Cümə günü, 2024-11-22, 1:33 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyun » 9 » Quranda şər məsələsi
4:42 AM
Quranda şər məsələsi
Quranda şər məsələsi
Qurani-kərimdə bir çox hallarda şər, onun əlamət və nişanələri barədə bəhs edilmişdir. Şər müxtəlif ad və ifadələrlə qeyd olunur: şər, sui-istifadə, fəsad. Bəzi yerlərdə xeyir və şər əvəzinə "səra" və "zəra" istilahları işlənmişdir. Yəni Quran ayələrində şər məsələsi həm birbaşa "şər" məfhumu ilə, həm də şər mənası daşıyan başqa sözlər verilmişdir. Bir çox əməl, iş və
rəftarlar vardır ki, onlar şər cərgəsinə aiddir.
Fələq surəsi, 1-5-ci ayələr:
(Ya Peyğəmbər!) De ki: "Pənah aparıram sübhün Rəbbinə!
Yaratdıqlarının (insan, cin və heyvanların) şərindən;
Zülmətə bürünməkdə olan gecənin (və ya batan Ayın, ziyası sönən ulduzların) şərindən;
(Ovsun oxuyub) düyünlərə üfürən (yaxud cadu edib iplərə düyün vuran) qadınların şərindən;
Bir də paxıllığı tutanda, paxılın şərindən!"
Bu ayələrdə bir neçə qism şərdən bəhs edilmişdir: birincisi – mütləq şər anlamı; ikincisi – gecə qaranlığından doğan şər bəzi hiyləgərlərin öz məkrli işlərini görməsinə imkan verir; üçüncüsü – sehrbazların şəri; dördüncüsü – paxılların şəri vurğulanır və bütün bu şər rəftarlar başqalarına əngəl törədir.
Xilqətdəki bütün şər cəhətlər dünya aləminə xasdır, Allahdan heç vaxt şər gəlməz. Xilqətdə olan şəri Allaha aid etmək olmaz.
Hər bir xilqət nümunəsində şər xüsusiyyətlər ola bilər, bunlar maddi aləmin özündən doğan cəhətlərdir. Başqa ayədə isə vurğulanır ki, xeyir və şər nisbi anlamdır, bəşəri yaxalayan bir çox şeylər mahiyyətcə xeyir ola bilər. Bəzən də bəşərin xeyir kimi təsəvvür etdiyi şeylər şər kimi dəyərləndirilə bilər. Bəşər bu halları bir-birindən ayıra bilmir. Bir çox xeyir və şər cəhətlər bəşərin fərdi baxışından asılıdır.
Bəqərə surəsi, 216-cı ayə:
(Allahın düşmənlərinə qarşı) vuruşmaq (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.
Başqa bir ayəyə görə, xeyir və şər insanı sınamaq üçün iki vasitədir. İnsanlar xeyir və şər kimi təsəvvür etdikləri məsələlər vasitəsilə sınağa çəkilir və yalnız öz nəfsi marağına uyanlar həqiqi xeyiri bilməzlər. Onlar bu sınaqdan keçməsələr öz vücudlarını misdən qızıla çevirə bilməzlər. Bu yöndə aşağıdakı bir ayəyə diqqət yetirək.
Ənbiya surəsi, 35-ci ayə:
Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükr edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi xeyir və şərlə (sağlamlıq, var-dövlət, cah-calal və xəstəlik, yoxsulluq və ehtiyacla) sınağa çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qayıdacaqsınız!
Bir sıra ayələrdə insanın bəzi çətinliklər qarşısında zəifliyi yada salınır və insan bunları şər kimi tanıyır. Adi insan bu sayaq şərə taqət gətirmir və ümidsizliyə düçar olur.
İsra surəsi, 83-84-cü ayələr:
İnsana bir nemət (sağlamlıq, var-dövlət) verdiyimiz zaman (Bizdən üz çevirib) uzaq gəzər. Ona bir pislik üz verdikdə isə məyus gəzər.
De ki: "Hər kəs öz qabiliyyətinə (xislətinə) görə iş görər. Rəbbiniz kimin doğru yolda olduğunu daha yaxşı bilir.
Bəzi ayələr isə xeyir və yaxşı işlərin Allaha mənsub olduğunu bildirir – yəni, yaxşı işlər Allah tərəfindən, pis işlər isə insanın özü tərəfindəndir.
Nisa surəsi, 79-cu ayə:
(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə yetişən hər bir pislik isə özündəndir (öz nəfsindəndir) dir. (Ya Məhəmməd!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər.
Şura surəsi, 30-cu ayə:
Sənə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır.
Bir sıra ayələrdə isə bütün işlər – xeyir və şər Allah tərəfindən sınaq kimi verilir. Yaxşı və pis nə varsa Allah tərəfindəndir. Hidayət və izzət də, zəlillik və yoldan çıxmaq da Allah tərəfindən insanları sınamaq üçündür. Bu sayaq məsələlərdə çoxlu incəliklər var və onların izahı dərin əxlaqi-dini və fəlsəfi açıqlamalara möhtacdır. Bu mənada işlənən iki ayəni verməklə fikrimizi yekunlaşdıra bilərik:
Nisa surəsi, 78-ci ayə:
Harada olursunuz-olun, hətta uca və möhkəm qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Ya Məhəmməd!) Onlara (yəhudilər və münafiqlərə) bir xeyir yetişdikdə: "Bu Allahdandır" – deyərlər, bir pislik üz verdikdə isə: "Bu səndəndir" – söylərlər. Onlara de ki: "Hamısı Allah tərəfindəndir" (əməlinizə görə verilir). Bu camaata nə olub ki, az qala söz də anlamır!
Ali-İmran surəsi, 26-cı ayə:
(Ya Məhəmməd!) De ki: "Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsdən alarsan, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi də alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!
Yaxşılıqlar və pisliklər mahiyyətcə fərqlənir və pisliklər Allaha aid edilməz. Öncə işarə etdiyimiz kimi, pis və şər sifətlər insanların özündəndir. Xeyir işlər isə mahiyyətcə Allahdandır. Şər xeyiri inkar edər, xeyir isə şəri rədd edər. Xeyir və şər zahiri aləmdə və xilqətdə aşkar olur. Allahın substansiyası baxımından Onun bütün mahiyyəti xeyir qaynağıdır.

Category: Diger me'lumatlar | Baxış: 902 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]