Cümə axşamı, 2024-03-28, 11:08 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Düz danışmaq; Şəxsiyyətin bariz nişanəsi (2)
2012-11-20, 10:15 AM
Düz danışmaq; Şəxsiyyətin bariz nişanəsi (2)
 
Düz danışmağın təsirləri

İctimai nöqteyi-nəzərdən düz danışmaq və doğruluq insana cəmiyyətdə inam və etimad qazandırır. Bildiyimiz kimi, bəşəriyyətin bütün elmi, texnoloji və iqtisadi tərəqqiləri onların həyat sistemi, yəni ictimai yaşayışının nailiyyətləridir. Lakin ictimai həyatın əsasını təşkil edən həmkarlıq və səmimi ünsiyyət onların bir-birlərinə qarşı inam və etimadlarından doğur. Əks təqdirdə, həyat problemlər, qalmaqallar, narahatlıqlar, ağrı-acılar və vəfasızlıqlarla üzləşəcək.

Məlum olduğu üzrə, inam və etimadı qazanmaqda doğruluq və düz danışmaq mühüm rol ifa edir və onun qorxulu düşməni isə yalandır. Məsələn, iqtisadiyyatda əmtəə və məhsulların təbliğində gedən yalan, şişirtmə reklamlar, sözsüz, alıcı kütləsinin rəğbətini qazanmayacaq. Hakim orqanların yalan məlumatları onların doğru vəd və təkliflərini də şübhə altına alacaq və xalqın etimadını qazanmayacaqlar. Yalanın elmi ocaqlara nüfuzu da, sözsüz, alim, müəllim və tələbə sinifləri arasındakı etimadı azaldacaq, elmi-tədqiqi işlərdə birtərəflilik hökm sürəcək və qiymətli həmkarlıq işlərinə son qoyulacaq. O təbəqələr arasında yalan isə xəyanətdir.

YALAN – GÜNAHLARIN MƏNŞƏYİ

Hədislərə əsasən, düz danışmaq və doğruluq insanın əməllərini saflaşdırır, yalan isə onu günahlara çəkir. Mümkündür, bəziləri düz danışmaq və yalanın insanın əməl və rəftarında təsirini dərk etməsin. Bununla əlaqədar bir məsələni araşdırmağı lazım bilirəm. Lakin əvvəlcə Əhli-beyt imamlarından nəql olunan hədislərə toxunmaq istəyirəm. İmam Əli (ə) buyurmuşdur:

اَلصِّدْقُ يَهْدِي اِلَى الْبِرِّ وَالْبِرُّ يَدْعُوا اِلَى الْجَنَّةِ

"Düz danışmaq (insanları) yaxşılığa yönəldir, yaxşılıq da behiştə çağırır.”

İmam Sadiq (ə) buyurmuşdur:

اِذا صَدَقَ الْعَبْدُ قالَ اللهُ: صَدَقَ وَ بَرَّ، وَ اِذا كَذِبَ قالَ اللهُ كَذِبَ وَ فَجَرَ

"Bəndə düz danışdıqda, Allah-taala "O düz danışdı və yaxşı iş gördü!”, yalan danışdıqda isə "O, yalan danışdı və pis iş gördü!” – buyurar.”

İmam Həsən Əskəri (ə) buyurmuşdur:

جُعِلَتْ الْخَبائِثُ كُلُها فِي بَيْتٍ وَ جُعِلَ مِفْتاحُها اَلْكِذْبُ

"Bütün çirkinliklər bir evdə toplanıb və açarı da yalandır.”

Bu hədisdən ayıdn başa düşülür ki, yalan bütün günah və çirkinliklərin mənşəyidir. Aşağıda insanın əməlində düz danışmağın və yalanın təsirlərini qeyd edirik:

1. Yalan nifaq və ikiüzlülük əlamətidir. Düz danışıqda dil və qəlb uzlaşdığı halda, yalan isə onları qarşı-qarşıya qoyur. İnsanın zahiri ilə batini arasındakı fərq də elə buradan başlanır və yalan danışan yavaş-yavaş nifaqa doğru yönəlir. Qurani-Kərimdə bu həqiqət belə açıqlanır:

فَأَعْقَبَهُمْ نِفَاقًا فِي قُلُوبِهِمْ إِلَى يَوْمِ يَلْقَوْنَهُ بِمَا أَخْلَفُواْ اللّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُواْ يَكْذِبُونَ

"Allaha verdikləri vədə xilaf çıxdıqlarına və yalan danışdıqlarına görə (bu əməl) onların ürəyinə Allaha qovuşacaqları günə (qiyamət gününə) qədər nifaq saldı.”

2. Yalan çox vaxt günahlar üçün bir vasitə olur. Məsələn, oğru, xain, möhtəkir, vəfasız və qorxaq adamlar yalan danışmasalar əl-ayaqları bağlanar, işləri keçməz.

3. Özündənrazı, paxıl, xəbərçi, dünyagir və tamahkar şəxslər məqsədlərinə çatmaq üçün, adətən, yalana əl atır və bununla qarşı tərəfi camaatın gözündə kiçildir, özlərini böyük və alicənab kimi göstərir, xalq arasında təfriqə salırlar.

4. Düz danışanlar və bu xislətin sahibləri, adətən, günahlardan qorunmağa çalışırlar. Həmişə əyri və günah işlərin aqibətini düşünərək bir zaman rüsvay olacaqlarından qorxub, günaha əl uzatmırlar. Bununla da həmin xislət onlarda bir növ sipərə çevrilir.

5. Yalanlar çox vaxt insanı yalançılığa və digər günahlara sövq edir. Çünki yalan danışan şəxs xilaf və çirkin işini yozmaq üçün başqa-başqa yalanlara, yaxud yalanının üstü açılmamaq üçün digər xilaf əməllərə də əl atır.

Bunlar göstərir ki, həmişə düz danışmağı özünə vəzifə bilən insan yalan vasitəsilə baş verən bir çox günahlardan uzaq olur.



YALAN İMANLA UYĞUN GƏLMİR

Bir çox hədislərə əsasən, yalan imanla ziddir və yalançının nişanəsi imansızlığıdır. Bütün bu hədislər Qurani-Kərimə əsaslandırılıb. Belə ki, bir ayədə buyurulur:

إِنَّمَا يَفْتَرِي الْكَذِبَ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِآيَاتِ اللّهِ وَأُوْلـئِكَ هُمُ الْكَاذِبُونَ

"Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançılardır.”

Mümkündür, qeyd olunan "yəftəril-kəzibə” (yalan uydururlar) təbiri bilə-bilə yalan danışanlara aid olsun.

İndi isə rəvayətlərə nəzər salaq:

سُئِلَ رَسُولُ اللهِ (ص): يَكُونُ الْمُؤْمِنُ جَباباً؟ قالَ: نَعَم. قِيلَ: وَ يَكُونُ بَخِيلاً؟ قالَ: نَعَمْ. قِيلَك وَ يَكُونُ كَذّاباً؟ قالَ: لا

1. Peyğəmbəri-Əkrəm (s)-dən "Mömin qorxaq ola bilərmi?” – deyə soruşulduqda, buyurdu: "Bəli!” Soruşdular: "Paxıl da ola bilərmi?” Buyurdu: "Bəli!” Yenə soruşdular: "Yalançı necə?” Buyurdu: "Xeyr!”

2. Əmirəlmöminin Əli (ə) buyurur:

لا يَجِدُ عَبْدٌ طَعْمَ الْاِيمانِ حَتّى يَتْرُكَ الْكِذْبَ هَزْلَهُ وَ جِدَّهُ

"İnsan yalanı – istər ciddi, istərsə də zarafat olsun – tərk etməyincə, imanın dadını duymaz.”

3. Əmirəlmöminin Əli (ə) buyurur:

جانِبُوا الْكِذْبَ فَاِنَّهُ مُجانِبُ الْاِيمانِ

"Yalandan çəkinin ki, o, imana qarşıdır.”

Bu bir neçə hədisdən məlum olur ki, möminlər yalandan çəkinir və imanla yalan bir yerə yığışmır. Buradan belə nəticə çıxarırıq ki, yalan insanın qəlbinə qaralıq gətirir və yalançı kəs özünü başqaları ilə müqayisə edərək dinə dəvəti asanlıqla qəbul etmir. Belə ki, onlar kiçik və dəyərsiz məsələlərə görə yalan danışdıqları üçün başqalarının mühüm sözlərinə də inanmırlar. Belələri hətta möminlərin cərgəsinə də qoşula bilər, lakin qəlblərinin şəkk və tərəddüddən yaxa qurtarması mümkün deyildir. Əlbəttə, bu, hədislərin ibarəsi ilə desək, "kəzzab”lara (əsl yalançılara) aiddir. Buna əks olaraq düz danışanlar, adətən, tez inanır, özləri düz danışdıqları üçün eşitdikləri hər sözə əhəmiyyət verirlər. Yalançılar isə hər kəsə və hər şeyə qarşı ya bədbindirlər, ya da şübhə ilə yanaşırlar. Belə isə heç onlarda iman hissi möhkəmlənə bilərmi? Tarix də göstərir ki, çox vaxt münafiq, azğın və yalançılar ilahi peyğəmbərlərə iftira yaxırmış, onları yalançı hesab edirmişlər.

Başqaları ilə özünü müqayisə hissi insanda psixi bir hal olub, bəzən bir çox işlərin həllinə yol açır. Məsələn, çox vaxt canilər, oğrular, xainlər qeyri-adi hərəkətləri ilə başqalarını xəbərdar edirlər. Öz batinlərindən xəbərdar olduqları üçün başqaları ilə müqayisə zamanı özlərini gizlətməyə çalışır və nəhayət, qeyri-adi hərəkətləri ilə diqqəti özlərinə cəlb edirlər.



YALAN İNSANI DƏYƏRDƏN SALIR

Yalançı elə təsəvvür edir ki, boyun qaçırdığı vəzifələrini cürbəcür hiylələrlə yoza biləcək. Belələri üçün əhd-peymanı pozmaq, fürsəti əldən vermək, vəzifəyə əməl etməmək və s. çox asandır. Çünki bir sıra saxta üzrlərlə məsələni sadələşdirib, məsuliyyətdən danışaraq özünü suçsuz qələmə verəcək. Lakin doğruluq və düz danışmağı seçənlər bunun əksinə olaraq heç vaxt səhlənkarlığa yol vermir, özlərini dəyər və qiymətdən salmırlar.



YALANÇI ÖZÜNƏ DƏ İNANMIR

Yalançılar ətrafdakılara inanmadıqları kimi, bəzən özlərinə də etibar etmirlər. Həqiqətdə onlar hər şeyə, hətta öz iradə və bacarıqlarına biganədirlər, həyatda çətinliklərlə üzləşməkdən qorxurlar. İmam Əmirəlmöminin Əlinin (ə) "Nəhcül-bəlağə”nin "qısa kəlamlar” bölümündə belə bir buyruğu var:

اِيّاكَ وَ مُصادَقَةَ الْكِذّابِ فَاِنَّهُ كَاالسَّرابِ! يُقَرِّبُ عَلَيْكَ الْعَبِيدَ وَ يُبَعِّدُ عَلَيْكَ الْقَرِيبَ

"Yalançı ilə dostluqdan çəkin ki, o, ilğıma bənzəyir; sənə uzağı yaxın, yaxını isə uzaq göstərər.”

Bu məsələ, yəni həqiqəti əksinə göstərmə yalançılarla oturub-duranlara nisbət verilsə də, ona adət nəticəsində yalançıların özünə də keçir və onlar hər həqiqət və gerçəkliyə şəkk edirlər. Bu isə insanın öz vicdanından ayrıldığı ən dərdli haldır.



ardı var...
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 772 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]