Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız |
Şiələrin İmam Sadiqdən (ə) nəql etdikləri hədislər
2013-07-18, 9:27 AM | |
Şiələrin İmam Sadiqdən (ə) nəql etdikləri hədislər ◘Hər
kəsə dörd tövfiq verilsə dörd şeydən məhrum olmaz: Hər kəsin dua etməyə
halı olsa duanın müstəcab olmasından naümid olmaz. Hər kəs istiğfar
etmək tövfiqi qazansa tövbədən bəhrələnər, hər kəs şükür etmək səadətinə
qovuşsa nemətin çoxluğundan məhrum edilməz və hər kəs səbirli ruha
malik olsa əcr və savabdan binəsib olmaz. ◘Dörd
varlıq camaatın onlar barəsində etdikləri duanın səsini eşidər:
Peyğəmbər (s), hurul-eyn, behişt və cəhənnəm. Hər kəs Peyğəmbərə (s)
salavat göndərsə və ya ona salam versə o həzrətə (s) çatar. Hər kəs desə
ki, Pərvərdigara, məni hurul-eynlə evləndir, onlar onun səsini eşidər
və deyərlər: "Pərvərdigara, filan kəs Səndən bizi istəyir, bizi onunla
evləndir.” Hər kəs dua etsə ki, Pərvərdigara məni behiştə daxil et,
behişt onun səsini eşidər və deyər: "Pərvərdigara məndə onun üçün yer
ayır.” Hər kəs də cəhənnəm atəşindən Allaha pənah aparsa cəhənnəm deyər:
"Pərvərdigara, ona pənah ver.” ◘Üç
xüsusiyyətə malik olan şəxs cəmiyyət arasında dörd imtiyaza sahib olar.
Hər kəs yalan danışmasa, zülm etməsə və vədəsinə xilaf çıxmasa camaat
arasında ədalətli şəxs kimi tanınar, məhəbbəti qəlblərdə özünə yer alar,
qeybəti haram olar və onunla qardaşlıq vacib olar. ◘Dörd
şey behişt xəzinələrindəndir: Müsibəti gizlətmək, xəstəliyi gizlin
saxlamaq (yəni, hamıya şikayət etməsin. Müalicə etməkdən ötrü heç bir
eybi yoxdur.), gizli sədəqə və öz ehtiyacını gizlətmək. ◘Behişt əhlinin dörd əlaməti var: Gülərüzlülük, şirindillilik, mehriban qəlblilik və əli açıqlıq. ◘Özünün
barəsində nə desələr və özü də başqaları barəsində hər nə desə vecinə
gəlməyən, camaatın özünə qarşı pis fikirdə olmasından qorxmayan, zinaya
meyli olan və heç bir səbəb olmadan kin-küdurət səbəbilə qeybət edən
kəsin nütfəsinə şeytan şərik olub. ◘Zinadan
doğulan uşağın dörd əlaməti var: Peyğəmbərin (s) Əhli-beyti (ə) ilə
düşmənçilik, zinaya meyl, dini yüngül tutmaq, bədrəftar olmaq. ◘Hər
kəs mənə dörd şeyi öhdəsinə alacağı barədə söz versə, mən də behiştdə
dörd ev ona zaminəm: Fəqirlikdən qorxmadan infaq edəcək, camaata qarşı
insaflı olacaq, hamıya salam verəcək və haqq onun tərəfində olsa da
höcət etməyəcək (yəni, boş-boşuna söz güləşdirməyəcək). ◘Dörd şey dörd şeydən doymaz: Yer yağışdan, göz baxmaqdan, qadın kişidən və alim elmdən. ◘"Ey
Səmaə! Mömin dörd bəladan asudə olmaz: Əziyyət edən qonşudan, azdıran
şeytandan, eyibləri axtaran münafiqdən və paxıl mömindən. Ey Səmaə, bu
axırıncı bəla hamısından daha pisdir.” Səmaə soruşdu: "Nəyə görə o,
hamısından daha pisdir?” Buyurdu: "Çünki O, kimin barəsində bir söz desə
camaat inanıb qəbul edər.” ◘Peyğəmbər
(s) buyurub: "İstəyirsinizmi sizə cəhənnəm odunun kimlərə haram
olduğunu xəbər verim?” Dedilər: "Bəli, ey Rəsuləllah!” Buyurdu:
"Mülayim, yumşaq təbiətli və dostlarının səhvlərinə göz yuman kəslərə.” ◘İnsana
faydası olan elm dörd hissədən ibarətdir: Allahı tanımaq, Onun
nemətlərini tanımaq, ilahi vəzifələri tanımaq və insanın dindən xaric
olmasına səbəb olan şeyləri tanımaq. ◘Fəzl
ibn Əyyaz deyir ki, bir gün İmam Sadiqdən (ə) soruşdum: "Cihad vacib
əməldir, yoxsa müstəhəb?” Buyurdu: "Cihad dörd növdür: ikisi vacib,
üçüncüsü vacib vasitəsi ilə həyata keçən müstəhəb, dördüncüsü isə sırf
müstəhəbdir. Vacib cihadlar: Birincisi nəfsə qarşı aparılan cihaddır. Bu
cihad insanı günahdan saxlayır və cihadların ən üstünüdür. İkinci vacib
cihad isə müsəlmanlarla qonşu olan kafirlərə qarşı aparılan
müharibədir. Bu cihad o halda vacib olur ki, onlar tərəfindən hər hansı
bir təhlükə baş versin. Üçüncü növ cihad imamdan ötrü müstəhəbdir ki,
düşmənin sorağını alıb onunla müharibəyə getsin. Elə ki, bu müstəhəb
cihad haqqında onun hökmü elan olundu, bu cihad ümmətə vacib olur və
əgər bu işdən imtina etsələr ilahi əzaba düçar olarlar. Buna görə də bu
cihada vacib vasitəsi ilə həyata keçən müstəhəb cihad deyilir. Sırf
müstəhəb olan dördüncü növ cihad isə hər hansı bir şəsxin gözəl bir
sünnə və yaxud, ənənəni icra etmək, yaxud onu təsis edərək yaşatmaq
məqsədi ilə göstərdiyi səydir. Onun bu yolda olan zəhmət və çətinliklərə
səbr etməsi əməllərin ən əfzəlidir.” Peyğəmbər (s) buyurub: "Hər kəs
özündən sonra gözəl bir ənənə qoyub getsə Allah ona həm bu işin
savabını, həm də buna əməl edən bütün insanların savabı qədər savab əta
edər. (Buna əməl edənlərin öz savabları da özlərində qalmaqla.) ◘Dörd
kəsin namazı Allah dərgahında qəbul deyil: Zülümkar rəhbərin, camaatın
istəmədiyi imam-camaatın, heç bir ehtiyac və zərurət olmadığı halda öz
sahibinin yanından qaçan qulun və ərinin icazəsi olmadan evdən çıxan
qadının. ◘Dörd
günah artıb hər yeri bürüyən zaman dörd bəla meydana gələr; zina artan
zaman zəlzələ çoxalar, zəkat verilməsə dördayaqlı ev heyvanları qırılar,
qazılar (şəri hakimlər) haqqa zidd olan hökm çıxarsalar yağış kəsilər
və əhd-peyman sındırılan zaman kafirlər müsəlmanlara qalib gələr. ◘Qazi
dörd növdür. Biri odur ki, heç bir elmi olmadan haqlı hökm çıxarır. Bu
od əhlindəndir. (Çünki, haqlı hökm çıxarmasına baxmayaraq, elmi
olmadığına və haqla batili ayırma qüdrəti olmadığına görə hökm çıxarmaq
haqqına malik deyildi,) ikincisi odur ki, emli olmadan batil hökm verən.
Bu da cəhənnəm əhlidir. Üçüncüsü elmi olduğu halda batil hökm verən. Bu
da cəhənnəm əhlidir. Dördüncüsü isə haqq söz deyən alim qazidir.
Qazilər arasında yeganə cənnət əhli olan da məhz odur. ◘Səbr, yaxşılıq, xoş rəftar və xoş xasiyyət peyğəmbərlərin xüsusiyyətlərindəndir. ◘Bir
kəs müsafir olsa da dörd müqəddəs məkanda namazını bütöv qıla bilər:
Məkkədə, Mədinədə, Həzrət Əlinin (ə) hərəmində (Məqsəd Kufə məscididir)
və İmam Hüseynin (ə) hərəmində. ◘Quranın vacibi səcdə ayəsi olan surələri dörddür: Ələq, Nəcm, Fussilət və Səcdə. ◘Şeytan
dörd dəfə nalə və fəryad edib: Lənət olunduğu gün, Adəmin (ə) yerə
gəldiyi gün, Məhəmmədin (s) besət günü (Peyğəmbərliyə seçildiyi gün) və
"Həmd” surəsi nazil olan vaxt. İki dəfə də lovğalanmışdır: Adəm ağacdan
meyvə yeyən və behiştdən qovulan zaman. ◘Dörd
şey hədər yerə gedər: Şoranlığa əkilmiş toxum, gündüz yandırılan çıraq,
tox olan vaxt yeyilən yemək və başa düşməyən kəslərə yaxşılıq. ◘Müfəzzəl
ibn Ömər deyir ki, İmam Sadiqdən (ə) müsəlmanların neçə bayramı
olduğunu soruşdum. Buyurdu: "Dörd.” Dedim: "Qurban, Fitr və Cüməni
bilirəm, bəs dördüncüsü hansıdır?” Buyurdu: "Hamısından daha böyük və
daha şərəflisi zil-hiccə ayının on yeddisidir. Bu gündə Peyğəmbər (s)
Əlini (ə) insanlara imam və rəhbər olaraq tanıtdırıb.” Dedim: "Həmin
gündə biz nə etməliyik?” Buyurdu: "Gərək bu günün şükrünü yerinə
yetirməkdən ötrü oruc tutasınız, hər bir saat gərək şükr edəsiniz. Hər
bir peyğəmbər öz vəsisini camaata rəhbər təyin etdiyi gün ona oruc
tutmaq və həmin günü bayram etmək göstərişi verib. Qədir-xum bayramı
günü tutulan oruc altmış aylıq ibadətdən əfzəldir.” ◘İbrahim
peyğəmbərə (ə) vəhy olunan və Quranda gələn "Dörd quşu öz yanında
tikə-tikə doğra, daha sonra onu dörd hissəyə bölüb hər hissəni bir dağın
üstünə qoy” ayəsi barəsində belə buyurub: "Həzrət İbrahim (ə)
şanapipik, sərçə, tovuzquşu və qarğanın başını kəsib ayırdı. Bədəninin
qol-qanadını, ətini, sümüyünü doğrayıb bir-birinə qatdı. Bu qatışığı
dörd hissəyə ayırdı və hər hissələri on dağın üstünə qoydu. Sonra öz
yanına dən və su qoydu və onların dimdiklərini barmaqları arasında tutub
dedi: "Allahın izni ilə tez bura gəlin!” Birdən bu ət, sümük və
qol-qanad bir-birinə yapışdı, bədənlər təkmil oldu və hər bədən də gəlib
öz başına yapışdı. Həmin an həzrət İbrahim (ə) başları buraxdı. Quşlar
orada olan dənləri yeyib, sudan içməyə başladılar. Sonra dilə gəlib
dedilər: "Ey Allahın peyğəmbəri! Bizi diriltdin, Allah da səni
diriltsin.” İbrahim (ə) buyurdu: "Dirildən də, öldürən də Allahdır!” Bu
ayənin zahiri təfsiridir. Lakin bunun batini mənası budur ki, sən dörd
nəfəri elmləndir, onları ətraf ərazilərə göndər ki, sənin tərəfindən
insanlardan ötrü höccət olsunlar. Sən də onları görmək istəsən ismi-əzəm
oxuyub onları çağır Allahın izni ilə onlar tez sənin yanına gələcəklər. ◘Şeyx Səduq (r) buyurur: "Mənim nəzərimcə hər ikisinin olması mümkündür.” (Həm quşların hər də nümayəndələrin göndərilməsinin). ◘Bəziləri
deyib: "Burada İbrahimin (ə) məqsədi insanların iman gətirməsindən ötrü
keçmiş peyğəmbərlər kimi möcüzə göstərmək idi. Buna görə də Allahdan
ona ölüləri necə diriltməsini göstərməsini istədi. Allah tərəfindən
göstəriş gəldi ki, sən dirini öldür (yəni, İsmaili qurban kəs), Biz də
ölüləri dirildək. Sonra Allah tovuzquşu, kərkəs, xoruz və ördəyin başını
kəsmək göstərişini verdi. Tovuzquşu dünyanın bər-bəzəyinə, kərkəs isə
uzun-uzadı arzulara, ördək hərisliyə, xoruz isə şəhvətə işarə idi. Yəni,
əgər qəlbini diri saxlamaq və yəqin əldə etmək istəyirsənsə bu dörd
xüsusiyyətdən uzaq ol, çünki, bunlar qəlb aramlığını aradan aparar. ◘Həzrət
Adəmə (ə) vəhy olundu: "Mən bütün hikməti sənin üçün dörd kəlmədə
xülasələndirirəm. Biri Mənə məxsusdur, digəri sənə, biri Mənimlə sənin
aranda, axırıncısı da səninlə camaat arasındadır. Mənə aid olanı budur
ki, Mənə ibadət et və heç kəsi Mənə şərik qoşma. Sənə aid olanı budur
ki, ən çətin anında Mən sənin payını verəcəyəm. Səninlə mənə aid olanı
budur ki, səndən dua, Məndən qəbul etmək. Səninlə camaata aid olanı isə
budur ki, özün üçün istədiyin hər bir şeyi camaat üçün də istə. ◘Dörd
kəs behiştə daxil olmaz: Falçı, şərabxor, münafiq və sözgəzdirən.
(Lakin, tövbə edib keçmişdəki pisliklərini yaxşı işlərlə əvəz etməkləri
istisnadır.) ◘Dünyada
dörd tapılmayan şey var ki, insan onlara olduqca möhtacdır: Əməl sahibi
olan alim, riyasız əməl, şübhəsi olmayan yemək və eyibsiz dost.
Bunların ardınca gəzsən heç birini tapa bilməzsən. (Məqsəd bunların çox
az olmasıdır.) ◘Dörd
nəfərin duası müstəcab olmaz. Biri evdə oturub Allahdan ruzi istəyən
kişinin. O, dua edərkən belə cavab gələr: "Məgər Mən kəsb etməkdən ötrü
çalışmaq göstərişi verməmişəm?!” İkincisi, öz qadınına nifrin edən
kişinin. Ona da cavab verilər ki, talaqın ixtiyarı sənin əlində
deyilmi?! (Bu o hala aiddir ki, onunla yaşamaq istəmir, talaq vermək
əvəzinə ona nifrin edir.) Üçüncüsü
öz mal-dövlətini aradan aparıb, sonra Allahdan ona ruzi verməsini
istəyən kişinin. Onun da cavabında belə deyilər: "Məgər mən sənə israfa
yol verməməyini və malını islah etməyi bildirməmişdimmi?!” Dördüncüsü
isə öz malını heç bir şahid olmadan borc verib şahidinin də onu inkar
edənin. Ona da cavab verilər ki, məgər mən şahid tutmaq göstərişi
vermədimmi?! Başqa bir hədisdə dördüncünün pis qonşusuna nifrin edən kəsin olduğu qeyd olunur. Halbuki, o, evini satıb ondan xilas ola bilər. ◘Dörd
vaxtda edilən dua müstəcab olar: Vətr namazında (gecə namazının
axırıncı rəkətində, sübh namazından sonra, zöhr namazından sonra və
məğrib namazından sonra. Başqa bir rəvayətdə də var ki, hər kəs məğrib namazından sonra səcdəyə gedib dua etsə, duası müstəcab olar. ◘Mömin
üçün həqiqi aramlıq yoxdur. Yalnız ölümdən sonra öz Allahına qovuşduğu
zaman ondan ötrü həqiqi aramlıq hasil olar. Bundan başqa hallarda əgər,
onun üçün aramlıq təsəvvür olunsa bunu dörd şeydə tapmaq olar: 1. Qəlbin
və ruhun Allah barəsində düşüncəyə qərq olduğu sükut. 2. Dövrün gizlin
və aşkar zərərlərindən amanda olan xəlvət. 3. Şəhvəti və şeytanın
vəsvəsələrini öldürən aclıq. 4. Qəlbi nurani, təbiəti saf və ruhu pak
edən gecə oyaqlığı. ◘Mənsur
Abbasi İmam Cəfər Sadiq (ə) üçün xəbər göndərib bildirdi: "Nəyə görə
siz də başqaları kimi bizim qapımıza get-gəl etmirsiniz?” Həzrət belə
cavab verdi: "Bizim nə dünyamız var ki, onu müsadirə edəcəyindən qorxaq,
nə sənin axirətin var ki, bu barədə sənə ümidvar olaq (sənin
mənəviyyatından və ruhaniyyətindən bəhrələnək), nə nemət içindəsən ki,
səni təbrik edək və nə də ki, əlində olanları bəla bilirsən ki, gəlib
sənə təsəlli verək. Elə isə, bəs nəyə görə sənin qapına gəlib gedək?”
Mənsur yenidən xəbər göndərdi ki, bizə nəsihət verib tərbiyələndirməkdən
ötrü gəlin.” Həzrət buyurdu: "Dünya istəyənlər səni nəsihət etməzlər,
çünki öz hədəflərindən yayınarlar. Axirət istəyənlər də səninlə
oturmazlar çünki, Allahı yaddan çıxararlar.” ◘Bu
fani dünyada camaat dörd şeyin ardınca qaçır: Varlı olmaq, asayiş,
qəm-qüssədən xilas olmaq və izzət. Varlılıq qənaətdədir, hər kəs axtarsa
tapmaz. Rahatlıq zəhmətdən, çətinlikdən uzaq olmaqdadır. Hər kəs çox
şey istəsə rahatlıq tapmaz. Qəm-qüssənin azlığı məşğuliyyətlərin və
giriftarçılıqların az olmasındadır. Hər kəsin məşğuliyyəti və
giriftarçılığı çox olsa qəm-qüssədən azad olmaz. İzzət isə Allaha
itaətdədir. Hər kəs bunu insanlara itaətdə axtarsa tapmaz. ◘Təəccüb edirəm o kəslərə ki, dörd şeydən qorxduğu halda dörd şeyə pənah aparmır: 1. O kəs ki, pislikdən qorxur, lakin bu ayəyə pənah aparmır: Həsbunəllahu və niməl vəkil. Allah bizə bəsdir və O, çox gözəl vəkildir Allah bu cümləni deyən kəslər barəsində buyurur: "Allahın nemət və fəzli ilə qayıtdılar və heç bir zərər də onlara toxunmadı” 2. Qəm-qüssə içində olan şəxs Yunis peyğəmbərin (ə) dilindən olan bu ayəyə pənah aparmır: La ilahə illa ənt, inni kuntu minəz-zalimin. Səndən başqa Allah yoxdur, Sən paksan, zülümkarlardan olan isə mən idim. Allah
bu ayənin ardınca buyurur: "Biz onun duasını müstəcab etdik və onu
qəm-qüssədən azad etdik və Biz möminlərə belə nicat veririk.” 3. Başqalarının məkrindən qorxan kəs isə bu ayəyə pənah aparmır: Və ufəvvizu əmri iləllah, innəllahə bəsirun bil-ibad. İşimi Allaha tapşırıram. O, bəndələrini görür və onlara nəzarət edir. Bu ayənin ardınca Quranda belə deyilir: "Allah onu onların hiyləsindən qurtardı.” 4. Dünyanın bər-bəzəyini istəyən şəxs isə bu ayəni oxumur: Ma şaəllahu la qüvvətə illa billah. Hər nə Allah istəsə o da olacaq, Allahın qüvvətindən başqa qüvvət yoxdur. Allah bu cümləni deyən şəxsə kömək edəcəyini vəd edib. ◘Təqvadan
da gözəl azuqə yoxdur. Sükutdan da gözəl şey yoxdur. (Yəni, bihudə və
qeyri-şəri sözlərdən edilən sükut). Nadanlıqdan da ziyan verən
düşmənçilik olmaz və yalandan da böyük dərd mövcud deyil. ◘Süfyan
Suri deyir: "İmam Sadiqdən (ə) mənə nəsihət etməsini xahiş etdim.
Həzrət (ə) buyurdu: "Yalandan heç vaxt comərdlik gözləmək olmaz,
başqalarına əziyyət edənin dostu olmaz, paxıl rahatlıq tapmaz,
bədxasiyyət adam da böyüklük əldə etməz.” Dedim: "Bir az da buyurun."
Buyurdu: "Allaha etimad et. Çünki, iman məhz elə budur. Onun
verdiklərinə razı ol. Çünki, ehtiyacsızlıq da elə budur. Qonşunla xoş
davran ki, müsəlman hesab olunasan. Dinsiz insanla da dostluq etmə.
Çünki, fasiqliyini sənə keçirdər və Allahdan qorxan kəslə məşvərət et. | |
Views: 758 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |