Bazar günü, 2024-12-22, 11:15 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Oktyabr » 11 » Nəfsin saflaşdırılması
7:01 AM
Nəfsin saflaşdırılması
 
PEYĞƏMBƏRLƏRİN ƏSAS HƏDƏFİ NƏFSİN SAFLAŞDIRILMASIDIR
 

Peyğəmbərlərin ən böyük və əsas hədəfi insanların nəfslərini aludəliklərdən, rəzil sifətlərdən saflaşdırıb onların ruhuna pərvəriş verməkdir. Allah-təala Qurani-Kərimdə buyurub: “Allah möminlərə minnət qoyaraq onların arasından özlərindən olan bir peyğəmbər seçdi ki, Allahın ayələrini onlara oxusun, onların nəfslərini (aludəliklərdən və rəzil sifətlərdən) saflaşdırsın, onlara kitab və hikmət öyrətsin. Halbuki, əvvəllər onlar azğınlıqda idilər.” (Ali-Imran suresi. aye 164]
Təlim və tərbiyə məsələsi o qədər mühüm bir işdir ki, bu peyğəmbərlərin göndərilməsinin əsas hədəfi olmuş və mütəal Allah da bu barədə Öz bəndələrinə minnət qoymuşdur. İnsanın fərdi və ictimai şəxsiyyəti, dünyadakı və ya axirətdəki səadəti, yaxud, xoşbəxtliyi öz şəxsiyyətini necə formalaşdırmasına bağlıdır. Məhz buna görə də insan üçün nəfsin, ruhun saflaşdırılması onun müqəddəratını həll edən bir məsələ hesab olunur. Peyğəmbərlər məhz buna görə göndərilmişlər ki, nəfsin təmizlənməsi, pərvəriş edilib təkmilləşdirilməsini insanlara öyrətsinlər, bu həyati işdə insanların köməkçisi olub onlara düzgün yol göstərsinlər. Peyğəmbərlər insanların nəfslərini çirkin xüsusiyyətlərdən, heyvani sifətlərdən paklaşdırmaq, onlarda gözəl əxlaqi fəzilətləri və insani keyfiyyətləri gücləndirmək üçün göndərilmişlər. Peyğəmbərlər insanlara nəfsin saflaşdırılması dərsini vermək, üzdəniraq əxlaqı tanıtmaq, nəfsani istəkləri və meylləri cilovlamaq yolunda kömək etmək, onları ilahi əzabdan qorxutmaqla nəfslərini pis işlərdən, çirkinliklərdən təmizləmək üçün göndərilmişlər. Peyğəmbərlər gəlmişlər ki, insani keyfiyyətləri və əxlaqi səciyyələri onların nəfslərində pərvəriş versinlər, çiçəkləndirsinlər, yaxşı işlərə təşviq etməklə, rəğbətləndirməklə onlara köməkçi olsunlar.
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurmuşdur: “Sizi gözəl əxlaqlara tövsiyə edirəm. Allah məni həmin məqsədlə göndərmişdir.” [Biharul-envar,69-cu cild seh 375]
Başqa bir hədisdə buyurur: “Mən gözəl əxlaqı tamamlamaqdan ötrü göndərilmişəm.”[Mestedrekul-vesail. 2-ci cild seh282]
İmam Cəfər Sadiq (ə) buyurur: “Mütəal Allah Öz Peyğəmbərini gözəl xüsusiyyətlər üçün seçdi. Deməli hər kəs özündə gözəl əxlaqın olduğunu görsə, gərək bu böyük nemət üçün Allaha həmd etsin. Hər kəs öz nəfsinin gözəl əxlaqdan məhrum olduğunu görsə, Allah dərgahında yalvarıb raz-niyaz etsin və Ondan gözəl xüsusiyyətlər istəsin.” [Mestedrekul-vesail. 2-ci cild seh283]
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurub: “Əgər behiştə ümidvar olmamağımızı və cəhənnəm odundan qorxmamağımızı, savaba və əzaba əqidəli olmadığımızı fərz etsəydik belə, yenə də gözəl əxlaqın axtarışında olmağımız təqdirəlayiq bir iş olardı. Çünki gözəl əxlaq qələbə və səadət yoludur.” [Mestedrekul-vesail. 3-ci cild seh 383]
İmam Məhəmməd Baqir (ə) buyurub: “Möminlərin iman cəhətindən ən kamili o kəsdir ki, onun əxlaqı gözəl olsun.” [Kafi 2-ci cild. seh 99]
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurmuşdur: “Qiyamətdə əməl dəftərinə gözəl əxlaqdan da fəzilətli bir şey qoyulmaz.” [Kafi 2-ci cild. seh 99]
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) başqa bir hədisdə buyurur: “Mənim ümmətimin behiştə daxil olmasına ən çox səbəb olacaq şey ilahi təqva və gözəl əxlaqdır.” [Kafi 2-ci cild. seh 100]
Bir nəfər Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) yanına gəlib dedi: “Ey Allahın Rəsulu, din nədir?” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurdu: “Gözəl əxlaq.” O kişi gedib Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) sağ tərəfindən qayıtdı və soruşdu: “Din nədir?” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurdu: “Gözəl əxlaq.” Yenidən gedib onun sol tərəfində durdu və dedi: “Din nədir?” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurdu: “Gözəl əxlaq.” Sonra onun arxasında dayanıb soruşdu: “Din nədir?” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) ona baxıb buyurdu: “Başa düşmürsənmi? Din bundan ibarətdir ki, qəzəblənməyəsən.”[Meheccetul-beyza. 5-ci cild. seh 89]
İslam dini gözəl əxlaq məsələlərinə xüsusi diqqət yetirmişdir; buna görə də Quranda əxlaqa aid olan ayələr əhkama aid olan ayələrdən qat-qat çoxdur. Hətta Quran hekayələrində də əxlaq əsas məqsəd olaraq nəzərdə tutulur. Hədis kitablarında minlərlə əxlaqi hədis gözə dəyir ki, sair mövzulardan çox olmasa da az deyildir. Gözəl əxlaq üçün nəzərdə tutulan müjdə və savablar sair əməllər üçün nəzərdə tutulan savablardan heç də az deyildir. Eləcə də çirkin əxlaq barəsində nəzərdə tutulan cəzalar və təhdidlər sair əməllər barəsində edilən təhdidlərdən az deyildir. Deməli, əxlaq məsələsi islamın əsasını təşkil edir və onu dinin ikinci dərəcəli hökmlərindən, sadəcə olaraq, gözəllik və zinətlənmə vasitəsi hesab etmək olmaz. Dini hökmlərdə olduğu kimi, əxlaqda da əmrlər və qadağalar vardır. Din hökmlərində bir əmələ təşviq etmə, savab, yaxud qorxutma və cəza vədəsi vardırsa, əxlaq məsələlərində də eynilə bu cürdür. Bunların nə kimi fərqi ola bilər?! Deməli biz kamal və səadət axtarırıqsa, əxlaqi məsələlərə qarşı etinasız olmamalıyıq. Əxlaqi vacib əməlləri sadəcə olaraq əxlaqi cəhətdən vacib olduqlarına görə tərk eməməli, əxlaqi cəhətdən qadağan olunanların da sadəcə olaraq əxlaq cəhətindən haram olduğunu bəhanə edərək yerinə yetirməməliyik.
Namazın vacib, onun tərk edilməsinin isə haram olub ağır cəzası olduğu kimi, əhdə vəfa etmək də eynilə vacib, əhdə vəfasız çıxmaq isə haramdır və onun cəzası vardır. Bu kimi işlərin arasında heç bir fərq yoxdur. Həqiqi və xoşbəxt dindar o kəsdir ki, həm dini vəzifə və hökmlər qarşısında vəfadar olsun, həm də əxlaqi məsələlərə diqqət yetirsin. Hətta əxlaqi məsələlərə diqqət yetirilməsi mənəvi-nəfsani kamalda və səadətdə daha artıq əhəmiyyət kəsb edir (bu məsələ sonradan qeyd olunacaqdır).

ÖZÜNÜTANİMA VƏ NƏFSİ SAFLAŞDİRMA

İnsanın yalnız bir həqiqəti var. Lakin o müxtəlif cəhətlərə və yönlərə malikdir. İnsanın vücudu idraksız və şüursuz torpaq maddəsindən başlanır, mələkuti mücərrəd bir cövhərlə sona çatır. Allah-təala Qurani-Kərimdə buyurur: “O Allah ki, hər bir şeyi yaxşı yaratdı, Özü də insanın yaradılışını torpaqdan başladı. Sonra onun nəslini dəyərsiz suyun xülasəsindən (nütfədən) qərar verdi. Sonra onu gözəl və mötədil bir halda bəzədi, Özünün (mücərrəd və Ona mənsub olan dəyərli) ruhundan ona üfürdü, sizin üçün qulaq, göz və qəlb qərar verdi. Yenə də siz Allahı çox az zikr edirsiniz!” [Mo'minun suresi 12-14-cu ayeler]
İnsanın vücud baxımından müxtəlif dərəcə, cəhət və mərtəbələri vardır. O, bir tərəfdən təbii bir cisimdir və onun xassələrinə (təsirlərinə) malikdir. Digər tərəfdən inkişaf etməkdə olan cism olub onun xassələrini daşıyır. Həm də (canlı) olub canlıların xassələrinə malikdir və nəhayət o, bir insandır və onun da heyvanlarda mövcud olmayan müəyyən əlamət və xassələri vardır.
Deməli, insan bir həqiqətdən ibarətdir. Lakin onun vücud baxımından müxtəlif dərəcə və mərtəbələri vardır. Belə ki, insan “mənim çəkim və formam”, “mənim yeməyim, inkişafım” dedikdə cismin inkişafda olan mərtəbəsindən xəbər verir. “Mənim hərəkət, şəhvət və qəzəbim” dedikdə öz heyvani mərtəbəsindən xəbər verir. “Mənim əqlim, düşüncəm və təfəkkürüm” dedikdə isə özünün ali-insani mərtəbəsini bəyan edir. Beləliklə, insanın müxtəlif “mən” və “öz” ləri vardır: cismani “öz”, nəbati “öz”, heyvani və insani “öz”. Dəyər və əsalət insani “öz” ə məxsusdur. İnsanı insan edən, onu sair canlılardan üstün edən də məhz onun mələkuti, mücərrəd və Allah tərəfindən verilən ruhudur.
Hikmətli Allah Qurani-Kərimdə insanın yaradılışını belə vəsf edir: “Biz insanı palçığın xülasəsindən yaratdıq, sonra onu nütfə halına salaraq möhkəm bir yerdə (atanın sülbündə və ananın bətnində) qərar verdik. Sonra nütfəni laxtalanmış qan, laxtalanmış qanı çeynənmiş ət halına saldıq. O əti sümüyə döndərdik, sonra həmin sümükləri ətlə örtdük. Daha sonra təzədən (mələkuti, mücərrəd ruh verməklə) digər bir xilqət inşa etdik. Yaradanların ən üstünü olan Allahın kamil qüdrətinə afərin!” [Mo'minun suresi 12-14-cu ayeler]
Məhz insanın yaradılışı barəsində Allah-təala buyurur: “Təbarəkəllahu əhsənul-xaliqin.” Məhz bu mələkuti ruh səbəbi ilə insan elə bir yüksək məqama çatır ki, Allah mələklərə ona səcdə etmək əmrini verib buyurur: “Adəmi yaradıb (Özümə mənsub olan) ruhdan ona üfürdükdə, siz ona tərəf səcdə edin!” [Hicr suresi aye 29]
İnsan Allah tərəfindən ehtirama layiq görülür və onun barəsində “Biz Adəm övladlarını əzizlədik, onları quruluqların və dəryaların miniyinə mindirdik, hər bir ləzzətli və pakizə yeməklərdən onlara ruzi verdik və onu məxluqatın çoxundan üstün etdik.” [Isra suresi aye 70] Bu yüksək məqam da məhz onun mələkuti ruhuna görədir.
Deməli, insan öz nəfsini saflaşdırmaq və həqiqi insan olmaq istəyirsə, onda heyvani və cismani “öz” ünü yox, insani “öz” ünü pərvəriş etməlidir. Peyğəmbərlərin hədəfi də bu olmuşdur ki, insana onun insani yönünün qurulmasında və inkişaf etdirilməsində kömək etsin. Peyğəmbərlər insanlara buyurmuşlar ki, özünüzün insani “özünü” unutmayın, əgər insani özlüyünüzü heyvani istəklərinizə qurban versəniz, sizə çox böyük bir ziyan üz verəcəkdir.
Quranda buyurulur: “Ey Peyğəmbər, onlara de: “Ziyankar o kəslərdir ki, nəfslərini (insani nəfslərini) və öz əhli-əyalını qiyamətdə əldən vermiş olsunlar və aşkar ziyankarlıq da məhz budur.”” [Zumer suresi aye 15]
Heyvani həyatdan başqa bir şey düşünməyənlər həqiqətdə öz insani şəxsiyyətlərini itirmişlər və onu axtarmaq fikrində deyillər.
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurub: “O kəsə təəccüb edirəm ki, itirdiyi şeyi axtarmaq üçün çalışır, halbuki özünün (insani) nəfsini itirmişdir və onu axtarmaq fikrində deyildir.” [Curehul-hikem seh 495]
Bundan da pis və dərdli ziyan ola bilməz ki, insan dünyada özünün həqiqi və insani şəxsiyyətini uduzub əldən versin. Belə şəxslər üçün heyvanlıqdan başqa bir şey qalmayacaqdır.

İNSANİ RUH VƏ HEYVANİ NƏFS

İnsan nəfsi barəsində nazil olan ayələr və nəql olunan rəvayətlər iki qismə bölünür. Bunlardan bir qismi nəfsi çox dəyərli, mələkuti, şərafətli və mücərrəd aləmdən gələn, bütün insani dəyər və səciyyələrdən də fəzilətli olan bir gövhər kimi vəsf edir. Bu növ ayə və rəvayətlərdə insana onun qorunub saxlanmasında, qüvvətləndirilib pərvəriş verilməsində ciddi cəhdlə çalışması, belə bir dəyərli gövhərin əldən verilməsi nəticəsində ziyan görülməməsi üçün səy göstərməsi tövsiyə olunur. Misal üçün Quranda buyurulur: “Ey Məhəmməd! Səndən ruhun həqiqəti barəsində soruşurlar. Cavabında de: “Ruh mənim Pərvərdigarımın əmrindəndir (Onun əmri ilə yaradılmışdır) və sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir.” [Isra suresi aye 85]
Bu aləmdə ruh əmr (təcərrüd) aləmindən – maddi aləmin fövqündə dayanan bir aləmdən gələn varlıq ünvanı ilə vəsf edilir.
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) nəfs barəsində buyurur: “Nəfs çox bir qiymətli gövhərdir, hər kəs onu qoruyub saxlasa onu çox yüksək məqama çatdırar, hər kəs onu saxlamaqda səhlənkarlıq etsə, onu alçaqlığa çəkəcəkdir.” [Curehul-hikem seh. 226]
Başqa bir hədisdə buyurur: “Hər kəs öz nəfsinin qədir-qiymətini dərk etsə, onu fani və ötəri işlər görməklə alçaqlığa çəkməz.”[Curehul-hikem seh. 669]
Başqa bir hədisdə isə belə buyurur: “Hər kəs öz nəfsinin şərafətini anlasa, onu şəhvətlərin və batil arzuların alçaqlığından qoruyar.” [Curehul-hikem seh. 710]
Yenə buyurur: “Hər kəsin nəfsi şərafətli olsa onun atifələri və insani duyğuları çox olacaqdır.” [Curehul-hikem seh. 638]
Yenə buyurur: “Hər kəsin nəfsi şərafətli olsa, onu (başqalarından bir şey) istəmək zillətindən uzaq saxlayar.” [Curehul-hikem seh. 669]
Bu kimi bir çox ayə və rəvayətlərdən məlum olur ki, insanın nəfsi çox dəyərli və qiymətli bir gövhərdir. Hər bir kəs onun qorunub saxlanmasında və pərvəriş verilməsində çalışmalıdır.
İkinci qismdən olan ayə və rəvayətlərdə nəfs çox şər, insanın düşməni və bütün pisliklərin mənşəyi kimi təqdim edilir və onunla mübarizə aparıb onu məğlub etmək tövsiyə olunur. Əks halda bu insanın bədbəxtliyinə səbəb olacaqdır. Misal üçün, Quranda buyurulur: “Amma hər kəs öz Rəbbinin məqamından qorxsa və nəfsini onun istəklərindən saxlasa behişt onun yeri olacaqdır.[Naziat suresi aye 41]
Quranda Həzrət Yusifin (ə) dilindən belə deyilir: “Mən öz nəfsimə bəraət qazandırmıram. Çünki nəfs həmişə insanı pisliklərə əmr edir. Yalnız Allahın rəhm etdiyi kəslərdən başqa.”[Yusif suresi aye  53]
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurub: “Sənin ən böyük düşmənin iki böyrün arasında yerləşən nəfsindir.”[Biharul-envar 70-ci cild seh 64]
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Nəfs həmişə insanı pisliklərə doğru əmr (sövq) edir. Hər kəs ona arxayın olsa nəfs ona xəyanət edər, hər kəs ona etimad etsə nəfs onu həlak edər, hər kəs ondan razı olsa nəfs onu daxil olunan yerlərin ən pisinə daxil edər.”[Cuharul-hikem seh 226]
Həzrəti Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) başqa bir hədisdə buyurur: “Öz nəfsinə xatircəm olmaq şeytan üçün ən möhkəm fürsətlərindəndir.”[Cuharul-hikem seh 54]
İmam Səccad (ə) belə deyir: “Pərvərdigara! Sənə şikayət edirəm həmişə pisliklərə göstəriş verən, günah və xətalara üz gətirən, günahı sevən, özünü Sənin qəzəbin qarşısında qərar verən və məni günahlara və fəlakət yollarına çəkən nəfsin əlindən!”[Biharul-envar 94-cu cild. seh 143]
Bu kimi ayə və rəvayətlərdən məlum olur ki, nəfs çox pis və şər varlıq və bütün pisliklərin mənşəyidir, onunla mübarizə aparıb məğlub etmək lazımdır.
Bəziləri belə təsəvvür edə bilər ki, yuxarıda qeyd olunan iki dəstə rəvayətlərin arasında ziddiyyət vardır. Yaxud belə fikirləşə bilər ki, insanın iki nəfsi vardır; biri bütün yaxşılıqların mənşəyi olan insani nəfs, digəri isə bütün pisliklərin mənşəyi olan heyvani nəfs. Halbuki, bu iki təsəvvürün hər ikisi səhvdir. Çünki əvvəla, ayə və rəvayətlərin arasında heç bir ziddiyyət yoxdur. İkincisi, isbat olunmuşdur ki, insanın birdən artıq həqiqəti yoxdur. Onun yalnız bir nəfsi vardır. Onun insani və heyvani yönlərinin bir-birindən ayrı olması da düzgün deyildir. Lakin insanın nəfsi iki vücudi yönə və mərtəbəyə malikdir. Aşağı mərtəbədə bütün heyvani sifətlərə malik olan bir heyvandır, yüksək mərtəbədə isə ona ilahi ruh üfürüldüyü və mələkut aləmindən gəlmiş olan bir insandır. Nəfsin şərafətli və dəyərli olmasını göstərən, bütün yaxşılıqların mənşəyi hesab edən və onun pərvəriş edilməsinə tövsiyə edən hədislərdə onun yüksək mərtəbəsinə işarə edilir. Amma “nəfs sənin düşmənindir, ona etimad edərsənsə o səni həlak edər, onunla cihad və mübarizə aparmaq lazımdır” - deyə buyurulan hədislər isə onun alçaq mərtəbəsinə, yəni heyvani mərtəbəsinə işarədir. Əgər “öz nəfsini gücləndir və ona pərvəriş ver” deyə buyurulursa məqsəd insani mərtəbəsidir. Amma əgər “onunla mübarizə aparıb məğlub et” deyilirsə, onun heyvani və alçaq mərtəbəsi nəzərdə tutulur.
Bu iki “öz”, yaxud iki vücudi mərtəbə arasında daim çəkişmə mövcuddur. Heyvani “öz” insanı həmişə öz meyl və istəklərini təmin etməyə sövq edir, Allah dərgahına yüksəlib təkamül və tərəqqiyə nail olmaq yollarını insani nəfsin üzünə bağlayır və onu öz ixtiyarına keçirir. Bunun əksinə olaraq insani “öz”, yaxud insan vücudunun ali mərtəbəsi həmişə ali-insani kamal mərhələlərini qət etməyə və ilahi dərgaha yaxınlaşmağa çalışır. Bu məqama nail olmaq üçün insan özünün heyvani qərizələri və meyllərini nəzarət altına alıb cilovlamalı, onları öz ixtiyarına keçirtməlidir ki, bu mübarizə səhnəsində bu ikisindən hansı birinin digərinə qələbə çalacağını görsün. Əgər insani və mələkuti “öz” qələbə çalsa insani dəyərlər çiçəklənir, insanı yüksək dəyərli ilahi dərgaha doğru seyr etdirir. Amma əgər heyvani “öz” qələbə çalarsa insan əqlinin çırağı sönür və onu azğınlıq vadisinə sürükləyir. Peyğəmbərlər də gəlmişlər ki, belə bir müqəddəs və müqəddəratı həll edən mübarizədə insanlara kömək etsinlər.
 Ayətullah İbrahim Əmini
Category: Exlaq | Baxış: 1509 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]