Çərşənbə günü, 2024-04-24, 1:50 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Qənaət etməyi bacarmaq
2012-12-19, 7:21 AM
Qənaət etməyi bacarmaq
 İnsanlar hər gün iqtisadi sahədə çoxlu səylər edirlər. Evdən bayıra çıxan andan iş həyatına atılarlar. Ancaq bu fəaliyyətlərinin bir çoxu həqiqi deyildir, insanın tamah hissindən qaynaqlanır. Əgər bir an təfəkkür etsə görər ki, insan qənaət edərək, daha rahat və sakit bir həyata malik ola bilər.

Əbu Nizəl tarladakı torpağı belləyirdi. Uzaqdan İmam Əlini (ə) görür ki, ona tərəf gəlir. Belini yerə atıb, İmamı (ə) qarşılamağa gedir. İmam (ə) üzünü ona çevirib buyurur: "Yeməyə bir şeyin varmı? Əbu Nizəl tarlasından topladığı küduları yağda qızartmışdı və onun yarısını yemişdi. Yarısı isə qabın içində qalmışdı. Ancaq xəcalət çəkir ki, onu yemək adlandırsın. Deyir: "Bir şey var, ancaq sizin üçün layiqli deyildir”. İmam (ə) buyurdu: "Hər nəyin varsa, gətir”. Əbu Nizəl xəcalət çəkərək, yeməyi İmamın (ə) qarşısına qoyur. İmam (ə) ayağa qalxdı və yaxınlıqdakı çayda əllərini yuyub, yeməyə başladı. Bir qədər ondan yedi və sonra yenə ayağa qalxdı və torpaq və gillə əlindəki yağı aparıb, suda yudu. Gəlib, Əbu Nizəlin yanında əyləşdi. Sonra əli ilə mədəsinə işarə edərək, buyurdu: "O mədə ki, bu qədər az yeməklə qane olar, heç bir zaman özünü sadə yeməklərə qane olmadığına görə cəhənnəm atəşinə atmaz. İmam (ə) sonra beli götürür və buyurur: "İstəyirəm ki, Əbu Nizəlin verdiyi yemək qədər bu tarlada işləyəm”.

Bu hədisdən görmək olur ki, həqiqi olmayan ehtiyacların bir çoxuna görə bu qədər səy göstərməyin mənası yoxdur.

Müasir dövrün insanları xoşbəxtliyi və səadəti rifahda və mal çoxluğunda görürlər. Bu cür insanlara bəzən müsəlmanların arasında da rast gəlmək olur. Onlar belə düşünürlər ki, insan nə qədər çox qazanc əldə edərsə, daha çox bəhrələnmiş olar. Ancaq tarix bizə başqa şeylər söyləyir.

Ərəb bir kişinin dəvə sürüsü sakitcə səhradan keçirdi. Sürü Peyğəmbərin (s) qarşısından da keçdi. Peyğəmbər (s) səhabələrindən birinə nəzər salıb buyurdu: "Dəvəçinin yanına get və bir qədər süd istə!” O, dəvəçinin yanına gəlir və bir qədər süd istəyir. Dəvələrin sahibi deyir: "Bu dəvələrin yelində olan süd qəbilənin səhər yeməyi və qablarda olan isə şam yeməyi üçündür”. O, qayıdır və eşitdiklərini Həzrətə söyləyir. Həzrət Peyğəmbər (s) buyrur:” Allah onun malını və övladlarını artırsın”.

Peyğəmbərimiz (s) yoluna davam edir və qoyun sürüsünə rast gəlir. Həzrət (s) bir nəfəri çobanın yanına göndərir ki, bir az süd alsın. Çoban Peyğəmbərin (s) süd istədiyini eşidən kimi qoyunları sağır və hamısını Həzrətə (s) göndərir. Çoban o qədər sevinir ki, hətta qoyunlardan birini səhabəyə verir ki, Həzrət (s) üçün aparsın. Peyğəmbər (s) üçün yemək hazırlayır. Sonra isə üzrxahlıq edir ki, bundan artıq yanında bir şey yoxdur. Səhabə geri qayıdır və çobanın göndərdiklərini Həzrətə (s) verir. Peyğəmbərin (s) çobanın bu rəftarı xoşuna gəlir və əlini göyə açıb buyurur: "Pərvərdigara! Ona qənaət etməyi nəsib et!”. Səhabələrdən biri irəli gəlir və deir: Ey Allahın Rəsulu! Siz o dəvəçiyə görə elə dua etdiniz ki, hamımız bizim üçün bu cür dua etməyinizi istəyirik, halbuki o, sizə süd verməyi əsirgəmişdi. Allahdan istədiniz ki, övladını və malını artırsın. Ancaq sizə həm süd və həm qoyun göndərən bir çoban üçün elə dua etdiniz ki, biz onu xoş hesab etmirik. Bunun səbəbi nədir?

Peyğəmbər (s) buyurur: Bilin ki, əgər insanın az malı olsa və qənaət etməyi bacarsa, çox malı olmağından daha yaxşıdır. Sonra əllərini göyə qaldırıb buyurdu: Allahım! Muhəmmədə (s) və ailəsinə həyatda qənaət etməyi inayət buyur!”.

Bir gün Peyğəmbərin (s) səhabələrindən biri onun yanında əyləşmişdi və köynəyinə uzun bir nəzər saldı. Sonra isə cibindən bir kisə çıxarır, içindən pul götürüb, deyir: "Ey Rəsul! Bu on iki dirhəm ilə özünüzə köynək alın, köynəyiniz solubdur”. Həzrət Peyğəmbər (s) üzünü İmam Əliyə (ə) çevirir və buyurur: "Bu on iki dirhəmi götür və mənim üçün köynək al!”. İmam (ə) pulu alır və bazara yollanır. Bir az keçmiş əlində bir köynək ilə Peyğəmbərin (s) yanına qayıdır və onu Həzrətə (s) göstərir.

Peyğəmbər (s) ona baxır və buyurur: "Bu köynək bahadır və qayıt, əgər satıcı oradadırsa, onu geri ver və ucuzunu al”. İmam (ə) geri qayıdır və satıcı da köynəyi ondan alır. İmam (ə) köynəyin pulunu alıb Həzrətin (s) yanına gəlir. Sonra hər ikisi bazara gedirlər. Bazar yolunda bir kənizi görürlər ki, bir küncdə oturub ağlayır. Peyğəmbər (s) ona yaxınlaşır və salam verir. Soruşur: "Niyə ağlayırsan?”. Kəniz ayağa qalxdı və göz yaşlarını silib dedi: "Sahibim mənə 4 dirhəm vermişdi ki, bazara gedəm və onun üçün bir şey alam. Ancaq mən pulu itirmişəm və geri qayıtmağa da cürətim yoxdur”. Peyğəmbər (s) İmama buyurur ki, o puldan 4 dirhəmi kənizə versin və sonra buyurdu: "Bu 4 dirhəmi götür və nə almalısansa, al və geri qayıt”.

Həzrət Peyğəmbər (s) etdiyi hərəkətdən çox sevinirdi və sonra yoluna davam etməyə başladı. Bir mağazaya çatdı, içəri girib 4 dirhəm miqdarında bir köynək aldı. Onu geyindi və geri qayıdan zaman bir kişini gördü ki, başı çılpaqdır və günəş başına vurur. Bir küncdə həmin köynəyi çıxarır və kişiyə verir. Sonra yenə İmamla (ə) bir yerdə bazara qayıdır.

Bir daha 4 dirhəm miqdarında köynək alır və onu geyinir. Qayıdan zaman yenə həmin kənizi görür ki, ağlayır. Həzrət Peyğəmbər (s) buyurur: "Niyə qayıtmamısan?”. Kəniz deyir: "Ey Rəsulallah! Çox uzun zamandır ki, bazardayam. Qorxuram ki, geri qayıdan zaman məni döysünlər”. Peyğəmbər (s) buyurur: "Gəl bir yerdə gedək. Sən evini mənə göstər”. Hər üçü kənizin evinə tərəf hərəkət etdilər. Kəniz evə çatır və deyir ki, bu evdir. Peyğəmbər (s) qapını döyür və buyurur: "Allahın salamı olsun sənə, ey ev əhli!”. Ancaq cavab gəlmir. İkinci dəfə yenə qapını döyür və həmin sözləri deyir. Yenə səs gəlmir. Üçüncü dəfə bu işi görən zaman, bir kişi qapını açır və deyir: "Allahın salamı olsun sənə, ey Allahın Rəsulu!” Həzrət (s) buyurdu: "Niyə cavab vermisiniz?” Kişi dedi: "Eşidirdik və bilirdik ki, bu, sizin səsinizdir”. Peyğəmbər (s) təəcüb edir. Buyurur: "Bəs niyə qapını açmırdınız?” Kişi dedi: "Sizin salamı dəfərlərlə eşitmək istəyirdik, ona görə”. Həzrət (s) buyurdu: "Sizin bu kəniz uzun zamandır ki, bazara gəlib və mən gəldim ki, onu gec gəldiyinə görə tənbeh etməyəsiniz”. Kişi əlini sinəsinə qoyur və deyir: "Ey, Allahın Rəsulu! Sizin qədəminiz bizim evə dəymişdir və mən bu kənizi Allah yolunda azad edirəm”. Peyğəmbər (s) təbəssüm edir və düşünür ki, qənaət etdiyi üçün bu pulla həm kənizi azad etdi, həm paltarsızı geyindirdi və həm də özünə köynək aldı. Əlini göyə qaldırıb, buyurdu: "Allaha şükür olsun! Necə bərəkətli 12 dirhəm idi. İki paltarsızı geyindirdi və bir kənizi Allah yolunda azad etdi”.

O insan ki, qənaətlə yaşamağı bacarır, əlinə mal keçərsə onu rahat infaq edə bilər. İnsan qısa yollu səfərə çıxan zaman yükünü yüngül edər. Biz də bu dünyada müvəqqəti olduğumuza görə ehtiyacımız qədər bəhrələnək və qənaət etməyi bacaraq. Çünki qənaət etməyin bərəkəti çoxdur.



(Həvzəh/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 803 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]