Şənbə günü, 2024-04-27, 4:32 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Zahidlərin dediklərindən
2013-01-23, 8:30 PM
Zahidlərin dediklərindən
◘Bir zahid bir qaziyə deyir: "Mən istərdim sən bu vəzifədən uzaq olasan. Lakin indi ki, bunu öz öhdənə almısan, onda səkkiz şeyə riayət et: Danlaqdan qorxma, tərifə ürək bağlama, işdən çıxarılmaqdan qorxma, hökmü bilsən də məşvərət etməkdən imtina etmə, haqq sənə məlum olsa, onu bəyan etməkdən ötrü bir an da yubanma, qəzəbli halda qəzavət etmə, nəfsani istəklərə uyma və nə qədər ki münaqişə tərəflərinin hər ikisi hazır olmayıb, bir tərəfə qulaq asma.”
◘Səkkiz şey səkkiz şeyin bəzəyidir: heysiyyət, izzəti-nəfs fəqirliyin, şükr var-dövlətli olmağın. Səbr bəlanın, təvazö nəcabətin, helm alimin, özünü kiçik tutmaq elm öyrənənin, ağlamaq qorxunun, xüşu da namazın.
◘Hər kəs səkkiz şeyi tərk etsə, səkkiz şey əldə edər. Boş-boş və faydası olmayan danışığı tərk edən hikmət əldə edər, yersiz baxışları tərk edən qəlbin xüşusunu əldə edər, çox yeməkdən çəkinən şəxs ibadətin ləzzətini dadar, dünya məhəbbətini qəlbindən çıxaran kəsə axirət məhəbbəti nəsib olar, başqaların eyiblərini axtarmaqdan çəkinən şəxsin diqəti öz eyiblərinə yönələr və onları islah etməklə məşğul olar, Allahın zatı barədə düşünməkdən çəkinən kəs nifaqdan amanda olar, camaatla düşmənçilik etməyən kəs onların məhəbbətinə nail olar və hər kəs bədənini bəsləməkdən əl çəksə, asayiş əldə edər.
◘Səkkiz xüsusiyyətin ardınca gəzdim, bütün dünya və axirət xeyrini həmin şeylərdə tapdım:
1. Qüdrət və məqam əldə etmək istədim, onu elmdən başqa bir şeydə görmədim. Elm və bilik ardınca gedin ki, həm dünyada, həm də axirətdə əzəmət sahibi olasınız.
2. Böyüklük axtardım, bunu təqvadan başqa bir şeydə görmədim. Təqvalı olun ki, böyüklük əldə edəsiniz.
3. Var-dövlət əldə etmək istədim, bunu qənaətdən başqa bir şeydə görmədim. Qənaət edin ki, ehtiyacsız olasınız.
4. Asayişi əldə etmək istədim. Bunu nalayiq və fərsiz insanlardan uzaq olmaqda gördüm. Bu cür insanlarla yoldaşlıq etməkdən uzaq olun ki, rahatlıq əldə edəsiniz və Allahın əzabından amanda qalasınız.
5. Salamatlıq ardınca gəzdim, bunu Allaha itaətdən başqa bir şeydə görmədim. Allaha itaət edin ki, salamat qalasınız.
6. Xüzu və təvazö ardınca gəzdim, bunu haqqı qəbul etməkdən başqa bir şeydə görmədim. Haqqı qəbul edin ki, təkəbbürdən uzaq olasınız.
7. Həyatın ləzzətini axtardım, bunu nəfsani istəkləri tərk etməkdə gördüm. Nəfsin istəklərini tərk edin ki, həyatın ləzzətini da dadasınız.
8. Camaatın tərifinin ardınca getdim, bunu səxavətdən başqa bir şeydə görmədim. Səxavətli olun ki, yaxşı ad qazanasınız.
◘Rum hakimi Qeysər bir keşişdən soruşdu:
–Ən böyük hikmət nədir?
–Keşiş cavab verdi:
–Öz qədir-qiymətini bilmək.
–Ən kamil əql hansıdır?
–Elmin hüdudlarını aşmamaq.
–Ən böyük helm nədir?
–Söyüş qarşısında səbr etmək.
–Heysiyyətin ən böyük qoruyucusu nədir?
–Abırı qorumaq.
–Ən kamil mal-dövlət hansıdır?
–Haqqı ödənilmiş mal (yəni, vacib vergiləri ödənilmiş mal)
–Ən yaxşı səxavət nədir?
–Təqva və ixlas.
–Ən yaxşı sultan kimdir?
–Qüdrətli olduğu halda helmi hər kəsdən artıq, qəzəb halında cəhli hər kəsdən az və qüdrətin davamlı olmasını yalnız və yalnız ədalətli olmaqda görən sultan.
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 702 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]