Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Sədəqə kölgəsində
2014-01-29, 8:19 PM | |
Sədəqə kölgəsində Ehsan, sədəqə, infaq əxlaqi və dini mətnlərdə əxlaqi fəzilətlərdən sayılır. Bir şərtlə ki, bu əməllərdə boya, riya, Allahdan qeyrisinin razılığını qazanmaq istəyi olmaya. İnfaqda mühüm nöqtə insanın sədəqəyə kimisə yox, özünü ehtiyaclı bilməsidir. Bu məqalədə ehsan və sədəqənin ayə və rəvayətlər əsasında fəzilətləri nəzərdən keçiriləcək. İnsanların əksəri özünü tam ehtiyacsız gördükdə qiyam və azğınlıq yolu tutur. Belələri üçün yoxsulluqla varlılıq arasında orta həddə imkanlı olmaq məsləhətlidir. Bu halda onlar yollarını azmırlar. Həzrət Peyğəmbər (s) buyurur: "Üç qism əl var: Alan, verən və saxlayan. Üstünü verən əldir." (Ayətullah Mişkini, "Nəsayeh"). Bəşər karvanı məlum məqsədə doğru hərəkətdədir. Biz bu karvanla birlikdə hərəkət edirik. Yolda dayananlarımız olur ki, onlara kömək lazımdır. Səfərdəki çatışmazlıqları, problemləri çalışıb aradan qaldırmaq lazımdır. Ehtiyaclılara kömək bütün insanların vəzifəsidir. "İnfaq" sözünün lüğət mənası başqasına nəsə bağışlamaqdır. İnfaqın başqa mənaları da var: Çatı doldurmaq, toplanmışı sərf etmək, ehtiyacı aradan qaldırmaq və s. Bəzən fərd və ya cəmiyyət elə çətinliklə üzləşir ki, həmin çətinlik bütün cəmiyyətlər və zamanlarda qarşıya çıxa bilər. Məsələn, qəfildən zəlzələ baş verir, müharibə olur, sel gəlir, quldurlar ev yarır. Nəticədə insanların uzun illər boyu min bir çətinliklə əldə etdikləri əllərindən çıxır. Qırılmış qəlb, boş əl, köməksiz yetim, ağır xəstə köməyə ehtiyaclıdır. Çoxları işsizlik ucbatından ailə qarşısında üzüqaradır. Xəstəlik, pulsuzluq insanın həyatını acılaşdırır. Bəs çıxış yolu nədir? Ağıl, şəriət və vicdan belə hallara qarşı biganəliyi yolverilməz sayır. İmkansız, çətinliyə düşmüş insanları başına buraxmaq, onlara diqqət göstərməmək düzgün deyil. Bəs kömək yolu nədir? İslam dini bu qəbil probelmlərin infaq yolu ilə həll olunmasını tövsiyə edir. Sual yaranır ki, nə üçün bir qrup insan möhtacdır? Yaxşı olmazdımı ki, Allah özü ehtiyaclılara əl uzadaydı? Allah-Taala buyurur: "Həqiqətən, Rəbbin istədiyi şəxsin ruzisini artırar da, azaldar da. Doğrudan da, O Öz bəndələrinin halından xəbərdardır, (hər şeyi) görəndir!" (İsra, 30). Belə nəticə çıxarmaq olar ki, çətinlik insan üçün sınaqdır. Allah insanları çətinliklər yolu ilə sınağa çəkir, tərbiyələndirir. Çətinlik təkcə çətinliyə düşən insan üçün sınaq deyil. Ətrafdakı insanlar da bu insana münasibətləri ilə sınağa çəkilirlər. Çox olur ki, insan tam ehtiyacsız olduqda, böyük var-dövlətə çatdıqda yolunu azır. Belə insanın tərbiyəsi üçün ən yaxşı orta həddə imkanlı olmaqdır. Allah ilahi məqsədi həyata keçirmək üçün bəzisinin ruzisini artırır, bəzisinin ruzisini azaldır. Digər tərəfdən insanların ruzisi onların təlaşına bağlıdır. Ruzini artırıb-azltmaq Allahın işidir. Amma çox çalışanın çox ruziyə çatması da məntiqdir. Varlıq nizamı elə qurulub ki, Allah yer üzünü bütün nemətləri ilə insanların ixtiyarına verib. İnsanlar təkamül üçün azad buraxılıb. Amma insana meyllər və bu meyllər üzərində nəzarət imkanı da verilib. Nəfs isar (ehtiyac duyulanı başqasına vermək), fədakarlıq, sədəqə yolu ilə tərbiyələnir, paklanır. İnfaq insanın qəlbini paxıllıq, xəsislik kimi hisslərdən təmizləyir. Minlərlə fəsadın mənbəsi olan təbəqələr arası fərqlər infaq vasitəsilə azaldılır. Qüdsi hədisdə deyilir ki, bəzilərinə sağlamlıq, bəzilərinə xəstəlik, bəzilərinə var-dövlət, bəzilərinə yoxsulluq təkamül şəraiti yaradır. Peyğəmbər və onun Əhli-beytindən nəql olunmuş bir çox hədislərə əsasən Allah qiyamət günü yoxsulları yoxsulluğuna xatir üzürlü sayacaq, onlara mükafat verəcək. Məymun ibn Mehran deyir: Mən İmam Həsənin (ə) görüşündə olduğum zaman həzrət etikaf etmişdi. Bir şəxs onun yanına gəlib ərz etdi ki, borcum var, borcumu ödəməyə imkanım çatmır. Dedi ki, borcuna görə onu zindana salmaq istəyirlər. İmam Həsən (ə) buyurdu: "Sənin borcunu ödəmək üçün pulum yoxdur." Həmin şəxs təkid etdi ki, İmam (ə) ondan borcunu tələb edən şəxslə söhbətləşsin, onu razı salsın. Həzrət (ə) ayağa qalxıb kəfənə büründü və məsciddən çıxdı. Dedim ki, siz etikafdasınız, yoxsa yadınızdan çıxıb?! İmam (ə) buyurdu: "Unutmamışam. Amma atam babam Peyğəmbərdən nəql edib ki, bir şəxs bir adamın çətinliyini həll etsə gündüzləri oruc tutub gecələr namaz qılan şəxs kimidir." Müaviyə həzrət Əlinin (ə) haqqında belə etiraf edir: "Əgər Əlinin (ə) bir anbar qızılı, bir anbar samanı olsa, əvvəl qızılı infaq edər və özünə heç nə saxlamaz." Qurani-Kərim müxtəlif ayələrdə infaq şərtlərini bəyan edir: 1.Bağışlayanda dəyərsiz yox, dəyərli və üstün maldan bağışlayın: "Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin (ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. (O, hər cür) şükrə (tərifə) layiqdir!" (Bəqərə, 267). 2.Ehtiyac duyulan maldan bağışlayın: "Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!" (Həşr, 9). 3.Ehtiyacı daha çox olanlara bağışlayın: "(Sədəqə) Allah yolunda canından keçərək (dolanmaq, ruzi kəsb etmək üçün) yer üzündə hərəkət edə bilməyən (və ya buna imkanı olmayan) yoxsullar üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan (bunlara) nə verdiyinizi, şübhəsiz ki, Allah bilir!" (Bəqərə, 273). 4.Çalışın ki, məxfi şəkildə bağışlayasınız: "Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır, lakin onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah tutduğunuz hər bir işdən xəbərdardır!" (Bəqərə, 271). 5.Sədəqə, infaq verdiyiniz adam yox, sizin ehtiyacınızdır. Ona görə də heç vaxt minnət qoymayın: "Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından bir şeyə qadir (nail) olmazlar. Şübhəsiz ki, Allah kafirləri haqq yoluna yönəltməz!" (Bəqərə, 264). 6.Pak niyyətlə, yalnız Allahın razılığı üçün bağışlayın: "Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh də ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi (bütün əməllərinizi) görəndir!" (Bəqərə, 265). 7.Bağışladığınız şey nə qədər böyük olsa da onu kiçik və dəyərsiz sayın: "(Etdiyin yaxşılığı) çox bilib başa qalxma! (Heç kəsə minnət qoyma!)" (Muddəssir, 6). 8.O şeylərdən bağışlayın ki, ona bağlılığınız var, onu sevirsiniz: "Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!" (Ali-İmran, 92). 9.Özünüzü bağışladığınız malın sahibi saymayın. Siz Allahla bəndə arasında bir vasitəsiniz: "(Ey insanlar!) Allaha və Peyğəmbərinə iman gətirin. Sizi varis etdiyi maldan (Onun yolunda) xərcləyin. Sizdən iman gətirib (mal-dövlətini Allah yolunda) sərf edənləri böyük bir mükafat gözləyir!" (Hədid, 7). 10.İnfaq yalnız halaldan olmalıdır, Allah təkcə halal maldan sədəqəni qəbul edir: " (Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: "Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: "Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!" (Maidə, 27). İnfaq sədəqədən geniş məfhum daşıyır. Sədəqə müstəhəb infaqın bir hissəsidir. Həzrət Peyğəmbər (s) buyurur: "Sədəqənin yeddi zinəti var: halal olsun, kasıblıq vaxtı verilsin, öülmdən qabaq verilsin, yaxşı maldan verilsin, gizli şəkildə verilsin, minnətsiz verilsin, hədd gözlənilsin." (Nəsayeh). Başqa bir rəvayətdə həzrətdən belə nəql olunur: "Sədəqə insanın əlindən çıxandan sonra beş söz deyər: fani idim, əbədi etdin, kiçik idim, böyük etdin, düşmənin idim, özünə dost etdin, məni qoruyardın, indi qiyamətə qədər mən səni qoruyacağam..." Həzrət (s) buyurur: "Sədəqə verən üçün imtiyazlar var: istəyin həyata keçməsi, çətinliklərdən qurtuluş, ruzinin artması, pis ölümdən qurtuluş, günahların bağışlanması, uzun ömür, bol ruzi..." Peyğəmbərdən (s) belə nəql olunur: Şeytandan soruşdum ki, nə üçün sədəqəyə mane olursan? Dedi: "Ey Məhəmməd, sədəqə verən insan elə bil sinəmə mişar qoyur və ağac kimi kəsir." Həzrət (s) səbəbini soruşdanda şeytan deyir: "Sədəqənin beş xüsusiyyəti var: Sərvəti artırar, xəstəyə şəfa verər, bəlanı uzaqlaşdırar, sahibini sirat körpüsündən ildırım kimi keçirər, behiştə sorğusuz daxil olar..." Başqa bir məqamda həzrət (s) buyurur: "Sədəqə verən insanın verdiyi hər dirhəm müqabilində behiştdə dağ əzəmətində nemət əta olunar." Həzrət Peyğəmbərdən (s) sonra həzrət Əli (ə) ən səxavətli şəxs sayılır. Belə ki, həzrət Əli (ə) olanlarını miskin, yetim və əsirə verib xanım Zəhra (s), övladları Həsən və Hüseynlə birlikdə oruclarını su ilə açdılar. Bu barədə ayə nazil olub: "Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər; (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) "Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik; Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), çətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!”" (İnsan, 8-10). Həzrət Əlinin (ə) bir dəfə bütün var-dövlətini Allah yolunda infaq etməsi məşhur hadisədir. Həzrət (s) son dörd dirhəminin birini gecə, birini gündüz, birini gizlində, birini aşkarda infaq edir. Bu barədə ayə nazil olur: "Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər." (Bəqərə, 274). Bəli, həzrət Əlinin (ə) sədəqədə misilsiz olması mübahisə doğurmayan məsələdir. İnfaqın ictimai təsiri insanların qəlbini ələ almaqdır. Əlinin (ə) infaqı o qədər böyük idi ki, buna hətta Müaviyə şəhadət verir. Həzrət Əli (ə) buyurur: "Ey ağlar (gümüş sikkələr), ey sarılar (qızıl sikkələr), gedin Əlidən başqasının sorağına, Əli sizə aldanmaz." Nəql olunur ki, bir şəcs İmam Həsənə (ə) yoxsulluqdan şikayətləndi. İmam Həsən (ə) xidmətçini çağırıb evdən nə qədər pul olduğunu soruşdu. Xidmətçi 12 min dirhəm pul olduğunu dedi. Həzrət göstəriş verdi ki, həmin pulu yoxsul kişiyə təqdim etsinlər. Xidmətçi deyəndə ki, evdə xərcləməyə bir şey qalmır. Həzrət buyurdu: "Sən onu yoxsula ver və Allaha etimadın olsun. Allah əvəzini yetirər." İmam Həsən (ə) həyatında iki dəfə bütün olanlarını Allah yolunda infaq edib. Üç dəfə sərvətini yarı bölüb, yarısını özünə saxlayıb, yarısını bağışlayıb. Tanınmış tarixçilərdən olan İbn Əsakir yazır: "Mədinədə ehtiyaclı bir kişi İmam Hüseynin qapısını döydü. O, İmam Hüseynin səxavətini mədh edən şeir oxuyurdu. İmam Hüseyn bunu eşidib qapıya çıxdı. Qapını döyən şəxsin üzündən yoxsulluq yağırdı. Həzrət xidmətçini çağırıb ailəyə məxsus 200 dirhəmi istədi. Həmin pulu yoxsula təqdim etdi. Həzrət pulu verəndən sonra lazımi qədər verə bilmədiyi üçün kişidən üzr istədi." İbn Şəhr Aşub Mənaqib kitabında yazır: İmam Hüseynin şəhadətindən sonra həzrətin kürəyində yara müşahidə olunurdu. İmam Səccaddan bu bəradə soruşdular. Buyurdu ki, bu yara gecələr İmamın dul qadınlar, yetimlər və miskinlərə apardığı yükün yeridir. İmam Səccad haqqında nəql olunur ki, gecə yarı yoxsulların qapısına gedər, üzü örtülü halda onlara yardım edərdi. Hətta həzrətin yetim uşaqların ağzına tikə qoyması nəql olunur. İmam Səccad (ə) xidmətçilərə tapşırardı ki, cümə günləri bütün yoxsullara ehsan verilsin. Deyiləndə ki bəziləri yoxsul olmur, həzrət bunu ehsan üçün maneə saymırdı. İnfaqın üç təsiri var: fərdi, ictimai və üxrəvi (axirətə aid). İnfaq, sədəqə sədəqə sahibinə və sədəqə verilənə asayiş gətirir. Sədəqənin təsiri ilə yollar rahatlaşar, dualar qəbul olar, bəlalar aradan qalxar, sərvət artar, sağlamlıq əldə edilər, ömür uzanar. İnfaqın ictimai təsiri budur ki, insanların qəlbi ələ alınar, dostluq yaranar. İnfaqın insanın axirətinə də təsiri var. İnfaq və sədəqə nəticəsində axirət sorğusu asanlaşar, günahlar bağışlanar. İmam Sadiq (ə) buyurur: "Yaxşılıq və sədəqə yoxsulluğu aradan qaldırar." Sədəqə ilə insan Allahın qəzəbində qurtular, qiyamət günü sorğusu asanlaşar. İbn Məsud Peyğəmbərin dilindən belə nəql edir: Merac gecəsi cəhənnəmin üçüncü qapısında oxudum: Qiyamət günü çılpaq qalmaq istəməyən çılpaq bədənləri örtsün (yoxsulları geyindirsin). Həmin gün susuz qalmaq istəməyən dünyada susuzlara su versin. Həmin gün ac qalmaq istəməyən dünyada acaları doyursun. Allah-Taala infaqı günahların kəffarəsi qərar verib. İnfaq edən insanın günahları bağışlanar. Bəqərə surəsinin 271-ci ayəsində oxuyuruq: "Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər." Hədisdə deyilir ki, sədəqə bəlaların qarşısını alır. Peyğəmbər buyurur ki, xəstələrinizi sədəqə verməklə sağaldın. İnsan sədəqə verməklə özünü də yoxsulluqdan qurtara bilər. İmam Baqir (ə) buyurur ki, yaxşılıq və sədəqə yoxsulluğu aradan qaldırır. Allah-Taala infaq əhli üçün böyük mükafatlar nəzərdə tutmuşdur. Hədid, 7: " (Ey insanlar!) Allaha və Peyğəmbərinə iman gətirin. Sizi varis etdiyi maldan (Onun yolunda) xərcləyin. Sizdən iman gətirib (mal-dövlətini Allah yolunda) sərf edənləri böyük bir mükafat gözləyir!" Səba, 39: " (Ya Peyğəmbər!) De: "Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. (Allah yolunda) nə xərclərsiniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!”" Bəziləri elə düşünür ki, sədəqə verməklə insanın olanları azalır. İmam Sadiq (ə) buyurur: "Cümə günü iki mələk belə dua edər: "Pərvərdigara, hər infaq edənə əvəzini ver, hər xəsisin malını tələf et." Sədəqə verən şəxs qiyamət günü mücahidlərin savabına çatar. Onu qiyamət səhnəsində tək buraxmazlar. Həmin gün qəm-qüssə görməz. Nur-az.com | |
Views: 1076 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |