Bazar günü, 2024-12-22, 4:02 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İMAN
2013-11-01, 10:01 AM
İMAN

İnsanı idarə və islah edən amillərdən beşincisi imandan ibarətdir. İman keçən bəhslərdə saydığımız amillərin hamısından üstündür. Çünki o biri amillər insanı yalnız adi halda islahedici qüvvəyə malikdir. Lakin iman isə bütün hallarda, yəni həm adi halda, həm də insanın daxilində nəfsani qüvvələrin coşduğu zaman onu idarə və hidayət edən yeganə amildir.
Burada qeyd etmək lazımdır ki, Quran ayələrinə və hədislərə əsasən iman üç qismdir:
1. Dildə Allaha iman gətirmək.
2. Əqli dəlillərin vasitəsilə Allaha iman gətirmək.
3. Qəlbən Allaha iman gətirmək.
Biz imanın bu üç növü haqda bəhs edəcəyik. Həmin bəhslərdən məlum olacaq ki, imanın bu üç növünün hansı insanı daha mükəmməl idarə və islah etmək imkanına malikdir.

1. Dildə Allaha iman gətirmək
Dildə iman gətirmək ona deyilir ki, insanın qəlbinə və ağlına iman daxil olmadan deyir ki, mən müsəlmanam. Və yaxud öz mənfəətinə görə deyir mən müsəlmanam, Allaha, Peyğəmbərə və imamlara imanım var. Lakin diqqətlə ona bıxdıqda görünür ki, qəlbində iman gətirməyib və Allahın əmr etdiyi əməlləri yerinə yetirmir. Allah təala belə insanlar barədə Quranda belə buyurur:

وَمِنَ النَّاسِ مَن يَعْبُدُ اللَّهَ عَلَى حَرْفٍ فَإِنْ أَصَابَهُ خَيْرٌ اطْمَأَنَّ بِهِ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ انقَلَبَ عَلَى وَجْهِهِ خَسِرَ الدُّنْيَا وَالْآخِرَةَ ذَلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينُ

"İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə (dildə) ibadət edər. Əgər ona bir xeyir toxunsa, (din barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz verərsə, çöhrəsini dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyada da ziyan çəkər, axirəti də. Açıq aşkar ziyan budur, bu!”(Məcməül-bəyan, təfsiri nümunə, səfinətül-bəhar və s.)

قَالَ الْحُسَيْنُ(ع): أَلنَّاسُ عَبِيْدُ الدُّنْيَا وَالدِّيْنُ لَعِقٌ عَلَى أَلْسِنَتِهِم

İmam Hüseyn(ə) bu barədə gözəl bir ibarə buyurmuşdur: "Camaat dünya quludur. Və dini də dillərinin lağlağasına çevirmişlər.”(Həcc surəsinin 11-ci ayəsində)
Qeyd etdiyimiz ayə və hədisdən məlum olur ki, dildə Allaha iman gətirib əqlən və qəlbən iman gətirməyən insan ziyan içindədir. Belə insanlar öz şəxsi mənfəətlərinə görə dini zahirdə qəbul edirlər. Əgər onlar dindən maddi maraq və mənffət görmədikdə üz çevirib kənara çəkilirlər.
Allah-təala Məaric surəsində insanın bu xislətinə işarə edərək buyurur:

إِنَّ الْإِنسَانَ خُلِقَ هَلُوعًا إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًا وَإِذَا مَسَّهُ الْخَيْرُ مَنُوعًا

"Həqiqətən insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır. (Əgər Allaha qəlbən imanı olmazsa) Ona bir pislik üz verdikdə fəryad qoparar. Ona bir xeyir nəsib olduqda isə xəsislik edər.”(Biharül-ənvar, c78-s117.)
Buna əsasən də Allah təala insanın dözümsüz və həris bir məxluq olduğunu açıq aydın bəyan edir.
İnsana rahatlıq, sakitlik gətirən, bir sözlə desək insanı insan edən yeganə amil onun Allaha qəlbən iman gətirməsidir. Allaha dildə iman gətirmək insanı sakitləşdirməz və onu idarə və islah edə bilmir.
Bu ayə və hədislərdən məlum olur ki, dildə Allaha iman gətirməyin insana heç bir xeyri yoxdur və belə bir iman nə insanı, nə də bir cəmiyyəti hidayət edə bilməz.

2. Əqli dəlillərin vasitəsilə Allaha iman gətirmək.
Allaha iman gətirməyin ikinci qismi odur ki, insan əqli dəlil və sübutlar vasitəsilə elm və fəlsəfə yolu ilə Allahı tanıyıb, Onun ədalətli olmasını, Peyğəmbərin nübüvvətini, İmamların imamətini və məadı qəbul etsin. Belə bir imana əqli iman deyilir.
Ümumiyyətlə üsulid-dini gərək insan öz əqli dəlil və sübutları ilə ələ gətirsin. Fiqh alimləri öz risalələrində də qeyd etmişlər ki, üsulid-dində təqlid etmək düzgün deyildir. Üsuliddini hər insan gərək elm və savadı çatdığı qədər başa düşüb, dərk etməli və Allahın varlığını, Onun ədalətini, Peyğəmbərin nübüvvətini, İmamın imamətini və Məadı (ölümdən sonrakı həyatı, Cənnəti və Cəhənnəmi) əqli sübutlarla ələ gətirməlidir.
Hədislərdə vardır ki, Həzrət Peyğəmbərin(s) dövründə bir savadsız qoca qadın cəhrə ilə yundan sap hazırlayırdı. Həzrət Peyğəmbər(s) ona yaxınlaşıb soruşdu: Sən Allahın varlığını necə başa düşürsən? Qoca qadın əlində işlətdiyi cəhrədən əlini çəkdi, cəhrə dayandı. Sonra üzünü Peyğəmbərə(s) tutub dedi: Ya Rəsuləllah, bu kiçik bir cəhrədir bunun hərəkətə gəlməsi mənim vasitəmlə olur. Mən əlimi onun dəstəyindən çəkən kimi dayandı. Bu kiçik cəhrəni hərəkətə gətirən mənəm, necə ola bilər ki, bu böyüklükdə kainat öz-özünə hərəkət etsin? Mən yəqin bilirəm ki, bu kainatı hərəkətə gətirən bir qüvvə vardır. Mən bu qüvvəyə Allah deyirəm. Həzrət Peyğəmbər(s) üzünü əshabına tərəf tutub buyurdu: Mən sizlərə də belə bir əqidədə olmağı təkid edirəm. Qoca savadsız bir qadın da öz dəlil və sübutları ilə Allahın varlığını sübut edir. Gərək bütün insanlar öz savad və düşüncələrinin imkanı çatacağı qədər Allahın varlığını sübuta yetirsinlər.
Allah-təala Quranda bir çox ayə və surələrdə əqli dəlil və sübutlarla Öz varlığını bildirir. Həmin ayələrdən bir neçəsini nəzərnizə çatdırıram.
1. Allah-təala Füssilət surəsinin 53-cü ayəsində buyurur:

سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ

"Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz Öz qüdrət və nişanələrimizi onlara həm xarici aləmdə (kainatda, göylərdə və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?”
2. İbrahim surəsinin 10-cu ayəsində belə buyurur:

أَفِي اللّهِ شَكٌّ فَاطِرِ السَّمَاوَاتِ وَالأَرْضِ

"Məgər göyləri və yeri yaradan Allaha da şəkk şübhə etmək olarmı?”
3. Rum surəsinin 22-ci ayəsində buyurur:

وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافُ أَلْسِنَتِكُمْ وَأَلْوَانِكُمْ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّلْعَالِمِينَ

"Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün (Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına dəlalət edən) nişanələr vardır.”
Bu və bu kimi başqa ayələr Allahın varlığını və Onun hər bir şeyə qadir olmasını bir daha sübut edir. Əgər insan Allahın varlığını sübuta yetirmək istəyirsə, onda aləmin və insanların yaranışına və öz səsinə, rənginə, barmaqlarının təkrarolunmaz izlərinə nəzər salıb Allahın varlığını özü üçün sübut edə bilər.
Ümumiyyətlə insanın elmi inkişaf etdikcə Allahın qüdrət və əzəmətli olması insan üçün daha da açıq şəkildə sübut olunur. Məsələn, əvvəllər bəzi alimlər elə güman edirdilər ki, göylərdə gözlə görünən ulduzların sayı 5000-dən 6000 qədərdir. Çünki onlar göydə yalnız bu qədər ulduz görmüşdülər. Lakin elm inkişaf etdikcə alimlər sübut etdilər ki, bizim bu qalaktika minlərlə bəlkə də milyonlarla olan qalaktikalardan biridir ki, bizim gördüyümüz bu qalaktikanın içində təxminən 100.000000 ulduz daima hərəkətdədir. Bunların hamısı qadir Allahın nişanələridir və göylərdə nə qədər qalaktika olduğunu və hər qalaktikada nə qədər ulduzun hərəkət etdiyini yalnız O bilir.
Elm və bilik inkişaf etdikcə gündə yeni-yeni məlumatlar və qəribəliklər kəşf olunur və bu kəşflərin hər biri Allahın qüdrətinin nişanəsidir. Allah insanların hər tək-təkinin səslərini bir-birindən fərqləndirmişdir. Məsələn, bir nəfərin qardaşı uzaq bir şəhərdən ona zəng edərkən onun səsindən öz qardaşın olduğunu başa düşür. Və yaxud Allah bütün insanların barmaqlarının izlərini bir-birindən fərqləndirmişdir. Tarix boyu görünməyib ki, iki nəfərin barmaq izləri eyni olsun. Allahın bu kimi nişanələri həddindən artıq çoxdur. Bəlkə də elə nişanələri vardır ki, elm bundan artıq inkişaf etdikdən sonra kəşf olunacaq. İnsanların rənglərinin, dillərinin müxtəlifliyi və bu kimi qəribəliklərin hamısı Allahın qüdrət və nişanələridir.
Allahın varlıq aləmində nişanələri çoxdur. Quranda da bu nişanələrə işarə olunmuş bir çox ayələr vardır. Məsələn, insanların barmaq izlərindən bir-birindən fərqlənməsi barədə buyurur:

لَا أُقْسِمُ بِيَوْمِ الْقِيَامَةِ وَلَا أُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ أَيَحْسَبُ الْإِنسَانُ أَلَّن نَجْمَعَ عِظَامَهُ بَلَى قَادِرِينَ عَلَى أَن نُّسَوِّيَ بَنَانَهُ

"And içirəm qiyamət gününə; And içirəm (günah etdiyi üçün, yaxud əməlim azdır deyərək) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!) Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da (barmaqlarının uclarını da) düzəltməyə qadirik.”(Məaric -19, 20, 21)
Bu ayənin bir mənasından belə başa düşürük ki, dünyada olan bütün insanların barmaqları (izləri) bir-birindən fərqlidir.
Ümumiyyətlə insan kainata, ulduzlara baxdıqda hansısa qüdrətli, hikmətli və əzəmətli bir qüvvənin onları yaratdığını hiss edir. Məlum məsələdir ki, həmin qüvvə Allahdır.
Bir astronomun dostu Allahın varlığına inanmırdı. Astronom onu nə qədər başa saldısa yenə də o Allahın varlığını qəbul etmədi və bildirdi ki, kainat öz-özünə yaranmışdır. Sonra astronom özünün düzəltdiyi günəş sisteminin kiçik moketini dostuna göstərdi. Onun düzəltdiyi bu moket elektrik cərəyanı ilə işləyirdi. O elektrik kilidini keçirən kimi düzəltdiyi kiçik moket işləməyə və planetlər günəşin ətrafında hərəkət etməyə başladı. Dostu təəccüblə soruşdu: Bunu kim düzəldib? Astronom dedi: Bu öz-özünə yaranıb və bunu heç kəs düzəltməyib. Dostu elə bildi ki, astronom onu ələ salır. Ona dedi: Sən məni ələ salırsan? Necə ola bilər ki, bu öz-özünə yaransın? Astronom dedi: Sən kiçik bir moketin öz-özünə yaranmasını inkar edirsən. Lakin necə ola bilər ki, bu böyüklükdə olan kainat öz-özünə yaransın və sən bu böyüklükdə kainatı yaradan Allahı qəbul etmirsən?
Bəzən inadkar insanlar Allahın varlığını başa düşmək istəmirlər. Lakin ağıllı insanlar Allahın varlığını Onun nişanələrindən başa düşürlər. Allah-təala Ali-İmran surəsinin 190-cı ayəsində bu barədə belə buyurur:
إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ لآيَاتٍ لِّأُوْلِي الألْبَابِ
"Həqiqətən göylərin və yerin yaradılması, gecə ilə gündüzün bir-birini əvəz etməsi (bir-birinin ardınca gəlib getməsi) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən) qəti dəlillərdir.”
Ümumiyyətlə əqli dəlillərlə əldə olunan iman çox yaxşı bir imandır. Lakin bizim əsas bəhsimiz budur ki, insanın əqli dəlillərlə Allaha gətirdiyi bu iman onu bütün hallarda idarə və islah edə bilərmi?
Bu sualın cavabı belədir ki, əqli dəlillərlə ələ gələn iman insanı yalnız adi halda idarə və islah edə bilər. Lakin insanın daxilində nəfsani qüvvələr və vəzifəpərəstlik şəhvəti oyandığı zaman bu iman onu idarə və islah edə bilmir.
Tarix boyu müşahidə olunmuşdur ki, bir çox fəlsəfə və məntiq alimləri öz elm və fəlsəfələri ilə Allahın varlığını sübut etmişlər. Lakin onların daxilində nəfsani qüvvələr və vəzifəpərəstlik hissi tüğyan edən zaman onların elm və fəlsəfə yolu ilə ələ gətirdikləri iman onları hidayət edə bilməmişdi.
Tarixlərdə yazmışlar ki, Rum müharibəsində bir nəfər cavan sərkərdə öz qoşunu ilə düşmənə hücum çəkib onları məğlub etdikdən sonra öz xeyməsinə qayıdıb əyləşdi və Allaha belə bir dua etməyə başladı. "İlahi, mən Sənin köməyinlə düşməni məğlub etməyi bacardım. Lakin öz daxilimdə olan nəfsi əmmarəni (nəfsani qüvvələri) məğlub edə bilmədim. Ey mənim Rəbbim! Nəfsani istəklərimi məğlub etməkdə mənə kömək et!”
Əgər insanın öz nəfsani istəklərini məğlub etmək üçün imanı (qəlbi imanı) olarsa, belə bir iman onu hər bir halda hidayət edər. İnsanın daxilində onu şəhvətə, günaha tərəf çəkən bir nəfs vardır ki, onun adına nəfsi əmmarə deyilir. Əgər insanın qəlbində Allaha imanı olmasa bu nəfs onu çəkib günaha tərəf aparacaq.
Allah-təala Yusif surəsinin 53-cü ayəsində buyurur:

وَمَا أُبَرِّىءُ نَفْسِي إِنَّ النَّفْسَ لأَمَّارَةٌ بِالسُّوءِ إِلاَّ مَا رَحِمَ رَبِّيَ إِنَّ رَبِّي غَفُورٌ رَّحِيمٌ

"(Yusif dedi:) Mən özümü təmizə çıxartdım. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (nəfsi əmmarə) (insana) pis işləri görməyə (şəhvətə uymağı) əmr edər. Həqiqətən Rəbbim bağışlayan və rəhm edəndir.
Vəlid ibn Müğəyrə Məkkədə tanınmış fəsahətli və bəlağətli bir şəxs idi. O, Qüreyş tayfasının içində ərəb ədəbiyyatını çox gözəl bilirdi. Və camaat onu "Reyhanətül-ədəb” "Ədəbiyyatın gülü” deyə çağırırdılar.
Məscidül-həramda Səcdə surəsi nazil olarkən Həzrət Peyğəmbər o surəni camaata oxuyandan sonra, Vəlid ibn Müqəyrə öz qövmünün arasına gəlib dedi: And olsun Allaha ki, Mühəmmədin buyurduğu bu sözlər nə insanların, nə də cinnlərin sözünə oxşamır. Onun sözlərinin xüsusi şirinliyi və gözəlliyi vardır. Onun sözlərinin meyvəli budaqları və möhkəm kökü vardır. Onun sözləri bütün insanların sözlərindən üstün və dəyərlidir.
Vəlid bu sözləri deyəndən sonra öz evinə qayıtdı. Onun tayfası bir-birinin üzünə baxıb dedilər: Deyəsən Məhəmmədin sözləri Vəlidin qəlbində təsir qoyub. Əgər Vəlid ona tabe olarsa, biz məğlub olacağıq. Əbu Cəhl Vəlidin qardaşı oğlu idi. O Vəlidi yola gətirməyi boynuna aldı və dedi: Mən buna bir əlac edərəm. Əbu Cəhl Vəlidin evinə gəlib özünü ona çox narahat göstərdi. Vəlid ondan niyə narahat olmasının səbəbini soruşdu. Əbu Cəhl dedi: Mənim narahatlığım budur ki, camaat sənin barəndə bəzi sözlər deyirlər. Biz də camaatın sənin barəndə dediyi sözlərdən çox narahat oluruq. Vəlid soruşdu: Camaat mənim barəmdə hansı sözləri danışırlar. Əbu Cəhl dedi: Camaat arasında söz gəzir ki, Vəlid qoca bir adamdır və Məhəmməd ona bir vəzifə, şan-şöhrət versin deyə İslamı qəbul etmək istəyir.
Əbu Cəhl bu sözləri deyəndən sonra Vəlidin daxilində nəfsani qüvvələr baş qaldırıb tüğyan etdi. Onun nəfsani qüvvələri coşub daşdıqdan sonra o öz yolundan və fikrindən dönərək Əbu Cəhllə birliklə öz tayfasının arasına gəldi və dedi: Siz Məhəmmədin dəli olmasını güman edirsiniz?! Dedilər: Xeyr. Vəlid dedi: Siz güman edirsiniz ki, Mühəmməd kahindir?! Dedilər: Xeyr. Vəlid dedi: Siz Mühəmmədin şair olduğunu güman edirsiniz?! Dedilər: Xeyr. Vəlid dedi: Siz elə bilirsiniz ki, Mühəmməd yalançıdır?! Dedilər: Xeyr. Əgər belədirsə onda sən onun barəsində nə fikirləşirsən? Vəlid bir az fikirləşdikdən sonra, üzünü turşudaraq qəzəblə dedi: Məhəmməd yalnız cadugərdir. Çünki o bütün ailələr arasında ayrılıq salıb.
Bu hadisədən sonra Allah-təala onun barəsində Müddəssir surəsinin 11-ci ayəsindən 26-cı ayəsinə qədər olan ayələri nazil etdi.

ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا 11. وَجَعَلْتُ لَهُ مَالًا مَّمْدُودًا 12. وَبَنِينَ شُهُودًا 13. وَمَهَّدتُّ لَهُ تَمْهِيدًا 14. ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ 15. كَلَّا إِنَّهُ كَانَ لِآيَاتِنَا عَنِيدًا 16. سَأُرْهِقُهُ صَعُودًا 17. إِنَّهُ فَكَّرَ وَقَدَّرَ 18. فَقُتِلَ كَيْفَ قَدَّرَ 19. ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ 20. ثُمَّ نَظَرَ 21. ثُمَّ عَبَسَ وَبَسَرَ 22. ثُمَّ أَدْبَرَ وَاسْتَكْبَرَ 23. فَقَالَ إِنْ هَذَا إِلَّا سِحْرٌ يُؤْثَرُ 24. إِنْ هَذَا إِلَّا قَوْلُ الْبَشَرِ 25. سَأُصْلِيهِ سَقَرَ 26.
11. "(Ya Peyğəmbər!) Məni Öz yaratdığım kimsə ilə tək burax! (Vəlid ibn Müqəyrə kimi kafirin cəzası yalnız Mənim öhdəmdədir!)
12. Mən ona bolluca mal-dövlət əta etdim;
13. Yanında hazır duran oğullar (verdim);
14. Ona hər şeyi artıqlaması ilə müyəssər etdim (sərvət və mənsəbi ayağının altına döşədim).
15. (Bütün bunlardan) sonra yenə də (var-dövlətini) artırmağımı istəyir.
16. Xeyr (bu ola bilməz). Çünki o, ayələrimizə qarşı inadkar oldu.
17. Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm!
18. O (Quran barəsində) fikirləşdi və (orada deyilənləri öz ürəyində) ölçdü-biçdi.
19. Ölüm olsun ona! Necə ölçdü-biçdi?
20. Birdə ölüm olsun! Necə ölçdü-biçdi?
21. Sonra (qövmünün üzünə) baxdı.
22. Sonra üz-gözünü turşutdu, qaş-qabağını tökdü.
23. Sonra da (imandan) üz üevirdi. (Peyğəmbərə tabe olmağa) təkəbbür göstərdi.
24. Və dedi: Bu (sehrbazlardan) öyrənilən sehrdən başqa bir şey deyildir!
25. Bu yalnız bəşər sözüdür!
26. Biz onu Səqərə atacağıq. (Orada yandıracağıq).
Buradan da məlum olur ki, Vəlid Allah-təalanı elm və fəsahət cəhətdən qəbul etmişdir. Lakin onun qəlbində iman olmadığı üçün şeytan onu haqq yoldan azdırdı.
Belə insanlar tarixdə çox olmuşdur. Məsələn Harun ər-Rəşidin tarixinə nəzər saldıqda görürük ki, o da Allahı tanıyırdı lakin qəlbən Ona iman gətirmədiyi üçün dünyapərəstik və vəzifə onu haqqdan uzaqlaşdırmışdı.
Məmun Harun ər-Rəşidin oğlu idi. O deyirdi ki, mən Musa ibn Cəfər kimi imama hörmət etməyi atam Harundan öyrənmişəm. Bir gün gördüm ki, İmam Musa ibn Cəfər(ə) bizə gəldi. Atam ona çox böyük hörmət bəsləyərək o həzrəti gətirib yuxarı başda əyləşdirdi və onun qarşısında çox ədəblə əyləşdi. İmam gedəndə yenə də atam onu çox böyük hörmət və ehtiramla yola saldı və qardaşım Əminə dedi ki, get, İmamı qapılarına qədər yola sal. Bu hadisənin üstündən bir müddət keçəndən sonra atamdan soruşdum: "Ata, sənin əyləşdiyin bu xilafət məqamı kimindir?” Atam dedi: "Bütün bu səltənət və xilafətin hamısı Musa ibn Cəfərindir(ə).” Dedim: "Ata, onda bəs niyə görə bu xilafəti öz sahibinə vermirsən?” Atam dedi: "Oğul, mal-dövlət və vəzifəpərəstlik çox şirin olur. Mən bilirəm ki, Musa ibn Cəfər(ə) Allahın höccəti və insanların imamıdır. Lakin bu mal-dölvətdən və səltənətdən əl çəkmərəm. Əgər bilsəm ki, sənin də mənim səltənət və xilafətimdə gözün var, səni də öldürərəm.”
Harun bilirdi ki, İmam Musa ibn Cəfər(ə) yer üzündə Allahın höccətidir. Onun əqli imanı var idi, lakin vəzifəpərəstlik və mal-dövlət ehtirası onun qəlbində yer tutduğu üçün bu iman onu idarə və islah edə bilmədi. Çünki Harun ər-Rəşidin qəlbinə iman daxil olmamışdı.
Buna görə də insanın Allaha qəlbən imanı olmazsa, heç bir şey onu idarə və islah edə bilməz. Və əqli iman da insanı adi halda idarə və islah edər, lakin nəfsani qüvvələr tüğyan etdiyi zaman əqli dəlillərlə əldə edilən iman insanı günahdan saxlaya bilmir.

3. Qəlbən Allaha iman gətirmək.
İmanın üçüncü və ən əsas növü qəlbdə qərar tutan və insanın qəlbinə nüfuz edərək onu hidayət edən imandan ibarətdir. Belə bir iman insanı bütün hallarda idarə və islah etmək imkanına malikdir. Ötən bəhslərdə sadaladığımız amillərin hər birinin müxtəlif nöqsan və çatışmamazlığı olduğundan insanı mükəmməl şəkildə idarə və islah edə bilmir. Lakin qəlbdə olan imanın heç bir nöqsan və çatışmamazlığı olmadığından insanı bütün hallarda idarə, islah və hidayət edə bilir.
Burada bir mətləbə işarə etmək lazımdır ki, qəlbi imanla əqli imanın heç bir ziddiyyəti yoxdur. Yəni, belə deyil ki, insanda qəlbi iman olanda əqli iman olmasın və yaxud əksinə əqli iman olduqda qəlbi iman olmasın. Bu fikir səhv bir fikirdir. Çünki, bəzi vaxtlar ağıl bir şeyə inanır, lakin insan ona şəkk edir. Amma qəlbən bir şeyə iman və inam olarsa, elə bil ki, onu görür. Və təbi məsələdir ki, insan bir şeyi görərsə heç vaxt ona şəkk-şübhə etməz. Buna görə də Allaha qəlbən iman gətirib Ona inanmaq insanı hər cür şübhələrdən və vəsvəsələrdən uzaqlaşdırır.

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 693 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]