Cümə axşamı, 2024-04-18, 6:20 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

DÜŞÜNCƏ ZƏİFLİYİ
2013-11-28, 9:34 AM
DÜŞÜNCƏ ZƏİFLİYİ

Əgər insan elə bir ictimai mühitdə yaşayırsa ki, bu mühit İslam həqiqətlərinin dərk olunmasında bir maneədir, bu insanın aqibəti necə olacaq? Diqqət etsək görərik ki, yer üzündə əksər insanlar üçün ictimai maneələr mövcudur. İslam və Əhli-beyt həqiqətlərinin təbliğ olunduğu cəmiyyətdə yaşayanlar Allaha şükr etməli və həqiqi iman qazanmaq üçün səy göstərməlidir. İslam və Əhli-beytdən uzaq ideyaların təbliğ olunduğu cəmiyyətlərdə əksər insanların heç ağlına da gəlmir ki, əsl həqiqət tamam başqa yerdədir. Həmin cəmiyyətlərdə nəinki həqiqət təbliğ olunmur, üstəlik İslam və Əhli-beyt yoluna qaralar yaxılır. Bir çox ölkələrdə şiələr müşrik kimi təqdim edilir, onların hansısa xüsusi bir Qurana etiqad etdikləri bildirilir. Hətta bəzi ölkələrdə belə uydurma rəvayətlər danışılır ki, guya şiələr Cəbrail mələyin xəyanət edib imam Əliyə (ə) göndərilən vəhyi həzrət Məhəmmədə (s) gətirməsini iddia edirlər. Guya şiələr namazı bitirdikdən sonra üç dəfə «Əllahu əkbər» əvəzinə üç dəfə «Cəbrayıl xəyanətkardır» deyirlər. İnsanları bu böhtanlara elə inandırıblar ki, min dəfə and içsək də əhəmiyyət verən olmaz.
Yaxşı, belə bir şəraitdə yaşayan insan Əhli-beyt vilayətini qəbul etmirsə o, behiştə gedə bilərmi? Axı rəvayətlərdə buyurulub ki, Əhli-beyt vilayətini qəbul etməyənlər cəhənnəmə gedəsidir. Cəmiyyətin aşıladığı düşüncə tərzindən qeyri bir düşüncə tərzinə əli çatmayan, həqiqəti dərk etmək gücündə olmayan insanlar İslamda «müstəzəf» adlanır. Müstəzəf düşüncə zəifliyinə məhkum insandır. Onun inamı və əməlləri düşüncəsinin zəifliyi qədər üzürlüdür. Bu insanlara əqli və nəqli yolla həqiqətlər sübut olduqca üzr aradan qalxır. İnsan həqiqəti anladığı dərəcədə də məsuliyyət daşıyır.
Bəli, insanın səadəti onun son nəfəsədək qorunmuş imanından asılıdır. İman isə yalnız o vaxt son nəfəsə qədər qorunur ki, insan daim ona nəzarətçi olsun. Əks təqdirdə iman elə asta-asta zəifləyir ki, insan nə vaxt kafir olduğunu hiss etmir. Hansı ki, ardıcıl şəkildə diqqət etsəydi qəlbindəki şəkk-şübhələrə cavab tapıb imanını qoruyardı.
Yaxşı, bəs düzgün etiqadlı insanlar günaha yol verdikdə onlarla necə rəftar edək? Axı bütün insanlar məsum ola bilməz. Sözsüz ki, açıq-aşkar günah edən insanlarla yaxınlıq etmək olmaz. Çirkin sifətlərə malik insanla dostluq nəticəsində, insan bu çirkin sifətlərə yoluxa bilər. Amma onun haqqında pis danışmaq olmaz. Əksinə, ona ürək yandırıb tərbiyələnməsinə çalışmaq lazımdır. Onun günahdan uzaqlaşıb tövbə etməsi üçün dua etməyimiz yaxşı olar.
Demək, imanını qoruyan insan əvvəl-axır behiştə gedər. Əlbəttə ki, günahlarının cəzasını aldıqdan sonra! «Kim zərrə qədər yaxşı iş görmüşsə bu işin xeyrini, kim zərrə qədər pis iş görmüşsə bu işin zərərini görəcəkdir»(«Zilzal» surəsi, ayə 7-8.).
Bütün işlər nəzərə alınacaqdır. Əhli-beytin şəfaətinə o qədər ehtiyaclıyıq ki, bu şəfaətə çatmaq ləyaqətini itirməmək üçün günahdan qorunmalıyıq. İmam Sadiq (ə) ömrünün son anlarında belə buyurdu: «Namazı yüngül sayan bizim şəfaətimizə nail olmaz»(«Biharul-ənvar», cild 82, səh. 235.). Tövbə insanın günahını bağışlatdırdığı kimi, bəzi pisliklər də insanı şəfaət ləyaqətindən məhrum edir.

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 808 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 Günahkar-Bəndə   (2013-11-28 9:50 PM) [Daxil et]
Diqqət etsək görərik ki, yer üzündə əksər insanlar üçün ictimai maneələr mövcudur.



duzu men bezi insanlari anlaya bilmirem.....sbebdeki oz bildiklerinden donmurler halbuki sefi varrr




Tövbə insanın günahını bağışlatdırdığı kimi, bəzi pisliklər də insanı şəfaət ləyaqətindən məhrum edir.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]