Şənbə günü, 2024-05-18, 8:36 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Qonşuların haqqı barədə dinimizin tövsiyələri
2013-06-03, 2:04 PM

Qonşuların haqqı barədə dinimizin tövsiyələri

İslam kamil din kimi biz müsəlmanlara həyatımızın hər sahəsində yol göstərir və qanunlar təyin edir. Bizi dünya və axirət səadətinə çatdıra biləcək əməllərdən biri də qonşuya qarşı göstərdiyimiz əxlaq və qonşu haqlarına riayət etməkdir.

Qonşuların haqqına riayət etmək o qədər əhəmiyyətli mövzudur ki, Quran onu Allaha pərəstiş, ata və anaya ehsan, qohumlara yaxşılıq etməkdən sonra tövsiyə edir.

Hər bir yaxşı əməlin yaxşı nəticəsi olduğu kimi, qonşulara ehsan etməyin də çox sayda bərəkət və müsbət təsiri vardır. Bəlanı dəf edər, dünya və axirət səadəti gətirər, Allah və Rəsulunun (s) məhbubu olar. Həmçinin ömrü uzun və şəhərləri abad edər.

Həzrət Peyğəmbər (s) buyurur: "Yaxşı qonşuluq etmək şəhərləri abad edər, ömürləri uzadar”. O insan ki, qonşusu ilə yaxşı rəftar edər, həmin məhəllə sakit bir yer olar. Nəticədə ömürlər uzun olar və insan sağlam olar.

Peyğəmbərimiz (s) qonşu haqqı barədə buyurur: "Əgər kömək istəsə, kömək et, əgər borc istəsə, borc ver. Əgər yoxsuldursa, təmin et, əgər müsibət görübsə, ürək-dirək ver. Əgər ona xeyir çatarsa, onu təbrik et, əgər xəstə olsa, ziyarətinə get. Əgər dünyadan getsə, cənazə mərasiminə get. Evini onun evindən yüksəkdə tikmə ki, hava yolunu bağlayarsan. Məgər o halda ki, özü icazə verər. Nə zaman meyvə alsan, ona hədiyyə ver. Əgər bu işi görməsən, ən azı gizlində evinə apar. Məbada övladların əlində meyvə bayıra çıxar ki, bu da onun övladlarını narahat edər. Yeməyin iyi ilə ona əziyyət vermə. Məgər biləsən ki, o da həmin yeməkdən hazırlayır”.

Həzrət (ə) başqa yerdə buyurur: "Sizlərdən hər kim torpağını və suyunu satmaq istəsə, (ilk növbədə) qonşusuna təklif etsin”.

Həzrət Peyğəmbər (s) buyurur: "Qonşular üç dəstədir: o qonşu ki, bir haqqı vardır, o qonşu ki, iki haqqı vardır və o qonşu ki, üç haqqı vardır. O kəsin ki, bir haqqı var - müşrik qonşudur ki, qohum deyildir. Onun üçün ancaq qonşusan. O kəsin ki, iki haqqı var - müsəlman qonşudur ki, İslam haqqına və qonşu haqqına malikdir. Ancaq o kəsin ki, üç haqqı vardır - müsəlman qohum qonşudur ki, İslam haqqına, qonşu haqqına, qohum haqqına malikdir”.

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, tox yatar, qonşusu ac olar, mənə iman gətirməmişdir. O cəmiyyətin sakinləri ki, tox yatırlar, halbuki aralarında ac insanlar olar, Allah Qiyamət günü onlara rəhmətlə baxmaz”. Həzrət (s) yenə də buyurur: "Hər kim həyatın lazımlı vəsaitlərini qonşusundan əsirgəyərsə, Allah Qiyamət günü onu Öz fəzlindən məhrum edər. Onu özbaşına buraxar”.

Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əli! Hər kim qonşusuna əziyyət verər, Allahın rəhmətindən məhrum olar. Hər kim mənim nəslimə kin bəsləyər, məlun, münafiq və ziyankardır. Ey Əli! Qonşunu əziz tut, baxmayaraq ki, kafir olsa belə”.

 

Beləliklə, qonşularımıza hörmət edək və qonşu haqqına riayət etməyə çalışaq.

 

(Tebyan/ Deyerler)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 569 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]