Çərşənbə axşamı, 2024-04-16, 1:35 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Nəsihətlər » O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız

Alim və hikmət sahiblərinin dediklərindən
2013-07-18, 8:55 AM
Alim və hikmət sahiblərinin dediklərindən
◘Hamid deyir: "Dörd şeyi dörd yerdə axtardıq tapmadıq, sonradan başqa dörd yerdə tapdıq: Ehtiyacsızlığı sərvətdə axtardıq, qənaətdə tapdıq, izzəti əsil-nəcabətdə axtardıq, təqvada tapdıq, rahatlığı var-dövlətdə axtardıq, az malda tapdıq, neməti paltar, yemək və s. istəklərdə axtardıq, bədənin sağlamlığında tapdıq.”
◘Alimlərdən biri deyib: "Dörd şeyi gizli saxlamaq yaxşılıq xəzinələrindəndir: Ehtiyacı, sədəqəni, ağrını və bəlanı” (yəni, onlardan şikayət edilməsin, nəinki çarə dalınca gedilməsin.)
◘Başqa birisi də deyib: "Dörd şey bədbəxtlik əlamətidir: Qəlbin bərkliyi, gözün quruluğu, simiclik və uzun-uzadı arzular.”
◘Başqa birisi deyib: "Dörd şey kərəm və böyüklük əlamətidir; bəxşiş, kimsəyə əziyyət etməmək, yaxşılığın əvəzini verməkdən ötrü tələsmək və cəza verməyi təxirə salmaq. Dörd şey dörd məqama çatmaq vasitəsidir; əql rəyasətə çatmaq, tədbir siyasətə çatmaq, elm üstünlük qazanmaq və helm isə vüqarlı olmaq vasitəsidir. Dörd kəsi dörd şey vasitəsi ilə tanıyarlar: Yazıçını yazısı vasitəsi ilə, alimi cavabı vasitəsi ilə, hikmət sahibini əməli vasitəsi ilə və hövsələli adamı səbr və dözümü vasitəsi ilə.”
◘Dörd şey xoşbəxtliyə dəlalət edir; elmi sevmək, həlim olmaq, düzgün cavab vermək və işlərində səhvə yol verməmək.”
◘Dörd şey zirəklik əlamətidir; qüssəni udmaq (yəni, qəm-qüssə zamanı dözümsüzlük göstərməmək), fürsətdən istifadə, camaatın tərəfdarlığından istifadə etmək və düşmənə qarşı mehriban və nəzakətli olmaq.
◘Dörd şey insanı dörd şeyə çatdırar; səbr arzu olunana, çalışmaq hədəfə, zahidlik təqvaya və qənaət var-dövlətə.
◘Əgər dörd xüsusiyyətə sahib olsan bir çox qəm-qüssə və danlaqları özündən uzaqlaşdırmış olarsan; xoş xasiyyət, qənaət, doğru danışmaq və əmanətdarlıq.
◘Bir arif deyib: "Dörd şeyi dörd şey vasitəsi ilə yuyun; üzü göz yaşı ilə (yəni, Allah xofu və günah qorxusundan), dili zikr vasitəsilə, qəlbi Allah qorxusu ilə və günahı da tövbə vasitəsi ilə.”
◘Bir alim deyib: "Elm ağacının meyvəsi dörd şeydir: 1. Allahdan qorxu. Bu alim və Pərvərdigar arasındadır. 2. Mehribanlıq. Bu alimlə camaat arasındadır. 3. Səbr. Bu alimlə özü arasındadır. 4. Zöhd. Bu isə alimlə dünya arasındadır.”
◘Bəziləri deyib: "Camaat dörd dəstədir: 1. Bəziləri bilir, lakin, bildiyini bilmir. Belələri unutqanlardır, onların yadına salın. 2. Bəziləri bilmir və bilir də ki, bilmir. Belələri cahillərdir, onlara təlim-tərbiyə verin. 3. Bəziləri bilmir və bilmir ki, bilmir (yəni, bilmədiyini də bilmir) bunlar nadanlardır, belələrini başlı-başına buraxın. 4. Bəziləri də ki, bilir və bildiyini də bilir. Bunların ardınca gedin, bunlar alimlərdir.”
◘Hippokrat deyib: "Bəla dörd şeydədir; ailənin çoxluğunda, malın azlığında, pis qonşuda və xəyanətkar qadında.”
◘Dörd şey ömrü xarab edər; yemək üstündən yemək, acqarına su içmək, hamamda cinsi yaxınlıq və qoca qadınla cinsi yaxınlıq.
◘Bir filosof deyib: "Dörd şey kimi heç nə hədərə getmir; vəfasıza qarşı məhəbbət, qanmayana yaxşılıq, ədəbdən faydası olmayana ədəb öyrətmək, sirr saxlamayana sirr vermək.”
◘Hər kəs dörd şey vasitəsilə dörd şey istəsə, mümkün olmayan şey tələb etmiş olacaq; riya vasitəsi ilə savab, düşmənçilik vasitəsi ilə dostluq, vəfasızlıq vasitəsi ilə vəfa və rahatlıq vasitəsi ilə elm.
◘Fars filosofları deyib: "Dörd şey dörd şeydən doymaz; göz gözəl üzdən, qulaq fəsih sözdən, qəlb nəsihətdən və müsafir sərin mehdən.”
◘Rum filosofları deyib: "Dörd şey dörd şeydən doymaz; göz baxmaqdan, qulaq xəbərdən, yer yağışdan və qadın kişidən.
◘Ərəb filosofları deyib: "Dörd kəs dörd şeydən doymaz; şücaətli kəs müharibədən, səxavətli kəs bəxşiş verməkdən, pəhrizkar şəxs duadan və xeyirxah mədhdən.”
◘Hikmət sahibləri dörd asimani kitabın hər birindən bir cümlə seçiblər. Tövratdan "Hər kəs Allahın verdiklərinə razı olsa dünyada da, axirətdə də rahat olar”, Zəburdan "Camaatdan uzaq gəzən kəs dünyada və axirətdə nicat tapar”, İncildən "Hər kəs istəklərindən əl çəksə hər iki dünyada əziz olar”, Qurandan isə "Dilini saxlayan hər bir kəs hər iki dünyada salamat olar.” (Əlbəttə, bu məzmunda bir şey Quranda yoxdur, yəqin ki, müxtəlif ayələrdən istifadə edilərək belə nəticəyə gəlmişlər.)
◘Bir filosof deyib: "Dörd kəsdən başqa heç kəslə dostluq etmə: 1. Xeyrinə ümidvar olduğun kəslə. 2. Şərindən amanda olduğun kəslə. 3. Əməlindən bəhrələndiyin kəslə. 4. Duasının bərəkətindən istifadə etdiyin kəslə.”
◘Bir hikmət sahibi deyib: "İslam filosoflarının şüarı dörd şeydir; təqva, həya, şükr və səbr.
◘Loğman öz oğluna deyib: "Oğul! Bil ki, Allah hüzurunda dayandığın zaman səndən dörd şey barəsində soruşacaqlar: 1. Cavanlığını hansı yolda keçirdin. 2. Ömrünü hansı yolda keçirdin. 3. Malını hansı yolla əldə etdin. 4. Malını harada sərf etdin. Bu suallara cavab hazırla.
◘Oğul! Bil ki, mən dörd yüz peyğəmbərlə görüşdüm, onların dediklərindən dörd cümləni seçdim: 1. Namaz halında qəlbini qoru, (yəni, hüzuri-qəlblə namaz qıl.) 2. Süfrə başında boğazına nəzarət et (yəni, nə yediyinə və nə qədər yediyinə diqqət et.) 3. Camaatın evində gözünə hakim ol. 4. Camaat arasında dilini qoru.
◘Hippokratdan soruşdular: "İnsaniyyət nədir?” Dedi: "Rifah zamanı təvazökarlıq, qüdrət zamanı əfv etmək, kasıbçılıq vaxtı səxavətli olmaq və minnətsiz bəxşiş.”
◘Əbu Əli Səqəfi deyib: "Ağıllı insan gərək dörd şeyə mütləq riayət etsin; əmanət, doğrudanışmaq, ləyaqətli dost, öz daxili aləminə.”
◘Bir alimdən soruşdular: "Giriftarçılıq anında nə edirsən?” Dedi: "Dörd şeyə etimad edirəm, çətinlik asanlaşır. Öz-özümə deyirəm Allahın qəza və qədərinə çarə yoxdur, səbr etməyib nə edəcəyəm, bundan da pis hal mövcuddur və olsun ki, fərəc yaxındır.”
◘Bəziləri deyib: "İnsan dörd şeyi öz nəzərində bərabər bilməyincə kamil olmaz; vermək və verməmək (yəni, ona bir şey versələr də, verməsələr də onun üçün fərqi olmasın), izzət və zillət.”
◘Bilal ibn Səid deyib: "Ey Allahın bəndələri! Sizin günahkar olmağınıza baxmayaraq Allah dörd mərhəməti sizdən əsirgəməyib; ardıcıl olaraq sizə ruzi verir, Öz rəhmətini əsirgəmir, eyiblərinizin üzərindən pərdə götürmür, bu gün siz nə istəyirsiniz danışırsınız Allah sizə heç bir söz demir, elə bir gün də gələcək ki, Allah danışacaq və siz susacaqsınız.”
Category: O, sizə nəsihət verir ki, bəlkə nəsihət alasınız | Added by: Ənfal
Views: 777 | Downloads: 0 | Rating: 2.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]