Cümə günü, 2024-05-03, 1:49 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Cəmiyyət » Cəmiyyət

Mən nə qədər özüməm?
2013-02-17, 7:06 AM
Mən nə qədər özüməm?


-Bir ömür yaşayırıq, "fanidir” deyə-deyə; 
-Yaxşı ki, "təsəlli” var bu yoxluğun içində. 
-Dəyişilir təbiət, zamanı döyə-döyə; 
-Yaxşı ki, gözəllik var bu çoxluğun içində.

Bir anlığa düşünürük...

Doğrudanmı daşıdığımız bu bədən və bu böyük ruh bizim şəxsi malımızdır? Cavab inkaredilməz və birmənalıdır: Xeyr! Hər kəsə məxsus olan bir böyük ruh və bir kiçik bədən-bunları yaradıb, bizlərə əmanət şəklində bəxş edən və bir zaman həmin bu vücudu bizdən təhvil alaraq bir müddət sonra yenidən qaytaracağına söz verən ədalətli və yeganə hakimindir ki, bu həqiqəti dərk edib qəbul etmək bəşər övladı üçün ən mühüm məsələdir. Mövcud həyatda hər bir fərdin xüsusi və ümumi olaraq müəyyən hüquq və vəzifələri vardır.


Biz müsəlmanlar da özümüzdə-cism və ruhumuzun vəhdətini yaradan, eyni zamanda bu vəhdətin pozulmaması üçün onu həmişə nəzarətdə saxlayan bir düşüncə tərzi-məntiq ("ali”) yaratmağa, formalaşdırmağa vəzifəliyik. Sual yaranır:- bəs bu əqidəni özbaşımıza, heç kimə və heç nəyə istinad etmədən əldə edə bilərikmi? Əlbəttə ki, yox! Bu məqamda vacib bir nöqtəyə diqqət yetirək:- bir insanın nə qədər aciz və möhtac olması göz qabağındadır. O, əmanət daşıyıcısıdır. Və eyni zamanda hər bir şəxsin ixtiyar sahibi olub əqidə seçimi etmək fürsəti də vardır. O, faili-muxtardır.


Bizlər ağlımızın nə şəkildə olmasını görməsək də, məlum məsələdir ki, ağıl-beynin açarıdır. Lakin beyin kompyuterinə müraciət etdiyimiz zaman ilk olaraq "əqidə” düyməsini açmasaq, hər hansı düyməni bassaq nə baş verər? Yəqin ki, qarmaqarışıqlıq; minlərlə müxtəlif məlumatlar. Yəni müəyyən bir proqram yükləməsək, nəticə ala bilmərik.


Müsəlmanlara görə əsas məsələ həmin "ana” düyməni tanımaqdadır. İman və elm proqramları ilə yüklənmiş olan "Tovhid” düyməsi. Demək, məlum oldu ki, insana normal yaşayış üçün mütləq "əqidə” lazımdır. Və o, bu "məslək” adlanan müqəddəs inancı-şüurlu şəkildə hər hansı bir mənbədən əxz etməlidir. Yəni, qəbul edib mənimsəməlidir. Müsəlmanların məxəz və mədəni məlumdur.


Quran: Müəyyən bir əqidəyə malik olan insan həqiqətən varlı hesab olunur. (batil əqidələr istisnadır).


Əqidəmiz yoxdusa, kasıbçılıqdır demək; 
Əqlə faydası yoxsa, nəyə lazımdır yemək? 
Ruhun qidasın kəsib, cismə verib uzatsan, 
Sevinmə ki, ağ ikən boş bir tabaq tapmısan! 
Varlı, zəngin olmağa meylli olan insanlar həmişə bu yolla xoşbəxt olmağa çalışır. Təbiidir.

Bəs görək biz varlı olmağı necə başa düşürük? Sözsüz ki, batini və zahiri zəngin olan insan varlıdır. Onun nəyi vardır? Onun vicdanı cisminə hakimdir. Onun vəhdəti vardır. Ən böyük bir xəzinə! Öz mənliyində vəhdət yaratmışdır. "Vəhdət” xəzinəsinə malik olan hər kəs-xoşbəxt olmağa çox yaxındır. Əgər ömrünün axırına qədər bu xəzinədən istifadə etsə, xilas olmuşdur, yox əgər sui-istifadə etsə, öz xoşbəxtliyini əldən vermiş olacaqdır.


Beləliklə, cismini hərəkətə gətirən nəfsinin və mənəviyyatını tənzimləyən-ruhunun iplərini öz əlində cilovlamağı bacaran müstəqil bir şəxs artıq azadlığını əldə edə bilmişdir. Yəni o, elmlərin başı olan "özünüidarə” elmini mənimsəmişdir. Belə bir şəxsiyyət təbii ki, varlıdır, zəngindir. Fitrətinə uyğun olaraq insanın inkişaf edib böyüməyə meylli olan və bunun üçun da qidalanmağa möhtac olan həm cism, həm də ruhu müəyyən mərhələlərdən keçərək "ölüm”ə qədər yol gələ bilir.


Son mənzildə icarəyə götürdüyü bədənini və kirayədə qaldığı Dünya evini tərk etməli olur. Forma və məzmunun vəhdəti isə əbədidir. Əbədiyyəti qazanmaq istəyən xoşbəxt insan ilkin mərhələdə həmin "özünüidarə” keyfiyyətini əldə etməlidir. Sonrakı vəhdət mərhələlərinə qədəm qoyaraq özünü ictimaiyyətdə zahir etməlidir. Yəni şəxsi çərçivədən irəliyə addım ataraq ictimailəşməyə haqq qazanır. (ailə, iş və s.)


Mən nə qədər özüməm?

Bilərəmsə, əziməm!

ihq/az


Category: Cəmiyyət | Added by: Ənfal
Views: 707 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]