Şənbə günü, 2024-04-20, 11:27 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Xurafat » Xurafat, bidət, adət-ənənə

Xurafat
2013-02-06, 6:49 PM


NƏHS GƏTİRMƏK

(Təfəül) İşi xeyrə yozmaq (onun baş tutacağı qənaətinə gəlmək) və ya (təyyür) nəhs gətirmək haqqında bir neçə nöqtəyə işarə edirik:
Nəhs və yaxşıya yozmaq, təqribən həmişə müxtəlif cəmiyyətlər arasında olmuşdur. Bunlar təbii təsirə malik olmasalar da, onların psixoloji təsirləri inkaredilməz həqiqətdir. İmam Sadiq (ə) buyurub: «Nəhs gətirməyin təsiri, onu qəbul etdiyin miqdardadır. Əgər onu yüngül saysan, təsiri yüngül olacaq. Ağır saysan, ağır olacaq. Ona etina etməsən, heç bir təsiri olmayacaq.»

الطیرة علی ما تجعلها ان هونتها تهونت و ان شدد تها تشددت و ان لم تجعلها شیئا لم تکن شیئا

Bu məsələ çox təəccüblü və heyrətamizdir.
İslami rəvayətlərdə nəhs gətirməklə mübarizə və ona etina etməmək yolu göstərilir. Peyğəmbər (s) buyurub:

اذا تطیرت فا مض

«Hər vaxt nəhs gətirsən, işini yerinə yetir (ona etina etmə).»

NƏHS GƏTİRMƏK KÜFR VƏ ŞİRK KİMİ

Nəhs gətirmək, Quranın
müxtəlif ayələrində və Əhli-beytin (ə) rəvayətlərində şiddətlə nəhy olub, hətta bəzi rəvayətlərdə nəhs gətirməyin şirk və küfr həddində olduğu göstərilmişdir.
Peyğəmbərdən (s) buyurub:

من رد ته الطیرة عن حاجته فقد اشرک

«Kimin nəhs onu işindən saxlasa, şirk etmişdir»

من خرج یرید سفرا فرجع من طیر فقد کفر بما انزل علی محمد

«Səfərə getmək üçün evindən xaric olan şəxs nəhs gətirməyə görə qayıtsa, Məhəmmədə nazil olana küfr etmişdir.»

کفارة الطیرة توکل
«Nəhs gətirmənin kəffarəsi, Allaha təvəkkül və Ona etimad etməkdir.»
Bəzi adamlar qarğanın uçmağını, asqırmağı, bayquş görməyi, bəzilərinin ayağını düşərsiz sayır və nəhs əlamət kimi qəbul edirlər. Qərblilərin arasında nərdivanın altından keçmək, duzqabının düşməsi, bıçağı hədiyyə vermək şiddətli nəhs əlamət sayılır ki, bunların da hamısı xurafatdır.

PEYĞƏMBƏRİN (S) İKİ XEYİR YOZMASI

Nəhsə yozmanın əksinə olaraq, xeyrə yozmaq, İslam rəvayətlərində nəhy olmamışdır. Həzrət Əlidən (ə) nəql olunan bir hədisdə buna tövsiyə olunur:

تفأل با لخیر تنجح

«Xeyrə yoz, arzuna çat»
Bizim məsum rəhbərlərimiz bəzən əməli olaraq bunu təbliğ edib, bizə göstərmişlər. Məsələn, Hudəybiyyə vadisində müsəlmanların Məkkə kafirləri ilə qarşıdurması barədə oxuyuruq: «Sühəyl ibn Ömər kafirlərin nümayəndəsi olaraq Peyğəmbərin (s) yanına gəldi. Həzrət onun adını bildikdən sonra buyurdu:

قد سهل علیکم امرکم

«Mən «Sühəyl» adından işi xeyrə yozuram ki, işiniz asan olacaq.»
(Ərəb dilində «Sühəyl» kəlməsinin kökü «səhl» kəlməsidir ki, bunun da mənası «asan» deməkdir.)
Peyğəmbər (s) Pərviz Xosrova, onu İslama dəvət etmək üçün məktub göndərdi. O, məktubu cırdı və cavab olaraq Rəsulallaha (s) bir ovuc torpaq göndərdi. Həzrət bunu yaxşı mənaya yozub buyurdu: «Tezliklə, möminlər oranın torpağını ələ keçirəcəklər.»
Qədim dövrdə insanların belə bir əqidəsi var idi: insanların bir-birlərinə ünvanladıqları məkubları çatdırmaq vəzifəsi olan «Buduvvuh» adında bir mələk var. Onlar məktubların yuxarı tərəfində «Ya Budduvuh» yazardılar ki, indi də bəziləri onun yerinə, əbcəd hesabına uyğun olaraq, o kəlmənin sayını (2468) yazırlar. Bunu, məktubun ünvana çatması üçün yaxşı bir iş sayırlar. Budduvuh kəlməsi, əbcəd hesabına görə aşağıdakı şəkildə hesablanır: 2 = ب, = د 4, 6 = و, ح = 8. Bunların yan-yana düzülüşü 2468 raqamini əmələ gətirir. Əlbəttə, təhqiqat aparıldıqdan sonra «Budduvuh» adında mələk, hədis kitablarında tapılmadı.

NƏHS GÜNLƏR

Görəsən, bəzi günlərin nəhs olmasının həqiqəti varmı?
Böyük təfsirçi, filosof Əllamə Təbatəbai (r) deyir: «Etimadlı rəvayətlərə görə, həzrət Seyidüş-şühədanın (ə) və ya Peyğəmbərin (s) şəhadəti günü nəhs,
Əimməyi-ətharın (ə) doğum günlərin isə səadətli günlər hesab olunub. Bunun isə şəriətə bağlılığı vardır. Amma o günün aydınlığı ilə (iki) gecənin qaranlığı arasında (nəhslik) uğursuzluq yoxdur.»
Ustad Əllamə başqa bir yerdə deyir: «Əqli cəhətdən filan günün, filan vaxtın nəhs və ya səadətli olduğu sübut edən dəlil yoxdur. Necə ki, günlərin nəhs və uğurlu olmasını inkar edən dəlil də yoxdur. Onda, həqiqətinin olması qeyri-mümkündür. Amma qeyri-mümkün olması, onun mahal olması demək deyil. Lakin şəriət baxımından Quranda günlərin nəhs və xoşbəxt olması xatırlanmışdır...»
Belə nəticə alırıq ki, gün, öz-özlüyündə nəhs və səadətli deyil, hadisələr, təsadüflər və biz insanların əməlləri bu mövzunun əsl amilidir. Allah-Təala Quranın iki yerində günahkar tayfaya əzabın nazil olduğu (yovmü-nəhs) günü, nəhs gün olaraq xatırladıb.

ÇƏRŞƏNBƏ GÜNÜNÜN NƏHS OLMASINI İNKAR EDƏN İKİ RƏVAYƏT

Deməli, özümüzün yaratdığı nəhslik, məsələn, bu gün çərşənbə olduğu üçün çölə çıxmamaq, filan gün filan hadisə baş verdiyinə görə o günü nəhs bilmək... və s. bu kimi məsələlər xurafat sayılır. və Əiməyi-əthar (ə) da məhz bunlarla mübarizə aparmışdır.
Məhəmməd ibn Əhməd Dəqqaq deyir: «İmam Hadiyə (ə) məktub yazıb, ondan ayın axır çərşənbə günü səfər etmək haqqında soruşdum. Həzrət, cavabında yazdı:

من خرج یوم الربعاء لا تدور خلافا علی أهل الطیرة وقی من کل آقة، و عوفی من کل عا هة، و قضی الله له حاجته

«Kim nəhsə etiqadlı olanların əksinə olaraq, ayın axırıncı çərşənbəsi səfərə getsə, bəlalardan amanda qalar, xəstəlik və təhlükələrdən (qurtulub) salamat olar və Allah onun istəyini yerinə yetirər.»
O şəxs, başqa bir məktub da yazıb, ayın axırıncı çərşənbəsində həcamət etmək barəsində soruşdu. Həzrət, cavab yazdı: «Kim nəhsə etiqadlı olanların əksinə olaraq, ayın axırıncı çərşənbəsində həcamət etsə, bütün təhlükə, bəla, xəstəliklərdən amanda qalar...
»

VBƏZİ GÜNLƏRİN NƏHS OLMASI BARƏDƏ HƏDİSLƏR
Bəzi rəvayətlərdə, bəzi günlərin nəhs olması barəsində deyilən sözlərin şahidi oluruq. Belə günlərdə səfərə getmək, həcamət etmək və başqa işlərdən çəkindirilib. Məsələn, ayın axırıncı çərşənbəsi səfərə getmək, qarğanın sağ tərəfə uçması, itin quyruğunu tərpətməsi, bayquşun səsi, canavarın ulaması
və s. səfərə getmək və başqa işlər üçün nəhs sayılmışdır. Sayı heç də az olmayan belə rəvayətlər oduğu halda nə edək?
Bu sualın cavabında bir neçə nöqtəyə işarə edirik:
1. Bu rəvayətlərin əksəriyyətinin əksinə olan çoxlu rəvayətlər vardır. («Vəsailuş-şiə» kitabında nəql olunan hədis, belə hədislərdəndir.)
2. Əllamə Təbatəbai deyir: «Hədis mənbələrində həddən ziyadə çox olan bu hədislərin əksəriyyəti,
3. zəif, mürsəl və mərfu növündəndir. Hərçənd ki, onların arasında sənəd baxımından etibarsız sayılmayan hədislər də vardır.»
4.
5. Ustad Əllamə deyir: «Rəvayətlərdə dini aspektdən ayın həftə və günləri, bu günlərdə baş verən xoşagəlməz, acı hadisələrə görə nəhs sayılmışdır. Məsələn, Peyğəmbərin (s) vəfatı, imam Hüseynin (ə) şəhadəti, həzrət İbrahimin (ə) oda atılması, filan ümmətə əzabın nazil olması, odun yaradılması və s.»
6. Yenə də Əllamə Təbatəbai deyir: «Bəzi alimlər, bəzi günlərin nəhsliyini həqiqət sayır, o günlərə təqiyyə ilə yanaşırlar. Bunun belə olacağı da qeyri-mümkün sayılmaz. Çünki məkanları, zamanları, vəziyyətləri və halları nəhs və ya uğurlu qəbul etmək əhli-sünnətin (ammə) xüsusiyyətlərindəndir. Belə etiqadların çox miqdarı qədimdən indiyədək müxtəlif tayfa və millətlərin arasında olub, indi də vardır.»
7. Ustad Şəhid Mütəhhəri deyir: «Təəssüflər olsun ki, bəzi böyük alimlərimiz günlərə aid bəzi yazılar yazmışlar. Bu yazıları nəzərdən keçirib gördük ki, onlar da, öz fikirlərincə, camaatı münəccimlərdən döndəriblər; quyudan çıxarıb çalaya salıblar, bəzi sənədiz sözlər nəql ediblər. Amma bizim bu barədə çox mötəbər olan məlumatlarımızda: «Belə sözlərin arxasınca heç vaxt getməyin!»-deyilib.
Ulduzların vəziyyəti nəyə dəlalət edir?! Filan şeyin ehtimalı var və ya yoxdur! Bunlar İslamda yoxdur və dinimizin ziddinədir! Mötəbər hədislərimizin mətnində belə sözlər yoxdur!»

GÜNLƏRİN NƏHS VƏ YA UĞURLU OLMASI ƏHLİ-BEYT NƏZƏRİNDƏ

Ustad şəhid Mütəhhəri deyir: «... Gəlin Peyğəmbərin (s) davranışına əvvəldən axıradək baxaq! Şiə və sünnilərin yazdığı bütün kitablara baxaq, sünni və şiələrin Rəsulallah (s) haqqında yazdıqları tarixi kitabları mütaliə edək! Peyğəmbərin (s) öz həyat yolunda istifadə etdiyi məsələlər içərisində günlərin nəhs və ya uğurlu olması mövzusunu görəcəyikmi?!
Məsələn, O, deyibmi ki, bu gün bazar ertəsi günü olduğu üçün səfərə getmək yaxşı deyil; yaxud bu gün novruz bayramının 13-cü günüdür. Kim gəzməyə getməzsə, boynu sınacaq, həm də bir yerdən deyil, 13 yerdən?!
Belə xurafatmı olar?! Əlinin (ə) həyatında necə?! İmamların (ə) həyatında necə?! Biz heç vaxt Peyğəmbər (s) və İmamların (ə) həyatlarında, bir zərrə də olsun, bu sözlərdən əməli olaraq istifadə etdiklərini görmürük! Bunun tamamilə əksini görürük...
Əhli-beytdən (ə) bizə çatmış rəvayətlərin toplusundan belə bir qənaətə gəlmək olar: bu məsələlər, ya mütləq olaraq təsirsizdir, ya da təsiri olsa belə, Allaha təvəkkül, Peyğəmbər (s) və Əhli-beytə (ə) təvəssül etmək onu aradan qaldırır. Buna görə də, həqiqi müsəlman və şiə, əməli olaraq bunlara etina etmir. Səfərə getmək istədikdə sədəqə verib, Allaha təvəkkül və övliyalarına təvəssül edərək, bunlardan heç birinə əhəmiyyət vermir.
Ən əhəmiyyətlisi də tarıxdə Peyğəmbər (s) və İmamların (ə) bu məsələlərə əməl etmələri barədə heç bir mətn yer almamışdır!»

Camaat arasında olan xurafat və İnsanların xurafat saydıqları həqiqətlər
Category: Xurafat, bidət, adət-ənənə | Added by: Ənfal
Views: 960 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]