Bazar günü, 2024-12-22, 8:04 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 29 » XRİSTİANLARIN İSLAM ƏLEYHİNƏ TƏBLİĞATI
8:50 PM
XRİSTİANLARIN İSLAM ƏLEYHİNƏ TƏBLİĞATI
XRİSTİANLARIN İSLAM ƏLEYHİNƏ TƏBLİĞATI
Kilsə xadimləri İslam dininin mənəvi nüfuzundan bərk qorxur və son dərəcə narahatlıq hissi keçirirlər. Onlar İslam dünyasının heysiyyətini ləkələmək üçün onun əleyhinə təbliğat aparırlar. Vaxtaşırı olaraq bu dinə iftira yaxır, müxtəlif üsullarla həqiqət günəşinin üzünə pərdə çəkməyə çalışırlar. Onlar dünya xalqlarının İslam dininin həqiqət və gerçəkliklərindən xəbərsiz qalmaları üçün əllərindən gələni əsirgəmirlər.
Almaniya televiziyası ilə Yəməndəki vəziyyət, oradakı məscid və müsəlmanların ibadətləri haqda verilişlər göstərilirdi. Verilişin aparıcısı ilk növbədə həmin ölkənin gerilik və problemləri, xalqın üzləşdiyi məhrumiyyətlər barədə danışırdı. Daha sonra isə İslama qarşı hücuma keçib söhbətini belə davam etdirdi: «İslam bu millətin tərəqqi və inkişafı yolunda çoxlu çətinliklər yaratmış, onu 200 il geriyə atmışdır. Bu ölkədəki gerilik və çatışmazlıq İslami proqramların nəticə və simvoludur. Bu xalqların beynəlxalq inteqrasiya və inqilabi dəyişikliklərdən məhrum olmasının səbəbi İslam dininin göstərişləri və onların dini etiqadlarıdır».
Diqqət edin, bu zəhərli sözlər və hiyləgərcəsinə aparılan təbliğat müsəlmanların əqidəsi ilə yaxından tanış olmayan avropalıların təsəvvüründə necə əks olunacaq və onların İslam barəsində məlumat və mühakimələri hansı şəkildə formalaşacaq?! Məgər bütün bunlar ayrı-ayrı xalqlara və bəşəriyyətə qarşı xəyanət deyilmi?!
Əlbəttə, bu kimi təbliğata belə cavab verilməlidir: Əgər Yəmən əhalisinin maddi gerilik və çatışmazlıqlarının səbəbi onların İslam dininə etiqadlı olmalarıdırsa, bəs nə üçün Papanın yaşadığı İtaliyanın cənub bölgələri iqtisadi gerilik və böhran içindədir? Bəs nəyə görə oradakı insanlar müasir svilizasiyadan geri qalaraq, yoxsul vəziyyətdə yaşayırlar? Hətta ibtidai tələbatlarını təmin etməkdən ötrü qonşu ölkələrə mühacirət edirlər. Yaxud, nəyə görə qeyri-müsəlman və Avropa ölkəsi sayılan Yunanıstan İslam ölkələrinin çoxundan geridə qalır? Halbuki, yunanlar hələ xristianlıqdan çox-çox qabaq dünyanın mütərəqqi xalqlarından sayılırdılar. Amma xristianlığı qəbul etdikdən sonra inkişafdan geri qalmış, hətta osmanlıların müstəmləkəsinə çevrilmişlər. Nə üçün Asiyadakı bəzi qeyri-müsəlman ölkələri İslam ölkələrindən aşağı səviyyədə yaşayırlar?
Halbuki, Bosniya kimi bəzi ölkələrdəki müsəlmanlar katolik və ortodoks xristianlardan daha yaxşı yaşayırlar. Çindəki müsəlmanlar isə buddistlərdən üstün mövqeyə malikdirlər. Sinqapur adalarında yaşayan ərəblər maddi cəhətdən oradakı sakinlərdən, hətta ingilislərin özündən də irəlidədirlər. Kimsəyə gizli deyildir ki, Qərb ölkələrinin kütləvi informasiya vasitələri İslam barəsində olan məlumatları əksinə işıqlandırır və xalqa əsassız mətləbləri çatdırırlar. Bu təbliğatların təsiri altında yaşayan xalqlar, adətən İslamın ən ibtidai üsullarından xəbərsiz olurlar. Qeyd etdiyimiz kimi, bu cür tədbirlər kilsə və onlarla əlaqədar olan təşkilatlar tərəfindən həyata keçirilir.
Böyük mütəfəkkir və yazıçı Məhəmməd Qütb deyir: «BMT-nin Misirdəki nümayəndələrindən biri ilə İslami dəyər və proqramlar haqqında bir neçə saat söhbət etdim. Bu qərb ziyalısı axırda belə dedi: Görürəm ki, İslam dini barəsində mənə məlum olmayan həqiqətləri deyirsiniz. Amma, mən müasir texnologiyanın bəxş etdiyi faydalardan məhrum olmaq istəmirəm. Çünki, təyyarələrlə səfər etmək istəyirəm... Təəcüblə ondan soruşdum: Səni müasir texnologiyanın bəhrələrindən məhrum edən nədir? Cavabında dedi: Məgər sizin İslam dini insanlardan çadırlarda yaşamağı və köçəri həyat tərzi sürməyi tələb etmirmi?»
Almaniyada qaldığım mehmanxananın sahibi Fransa və İngiltərədə ali doktorluq təhsili almışdı, ərəb dilində danışmağı da bacarırdı. O deyirdi: «Mən Allahın təkliyinə tamamilə inanıram. Amma, dinlərin tanıtdırdığı, ona ibadət və pərəstiş olunmasını tövsiyə etdikləri Allahı qəbul edə bilmirəm. Bunu, yəni ibadəti məntiqi bir iş hesab etmirəm. Fikir və idrak aydın başa düşür ki, bu dini idiologiyalar bəşər fitrətinin tam əksinə yol göstərirlər.»
O, üzündə qəm-qüssə və kədər hissi aydın sezildiyi bir halda belə deyirdi: «Gərək bəşəriyyətin Allaha pərəstiş haqqındakı indiki fikirlərinin əsasları dəyişdirilsin və xalis tovhidin düzgün başa düşülməsi üçün lazımi islahatlar aparılsın».
Bu şəxs İslamın xalis tovhid dini olmasından və Quran ilə təhrif olunmuş İncil və Tövrat arasındakı fərqlərdən tamamilə xəbərsiz idi. O, təsəvvür etmirdi ki, müqəddəs Quran ilahi vəhyə bağlı bir kitabdır!
Sonra mən İslam dininin əsasları haqqında alman dilinə tərcümə edilmiş bir kitabı ona təqdim etdim ki, oxuyub dinimizi başa düşsün.
Təəssüflər olsun ki, xaricdə yaşayan bəzi həmvətənlərimizin yaramaz hərəkətləri qərblilərdə İslama qarşı mənfi fikirlərin yaranmasına səbəb olur. Haqqında danışdığım həmin mehmanxana sahibi bəzi iranlılardan üzdəniraq hərəkətlər gördüyü üçün, heç bir vəchlə müsəlmanları oraya buraxmaq istəmirdi. Onun tanışlarından birinin vasitəçiliyi nəticəsində mənim orada qalmağıma icazə vermişdi. Orada müvəqqəti qaldığım bir neçə gün ərzində onun mənə qarşı etimadı fövqəladə dərəcədə dəyişdi. O şəxs həmin günlərdə məni müşahidə etmiş, qayda-qanuna zidd olan heç bir iş görmədiyimin şahidi olmuşdu. Hiss edirdim ki, getdikcə onun mənə qarşı rəğbət və ehtiramı artır, hərdən bəzi hədiyyələr verməklə öz səmimi hisslərini izhar edirdi.
Bir müddətdən sonra öz yerimi dəyişməli oldum. O, təzə ünvanımı öyrənib mənə zəng vurur, müntəzəm olaraq əlaqə saxlayırdı. Hər dəfə onun mehmanxanasına iranlılar müraciət etdikdə, əvvəlcə mənimlə danışır və bildirirdi ki, əgər siz bu adamlara zəmanət versəniz, mən onları qəbul edərəm. Qeyd etməliyəm ki, ölkəyə birinci gün gəlmiş adamlar üçün mehmanxanalarda yer almaq çox çətin olduğundan, belə şəxslərə köməklik göstərib zəmanət verməyi özümə borc bilirdim. Bir gün Almaniyaya təzə gəlmiş bir neçə iranlıya yer vermək üçün həmin mehmanxana sahibinə müraciət etdim və o da həmişəki kimi onları qəbul etdi. Amma bir gün sonra mənə zəng edib, çox narahatlıqla bildirdi ki, sizin zəmanət verdiyiniz iranlılar özlərini apara bilmir və nalayiq hərəkətlərə yol verirlər. Mən ondan üzr istədim və bir daha yaxşı tanımadığım həmyerlilərimdən ötrü müraciət etməyəcəyimi bildirdim.
Hal-hazırda mədəni xalqların İslam haqqında olan fikirlərini dəyişmək, onlarda dinimizə qarşı rəğbət hissi yaratmaq üçün gözəl fürsət vardır; dinimizi və müqəddəs ayinlərimizi dünyaya düzgün tanıtdırmaq imkanları çox genişdir. Doğrudur ki, dinin bəşər fitrəti ilə uyğunluğu onun inkişafına səbəb olur. Amma müasir dövrün inkişafı və onun mövcud şəraiti yeni təbliğat üsullarından istifadə etməyi tələb edir. Çox acınacaqlı bir haldır ki, biz hələ də dövri təbliğat üsullarından tam istifadə edə bilmirik. Düzgün təşkil olunmayan proqram və fəaliyyətlər heç də səmərə vermir. Bəzən yaxşı nəticə versə də, çox kiçik miqyasda olur və güclü müxaliflər qarşısında müqavimət göstərə bilmir. Bizim səhvimiz nəhəng informasiya mərkəzlərinə əhəmiyyət verməməyimizdədir. İslamın heyrətamiz təbliğat vasitələrindən düzgün istifadə etməmək bizə çox baha başa gəlir. Ən düzgün və qiymətli dini dəyərlərə malik olduğumuza baxmayaraq, qəribə durğunluq içində qalmışıq. Həmin səbəblər nəticəsində də geniş təbliğat meydanlarını İslama zidd olan din və məzhəblərin ixtiyarına qoymuşuq.

 Müəllif: Seyyid Müctəba Musəvi Lari    

Category: Exlaq | Baxış: 898 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]