Cümə günü, 2024-04-26, 5:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Psixoloji problemlərin həlli üçün Qurani-Kərimin 8 resepti
2013-10-22, 8:32 AM
Psixoloji problemlərin həlli üçün Qurani-Kərimin 8 resepti

İslam dini həmişə çalışır ki, insanlar psixoloji xəstəliklərə düçar olmasınlar. Ancaq əgər kimsə bu xəstəliyə düçar olarsa, bunun müalicə yolları da göstərilmişdir. Əgər xəstə bu müalicə yollarına əməl etsə, şəfa tapacaqdır. Müalicə yollarının bəzilərinə işarə edək:
1. Səbir və təmkin.
Səbir - stresslə mübarizənin ən yaxşı yollarından biridir. Çətinliklərə qalib gəlmə amili səbirdir. Belə ki, İslam dini həmişə həm daxili və həm xarici düşmənlərlə mübarizədə səbri tövsiyə edir və ondan yardım almağı buyurur. "Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən Allah səbir edənlərlədir”. ("Bəqərə” 153). Peyğəmbəri-Əkrəm (s) buyurur: "Çətinliklər qarşısında nicat və fərəc üçün tək ümid ediləsi yol - səbirdir”. Ona görə də Quranda səbrin adı təxminən 70 dəfə çəkilmişdir. Səbir - ancaq bəsbəxtliklər, pis hadisələr qarşısında təmkinli olmaq deyildir; səbir - mətanət, möhkəmlik və çətinliklərə qalib gəlməyin vasitəsidir.
2. Namaz.
İbadətlər içərisində heç bir ibadət namaz kimi deyildir. Namaz - insanın Allah Təala ilə rabitə vasitəsidir. İnsan nəfsinin Qadir Allaha diqqəti nəticəsində müsibətləri yadından çıxar və onun rahat olmasına səbəb olur. Quran möminlərə namazdan yardım almağı tövsiyə edir: "Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir”. ("Ənkəbut” 45).
3. Dua.
Quran Allahın dili ilə buyurur: "(Müşriklərə) de: «Əgər mənim Rəbbim (ümumi mərhəmətin və bəhanəyə yer qoymamaq üçün dəlil-sübutun tamamlanmasının tələbinə əsasən) sizi (tovhid və imana) dəvət etmək istəməsəydi, sizə əhəmiyyət verməzdi”. ("Furqan” 77). Yəni, əgər sizin duanız olmasaydı, Allah da sizə əhəmiyyət verməzdi və etina etməzdi.
Həsənzadə  Amulinin sözlərinə görə, duasız qəlbin dəyəri yoxdur, dəyəri olmayan qəlbin də dəyəri yoxdur. Bəşərin xəstəliklərlə mübarizədə ilk diqqətini cəlb etdiyi mənəvi yol - duadır. Bu gün də dünyanın müxtəlif yerlərində iki yoldan istifadə edilir. Bunlardan biri - maddi yol olan dərmanlardır, həkimlərdən yardım almaqdır və insan sağlamlığını təmin edə biləcək hər bir vasitədən, o cümlədən, bitki dərmanlarından istifadə etməkdir. O biri yol isə mənəvi yoldur: dua, təvəssül və Sübhan Allahdan istəməkdir, münacatdır.
4. Quran və ondan bəhrələnmək.
Qurana və hədislərə müraciət edəndə görmək olur ki, Quran psixoloji xəstələr üçün Allahın şəfaverən bir reseptidir. Quran həmçinin tibbin gücü çatmadığı xəstəlikləri müəyyən edər və onun şəfası üçün dərman təqdim edər. Quran özünü bir çox ayələrində "şəfa” adlandırmışdır.
Şəfa dedikdə, məqsəd psixoloji və qəlb xəstəliklərinin şəfasıdır. Küfr, şirk, nifaq, paxıllıq, kin kimi xəstəliklərin. Yəni, Quran mənəvi çirkinlikləri təmizləyən bir dərmandır. "Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir”. ("Yunus” 57).
"Biz, Qurandan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır”. ("İsra” 82).
İmam Əli (ə) buyurur: "Qurandan xəstəlikləriniz üçün şəfa istəyin. Çətinliklərə qalib gəlmək üçün ondan kömək istəyin. Çünki Quranda böyük xəstəliklərin: küfr, nifaq, yolunu azmaq və zəlalətin şəfası vardır. Ona görə də nə istəyirsinizsə, Quran vasitəsilə Allahdan istəyin. Quranla dostluq edərək, Allaha diqqət edin”.
5. Təqva.
Quran həmçinin təqvanı çətinliklərə qalib gəlmək amili kimi qiymətləndirmişdir. O kəslər ki, bir tikə çörək tapmaq üçün narahat və kədərlidirlər, Quran təqvanı onlara ruzi əldə etməyin yolu kimi tanıtmışdır. Ancaq bu, o demək deyildir ki, insanlar peşələrindən və işlərindən əl çəksinlər, ruzi əldə etmək üçün təqvaya üz tutsunlar.
Peşə və çalışmaq bir tərəfdən faydalıdır, təqva isə  başqa bir tərəfdən. "Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O, ona kifayət edər”. ("Boşanma” 3). Gündəlik dolanışıq məsələləri insanı nigaran edən məsələ olduğu üçün təqva bu nigarançılığı aradan qaldırar. Həzrət Peyğəmbər (s) buyurur: "Mən elə bir ayə tanıyıram ki, əgər insanlar çətinliklərinin həll üçün ondan yapışsalar, kifayətdir”. Həzrət (s) "Boşanma” surəsinin 3-cü ayəsini dəfələrlə təkrar etdi. Qeyd etmək lazımdır ki, təqva həm insanı müalicə edir və həm də psixoloji gigiyenasını təmin edir.
6. Allaha təvəkkül.
Allaha təvəkkül etməkdə məqsəd odur ki, insan öz işini Allaha tapşırsın. Çətinliklərinin həllini Ondan istəsin. Allah onun bütün ehtiyaclarından xəbərdardır. Allah ona qarşı rəhim və mehribandır. Allah hər bir müşkülün həllinə qadirdir. Ona görə də Peyğəmbər (s) Merac gecəsində Allahdan soruşur: "Pərvərdigara! Hansı əməl daha üstündür?”. Buyurulur: "Mənim yanımda Mənə təvəkkül etməkdən və qismət etdiyimə razı olmaqdan üstün bir əməl yoxdur”. Təbiidir ki, təvəkkül dedikdə çalışan və səy edib, bir nəticəyə gələ bilməyən insan nəzərdə tutulur, nəinki tənbəl və heç bir iş görməyən bir insan. Bu məsuliyyətdən qaçmaq olardı, təvəkkül deyil. Beləliklə, psixoloji xəstəliklərin mühüm dərmanlarından biri - Allaha təvəkküldür.
7. Tövbə.
Allahdan bağışlanma diləmək və buna ümid bəsləmək. Yəni, günahların hamısı bağışlana bilər. "Və sizə (qəfil dünya və ya axirət) əzab(ı) gəlməmişdən və daha sonra köməksiz qalmamışdan qabaq Rəbbinizə tərəf dönün və Ona təslim olun”. ("Zumər” 54). Hər kim çoxlu tövbə edərsə, kədərdən xilas olar və hər çətinlikdə nicat tapar.
8. Övliyalara təvəssül etmək.
İlahi övliyalara, yəni Peyğəmbərlərə (ə), İmamlara (ə) təvəssül etmək ruhi rahatlıq yaradar. Tədqiqatlar da göstərir ki, bir çox xəstəliklər təvəssül vasitəsilə müalicə olunmuşdur. "Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın”. ("Maidə” 35). Vasitə dedikdə, yəni Allaha ən yaxın olanlar nəzərdə tutulur. Bu, eyni zamanda əməl də ola bilər. Yəni, Allah dərgahında ən sevimli sayılan əməli görün və onu vasitə qərar verin. Onların ən mühüm olanı Allaha və Peyğəmbərə (s) iman bəsləmək, Allah yolunda cihad etmək, ibadət, Allah Evini ziyarət etmək, sileyi-rəhm, Allah yolunda infaq etmək – bu, xeyirli və bəyənilmiş əməllərdəndir. Bundan başqa Peyğəmbərlərə (ə), İmamlara (ə) təvəssül etmək şəfaətə səbəb olar.
Beləliklə deyə bilərik ki, Quran həqiqətən şəfa verən bir kitabdır. Ancaq onun şəfası bu 8 dərmanla bitmir. Şəfa dairəsi çox genişdir və biz onun ancaq bir neçəsinin adını çəkdik.  Allah Təala bizləri şəfa tapanlardan qərar versin.(Tebyan saytına istinadən)
 
Hazırladı: Məşhədi Xanım,
Deyerler.org
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 684 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]