Cümə axşamı, 2024-04-25, 1:13 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Əmirəl-möminindən (ə) nəql olunan şiə hədisləri
2013-08-14, 0:07 AM
Əmirəl-möminindən (ə) nəql olunan şiə hədisləri

◘Həzrət Əli (ə) buyurur: «İnsanlar üç cürdür; ağıllı, axmaq və dinsiz. Ağıllı insanın ayini din, xasiyyət və təbiəti mülayim, fitrəti isə rəydir. (Zahirən, məqsəd budur ki, işlərində məqsədyönlü fikrə və səhih rəyə malikdir.) Əgər soruşsalar cavab verər. Elə ki, ağzını açar düz söz deyər, qulaq asan zaman başa düşər. Söz danışanda yalan danışmaz. Ona arxayın olana xəyanət etməz. Lakin axmağa xeyirli bir iş təklif etsələr diqqət yetirməz, yaxşı iş göstərsələr tərk edər. Onu cahil-cahil işlərə dəvət etsələr qəbul edər. Danışanda yalan danışar, sözü düz başa düşməz, dərk etsə də diqqət yetirməz. Dinsiz insan isə əmanətə xəyanət edər. Ləyaqətsiz işləri sevir. Ona etibar edən şəxsdən ötrü xeyirxah niyyəti olmaz.»
◘Əql elə bir ağacdır ki, kökü təqva, budaqları həya, meyvəsi zöhd və pəhrizkarlıqdır. Təqva üç şeyə dəvət edir; dini öyrənməyə, dünyaya qarşı etinasız olmağa və Allahdan başqa hər şeydən qırılmağa. Həya da insanı üç xüsusiyyətə tərəf çəkir; yəqinə, xoş əxlaqa və təvazöyə. Pəhrizkarlıq da insanı üç işə dəvət edir; doğru danışmağa, xeyir işə tələsməyə və şübhəli işləri tərk etməyə.
◘Üç şey insanı həlak edər: Padşah qarşısında öz gücünü göstərməyə cürət etmək, xainə əmanət tapşırmaq və sınaqdan keçirmək üçün zəhəri içmək.
◘Qadın üç yolla insana halal olur: Daimi əqdlə, müvəqqəti əqdlə və kənizlik vasitəsilə.
◘Üç şey müsəlmanı kamal həddinə çatdırar: Dini öyrənib başa düşmək, öz güzəranında müəyyən ölçüyə riayət etmək və xoşagəlməz hadisələr müqabilində səbr etmək.
◘İbn Bəbaveyh "Xisal” kitabında nəql edir ki, bir kişi Həzrət Əlinin (ə) yanına gəlib ərz etdi: "Öz Allahını necə tanıdın?” Həzrət (ə) buyurdu: "İstək, iradə və qərarlarımın aradan getməsi ilə. Bəzən hər hansı bir iş görmək istədikdə gözlənilmədən bir qüdrət mənim və məqsədimin arasına daxil olur. Qərar qəbul edirəm təqdir əli onu qarışdırır. Bu yolla dərk edirəm ki, işlərin idarəsi başqa bir əl vasitəsi ilə həyata keçir.” Soruşdu: "Allahın nemətlərinin şükrünü necə yerinə yetirirsən?” Həzrət (ə) buyurdu: "Fikir verib görürəm ki, məni başqalarının düçar olduğu bəlalardan qurtarıb və başa düşdüm ki, bu Allahın nemətidir. Beləliklə də vəzifəmin şükr etmək olduğunu bildim.” Soruşdu: "Allahın görüşünə müştaq olmağın necədir?” Həzrət (ə) buyurdu: "Gördüm ki, məndən ötrü din, məlaikələr və peyğəmbərlər seçib. Başa düşdüm ki, mənə belə bir iftixar nəsib edən məni heç vaxt unutmaz; beləliklə də, Onun görüşünü sevdim.”
◘Üç şey öldürəndir; simiclik, həvəs və özünübəyənmə. İmanın üçdə biri həya, üçdə biri əhdə vəfa və üçdə biri də səxavətdir.
◘Məhəmməd ibn Hənəfiyyəyə öz nəsihətnaməsində buyurur: "Özünübəyənmədən, bədxasiyyətli olmaqdan və səbirsizlikdən çəkin. Bu xüsusiyyətlər səndə olsa özünə heç bir dost tapa bilməzsən və camaat da həmişə səndən uzaq gəzər. Özünü camaatı sevməyə, onlarla xoş davranmağa məcbur et, onlara kömək etməyə daim hazır ol. Malını və canını dostundan əsirgəmə. Hamı ilə xoş üzlə və məhəbbətlə davran. Düşməninə qarşı ədalətli və insaflı ol. Hamının qarşısında dininə və abır-heysiyyətinə qarşı simic ol ki, həm dinin salamat qalsın, həm də dünyan.
◘Bir hədisdə nəql olunur ki, Osman öldürüldükdən sonra və xilafət həzrət Əliyə (ə) çatan zaman bir səhra ərəbi imamın (ə) hüzuruna gəlib dedi: "Ey Əmirəlmöminin! Üç xəstəliyə düçar olmuşam: bədən ağrıları, kasıbçılıq və avamlıq.” Həzrət (ə) buyurdu: "Ey qardaş! Bədəninin xəstəliyindən ötrü gərək təbibə müraciət edəsən, kasıbçılığından ötrü isə kərəm sahibinə. Cəhalət xəstəliyindən ötrü də ki, gərək alimə müraciət edəsən.” Dedi: "Ey Əmirəlmöminin, sən həm təbibsən, həm kərimsən, həm alim.” Həzrət (ə) göstəriş verdi ki, beytül-maldan ona üç min dirhəm pul versinlər və buyurdu: "Min dirhəmi bədənin müalicəsi üçün, min dirhəmi fəqirliyindən ötrü və min dirhəmi də savadlanmağından ötrü xərclə.”
◘Bir nəfər Əlini (ə) qonaq dəvət etdi. Həzrət (ə) buyurdu: "Bir şərtlə ki, üç işdən ötrü öhdəçilik qəbul edəsən: Evində olmayan bir şey alıb hazırlamayasan, nəyin var əsirgəməyəsən və ailənə sıxıntı verməyəsən.” Ərz etdi: "Qəbul etdim.” Həzrət də qəbul etdi.
◘İbn Bəbaveyh həzrətdən (ə) müfəssəl bir hədis nəql edib. Münasib məqam olduğuna görə biz də onun bir hissəsini nəql edirik: "Məsciddə Əli (ə) buyurdu: "Nə qədər ki, sizin aranızdan getməmişəm, hər nə istəyirsiniz məndən soruşun.” Məscidin axırından bir kişi qalxıb yaxına gəldi və ərz etdi: "Ey Əmirəlmöminin, məni elə bir işə hidayət et ki, onu yerinə yetirsəm Allah mənə oddan nicat versin.” Buyurdu: "Ey kişi! Qulaq as, düzgün başa düş və yəqinin olsun. Dünyanın davamı üç kəsin varlığından asılıdır: Elminə əməl edən bəlağətli nitqi olan alim, dövlətinin müəyyən hissəsini müsəlmanların istifadəsindən əsirgəməyən varlı və fəqirliyinə qarşı səbirli və dözümlü olan kasıb. Elə isə əgər alim öz elmini yaymadı, dövlətli simiclik etdi və kasıb səbrini əlindən verdi, həlakət zamanı çatmışdır. Həmin zaman Allahı tanıyanlar dövranın geri getdiyini, küfrün yenidən meydana gəldiyini dərk edərlər. Həmin dövrdə məscidlərin çoxluğuna, bədənlərin yaxın, qəlblərinsə uzaq olduğu cəmiyyət çoxluğuna aldanma!
İnsanlar üç dəstədir: Mömin, hövsələli və dünyaya həris. Mömin nə dünyanın ona üz tutmasından sevinər, nə də ondan üz döndərməsindən qəmgin olar. Hövsələli adamın ürəyində dünya təmənnası var, lakin əlinə gələndən gözünü çəkməyi də bilir. Çünki dünya malının axırının nə olduğunu bilir. Lakin hərisin heç bir qorxusu yoxdur ki, dünya malını halaldan əldə edib, ya haramdan.” Soruşdu: "Həmin dövrdə möminin əlaməti nədir?” Buyurdu: "Diqqətlə baxar, Allahın göstəriş verdiyi hər bir hökmü yerinə yetirər, Onun razılığına xilaf olan işlərdən isə özünün xoşu gəlsə də çəkinər.” Doğru dedin, ey Əmirəl-möminin.”
Həmin kişi "doğru dedin, ey Əmirəl-möminin” deyib qeyb oldu. Nə qədər axtardılarsa da onu tapmadılar. Həzrət təbəssüm etdi və dedi: "Kimin dalınca gəzirsiniz? Bu mənim qardaşım Xızr idi.”
◘Əmirəl-möminin (ə) buyurur: "Üç şey insanı əldən salar: Kasıbçılıq, qorxu və qəm-qüssə. Üç şey də ruhu dirildər: alimlərin söhbəti, dostlarla görüş və heç bir sıxıntı olmadan güzəran keçirmək.”
◘Bütün xeyirlər üç şeydə cəm olub: Təfəkkür, sükut və danışıqda. Lakin təfəkkür ibrətalma olmazsa heçdir, fikir və düşüncəsiz sükut qəflətdir və Allahın zikri olmazsa danışıq da faydasızdır.
◘Allah üç nəfərin qazancından bərəkəti götürüb: İnsan satanın, dişi inək kəsib satanın və ağac kəsənin.
◘Üç halda dostunun haqqını yerinə yetirməyənə dost demək olmaz: Çarəsizlik halında, qeybəti olunan zaman və ölümündən sonra.
◘Biz vəzifəyə təyin olunmuş sülaləyik: Gərək acları doyuraq, miskinlərə kömək edək və camaat yuxuya gedəndə də namaz qılaq.
◘Allah yanında hamıdan üstün ol, öz gözündə hamıdan pis. Camaatın nəzərində isə bu ikisindən biri kimi ol.
◘Abdullah ibn Məsud o həzrətdən nəql edir: "Allahın vacibatını yerinə yetir ki, hamıdan daha abid olasan, günahları tərk et ki, hamıdan daha zahid olasan və Allahın qismətinə razı ol ki, hamıdan daha artıq ehtiyacsız olasan.
◘Hər kəsə yaxşılıq etsən onun sərvərisən, hər kəsə ehtiyacın olmasa onunla bərabərsən və hər kəsdən öz ehtiyacını istəsən onun əlaltısısan.
◘Üç şey hafizəni qüvvətləndirər və bəlğəmi aradan aparar: Misvak, oruc və Quran oxumaq.
◘Dünya aldadar, ziyan verər və keçib gedər.
◘Ey elm tələbində olan! Hər bir şeyin nişanəsi həmin şeyin (varlığının) şahididir. Dinin əlaməti üç şeydir: İman, Allaha etiqad, məlaikələr və peyğəmbərlər.
◘Elmin üç nişanəsi var: Allahı tanımaq, Allahın istədiyi şeyləri tanımaq və Onun istəmədiklərini tanımaq.
◘Əməlin də üç nişanəsi var: Namaz, oruc və zəkat.
◘Mənliyi olmayan şəxsin üç əlaməti var: Özündən üstün olan şəxslə mübahisə və höcət edər, bilmədiyi sözü danışar və heç vaxt çata bilməyəcəyi şeylərin ardınca gedər.
◘Münafiqin üç əlaməti var: Dili qəlbindən fərqlidir, danışığı əməli ilə düz gəlmir və gizlini aşkarı ilə uyğun deyil.
◘Zülmkarın üç əlaməti var: Özündən böyüyün göstərişinə itaət etməz əlaltılarını sıxışdırar və zülümkarlara kömək edər. Riyakarın da üç əlaməti var: Təklikdə tənbəl və süst, camaat arasında isə fərəhli və gümrahdır və camaatın xoşladığı hər bir işi böyük həvəslə yerinə yetirər.
◘Qafilin üç əlaməti var: İnsanı oyadan şeylərə diqqət yetirməz, başı həmişə qarışıq olar və unutqan olar.
◘Allahın hər gecə üç qoşunu olur. Birinci qoşun ataların belindən anaların rəhminə daxil olur, ikincisi rəhmlərdən dünyaya gəlir, üçüncüsü isə dünyadan axirətə köçür.
◘Dünya üç gündür. Onun dünənində olan hər bir şey keçib gedir və heç vaxt qayıtmır. Bu gününü gərək qənimət biləsən. Sabahına da ki, məlum deyil çatacaqsan ya yox. Dünən ədəb öyrədən həkimdir. Gərək onun təcrübəsi bu günü işıqlandırsın. Bu gün vida halında olan dostdur. Sabahsa, sadəcə olaraq, bir arzudur. Ona da ki, bəlkə çata bildin.
◘Qadınların ən yaxşı xüsusiyyətləri kişilərin ən pis xüsusiyyətləridir. Yəni, kibr, qorxu və simiclik. Bu xüsusiyyətlər qadında olarsa onun öz iffətini və ərinin malını qorumasına, kişidə olarsa onun bədbəxtliyinə və geridə qalmışlığına səbəb olar.
◘Rəiyyətə və əlaltılarına qarşı xoşniyyət və tamahsız ol və pəhrizkar ol ki, ədalətlə davrana biləsən.
◘Elə bir dövr gələr ki, hakimiyyət yalnız dava-dalaş və zülmlə əldə olunar. Sərvət yalnız simicliklə cəm olunar. Dostluq yalnız dostun istəklərini qəbul etmək və dini göstərişləri tərk etməklə müyəssər olar. Hər kim ki, bu dövrə yetişib sərvət toplamağa qüdrəti olduğu halda kasıbçılığa razı olsa, qeyri-şəri yolla izzət sahibi olmaq imkanı olduğu halda bundan imtina etsə və müəyyən şəxslərin məhəbbətini cəlb etməkdənsə onların qəzəbinə üstünlük versə, Allah-mütəal ona əlli siddiqin əcrini (savabını) əta edər. (Siddiq o şəxslərə deyilir ki, peyğəmbərlərin danışığını təsdiq edir və öz rəftarlarını onların davranışları ilə uyğunlaşdırırlar.)
◘Hər kəs ki, uzun ömür sürmək istəyirsə sübh tezdən yemək yesin, yüngül paltar geyinsin və qadınlarla az yaxınlıq etsin.
◘Ümid bəsləmədiyin şeyə intizarında olduğun şeydən daha çox ümidvar ol. Musa (ə) yoldaşı üçün od götürməyə getdi, Allah onunla danışdı və onu peyğəmbərliyə seçdi. Səba şəhərinin mələkəsi Süleyman peyğəmbərlə (ə) görüşməyə getdi, ona iman gətirdi və azğınlıqdan nicat tapdı. Fironun cadugərləri onun səltənətini qüvvətləndirmək məqsədi ilə getdilər, Allaha əqidə ilə geri döndülər.
◘Kumeylə vəsiyyətində buyurur: "Bu qəlblər qabdır. Hamısından yaxşısı tutumu çox olanıdır. Dediklərimi yadında saxla! İnsanlar üç dəstədir: Allahpərəst alimlər, nicat yolun yolçusu olan elm öyrənən və hər hansı sədanın dalınca getsə də, hər hansı bir küləyin ardında əssə də elm nuru əldə edə bilməyən və möhkəm bir dayağa söykənməyən dəyərsiz axmaq. Ey Kumeyl! Elm maldan üstündür. Elm səni qoruyur, malı isə sən qoruyursan. Bəxşiş və əliaçıqlıq malı azaldır, elmi isə artırır. Alim hökmü icra edəndir, mal da hökmün məcrası. Alimlə dostluq etmək dinin bir hissəsidir və Allah bu iş müqabilində insana savab verir. Elm dünyada camaatın itaətinə, öləndən sonra yaxşı ada səbəb olar. Ey Kumeyl! Sərvət yığanlar yaşasalar da ölüdürlər, elm tələbində olanlar isə ölümdən sonra da yaşayırlar. Onların bədənləri gözlərin önündən gedirsə də görkəmləri və qiyafələri qəlblərdə mövcuddur. Ah! Ah! Bura (mübarək sinəsinə işarə edərək buyurdu) elmlə doludur. Kaş liyiqli kəslər tapaydım ki, onu qəbul edəydilər. Lakin elə insanlara düçar olmuşam ki, ya tez öyrənirlər, lakin arxayın kəslər deyillər, dindən dünya işləri üçün istifadə edirlər, Allahın hökmlərindən onun bəndələri ilə mübarizədə istifadə edirlər, Allahın nemətlərindən onların (həmin nemətlərin) ziddinə istifadə edirlər, yaxud da elə insanlardırlar ki, haqq əhli müqabilində ramdırlar, amma kordurlar, görmürlər və bəsirət sahibi deyillər. Kiçicik şübhə olduqda şəkkə düşürlər. Nə birinci dəstənin təlimdən ötrü ləyaqəti var, nə də ikinci dəstənin. Üçüncü bir dəstə də var ki, yalnız istəklərinə nail olmaqdan ötrü çalışırlar. Öz cilovlarını şəhvətlərinə tapşırıblar. Onlar mal-dövlət dəlisidirlər ki, dinin hörmətini saxlamırlar və adamlıqları yoxdur, özləri də dördayaqlılar kimidirlər. Bəli! Elmin yoxluğu belədir! Alim ki, olmadı elm öləcək. Lakin belə deyil ki, yer Allahın hüccətindən xali olsun. Hər bir əsr və zamanda elə kəslər var ki, sayları azdır, lakin, Allah yanında olan qədir-qiymətləri çox. Bunlar haqqın nişanələrinin keşikçiləridir. Allah Özünün aşkar dəlillərini onlar vasitəsilə qoruyar və beləliklə, onlar da digər hüccətlərə çatdırar, həmin toxumları onların pak qəlblərinə səpərlər. 
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 900 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]