Çərşənbə günü, 2024-05-08, 6:50 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Nəfs təhlükə mənbəyidir
2013-03-29, 6:00 AM
Nəfs təhlükə mənbəyidir

Təhlükə mənbəyi



Allah-təala Qurani-Kərimdə buyurmuşdur:
"And olsun nəfsə və onu yaradana, sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”. [Shems" suresi, aye 7,8,9m10]
İnsan prinsipcə üç əsas ünsürdə fərqlənir. Bu ünsürlərin qarşılıqlı əlaqəsi insanın şəxsiyyətini təşkil edir. Bunlardan birincisi əql, ikincisi nəfs, üçüncüsü isə cismdir. Ruh isə bu ünsürlərin hər üçünə də şamildir. Əvvəlcə bu ünsürlərə bir qədər aydınlıq gətirək. Yəni, ruh, əql və nəfs deyildikdə biz nə başa düşürük? Cismin mənası isə hamıya bəlli olduğu üçün onu izah etməyə heç bir ehtiyac yoxdur. Lakin ruha, əqlə və nəfsə tərif verilməsi xüsusunda filosoflar, kəlam və ideologiya alimləri arasında böyük mübahisələr və ixtilaflar yaranmışdır. İndi isə bu terminlərin tərifləri ilə tanış olaq:

Ruhun tərifi.
Ruh dedikdə insanı yaşadan, həyat mənbəyi olan bir qüvvə nəzərdə tutulur. Hansı ki, onun cismdən ayrılması ilə insanın həyatı bu dünyada sona yetir. Məhz bu səbəbdən də yuxarıda ruhun hər üç ünsürünə (əqlə, nəfsə və cismə) şamil olduğu qeyd edilib. Həyat bəxş edən bir qüvvənin ruhun olmadığı bir təqdirdə əqldən danışmaq olarmı? Onsuz nəfs öz rolunu oynaya bilərmi? Və ya cisim hərəkət funksiyasını yerinə yetirərmi?
Ruhun cismdən xaric olması, onun dünya həyatı ilə vidalaşıb başqa bir aləmə köçməsi deməkdir.

Əqlin tərifi.
Əql dedikdə insana haqla batili, xeyirlə şəri və mümkünlə qeyri-mümkünü bir-birindən fərqləndirməyi öyrədən bir nur başa düşülür. Digər şəkildə ifadə etsək, əql idrak, seçim və bilik qüvvəsidir. İnsan məhz onunla dərk edir, seçir və qiymətləndirir.

Nəfsin tərifi.
Nəfsə gəldikdə isə qeyd edək ki, bu məfhumun tərifində filosoflar arasında böyük ixtilaflar yaranmışdır. Hətta bəziləri nəfs haqqında təriflərin sayının qırxa yaxın olduğunu söyləmişlər.
Biz isə nəfsi, insandakı meyllərin, duyğuların və şəhvani hisslərin mərkəzi hesab edirik. Qurani-Kərimdə buna bəzən nəfs və bəzən isə qəlb adı verilmişdir.

Nəfslə əqlin fərqi

Bütün məsələlər əqllə dərk olunur. Hər bir işin mümkün və ya qeyri-mümkün olduğunu məhz əqllə müəyyən edirik. Birlə biri topladıqda iki, iki ilə ikini topladıqda isə dörd olduğunu, həmçinin bütün bu kimi məsələləri dərk etməyə qadir olan yeganə qüvvə əqldir. Elm, bilik, ümumiyyətlə, hər bir şeyi layiqincə qiymətləndirmək yalnız əqlin vasitəsilə həyata keçir.
Nəfsdə isə insanın atifələri sevmək və nifrət kimi hisslər yerləşir. Daha dəqiq desək, məhəbbət özünü sevmək, qürur, qorxu və digər bütün hisslərin, atifələrin mənbəyi nəfsdir. Nəticə olaraq, əqllə nəfs arasındakı fərd aydın olur.
Nəfs bu mənada insanın şəxsiyyətində ən təhlükəli tərəf hesab edilir. Çünki o, insan üçün həm xoşbəxtlik, həm də bədbəxtlik mənbəyidir. Allah-təala Qurani-Kərimdə bu həqiqəti belə bəyan etmişdir:
"Nəfsini (günahlardan, mənəvi xəstəliklərdən) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha, mənəvi çirkaba) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”.
Bəli, şəhvani hisslərin və atifələrin mənbəyi olan nəfs insanı səadətə doğru yönəltməklə yanaşı, onu yolundan azdıraraq bədbəxtliyə və fəsada sürükləməyə qadirdir.

Əqlin rolu nədən ibarətdir

Əql insan həyatında nəfs kimi hakim rolunu oynamır. Onun vəzifəsi yalnız dərk etmək və qiymətləndirməkdən ibarətdir. Məsələn, əql işgüzarlıq və fədakarlığın müsbət, tənbəlliyin isə mənfi sifət, həmçinin ədalətin yaxşı, zülmün isə pis əməl olduğunu dərk edir. Lakin nəfs daim özünə mövqe seçərək bütün ixtiyarı ələ almağa cəhd göstərir. Əqlin dediklərini qəbul edib, onlara əməl etmək, yaxud əksinə olaraq başqa bir səmtə yönəlmək nəfsin əlindədir.
Qurani-Kərimdə bu haqda belə buyurulmuşdur:
"(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə təkəbbür üzündən onları inkar etdilər”. ["Neml" suresi, aye 14]
İlk öncə əqlləri onlara əsil həqiqəti və vacibliyi göstərsə də, onlar bilə-bilə həmin həqiqətləri inkar etdilər. Buna səbəb isə nəfsi istəklərin, şəhvani hisslərin onlara əqllərinin dediklərinə əməl etməkdə mane olması idi. Başqa bir ayədə isə Allah-təala bu həqiqətə belə işarə etmişdir:
"Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz?” [Ali-Imran suresi, aye 71]
Diqqət edin və düşünün! Onlar həqiqəti bilirlər. Əqlləri onlara doğru yolu göstərməyinin müqabilində nəfsi istəkləri və şəhvətləri onları əqlin dediklərindən sapınmağa və əsil həqiqəti gizlətməyə vadar edir. Bundan əlavə, bir çox hədislər və misallarda qeyd edilir ki, əql, hətta, nəfsin əlində aciz bir alətə çevrilə də bilər.
Qəribədir! Əzəmətli bir qüvvə olan əql nəfsin təsiri ilə aciz bir alətə çevrilir. Sanki nəfsi istəklərin fırtınası onu dəryada üzən qayıq kimi müxtəlif səmtlərə sürükləyərək istədiyi vaxt ondan istifadə edər.

Müəllif: Həsən Səffar


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 699 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]