Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Şiələrin Əmirəl-möminindən (ə) nəql etdikləri hədislər
2013-07-29, 9:23 AM | |
Şiələrin Əmirəl-möminindən (ə) nəql etdikləri hədislər ◘Dinin
möhkəm qalması dörd kəsdən asılıdır: Öz elminə əməl edən dilli-dilavər
alim, öz var-dövlətindən qohum-əqrəbasına paylayan dövlətli, öz
axirətini dünyasına satmayan fəqir və elm öyrənməkdən ötrü təkəbbür
etməyən cahil. Bəs elə isə alim öz elmini yaymasa, dövlətli xəsislik
etsə, fəqir axirətini dünyasına satsa və cahil də elm öyrənməyə təkəbbür
etsə dünya geri dönər (yəni, cahiliyyət dövrü yenidən başlayar). Həmin
zaman məscidlərin çoxluğuna və orada olan qəlbləri bir-birindən uzaq
olan insan kütlələrinə aldanmayın. Soruşdular:
"Ya Əli! Həmin dövrdə necə yaşayaq?” Buyurdu: "Zahirdə camaata qarışın,
batində isə müxalif olun. Eyni zamanda Ali-Məhəmmədin (s) fərəcinin də
intizarında olun. ◘Allah
dörd şeyi dörd şeydə gizlədib: 1. Öz rizasını Ona edilən itaətlərdə.
Heç bir itaəti yüngül tutmayın. Çünki, ola bilər ki, Allahın razılığı
məhz həmin itaətdə olsun. 2. Öz qəzəbini günahlarda. Heç bir günahı
kiçik bilməyin. Mümkündür məhz həmin günah Allahın qəzəbinə səbəb olsun.
3. İsticabəti (bəndələrinə cavab verməyi) dualarda. Heç bir duanı
faydasız bilməyin. Mümkündür məhz həmin dua müstəcab olsun. 4. Öz
dostlarını da bəndələrinin arasında. Heç bir bəndəyə etinasız
yanaşmayın, çünki ola bilər ki, məhz həmin bəndə Allahın dostu olsun və
sadəcə siz onu tanımamış olasınız. ◘Duanın
dörd şərti var: Hüzuri-qəlb, ixlas, Allahı tanımaq və duada istədiyi
şey barəsində insaf (yəni, puç və bihudə (ağıla uyğun olmayan şeylər
istəməsin.) ◘Həzrət
Musaya (ə) vəhy olundu ki, ey Musa, dörd şey barəsində Mənim
tapşırığımı yadında saxla! 1. Günahlarının bağışlandığını bilməyincə
başqalarının eyblərinə baş qoşma. 2. Nə qədər ki, Allahın xəzinələrinin
boşaldığını bilmirsən ruzidən ötrü qəm yemə. 3. Nə qədər ki, Mənim
hakimiyyət və səltənətimin aradan getdiyini bilmirsən başqasına ümid
bağlama. 4. Nə qədər ki, şeytanın öldüyünü görməmisən məkrindən amanda
qalma. ◘İşlərin
ən çətini dörddür: Qəzəbli halda əfv etmək, az miqdarda olan maldan
bəxşiş vermək, xəlvətdə iffətli olmaq və qorxduğun və ya qorxmadığın hər
bir kəsin qarşısında haqq söz danışmaq. Bir
gün Əli (ə) evdən bayıra çıxdı. Salman onunla rastlaşdı. Həzrət (ə)
soruşdu: "Halın necədir?” Salman cavab verdi: "Bir haldayam ki, dörd
qəmim var; ailəm çörək və sair ehtiyaclarını istəyir, Allah itaət
istəyir, şeytan günah etməyimi istəyir, ölüm mələyi isə canımı istəyir.”
Həzrət buyurdu: "Ey Salman, bu dörd qəmin hər birinə görə Allah yanında
bir dərəcən var.” ◘Həzrət
Əlidən (ə) soruşdular: "Elm nədir?” Buyurdu: "Elm budur ki, Allaha
ibadəti ehtiyacın olan qədər edəsən, günahı cəhənnəm atəşinə dözəcəyin
qədər edəsən, çalışmağını ömrün boyu davam etdirəsən və axirət
xoşbəxliyi qədər də əməl sahibi olasan.” ◘Dörd
şeyin qədrini dörd kəs qədər heç kəs bilməz: Cavanlığın qədrini qoca,
rahatlıq və asayişin qədrini giriftarçılığa mübtəla olan, sağlamlığın
qədrini xəstə və həyatın qədrini ölü. ◘İmam
Həsən Müctəbaya (ə) buyurub: "Ruzi dalınca gedəni məzəmmət etmə. Çünki
hər kim yemək tapmasa günahı çoxalar. Oğul! Fəqirin dəyəri yoxdur.
Sözünə qulaq asmazlar, qədrini bilməzlər, düz söz desə yalançı
adlandırarlar, əgər zahid olsa onu cahil bilərlər. Oğul! Fəqirliyə
giriftar olan şəxs dörd müsibətə düçar olar; yəqinində süstlük əmələ
gələr, əqli məhdudlaşar), dini zəifləyər və həyası azalar. Fəqirlikdən
Allaha pənah!” ◘Yenə
də oğlu İmam Həsənə (ə) buyurub: "Oğul! Əgər sənə çətinlik üz verdi,
dostlarınla məsləhətləş, çünki bunun dörd nəticəsi var; ya işi öz
öhdələrinə alarlar, ya sənə kömək edərlər, ya yol göstərərlər, yaxud da
səndən ötrü dua edərlər, həmin dua da müstəcab olar.” ◘"Oğul!
Dörd şeyi və bundan əlavə də dörd şeyi məndən yadigar saxla və heç vaxt
unutma.” Ərz etdi: "Onlar hansılardır?” Buyurdu: "Ən böyük və ən üstün
sərvət əqldir, ən böyük yoxsulluq axmaqlıq, ən şiddətli dəhşət
özünübəyənmə və ən gözəl əsil-nəcabət xoş xasiyyət.” Ərz etdi: "Atacan,
bu birinci dörd şey, bəs ikincisi nədir?” Buyurdu: "O biri dörd şey
bunlardır: Axmaqla dostluq etməkdən çəkin, çünki, sənə bir yaxşılıq
etmək istəsə ziyan verər. Yalançı ilə də dostluq etmə. Çünki, o, öz
yalanları ilə uzağı sənin üçün yaxın, yaxını isə uzaq göstərər. Xəsislə
də dostluq etmə. Çünki o, ən çətin anlarında öz köməyini səndən
əsirgəyər. Bir də dinsiz insandan uzaq gəz. O, da səni nifaqı ucbatından
satar.” ◘"Oğul!
İstəyirsənmi sənə dörd əməl öyrədim, sən də bunlara əməl etməklə heç
vaxt həkimə möhtac olmayasan?” Ərz etdi: " Bəli.” Buyurdu: "Acmamış
süfrə kənarında oturma, doymamış yeməkdən əl çək, yeməyi yaxşı-yaxşı
çeynə və həmişə yatmazdan qabaq ayaqyoluna gedib özünü boşalt. Əgər bu
dörd şeyə əməl etsən həkimə ehtiyacın olmayacaqdır.” ◘Bir
nəfər Həzrət Əlinin (ə) yanına gəlib ərz etdi: "Dörd sual soruşmaq
istəyirəm.” Əli (ə) buyurdu: "İstəyirsən qırx sual soruş.” Dedi: "Vacib
nədir, daha vacib olan nədir? Yaxın nədir, daha yaxın nədir? Təəccüblü
nədir, daha təəccüblü olan nədir? Çətin nədir, daha çətin olan nədir?
Buyurdu: "Vacib Allaha itaətdir, daha vacib olan şey günahdan
çəkinməkdir. Yaxın Qiyamətdir, ondan da yaxın ölüm. Təəccüblü dünyadır,
ondan da təccüblü onu sevmək, çətin qəbirdir, ondan da çətini ora
azuqəsiz getmək.” ◘Hər
kəsin dəyər və qiyməti onun səy və çalışqanlığı qədər, doğru
danışmaqlığı comərdliyi qədər, şücaəti mənlik və heysiyyəti qədər,
həyası isə qeyrəti qədər. ◘Hər
kəs bir əməli öz öhdəsinə alsa mən dörd şeydə onun üçün zaminəm: Daim
sileyi-rəhm etməyi öhdəsinə alan şəxsə söz verirəm ki, qohumları onu
sevər, var-dövləti çox, ömrü uzun olar və Allahın behiştinə varid olar.
(Üsuli əqidəsi düz olan halda.) ◘Ya alim ol, ya tələbə, ya onlara qulaq asan, ya da bu dəstə insanları sevən biri. Bunların beşincisi olsan həlak olacaqsan. ◘Müəllif
deyir: "Beşincisi dedikdə elm əhlinin düşməni nəzərdə tutulur. Çünki
başqa bir hədisdə həzrət (ə) buyurur: "Nə qədər bacarırsan alim ol,
yaxud elm öyrən, yaxud onları sev, əgər bunların heç biri olmasan heç
olmazsa onların düşməni olma. ◘Tövratı,
İncili, Zəburu və Quranı oxudum və hər birindən bir cümlə seçdim:
Tövratdan "hər kim sükut etsə nicat tapar”, İncildən "Qənaət edən tox
olar”, Zəburdan "Meyillərini tərk edən bəlalardan amanda olar”, Qurandan
isə "Hər kəs Allaha təvəkkül etsə Allah ona bəs edər” cümlələrini. ◘İnsanlar
bir-birindən fərqlənən dörd qrupdan ibarətdir və onların hər birinin
xüsusiyyətləri aşkardır: Dünyası yaxşı olmayanların gözəl axirəti var,
dünyası sevinc və şadlıq içində olanların axirətdə payı yoxdur, bir
qrupu hər ikisinə yiyələnib, dördüncü dəstə də bunların hər ikisini zay
edib, nə dünyaları var, nə də axirətləri. ◘İnsanların
xəlq olunmasında məqsəd onların xoş xasiyyət və gözəl əxlaqa
yiyələnməsidir. İnsan öz əməllərinə əsasən ya rəğbət qazanır ya da
töhmət: İnsanı ucaldan şey dörd xüsusiyyətdir: Səbir, elm, ehsan və
bağışlamaq. ◘Riyakar
və ikiüzlünün dörd xüsusiyyəti var: Təklikdə tənbəl və süstdür. Camaat
arasında zirək, təriflənən zaman daha fəal olur, təriflənməyən zaman da
əməldən bezər. ◘Hədisdə
var ki, dörd xristian rahibi Həzrət Əlini (ə) yoxlamaqdan ötrü onun
yanına gəldilər. Öz aralarında qərara aldılar ki, bir sualı hər biri
ayrı-ayrılıqda ondan soruşsunlar, əgər hamımıza bir cavab versə deməli
elmi naqisdir. Əvvəl birincisi onun yanına daxil olub soruşdu: −Mal-dövlət toplamaq əfzəldir, yoxsa elm öyrənmək? Buyurdu: −Elm öyrənmək daha yaxşıdır. Çünki, malı sərf etdikdə azalır, elmi sərf etdikdə isə artır. Sonra ikincisi daxil olub həmin sualı soruşdu. Həzrət (ə) buyurdu: − Elm öyrənmək. Çünki, elm öz sahibini qoruyur, mal isə öz sahibi tərəfindən qorunmağa möhtacdır. Sonra üçüncüsü daxil olub həmin sualı soruşdu. Həzrət (ə) cavab verdi: −Elm öyrənmək. Çünki, elm cəm edənin təvazökarlığını, mal isə təkəbbürünü artır. Daha sonra isə dördüncüsü daxil olub, yenə də həmin sualı verdi. Həzrət (ə) onun cavabında belə buyurdu: −Elm cəm etmək yaxşıdır. Çünki, elm cəm edənin dostu, mal cəm edəninsə düşməni çoxalar. ◘Dörd
şey bədəni qüvvətləndirər: Cinsi yaxınlıq olmadan alınan qüsül, ətir
iyləmək, ət yemək və kətan paltar geyinmək. Dörd şey də bədəni
arıqladar; dolu qarınla hamama getmək, qurumuş ət yemək, şor xörək yemək
və ac qarına su içmək. | |
Views: 702 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |