Şənbə günü, 2024-05-18, 8:36 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Kamil insanı səciyyələndirən 7 xüsusiyyət
2013-06-22, 8:35 AM

Kamil insanı səciyyələndirən 7 xüsusiyyət

 

  Kamil insan hər cür əxlaq fəzilətlərinə malik bir insandır. Bu cür insan həm Allahın və həm də insanların sevimlisi olur. Müasir dövrümüzdə hər gün yeni şeylər kəşf olunmasına baxmayaraq, insan özü ilə tək qala bilmir. Nə zaman özü ilə xəlvət etsə, texniki vasitələrdən qurtula bilsə, düşünmək və özünü dərk etmək üçün fürsəti olar.

İmam Əli (ə) kamil insanın sifəti haqqında buyurur: "Xoş olsun o kəsin halına ki, özünün yanında kiçikdir, (insanların nəzərində isə böyük)”.

İmam kamil insanın ilk sifətinin təvazökarlıq olduğunu bəyan edir. Təkəbbür onun əksi olduğu üçün, bir çox günahların mənbəyidir. Yer üzündə ilk edilən günah təkəbbür olmuşdur ki, onu da şeytan etmişdir. Ona görə də özünü bədbəxt etmişdir.

Ramazan ayının dualarının birində oxuyuruq: "Allahım! Heç bir zaman məni bir an belə özbaşına buraxma. Məni batinimdə kiçik və təvazökar et. İnsanların nəzərində məni böyük et”.

 

İmam Əli (ə) kamil insanın ikinci sifətini bəyan edərək buyurur: "Xoş olsun o kəsin halına ki, qazancı pak və halaldır”. İbadətimizə sevinc gətirən, dualarımızın qəbul olması üçün şərait yaradan amillərdən biri də halal ruzidir. Belə ki, İmam Sadiq (ə) bu haqda buyurur: "O kəs ki, duasının qəbul olmasından sevinər, gərək qazancını pak və halal etsin”.

 

Həzrət Əli (ə) üçüncü sifət haqqında buyurur: "Xoş olsun o kəsin halına ki, batini pak və salehdir”. Bəs pak batin nə deməkdir? Batinin pak olması o deməkdir ki, niyyətin xalis olsun. Pak fitrət və xeyirxahlıq bütün insanlar üçündür. Insanın əməl və danışığı onun daxilindən xəbər verər. O kəsin ki, batini pak olar, rəftarı, əməli və danışığı da pak və layiqli olar.

 

İmam (ə) dördüncü sifəti bəyan edərək buyurur: "Xoş olsun o kəsin halına ki, əxlaqı gözəl olsun”. Yəni, o kəs ki, insanlarla mehriban və gülərüzlə rəftar edər, onlara qarşı kobud olmaz.

Gözəl əxlaqa malik olmaq o qədər əhəmiyyətli bir mövzudur ki, əziz Peyğəmbərimiz (s) onu dinin yarısı kimi tanıtmışdır. Bir nəfər Peyğəmbərdən (s) soruşur ki, Allahın müsəlmana verdiyi ən yaxşı şey nədir? Həzrət (s) buyurur: "Gözəl əxlaq”.

 

İmam Əli (ə) kamil insanın beşinci sifətini belə bəyan edir: "Xoş olsun o kəsin halına ki, artıq malını Allah yolunda infaq edər”.

Allah yolunda infaq etmək və yoxsullara yardım etmək - Quranın vurğuladığı ən mühüm məsələlədəndir. Əgər ancaq infaq üçün gələn ayələri cəmləsək, onları təfsir etsək, qalın bir kitab alınar. Məsələn, Quran infaqı torpağa səpilmiş toxuma bənzətmişdir. Bir toxumdan 700 başqa bir toxum əmələ gələr. "Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz (ədəd) dən olan toxum kimidir”. ("Bəqərə” 261). "Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə, əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir”. ("Ali-İmran” 92).

 

İmam Əli (ə) altıncı sifət haqqında buyurur: "Xoş olsun o kəsin halına ki, dilini yersiz sözlərdən saxlayar”. İnsan dilini hər bir yersiz sözdən saxlamalıdır ki, müxtəlif günahlara yol aça bilər: qeybətə, töhmətə, böhtana, söz gəzdirməyə. Ona görə də dili saxlamaq - iman və əxlaqın nişanəsidir.

Həzrət Peyğəmbər (s) buyurur: "Heç kim günahdan amanda qalmaz, məgər o halda ki, dilni saxlayar”.

 

Əzizimiz İmam Əli (ə) yeddinci sifəti belə bəyan edir: "Xoş olsun o kəsin halına ki, əziyyəti insanlara çatmır”. Hədislərin bir çoxunda oxuyuruq ki, həqiqi mömin o kəsdir ki, şəri başqalarına dəyməz.

Əgər kamil insan olmaq istəyiriksə, İmamın (ə) verdiyi bu yeddi tövsiyələrə əməl etməyə çalışaq.

 

(Tebyan/ Deyerlər)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 606 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]