Çərşənbə günü, 2024-04-17, 2:56 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

NƏFSİN NÖVLƏRİ (ƏMMARƏ, LƏVVAMƏ, MÜTMƏİNNƏ)
2013-01-31, 3:03 PM
NƏFSİN NÖVLƏRİ (ƏMMARƏ, LƏVVAMƏ, MÜTMƏİNNƏ)
Sual oluna bilər: Nəfs elə əql deyilmi? Yoxsa nəfs və əql ayrı-ayrılıqda mövcuddur? Nəfslə əql arasında mübarizə dedikdə nə başa düşülür? Nəfsin növləri var, yoxsa elə bir növdür? Nəfs insanın özüdür, yoxsa ayrı bir varlıqdır?
"Nəfs” sözü də "təzkiyə” sözü kimi, ərəb dilinə məxsus sözdür. Mənası "özüm”, "mən” deməkdir. Qurani-kərimdə bu söz müxtəlif mənalarda işlədilmişdir. Adi halda nəfs dedikdə insanın şəxsiyyəti, varlığı nəzərdə tutulur. Beləcə, insanın şəxsiyyəti, yəni nəfsi vahiddir və onun müxtəlif yönümləri var. Bütün qüvvələr, meyllər, istəklər həmin bu nəfsə aiddir. Yaxşını pisdən ayırmaq istedadına malik olan əql də bu qüvvlərdəndir. Demək, insanda mövcud olan iki yönümdən biri əql, digəri isə ölçü-biçim tanımayan istəklərdir. Əql ilə nəfsin mübarizəsi dedikdə həmin bu iki yönümün mübarizəsi nəzərdə tutulur.
Əmmarə, ləvvamə və mütməinnə adlanan üç növ nəfs də həmin yeganə nəfsin müxtəlif hallarıdır. Nəfs fitrətən kamillik tələbin-dədir. İnsan hələ uşaq çağlarından öz qüvvəsini və imkanlarını artırmağa çalışır. O, suallar verməklə elmini artırır.

Amma kamilliyin konkret öz yolu vardır. Bu yoldan çıxan insan gecə-gündüz çalışsa belə kamala yetəsi deyil. Təkamül yolunda səhvə düçar olan insan nə vaxtsa üzücü peşimançılıq çəkir. Bu peşimançılıq əvvəlki nəfsin bir başqa halıdır. İnsanı pisliyə çağıran nəfs əmmarə adlanırsa, əqlin təsiri ilə peşman olmuş nəfs ləvvamə nəfs adlanır. İki yol ayrıcında qalmış insan əqlinə müraicət etmədən həvəs ardınca gedirsə nəfs öz əmmarə halını möhkəmləndirir. Əmmarə nəfsə nəzarət olunmazsa insan böyük günahlara batar. Öz-özlüyündə pis olmayan istək yalnız nəzarətsiz qaldıqda həddi aşıb bəlaya çevrilir. Məsələn, insanın yeməyə meyli təbii bir meyldir. Amma bu meylə nəzarət olunmadıqda insan halal-haram, xeyir-zərər bilmədən qarnını doldurur. Belə insanın nəfsi əmmarə halındadır. Bütün meyllər həddini aşdıqda bu hal baş qaldırır. Nəfsin qidalanmaya, əyləncəyə, istirahətə və s. meyli onun əmmarə olmasına dəlil deyil. O, yalnız həddi aşdıqda əmmarə olur.

İnsanın öz əqlinə zidd hərəkət etməsi onun azad olmasının nişanəsidir. İnsan həm əqlə, həm də azadlığa malikdir. O, əql vasitəsi ilə yaxşı və pisi tanıdıqdan sonra iki yoldan birini seçməkdə azaddır. İnsan iki yoldan birinə üz tutmağa məcbur deyil. İnsanın kamilliyi nəfsani istəklərin əqlə tabe edilməsindən asılıdır. Əqlin göstərişlərini eşitməməzliyə vuran insan əyri yolu seçir. Əqlin səsinə qulaq asan insan isə nəfsi cilovlaya bilir. İnsan yalnız bu zaman Allaha yaxınlaşa bilər. Əqlə təkrar-təkrar itaət edən insanlarda nəfsi cilovlamaq gücünə malik xarakter formalaşır. Bu zaman nəfs sakitləşir və insan çətinlik çəkmədən arxayın bir qəlblə həqiqətə doğru hərəkət edir. Bu həmin mütməinnə nəfsdir. Mütməinnə nəfs müxtəlif təhlükələri adlamış, ali dərəcəyə çatmış həmin əvvəlki nəfsdir. Ardıcıl şəkildə əqlinə tabe olan insanın nəfsi mütməinnədir. Əql və nəfsin mübarizəsi təkamül yolunda ilk addımlarını atan nəfsə aiddir. Nəfs əqlin hakimiyyətinə keçdikdən sonra mövcud ziddiyyət aradan qalxır.


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 765 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]