Şənbə günü, 2024-04-20, 4:34 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

İmam Sadiqdən (ə) hədislər
2013-02-10, 6:47 AM
İmam Sadiqdən (ə) hədislər
◘Müəlla ibn Xənis deyir ki, bir gün Həzrət Sadiqdən (ə) soruşdum: Möminin mömin boynunda nə haqqı var? Buyurdu: Möminin mömin boynunda yeddi vacib haqqı var ki, əgər o bunlardan birini yerinə yetirməsə, Allahın vilayətindən xaric olmuş və Allaha itaətdən boyun qaçırmış hesab edilir. Dedim: Bu haqlar hansılardır? Buyurdu: Mənim səndən xoşum gəlir, qorxuram bunlara əməl etməyəsən. Dedim: La hövlə və la quvvətə illa billahil-əliyyil-əzim (yəni, Allahın qüdrət və qüvvətindən başqa qüdrət və qüvvət yoxdur. Red.) Buyurdu: Möminin Mömin boynunda olan ən kiçik haqqı budur ki, özü üçün hər nə istəyirsə, onun üçün də istəsin və hər nəyi özü üçün bəyənmirsə, onun üçün də bəyənməsin. İkincisi budur ki, onun ehtiyaclarını ödəməkdən ötrü səy göstərsin, razılığını əldə etsin və sözündən çıxmasın. Üçüncüsü odur ki, canı, malı, əli, ayağı və dili ilə ona yaxşılıq etsin. Dördüncüsü odur ki, onun görən gözü, yolgöstərəni, aynası və eyiblərinin örtüyü olsun. Beşincisi odur ki, sən tox olmayasan, o isə ac, sən geyimli olmayasan, o isə çılpaq, sən sirab olmayasan, o isə susuz. Altıncısı odur ki, sənin qulluqçun varsa, onun yoxdursa, qulluqçunu göndər onun paltarını yusun, yeməyini bişirsin və yatağını düzəltsin. Yeddinci odur ki, ona and versə, gərək xahişini yerinə yetirsin, dəvətini qəbul etsin, xəstə olanda ona baş çəkməyə getsin, öldükdən sonra cənazəsini müşayiət etsin və dəfn mərasimində iştirak etsin, ehtiyacını həyata keçirməkdən ötrü özünü əziyyətə salsın, onun istəyini ağız açmamışdan yerinə yetirsin. (Bunlar yalnız o haldadır ki, o eynilə mömin qardaşı kimi həqiqi mömin olsun. Yoxsa, bunlar fəsadsız ötüşməz.)
◘Əmmar ibn Əbil-Əhvəs deyir ki, bir gün İmam Sadiqə (ə) ərz etdim: Bizim aramızda elələri var ki, Əlini (ə) başqalarından üstün tutaraq onu Əmirəl-möminin deyə çağırırlar, lakin, onlar bizim siz barədə malik olduğumuz əqidədə deyillər. Biz bunlarla dost münasibətdə ola bilərikmi? Həzrət (ə) buyurdu: Bəli, Allah İslamı yeddi hissəyə bölüb: səbr, doğruçulluq, yəqin, ümid, vəfa, elm və helm. Bu yeddi hissəni camaat arasında bölüb. Ən kamil iman bu yeddi hissənin hamısına sahib olanlardadır. Bu kəslərdən başqaları isə ya bir, ya iki, ya üç, ya dörd, ya beş, yaxud da altı paya sahibdirlər. Bir payı olanlara iki pay yükləməyin və eyni zamanda iki paya sahib olmayanlara üç pay yükləməyin və s. çünki, bu yükləmələr ağırlıq və nifrətə səbəb olar. Camaatla dostcasına və mehribanlıqla rəftar edin. Yolu onlara asan göstərin. Bundan ötrü bir məsəl çəkim ki, qoy güc və taqətdən artıq yüklənmənin axırının nə olduğu sənin üçün aydın olsun. Bir müsəlmanın mülayim və yumşaq təbiətli bir qonşusu var idi. Müsəlman həmin kafir qonşusuna İslamı təbliğ etdi. Nəticədə həmin şəxs müsəlman oldu və öz keçmiş əqidəsindən üz döndərdi. Sübh çağı müsəlman həmin qonşusunu özü ilə birlikdə məscidə aparmaqdan ötrü onun qapısına gəldi. Camaat namazı qurtardı, müsəlman üzünü qonşusuna tutub dedi: Yaxşı olar ki, gün çıxanadək elə buradaca zikrlə məşğul olaq. Elə ki, gün çıxdı yenə üzünü qonşusuna tutub dedi: Çox yaxşı olar ki, bu günü oruc tutub, günorta azanına qədər oturub Quran əzbərləyəsən. Beləliklə, onlar günorta azanına qədər məsciddə orurdular. Zöhr və əsr namazlarını qıldıqdan sonra, yenə üzünü qonşusuna tutub dedi: Yaxşı olar ki, elə birdəfəlik məğrib azanına qədər də oturub gözləyək, sonra gedək. Yenicə müsəlman olmuş zavallı kişi oturub gözlədi, məğrib və işa namazlarını da qıldı. Lakin artıq taqəti kəsilmişdi və bütün bunlar onun qüdrətindən artıq idi. Sabahısı gün həmin mömin yenidən onu özü ilə birlikdə məscidə aparmağa gəldiyi zaman qonşusu üzünü ona tutub dedi: Get. Mən sənin dininə tab gətirə bilmərəm.
Camaatı azdırmayın. Bizim imamətimiz dostluq, mehribanlıq, vüqar, təqiyyə, xoş rəftar, təqva və çalışqanlıq kimi əsasların üzərində durur. Camaatı öz din və əqidənizə qarşı meyilləndirin.
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 759 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]