Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
İblis güclüdür, yoxsa insan?
2013-04-03, 6:42 AM | |
Bəzən elə bədii filmlərə tamaşa edirik ki, insanın bir tərəfində mələk və o biri tərəfində isə şeytanın danışdığını görürük. İnsan hansının sözünə qulaq asmağı özü qərara alır və ona əməl edir. Həqiqi həyatda da belə baş verir. İnsan bir qərara gəlmək istəyən zaman yaxşı ilə pis qüvvələrin mübarizəsi başlayır. Bir qüvvə həmin işi görməyi tövsiyə edir və o biri qüvvə isə onu tərk etməyi. Bəs onda necə olur ki, biz bir işi görmək istəyirik və şeytan əlindən gələni edir ki, biz bu işi görməyək. Ancaq biz bu işi görürük, şeytanın sözünə qulaq asmırıq. Ancaq bəzən də şeytan və nəfsi-əmmarə bizi yaxşı iş görməkdən saxlayır. Bu suala cavab verəndə bilməliyik ki, hər bir əməli görən zaman insana yardım edən qeyb qüvvəsi vardır ki, insanın dəqiq bir qərar çıxartmağına kömək edər. O kəs ki, layiqli bir iş görmək istəyir, şeytan və əmmarə nəfsi ilə mübarizə aparar. Çünki şeytan saleh və yaxşı işi heç bir zaman bəyənmir. Çalışır ki, insanı düzgün yoldan qeyrisinə tərəf çəksin. Şeytan and içmişdir ki, insanı sirat yolundan azdıracaqdır. "Dedi: «Belə isə, məni azdırdığına görə, mən də mütləq Sənin düz yolunun başında, onların pusqusunda oturacağam»”. ("Əraf” 16). Əgər insanın gördüyü iş xalis Allah üçündürsə, bu yolda Allah ona yardım edər. Ancaq əgər Allah üçün deyil, qeyrisi üçün bir iş görərsə, şeytan xeyir və şərin mübarizəsində qalib gələr və bizi bu işdən yayındırar və uzaqlaşdırar. İnsan əgər gördüyü yaxşı işdə müvəffəq olmaq istəyirsə, ixlası ona əlavə etməlidir ki, xeyir qüvvəsi şərə qalib gəlsin. "Həqiqətən bu kitabı sənə haqq olaraq (uca və ağıla müvafiq hədəflə) nazil etdik. Buna görə də Allaha, etiqad və itaətini Onun üçün xalisləşdirmiş halda ibadət et”. ("Zumər” 2). İmam Əli (ə) buyurur: "Əməli ixlasla yerinə yetirin ki, onun ən azı sənə kifayət edər”. Bunu bilmək lazımdır ki, bütün əməllərin qəbul olma açarı ixlasdır. O kəsin ki, əməli qəbul olar, demək muxlisdir. O kəsin ki, əməli çox olar, ancaq Allahı qəbul etməzsə, muxlis olmaz. Niyyət, elm və əməl mərhələsi təmizlənmədən asılıdır. Əgər muxlis insan batininə riayət edərsə, tövhidə çatar. İxlasın ən az həddi odur ki, bəndə gücü çatdığını əsirgəyər və gördüyü iş üçün əcr və dəyər görməz. Bəni-İsrayildə bir abid vardı ki, ona dedilər: "Filan yerdə bir ağac vardır ki, bir qəbilə ona pərəstiş edir”. Əsəbləşdi və o ağacı kəsməyə gedir. İblis qoca bir kişi cildində yolunun üstünə çıxır və ona deyir: "Hara gedirsən?” Abid deyir: "Gedirəm, insanların pərəstiş etdiyi ağacı kəsim ki, insanlar ağaca deyil, Allaha pərəstiş etsinlər”. İblis deyir: "Əl saxla! Sənə bir sözüm var”. Deyir: "Buyur”. İblis deyir: "Allahın rəsulları vardır. Əgər bu ağacı kəsmək lazım olsaydı, Allah onları göndərərdi”. Abid deyir: "Gərək mütləq bu işi görəm”. İblis deyir: "Qoymaram”. Və abidlə dalaşmağa başladı. Abid onu yerə yıxdı. İblis dedi: "Məni burax, sənə başqa bir söz deyim. Sən çox kasib bir kişisən. Əgər sənin malın olsa və abidlərə infaq etsən, bu ağacı kəsməkdən daha yaxşı deyilmi? Bu ağacdan əl çək, hər gün balışının altına iki dinar qoyum”. Abid deyir: "Düz deyirsən, bir dinarı sədəqə verərəm, birini isə işə qoyaram. Mənə bu işi əmr etməyiblər və mən də Allahın rəsulu deyiləm”. Əlini şeytanın üstündən çəkir. İki gün yatağında iki dinar tapır. Onu xərcləyir, ancaq üçüncü günü heç nə görmür və narahat olur. Yenə ağacı kəsməyə gedir və İblis yolunu kəsir. Ona deyir: "Hara deyirsən?” Deyir: "Mən ağacı kəsməyə gedirəm”. Deyir: "Heç cür bu işi görə bilməzsən”. Abidlə dalaşmağa başlayır və abidi yerə çırpır. Ona deyir: "Geri qayıt, yoxsa başını üzərəm”. Abid deyir: "Məni burax ki, gedim. Ancaq de görüm birinci dəfə niyə mən səndən güclü idim?” İblis deyir: "Sən Allah üçün və ixlasla bu ağacı kəsmək istəyirdin. Ona görə də Allah səni mənə qalib etdi. Bu dəfə isə özün üçün və dinara görə əsəbləşmişdin. Ona görə də mən sənə qalib gəldim”. Bu əhvalat hamımız üçün bir nümunə və örnək ola bilər. Belə ki, əməldə olan ixlas bizim qalibiyyətimizin əsl amilidir. (Tebyan/ Deyerler.org) | |
Views: 745 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |