Bazar günü, 2024-12-22, 5:26 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Şeytanla düşmənçilik
2013-07-16, 9:41 AM

Şeytanla düşmənçilik


Şeytanla düşmənçilik

"Şübhəsiz, təqvalı olanlara Şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir Şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözü açıq olarlar.” (Əraf surəsi, ayə 201)

Şeytanla düşmənçilik edin

Şeytanın itaətindən uzaqlaşmadıqca  Allaha sığınmağın həqiqətinin yaranmadığı məlumdur. Günaha bulaşan şəxs şeytanın qarşısında kiçilməkdədir. Qurani-Məcid buyurur: "Onu düşmən tutun.” O, sizin çətin düşməninizdir. Siz də onunla dostluq deyil, düşmənçilik edin. Ona itaət etmək dostluğun göstəricisidir. Bu çətin düşmənin daim pusquda olduğunu, bəşəri bir an belə rahat buraxmayacağını bilin. Əgər özünü amanda bilsən, xəbərsiz bir cahilsən.

Şeytan yatır?

Alimlərdən birindən şeytanın bəşər və heyvan kimi yatıb yatmadığı barədə nəql olunmuş rəvayətlərdən məlumatının olub-olmamasını soruşdular. Alim təbəssüm edib şirin bir cavab verdi: Əgər şeytan yatsaydı, biz müəyyən vaxtda rahat olardıq. Sən yatmısan, o isə oyaqdır. Onun yuxusu yoxdur. Əksinə, həmişə səni tələyə salmağı düşünür. "Şübhəsiz, o və onun qəbiləsi sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər.” (Əraf, 27.)

Silahlanmaq lazımdır

Bəs nə etmək lazımdır? İndiki diqqətli və güclü düşmən pusqudadır, vəzifəmiz nədir? Təklifimiz silahlanmaqdan ibarətdir. Gərək həmişə silahlı olaq. Düşmən hazır vəziyyətdə səni qəflətə salaraq tutmaq istəyirsə, sən də heç vaxt silahı yerə qoymamalısan. Əgər bir an silahı kənara qoysan və ya bir an ona tərəf getsən, işin korlanacaq. Təqva insanın silahıdır. İblisin müqabilində hazır ol.

Müstəhəblərə əməl edib, məkruhları tərk etmək möminin silahıdır

Müstəhəbləri imkan daxilində yerinə yetirmək düşməni uzaqlaşdırmaqda və düşmənə qarşı hazır olmaqda öz təsirini göstərir. Məkruhları və hətta qəflət anlarını da tərk etmək bu yerdə təsirini göstərir. Əgər insan düşməndən bir an qəflət edib pis işə bulaşsa, həmin miqdarda özünü əjdəhanın ağzına yaxınlaşdıraraq şeytana yaxın olub. O da bu yaxınlıqdan sonra çətinliklə əlini dostunun başından çəkir.

Hücumları tədriclə şiddətləndirir

O, əvvəl mömini məkruh işə bulaşdırmağa çalışır. Sonra kiçik günah etməyə yol açır. Ondan sonra kiçik günahlara israr etməyə çağırır və onları kiçik saymağı (bu, özü də böyük günahlardandır) göstərir. Bu vaxt böyük günahlar onun üçün adiləşir. Sonra qəlbə və imanın əslinə əl gəzdirməyə başlayır. Xülasə, mömini vəsvəsəyə və şəkkə salır. O isə hansı tələyə düşdüyünü heç anlamır. Təqva əhli öz silahı ilə şeytanın şərrindən amanda qala bilər. Amma laqeyd insanlar bu cür düşmənlə necə mübarizə apara bilərlər?

Dəstəmaz möminin qalib gələn silahıdır

Müstəhəblərin bir çoxları düşməni uzaqlaşdırmaqda mühüm silah sayılır. Məsələn, dəstəmaz. Peyğəmbərdən (s) belə nəql olunur: "Dəstəmaz möminin silahıdır.” Şeytanlar müqabilində daim düşmənlə üz-üzə dayandığın kimi dayanmalısan.  Yəni, həmişə dəstəmazlı olmalısan. Həmçinin, insanın daim təharətli olması müstəhəbdir. Bundan da üstün hal budur; əgər aldığı dəstəmazdan bir müddət keçibsə, batil olmasa da, onu təzələməsi müstəhəbdir. "Dəstəmaz nurdur, dəstəmaz üstünə dəstəmaz almaq nur üzərinə nurdur” (Vəsailuş-şiə, c 1, səh 265, hədis 8.)

Yatarkən də dəstəmaz almaq müstəhəbdir. Silahla yat ki, dəstəmazının nuru öz miqdarında yuxuda şeytanı səndən qovsun.

Oruc və sədəqə şeytanı məğlub edir

Peyğəmbərlərin sonuncusu Həzrət Muhəmməddən (s) nəql olunan rəvayətdə möminin silahlarından bir neçəsi qeyd olunur. (Səfinətul-bihar, c 2, səh 64.) Əgər müvəffəq olsan, oruc tut ki, düşməninin üzünü qaraldar. Əgər pərdə çəkilsə, öz şeytanının üzünün qaraldığını görərsən. Lakin şeytan da bu sadəlikdə və zəif deyil ki, üzü qaralaraq beli sınsın. Şəxs əməli xalis yerinə yetirərək yeddi qat maneədən keçib İblisin kürəyini yerə vurmaq istəyir. İkincisi sədəqədir. Həzrət Muhəmməd (s)  rəvayətdə belə buyurur: Sədəqə şeytanın belini sındırır və əyir. Əlbəttə ki, qəbul olunmuş sədəqə olarsa.

Şeytanların anasını gördüm

Mərhum Cəzairinin "Ənvar” kitabında nəql olunur ki, quraqlıq illərindən birində məsciddə moizə edən minbərdən deyir: -Bir şəxs sədəqə vermək istədikdə yetmiş şeytan onun əlindən tutub bunun qarşısını almaq istəyirlər. Mənbərin kənarında əyləşib bu sözləri eşidən bir mömin təəccüblə dostlarına deyir: -Sədəqə verməkdə çətin olan nədir? İndi mən gedib müəyyən miqdardakı buğdamı fəqirlərə vermək üçün məscidə gətirərəm. O, bunu deyib yola düşür. Evə çatdıqda həyat yoldaşı onun məqsədini anlayıb danlamağa başlayır: -Bu il quraqlıqdır, sən həyat yoldaşını və uşağını düşünmürsən? Bəlkə quraqlıq uzun çəkdi? Biz acından öləcəyik? Onu o qədər vəsvəsə edir ki, mömin əliboş dostlarının yanına geri dönür. Ondan nə baş verdiyini soruşurlar. Həm də deyirlər ki, gördün, 70 şeytan balası əlindən yapışıb imkan vermədilər... O, deyir: Mən şeytanları yox, mənə imkan verməyən anasını gördüm. Burada bir şəxsin şeytanlar müqabilində müqavimət göstərmək istədiyini, amma həyat yoldaşının və ya başqasının məsləhəti ilə fikrindən daşındığını görürsünüz.

Fərdlərə görə sədəqə

Sədəqə birinin cibini qurdalayıb bir neçə qəpik tapıb çıxarıb kiməsə verməsı deyil. "Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz.” (Ali-İmran, 92.)

İmkan və qüdrətin daxilində sədəqə verməlisən. Əgər bir neçə manat və ya daha artıq ayırıb verə biləcəyin halda vermirsənsə, bu halda şeytanın beli sınmır. Həm də bu o şərtlədir ki, minnət qoyub qarşı tərəfə əziyyət verməklə sədəqəni batil etməyəsən və ya riya, başqasına eşitdirmək və s. vasitəilə həyata keçirməyəsən.

Tövbə də silahlardan biridir

Bədbəxt şeytan bəşəri günah və ya günahlara salmağa can atır. Bəşər bu vaxt düzgün tövbə edərsə, şeytanın ipini qıra bilər.

Əlbəttə, düşmən də zirəkdir. O, bacardığı qədər qarşı tərəfdə tövbə halının yaranmasına imkan vermir. Müxtəlif sözlər deməyə başlayır. Nə etmisən ki? Gör başqaları nələr edir? Sən hələ cavansan, sağlamsan. Hələ bir qocal, sonra tövbə edərsən...

Şeytanı məğlub edən iki güclü silah

İki güclü silah barəsində Həzrət Muhəmməddən (s) belə bir hədis nəql olunur: Şeytanı ümumilikdə məhv edən iki şey var: biri Allah yolunda onun üçün dostluq etmək. İkincisi, yaxşı işi qorumaqdır.

Şerdə belə buyurulur:

Nəfs qətl etdi bizi, amma Qiyamətdə dəqiq

Soruşarlar ki, nədən biz onu qətl eyləmədik?!

Bu, böyük cihaddır. Nəfsin istəyi ilə deyil. Allaha xatir dostluq etmək kafirlərlə cihad etməkdən daha mühümdür. Cihad həqiqi və daxili düşmənlədir. Əgər bu düzəlməzsə, kafirlərlə cihad da düzəlməz. Əksinə bəzən də o, şeytanın əmri ilə olar. Həzrət Səccad (ə) duada buyurur: İlahi! Bu düşməndən sənə pənah aparıram. Ey ev sahibi, bu it mənə hücum çəkir, mənim fəryadıma çat.

İblis İmam Səccadın (ə) ayağını dişləyir

Mədinədə İmam Səccad (ə) namaz halında olarkən İblis bir iş görüb İmamın (ə) mənəvi halını azaltmaq istədi. Əlbəttə, şeytanın İmamı (ə) məkruh işə salması mümkün olan şey deyil. Şeytan onun Allah dərgahına olan diqqət və halını azaltmağa razıdır.

Özünü əzəmətli bir əjdəha şəklinə salaraq (şeytanlar digər surətlərə düşə bilirlər) İmamın (ə) yanınna gəldi. Həzrətin (ə) halı heç dəyişmədi. Şeytan irəli gələrək İmamın (ə) ayağının böyük barmağını dişlədi. Bu an İlahi qorxu onu uzaqlaşdırdı və yerlə səma arasında nida eşidildi: "Mən zeynul abidinəm!” Buna baxmayaraq İmam belə ərz edir: İlahi! Ey ev sahibi, bu it mənə hücüm edir, sən mənə pənah ver!


ahlibeyt.ge


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 648 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]