Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Şeytan haqqında
2014-01-29, 8:02 PM | |
Şeytan haqqında Dünya nizamı belə qurulmayıb ki, insan şeytana itaət etməyə məcbur olsun. Əgər insan şeytana itaət edirsə bunun səbəbi iman zəifliyidir. Allahın xalis bəndələri şeytanın əmrinə tabe olmur. Elə bu səbəbdən onların məqamı yüksəkdir. Əraf surəsinin 11-18-ci ayələrində bu məsələ işarə olunur: "Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə olanlardan olmadı; (Allah iblisə): "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis:) "Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi; (Allah) buyurdu: "Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan; (İblis) dedi: "Mənə qiyamətə qədər möhlət ver"; (Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən”; (İblis) dedi: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam; Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən; (Allah) buyurdu: "Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!" Ayələrdə Adəmin yaranışından danışılır. Bu barədə Qurani-Kərimin yeddi surəsində söz açılıb. Hər dəfə də xüsusi ifadələrdən istifadə olunub. Bəqərə, Əraf, Hicr, Bəni-İsrail, Kəhf, Taha və Sad Adəm haqqında danışılan surələrdir. Əhvalatın məzmunu budur ki, Adəm övladlarına müraciətlə Adəmin yaranışı haqqında məlumat verilir. Adəm torpaqdan yaradıldı, ona forma verildi. Ümumi şəkildə müraciət isə ibrət məqsədi daşıyır. İnsanlara əcdadlarının necə yaradılması bildirilir. Ərəb dilində buna oxşar müraciətlər var. Quranda bəzən keçmiş nəsillərin başına gələn hadisələr bu günkü nəslə aid edilir. Çünki bu günkü insanlar da keçmiş nəsillərin davamıdır. Məsələn buyurulur ki, yada salın, sizi Firon qövmünün əlindən necə qutardım. Hansı ki bu hadisə müraciət olunanlar yox, onların babalarının başına gəlib. Quran məlumat verir ki, mələklərə Adəmə səcdə etmək əmri veriləndə iblis boyun qaçırdı. Təfsir kitablarında deyilir ki, mələklərin səcdəsi dedikdə Adəmə ehtiramı, təzimi nəzərdə tutulur. Bu səcdənin ibadət mənasında başa düşmək düzgün deyil. Təzim isə təkcə Allaha aid deyil. İnsan ata-ananası, müəllimi, Allah övliyaları qarşısında təzim edə bilər. Yusuf surəsinin 100-cü ayəsində oxuyuruq: "(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: "Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!”" Mələklərin Adəmə səcdəsini bütün insanlara xatırlatmaqda məqsəd bu ola bilər ki, mələklər təkcə Adəmə yox, bütün bəşəriyyətə təzim etmək əmri alıb. Adəm bir növ bəşəriyyətin təmsilçisidir. Mələklərə insana təzim əmrinin verilməsi insanın istedad və ləyaqətlərinə görədir. İnsan elm sahibi olub, təbiətin sirlərini aça bilər. Mələklər üçünsə belə təkamül imkanı yoxdur. Mələklər əmrə itaət edir. Elə Allahın əmri ilə Adəmə səcdə etdilər. İblis isə təzimdən boyun qaçırdı. Bəli, iblis mələkələrdən deyildi, cin tayfasından idi. Amma məhz ibadətinə görə mələklərlə bir cərgədə dayanmışdı. İblis Allahın əmrinə tabe olmadıqda Allah buyurdu: "Sənin Adəmə səcdə etməyinə nə mane oldu?" İblis dedi ki, mən ondan üstünəm. Buna özünün oddan, Adəmin torpaqdan yaranmasını dəlil göstərdi. İblis özünü insandan üstün sayırdı. (bax: Ərrəhman, 15). İblisin səhvi onda idi ki, üstünlüyü yaranış mayasında görürdü. Düşünürdü ki, əgər od torpaqdan üstünsə, oddan yaranan varlıq da torpaqdan yaranan varlıqdan üstün olmalıdır. Əslində odun torpaqdan üstün olması da yanlış iddiadır. Torpaq öz bərəkətinə görə oddan üstün sayıla bilər. İblis Allahın əmrinə itaət etmədiyi zaman cəzalandırıldı və cənnətdən qovuldu. İblisin behiştdən qovulmasının səbəbi onun təkəbbürü oldu. Onun əvvəllər olduğu yerə Ədn cənnəti deyilərdi. Bu salehlərə vəd olunmuş behişt deyil. İblisin qovulduğu yer behiştə bənzər bir bağ idi. Behiştdən qovulan iblis öz ibadətləri müqabilində Allahdan istədi ki, ona qiyamət gününə qədər möhlət verilsin. Hicr surəsinin 38-ci ayəsində oxuyuruq: "Ancaq məlum vaxta (İsrafil surunu birinci dəfə çalana və bütün məxluqat məhv olana) qədər!" Allahın iblisə verdiyi möhlət həm ibadətlərinin əvəzi, həm də insanların imtahana çəkilməsi üçün idi. İnsan düşmənlə üz-üzə gəldikdə onun imkanları, qüvvəsi, kimliyi aydın olur. Şeytan daim insana vəsvəsə edir, onun qəlbinə şübhə toxumu səpir. İnsan şeytanla mübarizədə nəfsinə qalib gəlməklə böyük iman və təqvaya sahib olur. Demək, şeytanın mövcudluğu mübariz insan üçün qorxulu yox, faydalıdır. Möhlət almış şeytan Allaha dedi: "Sən məni məhv etdiyin üçün, mən Adəm övladlarının yolu üstə oturacaq, dörd tərəfdən onlara hücum edəcək və onların çoxunu şükr edən görməyəcəksən." Bəli, şeytan var qüvvəsi ilə çalışır ki, insanı azdırsın, nəticədə insan Allaha asi olsun. İblisin Adəm övladı ilə düşmənçiliyinin səbəbi Adəmə görə cənnətdən qovulmasıdır. O intiqam almaq istəyir. Amma qeyd etdiyimiz kimi, şeytanın vəsvəsələri, ümumiyyətlə mövcudluğu xalis bəndələrin xeyrinədir. İnsan şeytanla mübarizədə böyüyür. Əgər şeytana uyursa, bunu öz istəyi ilə edir. Kimsə şeytana tabeçiliyə məcbur deyil. Allah xəbərdarlıq edib ki, şeytanın ardınca gedənlər cəhənnəmə daxil olacaq. İbrahim surəsinin 22-ci ayəsində oxuyuruq: "İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzəmmət edən kafirlərə) belə deyəcək: "Allah (peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru vəd vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınızı da inkar etmişdim (qəbul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!" Qiyamət bərpa olunanda şeytan ona tabe olanlara deyər ki, siz özünüz ardımca gəldiniz, məni qınamayın. İslam təlimlərinə əsasən, şeytanın işi yalnız vəsvəsə, təlqin, insan qəlbində şübhə yaratmaqdır. O sadəcə dəvət edir. İnsan bu dəvəti qəbul etsə yolunu azır, qəbul etməsə xalis bəndələr sırasına qatılır. İnsanı mələkdən yuxarı məqama qaldıran onun şeytana uymamasıdır. Nur-az.com/hawzah | |
Views: 1529 | Downloads: 0 | Comments: 2 | Rating: 0.0/0 |
Total comments: 1 | ||||||
|