Cümə günü, 2024-04-19, 4:01 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Sair imamlardan (ə) olan hədislər
2013-06-23, 10:16 AM
Sair imamlardan (ə) olan hədislər
◘İmam Məhəmməd Baqir (ə) buyurub: "İslamın beş əsası var; namaz, zəkat, həcc, ramazan ayının orucu, biz əhli-beytin vilayətini və dostluğunu qəbul etmək. Bunlardan dördü müəyyən hallarda rüsxətlidir. Yəni, fəqirə zəkat düşmür, imkanı müəyyən həddə çatmayan həccdən azaddır, xəstə adam namazını oturduğu halda da qıla bilər və oruc tutmaya bilər. Lakin vilayət heç kəsin boynundan götürülmür. Bu xəstəyə də, sağlama da, varlıya da, yoxsula da vacibdir.
◘Həzrət Baqir (ə) Əbi-Bəkr Həzrəmiyə buyurub: "Bilirsənmi ki, ölüyə necə namaz qılınır?” Dedi: "Xeyr.” Buyurdu: "Beş təkbir gündəlik beş namazdan götürülüb. Beş gündəlik namazlardan da yalnız təkbir götürülüb. (Elə hesab etmək olar ki, beş namaz qılınıb.)
◘Həzrət Sadiq (ə) buyurub: "Həzrət Adəm (ə) meyvə yemək istədi. Oğlu Hibətullah meyvə ardınca yola düşdü. Yolda Cəbrail onunla qarşılaşıb dedi: "Hara gedirsən? " Dedi: "Adəm xəstədir, ürəyi meyvə istədi.” Cəbrail dedi: "Qayıt, Allah ruhunu aldı.” Hibətullah qayıdıb atasının vəfat etdiyini gördü. Sonra mələklər ona qüsul verdi. Sonra Cəbrail Hibətullaha göstəriş verdi ki, qabağa keçib atasının bədəninə namaz qılsın, mələklər də ona iqtida etsin. Allah tərəfindən vəhy nazil oldu ki, beş təkbir desin, sonra aram-aram bədəni qaldırıb qəbirə qoysun və qəbri hamarlasın. Daha sonra göstəriş verdi ki, bütün ölüləri bu cür etsinlər.
◘Həzrət Baqir (ə) buyurub: "Bir qrup müşriki Peyğəmbərin (s) hüzuruna gətirdilər, göstəriş verdi ki, birindən başqa hamını öldürsünlər. Həmin müşrik soruşdu: "Nə üçün məni azad etdiniz? " Buyurdu: "Cəbrail mənə xəbər verib bildirdi ki, sən Allahın və Peyğəmbərin sevdiyi beş xüsusiyyətə maliksən; öz namusuna qarşı çox qeyrətlisən, səxavətlisən, xoşxasiyyətsən, doğrudanışan və şücaətlisən.” Müşrik bu sözləri eşidən kimi dönüb müsəlman oldu. O, ömrünün axırına qədər İslama sadiq qaldı və nəhayət, Peyğəmbərin (s) apardığı döyüşlərin birində şəhid oldu.
◘Həzrət Musa ibn Cəfər (ə) buyurub: "Həzrət Əli (ə) "Özünün dünyadakı bəhrəni yaddan çıxarma” ayəsinin təfsirindən buyurub: "Yəni, bədənin sağlamlığı, asudə vaxt, cavanlıq və fərəhindən axirətindən ötrü istifadə etməyi unutma.”
◘Həzrət Riza (ə) buyurub: "Var-dövlət beş xüsusiyyət olmasa toplanmaz: "Möhkəm simiclik, uzun-uzadı arzular, hərislik, qohumlarla əlaqəni kəsmək və dünyanı axirətdən üstün tutmaq.”
◘Allah-təala peyğəmbərlərdən birinə vəhy edib buyurdu: "Sabah səhər qarşılaşdığın birinci şeyi ye, ikincini gizlət, üçüncünü qəbul et, dördüncünü naümid etmə və beşincidən özünü qoru.”
Sabahısı gün səhər hərəkət etdi. Elə ilk mərhələdə böyük, qara bir dağla üzləşdi. Heyrətlə donub yerində qaldı. Sonra öz-özünə dedi: "Allah boş yerə göstəriş verməz.” Dağı yemək məqsədilə irəli getdi.” Hər nə qədər irəli gedirdisə dağ getdikcə kiçilirdi. Nəhayət, həmin dağ kiçik bir tikəyə çevrildi. Elə ki yedi, gördü çox dadlı bir tikədir. Oradan keçib qızıldan bir teşt gördü, göstərişə uyğun olaraq yeri qazıb teşti orada basdırdı. Bir az gedib dönüb arxaya baxdı. Gördü ki, teşt öz-özünə torpağın altında çıxıb. Öz-özünə dedi: "Mən öz üzərimə düşəni yerinə yetirdim.” Sonra bir quşa rast gəldi. Həmin quşun ardınca ov qızılquşu düşmüşdü. Quş gəlib onun ətrafında fırlanmağa başladı. Peyğəmbər dedi: "Mənə əmr olunub onu qəbul edim.” Əbasının yaxasını araladı. Quş ora daxil oldu. Qızılquş ona dedi: "Neçə gün idi bu ovun arxasınca düşmüşəm, sən isə onu məndən oğurladın.” Öz-özünə dedi: "Allah mənə bunu da naümid etməməyi tapşırıb.” Ovun bud hissəsindən bir tikə qoparıb ona atdı. Bir az getmişdi ki, gördü bir parça ət yerə düşüb. Ət iylənmiş və qurd basmışdı. Vəzifəsinə uyğun olaraq ondan uzaqlaşdı. Bundan sonra qayıtdı. Gecə yatarkən yuxuda ona belə dedilər: "Sən boynuna düşən vəzifəni yerinə yetirdin. Məqsədin nə olduğunu başa düşdün?” Dedi: "Xeyr.” Dedilər: "O dağ qəzəb idi. İnsan qəzəblənən zaman özünü dağın qarşısında görür. Əgər insan özünü ələ alsa qəzəb yavaş-yavaş aramlaşar. Nəticədə dadlı bir tikə kimi onu udar. Qızıl teşt saleh və xeyir əməl idi. Nə qədər gizlətsən də Allah onu aşkar edib sahibini tanıtdırar. Axirətdə də özünəməxsus savabı var. Quş nəsihət edənə işarə idi. Gərək onun göstərişinə əməl edəsən. Qızılquş isə hacəti olandır ki, onu naümid etmək olmaz. İylənmiş ət isə qeybətdir. Ondan uzaq ol.”
◘Həzrət Sadiq (ə) buyurub: "Möminin beş əlaməti var; xəlvətdə Allahdan qorxu, yoxsulluq zamanı sədəqə, müsibət zamanı səbr, qəzəb zamanı helm və qorxu zamanı doğru danışmaq.
◘Beş xüsusiyyət hər hansı bir mömində cəm olsa layiqdir ki, Allah onu behiştə varid etsin; qəlbin nuraniliyi, İslami məsələlərin fəhmi, təqva, camaatı sevmək və xoş sima (elə bir sima ki, kamal və salehlik əlamətləri onda açıq-aşkar görünsün.)
◘Həzrət Musa ibn Cəfər (ə) buyurub: "İslamın baş barədə beş göstərişi; sair üzvlər barədə də beş göstərişi var. Baş barəsində olan göstərişləri bunlardır; dişləri yumaq, bığı qısaltmaq, saçları daramaq, məzməzə (ağızı yumaq), istinşaq (burunu yuyub təmizləmək). Sair üzvlər barədə olan göstərişlər isə bunlardır; sünnət etmək, qarının aşağı hissəsinin tüklərini təmizləmək, qoltuğun tüklərini təmizləmək, dırnaq tutmaq və istinca (ifrazat yerini yuyub təmizləmək).
◘Həzrət Baqir (ə) buyurub: "Namazı yalnız beş halda yenidən qılmaq lazımdır; təharət pozulan zaman, qiblə, rüku və səcdə düz olmadıqda. Həmd və surə sünnətdir, təşəhhüd də sünnətdir, bunlar namazı batil etmir. (Yəni, əvvəlki beş şey namazın əsas vaciblərindəndir. Bunların hansına xələl gəlsə namaz batildir. Sair vaciblər isə Peyğəmbərin (s) sünnəsidir ki, əgər səhvən icra olunmasa namazı batil etmir.)”
◘Həzrət Baqir (ə) buyurub: "Ulul-əmr (yəni, müstəqil dinə sahib olub, din gətirməklə öncəki dini qüvvədən salan) peyğəmbərlər beş nəfərdir; Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Məhəmməd (s).”
◘Həzrət Səccad (ə) buyurub: "Xoş danışıq mal-dövlətin artmasına, ruzinin çoxalmasına, ömrün uzanmasına, ailədə məhəbbətə və behiştə səbəb olar.”
◘Yeddinci imam (ə) buyurub: "Mömin həmişə beş şeyə sahibdir; diş fırçası, daraq, səccadə, otuz dörd dənəli təsbeh, əqiq üzük.” (Yəni, bunlar möminin zinətlərindəndir, nəinki, bir kəs bunlara sahib olmasa mömin hesab edilmir.)
◘İmam Həsən Əsgəri (ə) buyurub: "Möminin beş əlaməti var; gecə-gündüz əlli bir rəkətlik namaz (vacib və müstəhəb hər ikisi daxil olmaqla), "Ərbəin” ziyarəti, sağ əlinə üzük taxmaq, alnını torpağa qoymaq, "Bismillah” sözünü ucadan demək.”
◘Bir nəfər İmam Həsənə (ə) ərz etdi: "Mən günah qarşısında acizəm, günahdan çəkinməyə qüdrətim çatmır. Mənə moizə edin.” Buyurdu: "Beş işi yerinə yetir, ondan sonra hər nə günah istəyirsən et; Allahın ruzisini yemə, elə bir xəlvət yer tap ki, Allah səni orada görməsin, Allahın qüdrət və hakimiyyətindən kənara çıx, Əzrail gələn zaman onu özündən uzaqlaşdır və cəhənnəmin məmuru səni oda tərəf çəkmək istəyərkən sən getmə. Əgər bu işləri yerinə yetirmə qüdrətinə maliksənsə hər nə qədər istəyirsən günah et.”
◘Həzrət İmam Hüseyn (ə) Cabir ibni yəzid Cofiyə buyurdu: "Ey Cabir! Sənə beş nəsihət edirəm. Sənə zülm etsələr sən zülm etmə, sənə qarşı xəyanət etsələr sən əmanətdarlığını əldən vermə, səni təhqir etsələr qəzəblənmə, onun-bunun səni mədh etməsinə xoşhal olma, məzəmmətlərindən narahat olma, sənin barəndə deyilən bu sözləri özünlə tutuşdur. Əgər düz deyirlərsə, o zaman nahaq yerə qəzəblənmisən. Çünki haqq sözdən inciməklə Allahın nəzərindən düşmək, camaat gözündən düşməkdən daha böyükdür. Yalan deyirlərsə sən heç bir əziyyət çəkmədən savaba nail olmusan.”
◘İmam Məhəmməd Baqir (ə) buyurub: ”Atam mənə tapşırdı ki, hətta yol yoldaşı da olsa beş dəstə insanla dostluq və yoldaşlıq etmə:
1. Fasiqlə; Çünki fasiq səni bir tikəyə, hətta, bəlkə ondan da aza satar. Soruşdum: Atacan tikədən də kiçik nədir? Buyurdu: Heç, bəlkə də çata bilməyəcəyi tikənin tamahına.
2. Simiclə; Simic ən çətin anlarında əlində olanı səndən əsirgəyər.
3. Yalançı ilə; Yalançı ilğıma bənzəyir. O, uzağı sənə yaxın, yaxını isə uzaq göstərər.
4. Axmaqla; Axmaq sənə xeyir vermək istədiyi halda zərər verər.
5. Qohumları ilə yola getməyən kəslə. Çünki, Allah Quranda üç yerdə onlara lənət edib.
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 705 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]