Cümə axşamı, 2024-04-25, 12:46 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Zəqqum ağacı
2013-08-04, 4:36 AM

Zəqqum ağacı

Saffat surəsinin 62-ci ayəsində behişt nemətlərindən danışılandan sonra zəqqum ağacı haqqında söz açılır: "(Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (Cənnət) yaxşıdır, yoxsa (Cəhənnəmdəki pis qorxulu, meyvəsi zəhər kimi acı) zəqqum ağacı?”

Qurani-kərimin 23-cü cüzü Yasin surəsinin 28-ci ayəsindən başlayır, Zumər surəsinin 31-ci ayəsi ilə başa çatır. Bu cüzdə ilahi ruhiyyəni yüksəldən təlimlər kifayət qədərdir. Hazırkı yazıda həmin nöqtələrdən bəzilərini nəzərdən keçirəcəyik. İmkansızlara kömək, ehtiyaclılara infaq mövzusunda elmi əsası olmayan bir yanaşma da var. Bu yanaşma təkəbbürlü, eqaist, xəsis adamlarda müşahidə edilir. Onlara deyiləndə ki, sizə verilən nemətlərdən infaq edin, cavabları bu olur ki, Allah istəsəydi özü bu insanları doyurardı…

Bu yanaşmadan belə görünür ki, bir insan yoxsuldursa, Allah onun yoxsul qalmasını istəyir, bir insan varlıdırsa, Allah onu varlı edir. Birincilər günahına görə cəzalandırılır, ikincilər xeyir əməlinə görə mükafat alır. Bu kökündən yanlış yanaşmadır.

Dünya həyatı sınaq, imtahan meydanıdır. Allah kimini yoxsulluq, kimini sərvətlə sınayır. Bir insan sınağa çəkilir ki, yoxsulluq zamanı şükr edir, yoxsa yox? Fəcr surəsinin 15, 16-cı ayələrində oxuyuruq: "İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: "Rəbbim mənə ehtiram göstərdi!” – deyər; Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: "Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər.”

Əgər yoxsulluq və varlılıqda hikmət olmasaydı, Allah müxtəlif ayələrdə infaq göstərişi verməzdi. Bəqərə surəsinin 254-cü ayəsində buyurulur: "Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün (qiyamət günü) gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər (bunu inkar edənlər) isə (özlərinə) zülm edənlərdir!” Əksinə, Allah yolunda infaqdan çəkinənlər hədələnir, onlara əzab vəd olunur. Tövbə surəsinin 34-cü ayəsində oxuyuruq: "Ey iman gətirənlər! (Yəhudi) Alimlərindən və (xaçpərəst) rahiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!” Qurani-Kərimdə Allahla bəndələr arasında bir əhddən danışılır. Məsələn, Bəqərə surəsinin 40-cı ayəsində buyurulur: "Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, (Tövratda axirüzzəman peyğəmbər barəsindəki) buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə (sizi Cənnətə varid etmək barəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!” Bəs bu hansı əhddir? Bu sualın cavabını Yasin surəsinin 60, 61-ci ayələrində tapmaq olar: "Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir; Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!” Ayələrdə öncə şeytanın ibadətdən boyun qaçırması, sonra Allaha ibadət yer alır.

Dünya həyatı sınaq meydanıdır. Bu meydanda insan müxtəlif şəkillərdə sınağa çəkilə bilər. Bəzən bir insan həm yoxsulluq, həm də sərvətlə sınağa çəkilir. Hər iki halda onun şükr edib, etməyəcəyi üzə çıxarılır. Bəzi ayələrdə insan şeytana ibadətdən çəkindirilir, ona xəbərdarlıq olunur. Şeytana ibadət deyəndə onun vəsvəsələrinə uymaq nəzərdə tutulur. Şeytana ibadət etməyin deyilirsə, şeytanın vəsvəsələrinə uymamaq tapşırılır. Allahın nəzərdə tutmadığı kəslərə ibadət qadağandır. Nisa surəsinin 58-ci ayəsində oxuyuruq: "Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!”

İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə ağıl haqqında buyurulur: "İnsan Allaha ağılla ibadət edir, behişt ağılla əldə olunur.” (Kafi, c. 1, səh. 11) Allaha ibadət yolu şeytana ibadət yolundan fərqlənir. Allaha ibadət ağıla əsaslanırsa, şeytanın ardınca ağlını işə salmayanlar gedir.

Bəqərə surəsinin 130-cu ayəsində oxuyuruq: "(Ya Rəsulum!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada (peyğəmbərlik və Kəbəni təmir etmək üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır.” Bəli, Allah-Taala yalnız ağılsızların şeytana uyduğunu bildirir.

Yuxarıdakı rəvayət və ayədən aydın olur ki, yalnız ağlını işə salmayanlar şeytanın vəsvəsəsinə uyur, onun tələsinə düşür. Öncə Allah çox insanların şeytana aldanacağını bildirir, sonra buyurur ki, nə üçün ağlınızı işə salmırsınız?

Bir çox ayələrdə şeytanın ardınca gedənlər ağılsızlıqda ittiham olunur, onların ağıl nemətindən istifadə etmədiyi bildirilir. Cəhənnəmdə bitkilərin çiçəyi şeytanın başına bənzədilir. Bu çirkinliyin son həddidir. İnsan bir şeyə nifrət edəndə həmin şey haqqında pis təsəvvürdə olur. İnsan meyl göstərdiyi şeylərə isə xoş münasibət bəsləyir.

Mübarək Saffat surəsində zəqqum ağacından söz açılır: "(Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (cənnət) yaxşıdır, yoxsa (cəhənnəmdəki pis qorxulu, meyvəsi zəhər kimi acı) zəqqum ağacı?”

Şəcərə deyəndə təkcə ağac nəzərdə tutulmur, nəzərdə tutulan bitki də ola bilər. Görünür ki, hazırkı ayədə bitkidən söhbət gedir.

Lisanul-ərəb kitabında deyilir: Bu sözün kökü udmaq mənasını bildirir. Ayə nazil olanda Əbu Cəhl dedi: "Bizim yerlərdə belə ağac yoxdur, zəqqum sözünün mənasını kim bilir?”

Həmin yerdə afrikalı bir şəxs vardı. O dedi: "Bizim dildə zəqqum deyəndə kərə və xurma nəzərdə tutulur.” Əbu Cəhl məsxərə ilə kənizi səslədi: "Ey kəniz! Bir qədər xurma və kərə gətir, zəqqumlanaq!” Onlar yedilər, deyib güldülər. Aralarında belə danışırdılar: "Məhəmməd bizi bununla qorxudur?!” Ayə nazil oldu və bu istehzalara cavab verildi. (Lisanul-ərəb, c. 12, səh. 269)

İmam Sadiqdən (ə) rəvayətdə ağılın üstün məqamı haqqında deyilənləri nəzərdən keçirdik. Rəvayətdə qeyd olunurdu ki, behişt ağıl vasitəsi ilə əldə edilir. Bir daha yada salaq ki, şeytanın ardınca gedən insan ağıldan imtina etmişdir.

Qurani-Kərimin növbəti ayələrində zəqqum xüsusiyyətlərindən danışılır. Bildirilir ki, zəqqum zalımlara əzab verər. Həmin bitkinin cəhənnəmdə cücərdiyi və çiçəklərinin şeytan başına bənzədiyi qeyd olunur. Bu isə çirkinliyin son həddidir. İnsan təsəvvüründə belə bir bitki canlandıranda onda nifrət yaranır. Bu səbəbdən insanlar rəsm çəkəndə mələkləri gözəl simada, şeytanları çirkin göstərirlər. Hansı ki, onlar nə mələk görüblər, nə də şeytan.

Gündəlik danışıqda çox eşidirik ki, filankəs şeytan kimidir. Bu bir təşbehdir. İnsan öz təsəvvürünə uyğun olaraq pis insanı şeytana bənzədir. Quran çox vaxt xalq arasındakı danışıq tərzindən istifadə edir ki, deyilənlər hamıya aydın olsun.

HaqqYolu/tebyan
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 776 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]