Cümə günü, 2024-03-29, 2:32 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Sileyi rəhim (Qohumluq əlaqələri)
2013-01-25, 10:18 AM
Sileyi rəhim (Qohumluq əlaqələri)

Əxlaq nişanələrindən, islami və insani dəyərlərdən, insanlarla xoş davranmağın əlamətlərindən biri də sileyi-rəhimdir, yəni qohumluq əlaqələrini bərpa etməkdir. Sileyi-rəhim, insanın öz yaxınlarına, qohum əqrabasına baş çəkməsi, onlarla sıx əlaqə saxlamasıdır. Bir sözlə, sileyi-rəhim sözünün mənası qohumluq əlaqəsidir.

İnsan öz qan qohumları ilə ardıcıl surətdə olaraq əlaqə saxlamalı, onlarla əlaqəsini kəsməməlidir. Qohumlarımız xasiyyətlərinə görə bir-birilərindən fərqləndiyi üçün onların hər birinə ayrılıqda yanaşıb xasiyyətlərinə uyğun davranmaq lazımdır. Bəzən bir telefon zəngimiz bu əlaqəni möhkəmləndirir. Qohumlarımızın bizim boynumuzda haqqları var. Bu haqq onlara baş çəkməkdən və onlarla sıx əlaqə saxlamaqdan ibarətdir. Bu barədə müqəddəs kitabımız Qurani Kərimdə Allah-Təala belə buyurur:

"Və qohumların haqqını və yoxsulun və yolda qalmışın haqqını ver...”(İsra surəsi, ayə 26).

Allah təala qohumların hüquqlarına çox diqqət edir, hətta bizlərdən tələb edir ki, tez-tez onlara baş çəkib əhvallarını soraq. Bu barədə Qurani-Kərimdə Nəhl surəsinin 90-cı ayəsində belə buyurur:

"Həqiqətən, Allah ədaləti, yaxşılıq etməyi və qohumun haqqlarını əda etməyi əmr edir...”

Qohumlara baş çəkmək və onlarla əlaqələri davam etdirmək əməllərin paklaşmasına, bəlanın qayıtmasına, mal-dövlətin bərəkətlənməsinə, ömrün uzanmasına və ruzinin çoxalmasına səbəb olar. İnsanı qohum-əqrəbanın və ailənin sevimli üzvünə çevirir. İslamın əziz Peyğəmbəri Həzrəti Muhəmməd(s) qohumlarla əlaqəni davam etdirməyin faydası barəsindəki bir hədisdə belə buyurur:

"Uzunömürlü olmaq və ruzisinin artmasını istəyən varsa, gərək qohumluq əlaqəsini kəsməsin...”

Başqa bir hədisdə isə imam Sadiq(ə) buyurur:

"Biz ömrün uzun olması üçün qohumlarla gözəl münasibət yaratmaqdan başqa heç bir vasitə tanımırıq. Belə ki, ömrün tamam olmasına üç il qalmış bu işi (qohumluq əlaqəsini) davam etdirdiyinə görə Allah-təala insanın ömrünü otuz il artırar, beləliklə qalan ömrü otuz üç il olar. Ömrünün tamam olmasına otuz üç il qalmış insanın ömrünü isə sileyi-rəhimi (qohumluq əlaqəsini) tərk etdiyinə görə otuz il azaldıb üç il edər”.

Sileyi-rəhimin insanlar üçün nə qədər əhəmiyyətli və faydalı olduğunu həm Quran ayələri ilə, həm də hədislərlə nəzərinizə çatdırdıq. Biz də qohumluq əlaqəsini daha da gücləndirməliyik və heç vaxt tərk etməməliyik. Qohumluq əlaqələrini tərk etmək böyük günahlardan sayılır. Altıncı imamımız Həzrət Sadiq(ə) belə nəql edir:

"Atam imam Baqir (ə) mənə belə vəsiyyət elədi: Oğlum! Beş şəxsə diqqət et və onlarla nə həmfikir, nə həmsöhbət ol, nə də yol-yoldaşı ol!

Ərz etdim: Atacan onlar kimlərdir?

Buyurdu: Yalançı ilə həmfikir olmaqdan uzaq ol; çünki o bir ilğım kimidir, uzağı sənə yaxın, yaxını isə sənə uzaq göstərər.

Fasiqlə (pis əməl sahibi ilə) yoldaşlıqdan uzaq ol; çünki səni bir tikə çörəyə və ya ondan da azına sata bilər.

Xəsislə yoldaşlıqdan da çəkin; çünki çox ehtiyaclı olduğun zaman, imkanı olduğu halda sənə kömək etməz.

Ağılsızla dostluqdan da uzaq ol; çünki sənə fayda vermək istədiyi halda ziyan verər.

Sileyi-rəhimi (qohumluq əlaqəsini) tərk edən bir kəslə olmaya dostluq edəsən. Bu şəxsi Allah-təalanın kitabında üç yerdə (yəni üç ayədə) lənət olunmuş gördüm...”

Əgər yaşadığımız cəmiyyətə nəzər salsaq görərik ki, qohumlarımızla olan əlaqələrimiz ya çox zəifdir, ya da yoxdur. Əlbəttə elə insanlar da vardır ki, qohumluq əlaqələrini daha sağlam şəkildə davam etdirirlər. Görəsən qohumluq əlaqələrinin zəifləməsinə və kəsilməsinə səbəb olan şeylər nədir? Bir səbəbi bəzi insanların soyuqqanlı və biganə olmasıdır. Belə insanlar qohumlara baş çəkməzlər, yalnız özlərini fikirləşərlər. Bəzi insanlar isə var-dövləti çox sevənlərdir, bu cür insanlar qohumlarından xeyir görmədikcə onlara baş çəkməzlər, əgər qohumları kasıbdırsa heç qapılarını da açmazlar. Qohumluq əlaqələrinin qırılmasına səbəb ən çox qohumlar arasında olan çəkişmələrdir. Bu çəkişmələrin səbəbi mənəviyyatdan uzaq olan insanların dünya işlərində, var-dövlət toplamaqda və ticarətdə bir-birilərini aldatmaları üzündən baş verir. Öz qohumluqlarını unudaraq istəyirlər öz yaxınlarından daha çox xeyir götürsünlər və nəticədə qohumluq əlaqələrinin qırılmasına səbəb olurlar. Allahın dinindən və kitabından uzaq olduqlarına görə də dərk etmirlər ki, qohumluq əlaqələrini tərk etdikləri üçün Allah-Təala onların ömürlərini azaldacaq.

Qohumlar arasında məzlum qohumlar da vardır, yəni öz qohumları tərəfindən ona zülm olunub və onun haqqını alıblar. Məsələn, atasından ona bir pay düşəcəkdi, amma bu payı ya qardaşı alıb, ya bacısı və ya əmisi alıb. Bu məsələ ilə bağlı baş verən bir hadisəni nəzərinizə çatdırmaq istəyirəm:

Şeyx Rəcəbəli keçən əsrin ortalarında ömür sürmüş bir insandır. Sənəti dərziçilik idi, çox doğru-düzgün bir insan olmuş və Allahın buyurduğu halal-harama çox diqqət edərmiş. Belə təqvalı olduğu üçün də Allah-Təala onun bəsirət gözlərini açmışdır, yəni bir çox şeylərin həqiqətini görərmiş və bəzi insanların başına gələn müsibətlərin səbəbini bilirdi. Buna görə də onu tanıyanlar işləri çətinliyə düşəndə onun yanına gələrdilər. Şeyx Rəcəbəlinin övladlarından biri belə nəql edir:

"Ev tikib-satan bir mühəndis var idi, yüz ədəd ev tikmişdi, amma çox xərc çəkidiyi üçün maddi şəraiti pis idi. Tikdiyi evlərdən heç birini sata bilmirdi, özünə qapılmışdı. Atam Şeyx Rəcəbəlinin evinə gəldi və dedi: Evimə gedə bilmirəm, özümü gizlədirəm ki, kimsə məni görməsin. Şeyx bir dəfə diqqət etməklə belə ərz etdi: Get bacını razı sal!

Mühəndis dedi: Bacım razıdır.

Şeyx ərz etdi: Xeyr! Mühəndis bir az fikirləşdi və dedi: Bəli, atam dünyadan getdi zaman bizə bir miras yetişdi, yadıma düşdü ki, onun payını verməmişəm. Getdi və sonra qayıdıb dedi ki, bacımın payını verdim və razılığını aldım. Atam Şeyx Rəcəbəli susdu, bir az diqqət edəndən sonra buyurdu: Deyir ki, hələ razı qalmayıb... Bacının evi var?

Mühəndis dedi: Xeyr, kirayədə olur.

Şeyx ərz elədi: Get, tikdiyin evlərdən ən yaxşı birini onun adına keçir və ona ver, sonra gəl görək necə olacaq.

Mühəndis dedi: Cənab Şeyx! Biz iki nəfər şərikik necə edə bilərəm?

Şeyx ərz elədi: Bundan başqa bir söz deyə bilmərəm, çünki bu Allah bəndəsi hələ razı olmayıb.

Nəhayət, mühəndis getdi və tikdiyi evlərdən birini bacısının adına keçirdi, evinin əşyalarını da o evə yerləşdirdi və qayıtdı. Həmin günün səhəri tikdiyi evlərdən üçünü satdı və çətinlikdən xilas oldu.

Yaşadığımız dövrdə də elə insanlar var ki, öz qohumlarının haqqlarını vermədikləri üçün maddi cəhətdən inkişaf edə bilmirlər və edə də bilməyəcəklər. Hər bir insan öz boynunda kimin haqqı olduğuna diqqət etməlidir, çünki qohumların haqqını ödəmək İlahi bir əmrdir.

Qurban Qurbanov

zeka.az


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 807 | Downloads: 0 | Rating: 1.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]