslamı gözəl olmuş və indi də behiştədir. İslam onun olub keçənlərini örtmüşdür!!
Burada da ağılla araşdırmanı qəbul etmirlər. Onun Peyğəmbər və din qarşısında etdiklərinə göz yumurlar. Başçılıq etdiyi müharibələri, xərcini ödədiyi döyüşləri yaddan çıxarırlar. Yaddan çıxarırlar ki, o bu işləri ilə Peyğəmbəri aradan aparmaq istəmişdir. Onun Peyğəmbərə olan kinini unudurlar. Onu Peyğəmbərin yanına gətirdikləri zaman dedilər: Müsəlman ol, yoxsa başını bədənindən ayırarıq. Dedi: "Əşhədu əlla ilahə illəllah!” Dedilər: De: "Əşhədu ənnə Muhəmmədən rəsulullah!” Dedi: Bu sözün haqqında hələ müşkülüm vardır!
Təslim olandan sonra hər zaman Peyğəmbərin yanına gələndə öz-özünə deyirdi: Bu kişi nə ilə mənə qalib gəldi? Peyğəmbər ona buyurdu: Allahın köməyi ilə sənə qalib gəldim, ey Əba Süfyan!
Mən bu iki nümunəni gətirməklə özümüzün həqiqi İslamımıza müraciət etmək istədim. Təhqiqçi alimlər bilməlidirlər ki, xalqa olan psixoloji təsir nə qədərdir və onları haqqa yetişməkdən necə saxlayır? Əhli-sünnə və camaat səhabələri yalançı rəvayətlərə bürümüş, qəlbdə onlardan xəbərsizdirlər. Onlara paklıq bağışlamış, beləliklə də, heç kəsin onlar haqqında tutduğu iradı qəbul etmirlər!
Əgər bir kəs onların Peyğəmbər (s)-dən behişt müjdəsi olmasına etiqad bağlasa, daha onların haqqında heç nəyi qəbul etməzlər. Hər iş görmüş olsalar, bunlara asan gəlir. Onlar üçün bəhanələr gətirərlər.
Elə buna görə də öz böyüklərinin hər biri üçün ləqəb düzəltmiş və deyilməsini Peyğəmbərə nisbət vermişlər: Biri "Siddiq”, o birisi "Faruq”, üçüncüsü isə "Zunnureyn” adlanmışdır. Birini "Peyğəmbərin əzizi”, digərini "Peyğəmbərin istədiyi” adlandırırlar. "Peyğəmbərin məhbubu”, "ümmətin əmini”, "İslamın ravisi”, "vəhyin yazıçısı”, "Peyğəmbərin qan alanı”, "Allahın siyrilmiş qılıncı” – daha başqa ləqəblərdəndir ki, onlarla adlanmışlar.
Həqiqətdə bu mətləblərin heç bir xeyri yoxdur. Allah qarşısında mizan təkcə özünüzün və atalarınızın adlandığı adlardır. Allah onları göndərməmişdir, xeyrə və ziyana səbəb olan yalnız insanın əməlidir.
Tarix insanın əməlinə ən yaxşı şahiddir. Onunla insanın şəxsiyyəti ələ gəlir. Elə onunla da deyilmiş yalanlar üzə çıxır.
Bu, Əli (ə)-ın sözüdür ki, buyurur: "Əvvəl haqqı tanı, sonra haqda olanları.”
Biz tarixi oxumuş, Xalid ibn Vəlidin işini görmüş, haqla batili də tanıyırıq. Beləliklə, biz heç cür onu "Allahın qılıncı” adlandıra bilmərik. Əlbəttə, bunu sual edib soruşa bilərik ki, Peyğəmbər (s) nə vaxt onu bu ləqəblə adlandırmışdır? Bəlkə Məkkənin fəthi günü – şəhərin adamlarını öldürdüyünə görə – bu adı almışdır, baxmayaraq ki, Peyğəmbər ona bu işi qadağan etmişdi? Yoxsa Zeyd ibn Harisə ilə Mutəyə göndərilən zaman ki, buyurulmuşdur: Zeyd öldürüldüyü zaman başçılıq Cəfər ibn Əbi Talib və o öldürüldüyü zaman Abdullah ibn Rəvahədəndir. Dördüncü adamın adını isə çəkməmişdi. O üç nəfər öldürüləndən sonra Xalid yerdə qalanlarla döyüş meydanından qaçmışdı, görəsən bu işə görə bu adı almışdı?
Yoxsa Hüneyn müharibəsi zamanı Peyğəmbər (s)-lə bir olmuş və o həzrət bu ləqəbi ona vermişdi? On iki min döyüşçüsü onun ixtiyarında ola-ola döyüş meydanından qaçmış və Peyğəmbəri on iki nəfərlə qoymuşdu? Əgər Allah buyurursa ki:
وَمَن يُوَلِّهِمْ يَوْمَئِذٍ دُبُرَهُ إِلاَّ مُتَحَرِّفاً لِّقِتَالٍ أَوْ مُتَحَيِّزاً إِلَى فِئَةٍ فَقَدْ بَاء بِغَضَبٍ مِّنَ اللّهِ وَمَأْوَاهُ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ
"Təkrar döyüş üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan şəxslər istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni cəhənnəmdir. Ora nə pis dönüş yeridir.”("Ənfal” surəsi, 16-cı ayə. ) Nə cür öz qılıncına icazə verir ki, qaçsın? Doğrudan da təəccüblüdür!
Mənim etiqadım budur ki, Xalid heç vaxt Peyğəmbər (s) zamanında bu ləqəbi tanımamış və Peyğəmbər (s) də onu işlətməmişdir. Bəlkə də Əbu Bəkr bu adı ona xilafətin əleyhinə qiyamçıları yatırtmağa görə vermişdir. Ömər ibn Xəttab ondan intiqam alıb demişdir: "Xalidin qılıncı bir az pis əxlaq və zalımdır!” Ömər onu hamıdan yaxşı tanıyır və hamıdan ona yaxın olandır.
Bu vaxt Əbu Bəkr Ömərə dedi: "Xalid Allahın qılınclarındandır ki, öz düşməninin üstünə çəkilmişdir!” O bu bəhanəni gətirdi və səhv etdi. (Bu ləqəb buradan qalmışdır.)
Təbəri "Riyazi-nəzrədə” yazır: Bəni Səlim mürtəd olmuşdu. Əbu Bəkr Xalid ibn Vəlidi onların üstünə göndərdi. Xalid onların bir dəstəsini tövləyə yığıb od vurdu. Bu xəbər Ömər ibn Xəttaba çatdı. O, Əbu Bəkrin yanına gəlib dedi: İcazə verirsən ki, bir nəfər Allah kimi cəza versin?
Əbu Bəkr dedi: "Allaha and olsun! Allahın Öz düşməninə çəkdiyi qılıncı qınına salmaram ki, Allah Özü onu qınına salsın.” Sonra onu Müseyləmə ilə döyüşə göndərdi.("Ərriyazun-nəzrə”, Təbəri, 1-ci cild, səh. 149. )
Əhli-sünnət elə buna görə də onu Allahın siyrilmiş qılıncı adlandırmışlar! Baxmayaraq ki, Xalid Allah Rəsulunun sözündən çıxmış, sünnəni ayaq altına atmış və xalqı odda belə yandırmış olsun.
Buxari öz "Səhih” kitabında rəvayət edib deyir: Peyğəmbər (s) buyurub: "Allahdan başqa heç kəs atəşlə (adla) işkəncə vermir.” Həmçinin buyurmuşdur: "Atəşlə Allahdan başqa heç kəs əzab etmir.”
Keçən bəhslərdə qeyd etmişdik ki, Əbu Bəkr ölümündən qabaq deyirdi: "Kaş o qəbiləni odda yandırmayaydım!”
Biz deyirik: "Kaş bir nəfər Ömər ibn Xəttabdan sual edib soruşaydı: Əgər bilirdin ki, Allahdan savayı yandırmağa heç kəsin haqqı yoxdur, bəs niyə görə Peyğəmbər (s)-in ölümündən bir gün sonra "hər kəs Zəhranın evindədirsə, beyət üçün eşiyə çıxmasa, evi içindəkilərlə birgə yandıracağam” – deyib evi yandırmaq istəyirdin?! Əgər Əli (ə) bayıra çıxıb onunla olanları beyətə vadar etməsəydi, Ömər öz dediyini həyata keçirəcəkdi.
Mən bəzi vaxt şəkkə düşüb öz-özümə deyirəm: Ömər Əbu Bəkrlə necə olub ki, müxalifətçilik etmiş və o da Ömərin nə özünə, nə də müxalifətçiliyinə fikir verməmişdir. Bu çox təəccüblüdür! Çünki Əbu Bəkrin heç vaxt Ömərin qarşısında durmasını görməmişdik. Onun Ömərin müxalifətçiliyi qarşısında durmağa dözümü yox idi. Özü dəfələrlə demişdi: "Mən sənə dedim ki, sən bu iş üçün məndən yaxşısan. Sən mənə qələbə etmisən.”
Daha bir dəfə "müəllifətu qülubihim” ilə bağladığı əhdi əlinə alıb tüpürdü, sonra cırıb kənara atdı. Əbu Bəkrə ondan şikayət edib dedilər: "Xəlifə sənsən, yoxsa Ömər?” Dedi: "Əgər Allah istəsə, odur.”
Elə bu dəlilə görə deyirəm: Bəlkə də Xalidin pis işləri ilə müxalifət edən Əli ibn Əbi Talib olmuşdur. Amma tarixçilərin onun adını yazmaqlarından xoşları gəlmədiyi üçün onu Ömərə çevirmişlər. Bəzi rəvayətlərdə isə onun adını "Əbu Zeynəb”, ya "bir kişi” kimi qeyd edirlər. Bu adlardan məqsəd Əli (ə)-dır. Amma aşkar demək istəmirlər.
Əlbəttə, bu təkcə ehtimal deyildir. Bəlkə də bəzi tarixçilərin sözünü qəbul edib deyək ki, Ömər Xalidlə düşmən olmuş, onu görən gözü olmamışdır. Çünki Ömər ona paxıllıq edirdi. Bəzi döyüşlərdə qalib gəldiyi üçün camaatın qəlbini oğurlaya bilmişdi. Həmçinin deyirlər ki, cahiliyyət zamanı Xalid Ömərlə güləşmiş və Ömərin ayağını sındırmışdı.
Mühüm budur ki, Ömər xilafətə çatan kimi, Xalidi kənara qoymasına baxmayaraq, "Xalidi daş-qalaq edəcəyəm” sözünü həyata keçirmədi. Elə buna görə də Ömərlə Xalid – əxlaq tündlüyündə və xudpəsəndlikdə bir cərgədə idilər. Hər ikisi pis əxlaqlı və daş ürəkli idi. Hər ikisi – istər Peyğəmbərin həyatı zamanı, istərsə də Peyğəmbər dünyadan gedəndən sonra – onun sünnəsi ilə müxalifətçilik edib onun məhvinə çalışdılar. Xalid, Ömər və Əbu Bəkr birlikdə əlbir olub Peyğəmbər (s) dünyadan getdikdən sonra Əli (ə)-ı terror etmək istədilər.(Bu barədə "Təbərsinin "Ehticac” kitabına müraciət edə bilərsiniz, 1-ci cild, səh. 331, hədis: 45. )
Sübhan Allah ona nicat verib istədiyini həyata keçirdi.
Xalid ibn Vəlidin şəxsiyyətini və həyatını bir miqdar araşdırdıqdan sonra – ki, əhli-sünnət və camaatın dil əzbəridir – məlum olur ki, hamıdan artıq Peyğəmbərin sünnəsinə biganə imiş. O kəslərin yolunu tuturlar ki, sünnə ilə müxalifətçilik etmiş, ona arxa çevirmişdir. Quran və sünnə üçün heç bir ehtiram qoymamışdır.
10-ƏBU HÜREYRƏ DUSİ
O, Peyğəmbər (s)-in ömrünün axırlarında müsəlman olmuşdur. İbni Sədin "Təbəqat” kitabına əsasən doqquzuncu, ya onuncu yerdədir.
Hicrətin 7-ci ilinin axırlarında Allah Peyğəmbərinin yanına gəlmişdir. Beləliklə, tarixçilərin dediyinə görə onun Peyğəmbər (s)-lə bir yerdə olması üç ildən çox deyildir. Bəzi tarixçilər bu müddəti iki ildən də az qeyd etmişlər. Çünki Peyğəmbər onu İbni Həzrəmi ilə Bəhreynə göndərmişdi və Peyğəmbər dünyadan gedən zaman o, Bəhreyndə idi.
Əbu Hüreyrə cihad və şücaətlə məşhur olan adamlardan olmamışdır. Eləcə də siyasətçi, alim olmamış, yaxşı hafizəsi də yox idi. Hətta yazıb oxumaq da bilmirdi. Peyğəmbərin yanına qarnını doldurmağa gəlmişdi. Özü bu sözü demiş və təsdiqləmişdir. Peyğəmbər də onu fəqirlərin cərgəsində qərar vermişdi. Peyğəmbər üçün sədəqə və ya yemək gətirdikləri zaman Peyğəmbər onun üçün göndərərdi. O özü öz haqqında demişdir ki, çox vaxt ac qaldığından səhabələrin keçdikləri yolun kənarında oturur, özünü qəşş etmiş və halsız kimi göstərərmiş ki, bir nəfərin yazığı gəlib onu evinə aparsın və çörək versin.
Amma Allah Rəsulundan çoxlu rəvayət etdiyinə görə məşhur olmuşdur. Onun etdiyi rəvayətlər altı mindən artıqdır. Elə bu da mühəqqiqlərin diqqətini cəlb etməyə səbəb olmuşdur. Onun Peyğəmbər (s)-lə az olmasından əlavə, özünün olmadığı hadisələr barəsində də rəvayətlər etmişdir.
Bəzi mühəqqiqlər raşidin xəlifələrinin, on nəfər behişt müjdəsi olanların, Allah Rəsulunun xanımlarının, Əhli-beytin hədislərini bir yerə yığmışlar və onların hədislərinin hamısı Əbu Hüreyrənin rəvayət etdiyi hədislərin yüzdən biri qədər olmamışdır. Amma hamımıza məlum olduğu kimi, bunların arasında təkcə Əli ibn Əbi Talib (ə) otuz ildən artıq Peyğəmbərlə birgə olmuşdur.
Elə buradan ittiham barmağı Əbu Hüreyrənin üstünə qoyulmuş, onu yalançılıqda, hədis düzəltmədə, aldatmada müttəhim edib ravilər arasında yalançı adlandırılan ilk ravi olduğunu bildirmişlər.
Amma əhli-sünnət və camaat onu "İslam ravisi” adlandırıb hörmətlə yad edirlər. Həmişə onun sözünü dəlil gətirirlər. Bəlkə bəzisi bu əqidədədir ki, o, Əli (ə)-dan da bilikli olmuşdur. Çünki özü öz haqqında rəvayət etmişdir ki, dedim: Ya Allahın Rəsulu! Mən səndən çox rəvayət eşidirəm, amma yaddan çıxarıram. Buyurdu: Əbanı aç! Sonra ovucunu doldurub buyurdu: Onu yığ. Mən onu yığdım və daha heç vaxt yaddan çıxarmadım.("Səhihi Buxari”, 1-ci cild, səh. 38, "elmi qorumaq” babı, həmçinin 3-cü cild, səh. 3. )
Əbu Hüreyrə Peyğəmbər (s)-dən o qədər rəvayət etmişdi ki, axırda Ömər ibn Xəttab onun qamçı ilə vurub demişdi: "Çox rəvayət edirsən və Allah Rəsulunun adından yalan danışırsan.” Çünki rəvayət edib demişdi: "Allah göyü, yeri yaratmış və sonra sayıb görmüşdü ki, yeddi gün olmuşdur.” Ömər bu rəvayəti eşitdikdə onu yanına çağırmış, bu rəvayəti təzədən onun üçün danışmasını istəmişdi. Yenidən rəvayət etdikdə, Ömər də onu təzədən vurub demişdi: Allah deyir altı gündə, sən isə deyirsən yeddi gündə?
Əbu Hüreyrə cavab verdi: "Onu deyəsən Kəbul-əhbardan eşitmişəm.” Ömər ona: "Nə vaxta qədər ki, Peyğəmbərlə Kəbul-əhbarın hədisləri arasında fərq qoya bilmirsən, hədis nəql etmə”(Məhəmməd Əbu Riyənin "Əbu Hüreyrə” kitabına müraciət edin: səh. 103. ) – demişdi.
İmam Əli (ə)-dan rəvayət olub ki, buyurur: Bilin ki, Allah Rəsulunun adından ən çox yalan danışan şəxs Əbu Hüreyrə Düsidir.(Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-hədid, 4-cü cild, səh. 68. )
Aişə də onu dəfələrlə yalançı adlandırmış, Allah Rəsulundan nəql etdiyi hədislərin çoxunu rədd etmişdir. Bir dəfə onun işini pis adlandıraraq dedi: "Nə vaxt Peyğəmbərin bu cür dediyini eşitmisən?” Ona dedi: "Sən Allah Rəsulun dan hədis eşitmə əvəzinə güzgü, sürmə və həna ardınca idin.” Aişə onun yalançı olmasına israr etdiyi zaman Mərvan ibn Həkəm araya girib hədisin düzgün olub-olmamasını araşdırmağa başladı. Bu vaxt Əbu Hüreyrə etiraf edib dedi: Mən onu Peyğəmbərdən deyil, Fəzl ibn Abbasdan eşitmişəm.("Səhihi Buxari”, 2-ci cild, səh. 232, "oruc halında cünub olma” babı. )
İbni Qüteybə bu rəvayət haqqında onu müttəhim edib deyir: Əbu Hüreyrə Fəzl ibn Abbasın adını çəkir, halbuki o dünyadan getmişdi. Hədisi ona nisbət verməklə xalqın diqqət-nəzərini ona yönəltmək istəyirdi.("Müvəttəi Malik”, 1-ci cild, səh. 290, hədis: 11. )
İbni Qüteybə özünün "Təvilu muxtələfil-hədis” kitabında deyir: Əbu Hüreyrə deyirdi: "Peyğəmbər (s) belə buyurmuşdur, ancaq mən onu başqasından eşitmişəm.”
Həmçinin Zəhəbi "Əlamul-nübəla” kitabında qeyd edir: Yezid ibn İbrahim Şöbə ibn Həccacdan eşitdi ki, deyir: Əbu Hüreyrə müdəllis olmuşdur. (Yəni hədisi eşitmədiyi adama nisbət vermişdir.)
İbni Kəsirin "Əl-bidayətu vən-nihayə” kitabında deyilir ki, Yezid ibn Harun Şöbədən eşitdi ki, onun haqqında da onu deyir. Yəni tədlis edir. Kəbul-əhbardan və Peyğəmbər (s)-dən aralarında fərq qoymayaraq hədis rəvayət edir.
Həmçinin Əbu Cəfər Əskafi deyir: Əbu Hüreyrə bizim ustadların nəzərinə görə, napak və hədislərində xoşagəlməzdir.("Şərhi Nəhcül-bəlağə”, İbn Əbil-hədid, 4-cü cild, səh. 67. )
Əbu Hüreyrə öz zəmanəsində səhabələr arasında yalançı, tədlisçi, çoxlu yalan rəvayəti olan bir kəs kimi tanımışdı. İş o yerə çatmışdı ki, bəziləri onu ələ salır, onlar üçün ürəkləri istədikləri hədis düzəltməsini istəyirdilər.
Belə nəql olub ki, Qüreyş qəbiləsindən olan bir nəfər özünə təzə geyim alıb geyinərək özünü göstərməyə başladı. Bir gün Əbu Hüreyrənin yanından keçəndə ona dedi: Ey Əbu Hüreyrə! Sən Allah Rəsulundan çoxlu hədis nəql edirsən, Peyğəmbərdən mənim paltarım haqqında bir şey eşitməmisən?
Əbu Hüreyrə dedi: Əbul-Qasimdən eşitdim ki, dedi: Qabaqkılardan biri təzə paltarla özünü göstərirdi. Allah onu yerin altına apardı. O, qiyamətə qədər yerin altına gedəcək. Allaha and olsun, bilmirəm ki, sizin qəbilədən, ya ailədən olmuşdur, ya yox!
Necə də camaat Əbu Hüreyrənin hədislərində şəkk etməsin!? Dediyi və nəql etdiyi hədislər bir-birini nəqz edir (rədd edir) və aralarında da heç bir uyğunluq yoxdur. O bir hədis rəvayət edir, onunla müxalifət etdikdə, ya onun üçün şahid gətirdikdə, onun xilafına olan başqa bir hədis nəql edir. Ya da Həbəşi dilində – anlaşılmaz ləhcədə danışır.("Səhihi Buxari”, 7-ci cild, səh. 31, "imamət” babı. )
Özünün etiraf etdiyi kimi ki, "kisəsindən hədis çıxarıb Peyğəmbər (s)-ə nisbət verir.”
Buxari öz "Səhih”ində yazmışdır ki, Əbu Hüreyrə dedi: "Peyğəmbər buyurur:
"Ən yaxşı sədəqə odur ki, özündən sonra sərvət qoyasan və üstə olan əl, altda olan əldən yaxşıdır. Gərək öz nəzərin altında olan adamlardan başlayasan. Qadın deyir: Ya mənə çörək ver, ya da təlaq. Nökər deyir: Mənə çörək ver və işlət. Övlad deyir: Mənə yemək ver, məni kimin öhdəsinə qoyursan?” Dedilər: Ey Əbu Hüreyrə! Bunu Peyğəmbərdən eşitmisən?! Dedi: Yox, bu Əbu Hüreyrənin kisəsindəndir.("Səihi Buxari”, 6-cı cild, səh. 190. )
Diqqət edin: Hədisi "Peyğəmbər buyurmuşdur” kəlməsi ilə başlayır, amma ona etiraz edəndə, "Peyğəmbərdən eşitmisənmi?” deyiləndə, etiraf edib hədisin düzəldilmə olmasını deyir: "Xeyr, Əbu Hüreyrənin kisəsindəndir.”
Xoş olsun Əbu Hüreyrənin halına ki, belə bir kisəsi vardır. Yalan və əfsanə ilə dolu olan bu kisə onun qazancına Müaviyə və Bəni Üməyyənin yanında rövnəq verir. Bu yolla abır, qüdrət, sərvət və saraylara yetişir.
Müaviyə onu Mədinənin hakimi təyin etdi. Onun üçün qiymətli saray tikdirdi. Əvvəllər Əbu Hüreyrənin sahibi olan varlı bir qadınla onu evləndirdi.
Əgər Əbu Hüreyrəni Müaviyənin vəziri və yaxını görsəniz, bilin ki, bu onun elm, şərəf və ucalığına görə olmamışdır. Müaviyə onda bəzi hədislərin olmasını görüb rəvac vermək istədi. Əgər bəzi səhabələr Əli (ə)-a lənət deməkdə şəkk içərisində idilərsə, Əbu Hüreyrə bu işi şiələrin qaşısında görürdü!
İbni Əbil-Hədid rəvayət etmişdir ki, Əbu Hüreyrə "camaat ilində” Müaviyə ilə məscidə gəldi. Çoxlu adam pişvaza gəlmişdi. Bunu görcək iki dizi üstə əyləşdi və əli ilə alnına vurub dedi: Ey İraqn xalqı! Siz elə bilirsiniz ki, mən Peyğəmbər (s)-in adından yalan danışaraq özümü cəhənnəmə atıb yandırıram. Allaha and olsun! Eşitdim ki, Allah Peyğəmbəri buyururdu: Hər peyğəmbərin hərəmi vardır, mənim hərəmim isə Mədinədə "Eyr Tasur”dur. Orada hadisə törədən hər kəsə Allahın, bütün mələklərin və insanların lənəti olsun. Mən şəhadət verirəm ki, Əli orada hadisə törətmişdir.
Bu xəbər Müaviyəyə çatdıqda ona çoxlu hörmət edib hakim təyin etdi.("Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-hədid. )
Onun Mədinəyə hakim olması bizim üçün kifayətdir. Sözsüz, azad düşüncə sahibləri Allahın düşməni ilə dost, Allah və Allah Rəsulunun dostu ilə düşmən olanlarda şəkk edirlər.
Şəksiz, Əbu Hüreyrənin bu böyük məqama, yəni İslam paytaxtı Mədinəyə hakim olması Müaviyə və Bəni Üməyyəyə etdiyi xidmət nəticəsində olmuşdur.
Əbu Hüreyrə Mədinəyə gəldiyi zaman təkcə bir fitəsi var idi ki, onunla ayıb yerini örtürdü. Yoldan keçənlərdən dilənərək özünü saxlayırdı. Bit-birə bədənindən yuxarı-aşağı gedirdi. Birdən-birə Mədinənin hakimi olub saraya əyləşdi. Pul, sərvət nökər və kəniz sahibi oldu. Camaat icazəsiz onun yanına girə bilmirdi!
Bunların hamısı onun kisəsinin bərəkətindən idi. Əgər bu gün həmin səhnələr tamaşaya çıxarılsa və tarix təkrar olsa, təəccüb etməyin. Nə çox ehtiyaclı nadanlar vardır ki, özlərini hakimlərə yaxın edərək məqam və şəxsiyyət tapırlar. Dünya onlara ehtiram edir. İstədiklərini edirlər. Sayı-hesabı olmayan sərvət, cürbəcür maşınlar onların ixtiyarındadır. Heç kəs onlardan hesab-kitab çəkmir, bazarda tapılmayan yeməklər yeyirlər. Bütün bununla belə, öz ana dillərində danışa bilmirlər. Həyatdan başa düşdükləri təkcə qarınları və qarınlarının altıdır. Təkcə Əbu Hüreyrənin kisəsi kimi kisələri vardır. Əlbəttə, arada az fərq ola bilər, amma məqsəd birdir – hakimi razı salmaq və onu təbliğ etməkdir ki, taxt-tacını qoruyub düşmənlərini aradan apara bilsin.
Əbu Hüreyrə Bəni Üməyyənin havadarı idi. Onlar da onu öz rəhbərləri Osman ibn Əffanın zamanından sevirdilər. Onun Osman barəsində olan nəzəri, bütün səhabələrin nəzəri ilə fərq edirdi. O, Osmanı öldürən, ya onun ölümündə əli olan səhabələrin hamısını kafir hesab edirdi.
Sözsüz o, Əli ibn Əbi Talib (ə)-ı Osmanın ölümündə müttəhim edirdi. Bunu onun Kufə məscidində dediyi sözdən başa düşürük: Əli Mədinədə hadisə törətmişdir. Bunu deyərək onu Peyğəmbərin, mələklərin və böyük insanların dilindən lənətləyir!
İbni Səd öz "Təbəqat” kitabında yazır: Əbu Hüreyrə əlli doqquzuncu ildə ölmüşdür. (Etdiyi xidmətə görə) Osmanın uşaqları onun tabutunun altına girərək – atalarının hörmətini saxladığına görə – Bəqiyə qədər onun çiyinlərində aparmışdılar.("Təbəqati İbn Səd”, 2-ci cild, səh. 63.)
Dünyanın işinə bir baxın, siz Allah! Qüreyşin başçısı Osman öldürülür, qoyun kimi başını kəsirlər, (O, müsəlmanların rəhbəri idi. qusl vermir, kəfənə tutmur, dəfnini üç gün təxirə salırlar. Sonra da yəhudilərin qəbristanlığında dəfn edirlər.
Amma Əbu Hüreyrə Dusi izzət və ehtiramla ölür. Onun heç nəyi yox idi. Heç kəs onun ailə və qəbiləsini tanımırdı. Qüreyşlə də qohumluğu yoxdur. Müaviyənin zamanında vəzifəyə çatmış və xəlifənin uşaqları onu çiyninə götürürlər. Allah Peyğəmbərinin Bəqisində dəfn edirlər!
İndi isə Əbu Hüreyrənin sorağına gedərək onun Peyğəmbər (s)-in sünnəsi qarşısında olan mövqeyini araşdıraq.
Buxari öz "Səhih” kitabında qeyd edir ki, Əbu Hüreyrə rəvayət edib ki, dedi: Mən Allah Rəsulundan iki qab saxlamışam, birini yaymışam, əgər o birisini də yaysaydım, boğazımı kəsərdilər.(Səhihi Buxari”, 1-ci cild, səh. 38. )
Keçən bəhslərdə Əbu Bəkr və Ömərin Peyğəmbər (s)-in yazılmış sünnəsini yandırmalarını demişdik. Əbu Hüreyrə isə bizim sözümüzü təsdiq edərək etiraf edir ki, xəlifələrin istədiyindən başqa bir söz deməmişdir.
Beləliklə, Əbu Hüreyrənin iki kisəsi, ya qabı olmuşdur. Onlardan biri və açıqladığı həmin xəlifələrin xoşladığı şeylərdir.
Amma ikinci kisəni, ya qabı isə Əbu Hüreyrə gizlətmiş və boğazının kəsilməsindən qorxaraq açıqlamamışdır, Peyğəmbərdən olan düzgün və səhih hədislər orada olmuşdur!
Əgər Əbu Hüreyrə düz danışan olsaydı, gərək düz olan hədisləri gizlətməyəydi. Zalımlara arxa olmaq üçün yalançı fikirləri yaymayaydı. Özü də çox yaxşı bilirdi ki, Allah onun aydın və aşkar olan ayələrini gizlədənə lənət göndərmişdir.
Buxari bu hədisi sənədlə ondan gətirmişdir: Camaat deyir: Əbu Hüreyrə çox deyirdi: Əgər Allahın kitabında iki ayə olmasaydı, mən heç bir hədis rəvayət etməzdim. Sonra oxuyurdu:
إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَى مِن بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ أُولَـئِكَ يَلعَنُهُمُ اللّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ
O kəslər ki, Bizim nazil etdiyimiz aşkar dəlilləri və hidayəti – camaata kitabda bəyan etdiyimizdən sonra – gizlədirlər, onlar o kəslərdirlər ki, Allah və lənət edənlər onlara lənət etmişdir.”("Bəqərə” surəsi, 159-cu ayə. )
"Bizim mühacirlərdən olan qardaşlarımız çox zaman bazarda al-verə məşğul olurdular. Ənsardan olan qardaşlarımızın isə çox zaman başları öz işlərinə qarışırdı. Əbu Hüreyrə isə həmişə Peyğəmbər (s)-lə olub öz qarnını doldurmağa çalışırdı. Elə yerlərdə olardı ki, onlar orada olmazdı, elə şeyləri hifz edərdi ki, onlar hifz etməzdi.("Səhihi Buxari”, 1-ci cild, səh. 37-38. ) Belə isə, Əbu Hüreyrə necə deyir ki: "Əgər Allahın Kitabında iki ayə olmasaydı, mən əsla hədis nəql etməzdim.” Və yenidən burada deyir ki: "Mən Allah Peyğəmbərindən iki qab saxlamışam... Əgər ikinci qabı yaysam, boğazımı kəsərlər!” Məgər özü etiraf etmirmi ki, Allahın Kitabında olan iki ayəyə baxmayaraq, yenə də həqiqəti gizlətmişdir?!
Peyğəmbər (s) öz əshabına buyurardı: "Öz ailənizə (qəbilənizə) qayıdın və onları öyrədin.”
Buxari sənədlə gətirmişdir ki, Peyğəmbər Əbdu-Qeys nümayəndə heyətini təşviq edib iman və elmi əzbərləməyi tapşırmış və qəbilədə qalanlara çatdırmağı buyurmuşdu.("Səhihi Buxari”, 1-ci cild, səh. 30. )
Belə isə, soruşuruq ki, nə üçün bir səhabə Peyğəmbərdən hədis söylədiyinə görə onun boğazını kəsir və öldürürlər?
Ola bilər burada bir sirr vardır ki, xəlifələr onun açılmasını istəmişlər.
Biz keçən bəhslərdə – "Bilənlərdən soruşun” kitabında bu sirri faş etmişik. Burada xülasə edib deyirik: O, Peyğəmbər (s)-in Əli (ə)-ın xilafəti barəsində olan sözləridir.
Əbu Hüreyrəni danlamaq lazım deyildir, çünki o özü öz qiymətini bilir. Özü özü haqqında şəhadət verib Allahın, Peyğəmbərin və lənət edənlərin, Peyğəmbərin hədislərini gizlətdiyinə görə ona lənət etdiyini bildirir. Həqiqətdə əhli-sünnə və camaatı danlamaq lazımdır ki, onlar Əbu Hüreyrəni "əhli-sünnə ravisi” adlandırırlar. Daha diqqət etmirlər ki, o özü hədis gizlətməsinə və yalan söyləməsinə şəhadət vermişdir. Məsələləri bir-birinə qatmış, Peyğəmbərin hədislərini başqalarının hədislərindən ayıra bilməmişdir. Bunlar hamısı "Səhihi Buxari” və başqa səhih kitablarda gəlmiş səhih hədislər və etiraflardır.
Əli ibn Əbi Talibin ədalətində şəkk etdiyi və yalançı adlandırdığı bir adama necə inanırlar? Əmirəl-möminin buyurur: O, Peyğəmbərin adından yalan danışanların ən yalan danışanıdır. Ömər ibn Xəttab onu müttəhim edib sürgün edəcəyi ilə hədələyir. Aişə də öz növbəsində ona dəfələrlə tənə vurub yalançı adlandırır. Çoxlu səhabələr də ona eyb tutmuş, bir-birilə zidd olan hədislərini rədd etmişlər. O da bəzən etiraf etmiş, bəzən də həbəşi dilində cavab vermişdir. Həmçinin bir çox İslam alimləri ona tənə vurmuş, onu yalançı, fırıldaqçı, Müaviyənin süfrəsinin qarınqulusu adlandırmışlar.
Bu qədər sözdən sonra Əbu Hüreyrəni necə İslam ravisi adlandırıb İslam hökmlərini ondan öyrənmək olar?
Bəzi təhqiqçi alimlər bu fikirdədirlər ki, Əbu Hüreyrə həmin o kəsdir ki, yəhudi və "İsrailiyyat” əqidəsini İslama gətirmişdir. Hədis kitabları onlarla doludur. Başqa sözlə, yəhudi Kəbul-əhbar onun vasitəsilə bu işi görmüşdür. Oxşatma və cismə aid olan məsələlər, hülul, Peyğəmbər haqqında olan pis sözlərin hamısını Əbu Hüreyrə İslama gətirmişdir.
Görəsən, əhli-sünnə və camaat tövbə edib düz yola qayıdacaqlarmı ki, bu yolla bilsinlər ki, Peyğəmbər (s)-in həqiqi sünnəsini kimdən öyrənsinlər? Əgər soruşsalar, onlara belə cavab deyərik: Elm şəhərinin qapısına, onun övladlarından olan imamlara qayıdın. Onlar sünnənin qoruyucusu, ümmətin amanı, nicat gəmisi, hidayət rəhbərləri, qaranlıq işıqları, möhkəm dayaq və Allahın möhkəm ipidirlər.

Category: Həqiqət olduğu kimi... 2 | Added by: Ənfal
Views: 823 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]