Bazar günü, 2024-12-22, 4:24 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

MƏN FATİMƏYƏM
2013-10-27, 6:23 AM
MƏN FATİMƏYƏM
Dünyaya gəlişi, mübarizəsi və şəhadəti
Bismillahir-Rəhmanir-Rəhim.
Fatimənin (ə) dünyaya göz açması.
  Hər iki dünya xanımı və bütün xanımlara örnək olan islamın əziz peyğəmbərinin (s) ciyərparəsi, imamət və nübuvvət arasında ən nəhəng vasitəci, bir sözlə bütün gözəllikləri özündə cəm edən, yer üzərində Fatimə (ə), göylərdə isə Səmaviyyə və Nucumiyyə  adlandırılan  xanım  Fatimeyi   Zəhra (ə), Məkkə şəhərində besətin 5-ci ili, cəmadius-sani ayının 20, cümə günü, risalətin dünyaya yayıldığı bir evdə dünyaya göz açdı. O zaman peyğəmbərin (s) 45 yaşı var idi.

Xanımın Fatimə adlandırılması.
  Hədis kitablarında "Fatimə” kəlməsi müxtəlif mənalarda qeyd olunmuşdur. Lakin Əllamə Məclisi öz kitabı "Biharul-Ənvar” da səhih sənədlə İmam Sadiqdən (ə) "Fatimə” kəlməsi barəsində belə nəql edir: İmam Sadiq (ə) öz babası Rəsulallahdan (s) belə buyurur:
"Bir gün peyğəmbər (s) imam Əliyə (ə), bilirsənmi Fatimə  nə  üçün  Fatimə  adı  ilə  adlandırılıb?      Əli (ə) buyurdu: Xeyr, bilmirəm ya Rəsulallah. Peyğəmbər (s) buyurdu: O və onun şiələri cəhənnəm odundan amanda qaldıqları üçün Allah onu Fatimə adlandırmışdır”. Onu qeyd etmək lazımdır ki, xanımın, Fatimə adından başqa doqquz məşhur ləqəbi vardır. O ləqblər aşağıdakılardan ibarətdir: 1.Siddiqə. 2.Mübarəkə. 3. Tahirə. 4. Zəkiyyə. 5.Raziyyə. 6. Mərziyyə.7. Mühəddəsə. 8. Bətul. 9. Əzra.

Xanım Fatimənin (ə) ailəsinə olan məhəbbəti.

 Qadınlara bariz nümunə olan Fatimə (ə), həyat yoldaşı Əliyə (ə), oğlanları imam Həsən və imam Hüseynə  (ə),  qızları Ummu Gülsüm və  Zeynəbə (ə) qarşı o qədər məhəbbət bəsləmişdir ki, tarix bu məhəbbəti öz səhifələrindən silməyə acizdir. Belə ki, bu məhəbbətin bir nümunəsi olaraq ailə daxili və xarici işlərin Əli (ə) və Fatimə (ə) arasında bölünməsi, yaddaşlardan silinməz bir xatirədir. O cümlədən, Fatimə (ə) hər gecə öz övladlarının başları üzərinə gələr, xüsusən imam Həsən və imam Hüseynə (ə) həzin səslə lay-lay çalardı. Bir rəvayətdə imam   Həsəndən (ə) belə nəql olunur:"Mən, Peyğəmbərin məscidindən qayıtdıqda, anam məni yanına çağırar, o həzrətin, nə haqqında xütbə etdiyini soruşar və sonra məni bağrına basıb qucaqlayardı”. Xanım Fatimə (ə), qızı   Zeynəbi (ə) həyatda daim səbirli olmağa dəvət edər, onu ən gözəl tərbiyə ilə tərbiyələndirərdi. Fatimə (ə) qızı Zeynəbi (ə) gələcəkdə baş verəcək hadisələrlə xəbərdar edərdi. Bir gün xanım Fatimə (ə) qızı Zeynəbə (ə) belə ərz etdi: "Qızım! O vaxt ki, Kərbəlaya çatdınız, mənim əvəzimdən qardaşın Hüseynin boyunundan öpərsən”. Lakin bu balaca körpələr haradan bilərdilər ki, çox az bir vaxtda zalım düşmənin təcavüzü nəticəsində,  onlar ana məhəbbətindən daimi məhrum olacaqlar.

Ümmət və Fatimə (ə).

 Məgər bu ümmətin bəzi zalım nümayəndələri Peyğəmbərin (s) sağlığı dövründə ondan eşitməyiblər ki, o həzrət (s) belə buyurub: "Fatiməni incidən, məni incitmiş kimidir”. Başqa bir hədisdə xanım Fatimə (ə) doğulduqdan sonra Peyğəmbər (s) üzünü o balaca qıza tərəf tutaraq belə buyurmuşdur: "Qızım, sənə salam göndərən kimsəni, Allah qiyamət günü, cənnətə-mənim yanıma göndərər”.Başqa bir hədisdə  isə peyğəmbər(s)   Salmana  (r) tövsiyə edərək belə buyurmuşdur: "Ey Salman! Fatiməni sevən cənnətə mənimlə daxil olacaq. Onu qəzəbləndirən isə cəhənnəm oduna daxil olar. Ey Salman! Fatiməni sevmək yüz yerdə fayda verər. Onlardan ən mühümü isə ölüm anında, qəbr evində, mizanda, həşr günündə, sirat körpüsündə və hesab anındadır".

Fatimə (ə) məktəbi.

 Həqiqətən xanım Fatimənin (ə) mübarək evi, möminə qadınlar üçün bir məktəb olmuşdur. Ərəb qadınları, islam tərbiyəsinə yiyələnmək üçün Fatimənin (ə) evinə gəlib, Xanımdan (ə) dərslər öyrənərdilər. Bəzi  qadınlar,    Fatimədən (ə)    müxtəlif şəri məsələlər öyrənər  və onun ətrafına yığılıb, Xanımın (ə) tövsiyələrinə qulaq  asardılar. Unutmayaq ki,  xanım  Zeynəbdə  (ə)  Fatimə (ə) məktəbinin ən bariz nümunəvi tələbələrindən biridir.

Beytul-əhzan.

Aləmlərə  rəhmət  olan Məhəmməd Peyğəmbər (s) vəfat etdikdən sonra onun bircə qızı xanımlar xanımı olan Fatimei Zəhra (ə) atasının yoxluğuna çox hüzunlənirdi . Atasının vəfatına dözməyən Xanım (ə), ailə daxili vəzifə borcunu əda etdikdən sonra kədərli halda gecə və gündüz ağlayardı. Özlərini  zahirdə müsəlman  sayan bəzi  insanlar, Xanımın (ə) ağlamaq səsindən narahat olduqlarını bildirirdilər. Mədinə şəhərinin bəzi əhli bundan şikayət etmək üçün imam Əlinin (ə) evinə gələrək ona dedilər: Ey Əli! Fatimə gecə və gündüz ağlayır və bizlərdən bir nəfərdə olsun belə rahat yata bilmir. Sən Zəhradan xahiş et ki, ya gecələr ağlayıb gündüzlər sakitləşsin, ya da gündüzləri ağlayıb gecələri sakit olsun. Həzrət Əli (ə) Xanımın(ə) otağına daxil olub dedi: Ey Peyğəmbərin əziz qizi! Mədinə əhli sənin ağlamağından əziyyət çəkdiklərini bildirirlər və deyirlər ki, Fatimə ya gecələr ağlayıb gündüzlər sussun, ya da gündüzlər ağlayıb gecələr sussun. Xanım Zəhra (ə), Allaha and olsun atama qovuşanadək susmayacam deyərək, öz haqq əməlinə davam edəcəyini bildirdi. Çünki Əhli-beyt (ə) ağlamağın məzlumiyyət rəmzi olduğunu anlayır və bu vasitə ilə onlara olunan zülümü bu şəkildə ifadə olunmasını munasib bilirdilər. Bu hadisədən sonra Fatimə (ə) öz öhtəsində olan şəri və ürfi vəzifəsini yerinə yetirdikdən sonra Mədinədən xaric bir yerə gedərək "Ərak” adlı ağacın altında oturub gecəyə kimi ağlayar, sonra imam Əli (ə) gəlib xanımı (ə) mənzilə aparardı. Həmin gecə insaniyyətdən kənar olan bir dəstə zalımlar gedib "Ərak” ağacını dibindən çıxartdılar. Səhərisi gün xanım Fatimə (ə) evdən çıxıb həmin yerə getdikdə, "Ərak” ağacının olmadığını görüb, elə orada da günəş altında oturub atasına ağladı. Əli (ə), Fatiməni (ə) bu halda görüb kədərli halda üzünü Rəbbinə tutaraq dua etdi: "İlahi Peyğəmbər (ə) ailəsinin başına gələnlərə sən özün şahidsən”. Sonra Əmirəl-Möminin Əli (ə) xanım Zəhra (ə) üçün xurma ağacının budaqlarından bir ev tikib həmin evi   "Beytul-əhzan” (hüzünlər evi) adlandırdı. Artıq xanım Zəhra (ə) oraya gedərdi. Yenə də bir dəstə münafiqlər sözləşib o evi dağıtdılar. Bundan xanım Zəhra (s.ə) şəhidlərin qəbiristanlığına gedərək atasına ağlayırdı.
Xanım Zəhra (ə) evinə hücum.
Peyğəmbər (s) vəfat etdikdən sonra İmam Əli (ə) onun qüsl və kəfəni ilə məşğul idi. Özlərini müsəlman adlandıran və həqiqətdə isə müsəlman olmayan bəzi şəxslər, Peyğəmbərdən (s) sonra kimin xəlifə olacağını məşvərət edirdilər. Ənsar və Muhacirlər arasında ixtilaf düşdüyünü görən camaatın çoxu Əbu Bəkrə beyət etdilər. Bununla Peyğəmbərin (s) "Qədir Xum" da dediyi vəsiyyəti inkar edərək Əbu Bəkri, islam aləminə xəlifə təyin etdilər. Ömər bin Xəttab dörd nəfərin Əbu Bəkrə beyət etmədiyindən xəbər tutub, əmisi oğlu Qunfuzu onların ardınca göndərdi ki , Əbu Bəkrə beyət etsinlər.Qunfuz, Əliinin (ə) qapısını döyüb Əbu Bəkrə beyət etmələrini tələb etdi. Bu zaman Xanım Zəhra (ə), bizdən xəbərsiz xəlifə seçirsiniz və bizimlə məşvərət etmirsiniz dedi. Qunfuz Əbu Bəkrin yanına qayıdaraq beyətdən etiraz etdiklərini bildirdi və Abbas, Zubeyr, Səid bin Ubadənin    Əlinin(ə) evində olduqlarını yalandan ona xəbər verdi . O, bu xəbərdən qəzəblənərək Öməri onların ardınca göndərib, Əlinin (ə) evindən çıxardılması, əks təqdirdə isə onları evdə öldürülməsi əmrini verdi. Ömər bin Xəttab əlinə məşəl alaraq xanım Zəhranın (ə) qapısının önündə dayandı. Xanım Zəhra (ə) ona dedi: Ey Xəttab oğlu! Evimizi yandırmağamı gəlmisən? Ömər dedi: Əgər Rəsulullahın xəlifəsinə beyət etməsələr evə od vurub yandıracağam. Ömər və onunla gələnlər Xanımın (ə) evinə daxil olmaq istədikdə Xanım (ə) dedi: Ey Allahın, Peyğəmbərin və Əlinin düşməni bizdən nə istəyirsən. Ömər bu sözdən qəzəblənərək içəri soxulmaq istədi. Ömərin içəri daxil olmasına mane olan Xanım (ə), qapını mübarək əlləri ilə əks tərəfə sıxmağa başladı. Bu zaman Ömər, Xanımın (ə) qapı arxasından çıxan əllərinə qamçı ilə vurdu. Xanımın (ə) əllərini qapıdan çəkdiyini görən Ömər bu fürsətdən istifadə edib qapıya təpiklə vuraraq Xanımı (ə) qapı ilə divar arasında sıxdı. Qapıda olan mismar Xanımın (ə) sinəsinə batdı . Xanım Zəhra (ə) dünyadan yenicə köçmüş atasını səsləyərək belə dedi: Ey ata ! Gəl gör səndən sonra bizimlə necə rəftar edirlər. Bu zaman xanım  Zəhranı (ə) divara söykənmiş görən Ömər, Xanıma (ə) elə bir sillə vurdu ki, Xanımın (ə) qulağındakı sırğası yerə düşdü. Xanım Zəhra (ə), Fizzəni ona kömək etmək üçün səsləyib ona bətnindəki uşağın siqt olduğunu xəbər verdi... Bütün bu müsibətlərdən sonra xanım Zəhra(ə) çox ömür sürmədi. Öz vəsiyyətində imam Əliyə (ə) buyurdu ki, onun xəstəliyini və qəbrinin yerindən heç kimə söz açmasın.
Bu barədə imam Zeynəlabidin (ə) atası imam Hüseyndən (ə) nəql etdiyi hədisdə belə buyurur: O zaman ki, xanım Zəhra (ə) xəstələndi, imam Əliyə (ə), onun xəstəliyini və qəbrinin gizli qalmasını vəsiyyət etdi. İmam  Əli (ə), Zəhranın (ə) vəsiyyətini olduğu kimi yerinə yetirib bu haqda heç kimə xəbər vermədi. İnşaallah imam Mehdi (ə.c) zuhur etdikdən sonra anası xanım Zəhranın (ə) qəbrini aşkar edəcək. Beləliklə bütün bu müsibətlərə imam Əlinin (ə) səbr etməsi, peyğəmbərin (s), ona etdiyi vəsiyyəti nəticəsindədir.

Məşədi Natiq (S.N)
İstifadə olunmuş ədəbiyyatlar:
"Mosuətul-Kubra ən Fatimətiz-Zəhra”.
"Fatimətuz-Zəhra minəl-Məhdi iləl-Ləhd”.
"Fatimə bəynə nubuvvəti vəl-İmamə”.
      "Fatimətuz-Zəhra əfzəlu usvətin-Nisa”.

azadxeber.az

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 770 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]