Çərşənbə günü, 2024-04-24, 6:11 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İnsan namaz qılanda, günah və xətaları ağac yarpaqları kimi tökülər
2013-11-29, 10:36 PM
İnsan namaz qılanda, günah və xətaları ağac yarpaqları kimi tökülər

 İnsan həyatda hər gün bir çox çətinliklərlə üzləşir. Ola bilsin ki, namaza layiqli səviyyədə diqqət göstərə bilmir. Belə ki, namazı diqqətlə və qəlb hüzuru ilə qılmaq - hər bir möminin arzusudur. (Tebyan)
Namazqılanın şərəfli məqamı daima İslam dininin diqqət mərkəzində olmuşdur. Quran və hədislər namazqılanın dəyərli məqamını bəyan etmiş və onun haqqında danışanda onu müxtəlif sifətlərlə tərifə layiq görmüşdür. Onlardan bir neçə nümunəyə baxaq.
1. Haqqın şeydası.
Namazqılan mömin Allahdan başqa hər şeyə göz yummuş və qəlbini həqiqi Məşuquna vermişdir. O, Allahdan başqa heç bir kəsi buna layiq bilmir. Ona görə də Məşuquna çatmaq üçün dəqiqələri sayır. O, ruhuna şövq bəxş edən azan səsi ilə muradına çatır. İmam Əli (ə) möminin şeydasını bu cür təsvir etmişdir: "Əgər namaz qılan bilsəydi ki, İlahi cəlal onu nə qədər əhatə etmişdir, başını səcdədən qaldırmağı xoş hesab etməzdi”.
2. Xilas olmuş. Qurani-Kərim buyurur: "Möminlər xilas olmuşlardır. Onlar namazlarında təvazökardırlar”.
3. Hidayət və yaxşı əməl sahibi olmaq. Allah buyurur: "Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı Kitab pəhrizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir. O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər. O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (Qiyamət) gününə yəqinlikləri vardır. Məhz onlar (Quranın hidayətindən qabaq) Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır (və Quran onları bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir)”. ("Bəqərə” 2-5).
4. Günahların tökülməsi. Səlman Farsi Peyğəmbərdən (s) nəql edir ki, Həzrət (s) buyurub: "O zaman ki, müsəlman namaz qılmaq üçün hərəkət edər, günah və xətaları bu ağac (xəzan vaxtı) yarpaqları kimi tökülər”.
5. Mələklərin rəhbəri. Namazqılan Allahın dərgahında o qədər uca bir məqama malikdir ki, mələklərə rəhbərlik etmək məqamına layiq görülmüşdür. İmam Baqir (ə) bu haqda buyurur: "Bizim Əhli-beyt (ə) davamçılarından heç biri namaza dayanmaz, məgər o halda ki, müxalifləri və düşmənlərinin sayı qədər mələklər ətrafını əhatə edərək arxasında dayanarlar. Namaz qılana qədər ona dua edərlər”.
Həzrət Peyğəmbər (s) buyurur: "Allah yanında namazqılanın məqamı vardır. O cümlədən: mələklərin məhəbbəti, hidayət, iman, mərifət nuru, ruzidə bərəkət, bədən rahatlığı, şeytanın narazılığı, kafir qarşısında qüdrət, duaların qəbulu, möminin axirət azuqəsi, onunla ölüm məmuru arasında vasitəçi, qəbirdə onun yoldaşı və Nəkir və Mənkirə cavab verəndir”.
Həzrət (s) Qiyamət günü namazqılanın məqamı haqqında buyurur: "Qiyamət günü namaz mömin bəndənin başında olan tacıdır. Bədənin örtüyüdür, atəşlə onu arasında olan hicabdır (maneədir), onunla Allah arasında olan hüccətdir. Bədəninə atəşdən nicat verəndir. Siratdan keçmək sənədi, behiştin açarı, hurileynin mehriyyəsi və behiştin qiymətidir”.
Peyğəmbəri-Əkrəm (s) namazqılan bir kişiyə baxır və onu saqqalı ilə oynayan halda görür. Həzrət (s) buyurur: "Əgər onun ruhu təvazökar olsaydı, heç bir zaman bu işi görməzdi”.
İmam Sadiq (ə) buyurur: "O kəs ki, vacib namazlarını əvvəl vaxtda yerinə yetirər, mələklər onu ağ və pakizə halda səmaya apararlar. O namaz deyər: "Allah səni qorusun, necə ki, məni qorudun. Məni böyük mələyə tapşırdın. O kəs ki, namazını səbəbsiz yerə təxirə salarsa, mələklər onu qara halda səmaya apararlar. Namaz uca səslə namazqılana deyər: "məni zay etdin, Allah da səni zay etsin””.
Bu hədisdən belə başa düşmək olur ki, namazı mələklər səmaya aparırlar. Namazqılan namazı əvvəl vaxtda qılanda namaz ağ və pakizə halda səmaya gedər. Bu zaman namaz onu qılana xeyir-dua edər. Ancaq namazı səbəbsiz yerə qılmayanda namaz qara sifətlə səmaya gedər ki, bu zaman sahibinə pis dua edər. Bu hədisdən bir mühüm nöqtəni də başa düşmək olur ki, namaz diridir və o, danışır və səmaya tərəf hərəkət edir.
Allahın bu vacibatını gözəl şəkildə və əvvəl vaxtda yerinə yetirək ki, həm namazın haqqını verək və həm də İlahi feyzdən bəhrələnərək, Allaha yaxınlaşmağa çalışaq.
 
/Deyerler.org/





Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 1035 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/2
Total comments: 1
0  
1 legendary   (2013-12-08 2:21 PM) [Daxil et]
Kaw namaz qilanlarin hamisi esl momin ola bilse.indi namaz qilanlar ele hereketler edirlerki men utaniram onlarin qildigi namazdan

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]