Bazar günü, 2024-12-22, 9:39 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bütün günahların açarı-yalan (4)
2013-08-14, 4:58 AM
Bütün günahların açarı-yalan (4)

Yalan barəsində nəql olunan bir sıra hədislərdə, İslam müqəddəsləri yalanın ən çirkin bir günah olmasını göstərirlər. İslamda insanın həm bu dünyası, həm də, o dünyası üçün, qəbr evi üçün təhlükə mənbəyi olan çox günahlar vardır. Yalana həsr etdiyimiz bəhsin bu hissəsində-yalanın ən pis günah olması, günahların açarı olması haqqında danışacağıq. Amma, bu mətləbə keçməzdən öncə, yalanın bu dünyada insan ömrünü qısaltması barədə ibrətamiz bir hadisə nəql etmək yerinə düşərdi.
"Məktubu gətirənin boynunu vur!”
Nəql olunur ki, şahlardan birinin oğlu onun yanına gəlib camaatın qapının önünə yığılıb şahdan imdad istəməsini şaha çatdırır. Şah öz oğluna (şah üçün) qələm və kağız gətirməsini istəyir. Oğlu qələm və kağız gətirmək üçün bir otağa daxil olduqda, şahın kənizlərindən birinin bir qulamla zina etdiyini görür, amma heç nə demədən qələm və kağızı alıb çıxır otaqdan. Zinakar kəniz şahzadənin onların bu iyrənc hərəkətə yol verməsini gördüyünü anlayıb, şahzadədən əvvəl davranmağa çalışır.
Gəlib yalandan şaha deyir ki, sizin oğlunuz mənim barəmdə pis niyyətə düşdü və mənimlə zina etmək istədi. Şah bərk qəzəblənir və mühakimə yürütməmiş, oğlundan bunun doğru, yoxsa yalan olduğunu soruşmamış qələm götürüb bir kağızda məmurlarından birinə yazır ki, bu məktub sənə çatan kimi, məktubu gətirənin boynunu vur, mənə göndər. Sonra şah məktubu oğluna verib göndərir. Kəniz bununla da, rahat olmur və atasını oğluna daha da, düşmən etmək, aralarında nifaq toxumu səpmək üçün məktubu şahzadədən bir yolla alır və həmin zinakar qulama verir ki, o aparsın. Zinakar qulam məktubu ünvanına çatdıran kimi, boynu vurulub şaha göndərilir. Şah anlayır ki, əslində oğlu bu mənada günahsızdır, beləliklə də, həqiqəti anlayır. Bu hadisə çox ibrətamiz bir hadisədir, gərək yalanın necə bir bəla olduğunu hamımız bilər və ondan uzaq olaq.
"Sözlərin ən pisi yalandır.”
Məsumlardan (ə) nəql edilən hədislərdə yalanın necə bir çirkin əməl, yalançının necə xəbis və iyrənc olması belə çatdırılır; Allahın Peyğəmbəri (s) bu barədə buyurur: "Ən pis sələm yalandır!” Düzdür ki, sələmin özü bir kəbirə günahdır. Bizim təbirlə desək, müamilə, faizli borc almaq İslamda günah hesab edilib. Bu barədə çoxlu hədislərimiz var. Amma, mövzudan yayınmamaq üçün üstündən keçirik.
Başqa bir hədisdə Allah Rəsulu (s) "nifaqın bir qapısı” adlandırır yalanı; "Yalan nifaq qapılarından biridir.” Nifaq-ikiüzlülük mənasındadır. Münafiq-nifaq əhlinə deyərlər. Onlar üzdə bir cür olurlar, içdə isə başqa cür. Nifaq sözünü-biz sülhün pozulması, araya qovğa düşməsi kimi də, anlayırıq. Hədislərdə qeyd olunur ki, nifaq əhli-yəni münafiqlər dəstəsi kafirlərdən, fasiqlərdən və müşriklərdən daha bətər olurlar, onlar daha çox təhlükə mənbəyi hesab edilirlər müsəlmanlar üçün.
Çünki müşrik və kafir, hətta fasiqin içində hər nə varsa, onları əməlləri ilə biruzə verirlər. Müşrik açıqlıqda da, Allaha şərik qoşur. Fasiq elə camaatın içində günahlar etdiyi, aşkar günaha yol verdiyi üçün "fasiq” hesab edilir. Kafir isə açıqca deyir ki, Allah yoxdur, dünyanı Allah yaratmayıb. Amma, münafiqlər isə üzdə bir cür olurlar, onlar İslam Peyğəmbərinə (s), ümmətə yaxşı görünürlər, amma, içlərində kin-küdurət dolu olur İslam və müsəlmanalra qarşı. İslam Peyğəmbəri (s) də, insanları ayıldır ki, yalan nifaq qapılarındandır. Yəni, yalan danışan insan nifaq qapısından daxil olur. Onda münafiqlik əlaməti var. Münafiqlərin bir nişanəsi də, yalan danışmalarıdır. Bu, bir növ münafiqin həm də, meyarıdır ki, İslam Peyğəmbəri (s) bizə çatdırır. Daha bir çox mənaları da, ola bilər bu hədisi-şərifin!
Mələkləri qaçıran üfunət iyi.
Allahın Peyğəmbəri (s) yalan barəsində bir hədisində belə buyurur: "Bəndə yalan danışanda yaratdığı üfunətin iyindən mələk bir mil aralı durar.” Bu hədisdən o da, anlaşılır ki, bir evdə ki, insan yalan danışar və yaxud ümumiyyətlə ki, insan yalan söz dilinə gətirər, o şəxsdən bir üfunət iyi gələr ki, hətta mələk bu iydən iyrənib uzaq gəzər. Baxmayaraq ki, namaz qılınan evə hədislərdə var ki, mələklər qonaq olarlar, amma o evdeə yalan olarsa, o evin iyi üfunət iyi olar və mələk ora nazil edilməz.
İndi isə İmam Əlinin (ə) yalan barədə buyurduğu sözlərə, ibrətli kəlamlara nəzər salaq; Məsumlar (ə) bu hədisləri buyurmaqla, həm də, yalanın bir növ tərifini insanlara çatdırırlar. "Yalan nədir?”- sualı bu hədislərin işığında cavablandırılır. İmam Əli (ə) buyurur ki; "Heç bir pislik yalan qədər pis deyil!” Yəni, sən nəyi ki, pis adı altında nəzərdə tutmusan, bil ki, yalan qədər bunların heç birisi pis deyil. Yalan ən pisidir. Həzrət (ə) həmçinin buyurur: "Sözlərin ən pisi yalandır!” Bu hədis də, əvvəlki hədisin məzmununa uyğun bir hədisdir. İslam Peyğəmbəri (s) buyurur: "Yalan nadürüstlüyə və azğınlığa çəkər. Nadürüstlük və azğınlıq isə oda aparar.” Bəli, yalanın imandan uzaqlaşdıran bir amil olması barədə daha bir gözəl, nümunəvi hədis.
Bütün pisliklər bir evə yığılsa...
Yalanın başqa tərifləri də, var. Yəni, yalan haqqında başqa sözlər də, işlədilib məsumlar (ə) tərəfindən. Məncə bu hədislərdə daha çox yalan danışmağın rəzil bir xislət olması üzə çıxır. İmam Həsən Əskəri (ə) yalanın barəsində gözəl bir hədis buyurur. "(Bütün) Pisliklər bir evdə yığışıb və onun açarı da yalandır.” Bir ev təsəvvür edək; Bu evin içinə bütün günahları yığaq. Bu evi bütün günahalrla dolduraq. İmam Həsən Əskəri (ə) Ağa buyurur ki, bu evin qapısının açarı- yalandır. Bu dərəcədə yalanın murdarlığı tamam çılpaqlığı ilə özünü göstərir mübarək hədisdə. Buna uyğun digər bir hədisdə İmam Baqir (ə) belə buyurur: "Allah pislik üçün qıfıllar yaratmışdır və o qıfılların açarını şərabda qərar vermişdir. Yalan şərabdan daha pisdir.” Bu hədisdə ilk öncə şərab içməkliyin çirkinliyi göstərilir insanlara. Daha sonra isə "şərab içmək kimi murdar bir əməldən daha pis bir əməl varmı?”- sualına cavab verilir İmam Baqir (ə) tərəfindən. Bilinsin ki, bəli, belə bir əməl var, o da, yalandır.
"Hucurat” surəsindən bir ayə.
Allah-Təala bizləri bir məsələdən agah edir. Quranın "Hucurat” surəsinin 6-cı ayəsində Allah-Təala bizləri ayıldır. Mübarək ayədə elə bir mətləbə toxunulur ki, həqiqətən də, bu günkü dünyamız üçün ən aktual olan bir məsələdir. Bu gün əksər ailələr bu ayənin təlqin etdiyi mənadan xəbərsiz olduqları üçün dağılır, hətta güclü dövlətlər qəflət ucbatından müharibəyə sövq olunurlar. Həmin ayədə Allah buyurur: "Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” Bu ayədə Allah-Təala iman gətirənlərə, iman əhlinə səslənir. Doğrusu, bu gün insanların bir çoxu onlara verilən bir xəbərin yalan, dezinformasiya olub-olmadığını yoxlamadan hökm edirlər. Elə əvvəldə nəql etdiyimiz hadisədə də, görürük ki, şah bir zinakar kənizin dediyini araşdırmadan oğlunun qətlinə fərman verir. Xoşbəxtlikdən oğlu ölmür. Zinakar kənizin qurduğu ssenari öz əleyhinə işləyir. Amma, görün baş tutsa idi, nə olacaqdı? Bir ata öz oğlunu, həm də, bu işdə günahı olmayan oğlunu günahkar, zinakar bir kənizin deməsiylə ödürəcəkdi. Ona görə də, İslam dini mühakimə, məhkəmə, qazi, qəzavət tələb edir. Şahid gətirmələrini istəyir və Quranda bu barədə buyuruqlar var.
Bu gün efir məkanında xəbərlərdə nə qədər dezinformasiya-həqiqət olmayan xəbərlər yayımlayırlar. Doğrusu, bu gün anlaşılmaz bir hala gəlib. Anlamaq olmur kim doğru deyir, kim yalan deyir. Allah isə belə cəmiyyətdə insandan-iman gətirəndən tələb edir ki, əvvəl yoxla, araşdır, sonra inan. Allahın Peyğəmbəri (s) buyurur: "Yalançılıq üçün sənə hər eşitdiyini danışmaq yetər.” Bu hədis mübarək ayədən qaynaqlanıb və o ayənin ruhuna uyğun bir hədisdir. Belə hədislər İslam Peyğəmbərinin (s) həqiqi Allahın elçisi olmasına dair sübutdur ki, Quran buyurur Peyğəmbər (s) haqqında ki; "və ma yəntiqu ənil-həva!” Yəni, O (İslam Peyğəmbəri (s)) həvayi-nəfsindən danışmır. Onun dedikləri bizim Ona vəhy etdiklərimizdir. Bu hədis də, həmin ayəyə uyğun bir hədisdir. İslam Peyğəmbəri (s) çatdırmaq istəyir ki, hər nə eşitdin o an inanma. Yəni, insan bir xəbər eşitdikdə, onu öz-özlüyündə analiz eləsin, ölçüb-biçsin, amma o saat onu danışmaq yalançılığa səbəb ola bilər.
Yalana qulaq asmaq olarmı?
Biz bilirik ki, insan qeybət edərsə, günah etmiş olur. Bəs, qeybəti dinləyərsə necə? Yenə də, günah etmiş olurmu? Bəli, olur. Niyə? Çünki qeybət dinləyən olmazsa, qeybət edən də, olmaz. Burası aydın!
Bəs yalan danışmaq günah olduğu kimi, yalana qulaq asmaq necə? O da, günahdırmı? Bəli, bu sualın cavabında deyirik ki, yalan danışmaq günah olduğu kimi, ona qulaq asmaqlıq da, günahdır.
Bu, hər şeydən əvvəl, insanın yolunu azmasına səbəb ola bilər. İnsan çox həssas bir varlıqdır. Bir də, görürsən ki, ani bir yalan sözə bənd oldu, inandı. Hətta, o sözü cəmiyyət içində yaydı və o sözün xoşlayanları çoxaldı. Əksər şayələr, əsassız ittihamlar və böhtanlar burdan qaynaqlanır. Amma, İmam Əli (ə) nə buyurur? "Azğınları öz qulaqlarınıza hakim etməyin!” İmam Əli (ə) ciddi bir şəkildə tənbeh və xəbərdarlıq edir. Çünki azğınlığa qulaq asanda, bu, insanı imandan döndərə bilər. Heç kim də, zəmanət verə bilməz ki, azğın fikirlər insanları həqiqət yolundan döndərmir! Çünki biz bunun təcrübəsini görürük. Nə qədər insan həqiqət olmayan, qondarılmış, "din” adına təbliğ edilmiş cərəyanlara, sektalara uyur, onların əsarəti altına düşür. Onlar da, bir zaman doğru yold aidilər, amma azğınları öz qulaqlarına hakim elədilər deyə, yollarından azdılar.
Bir nəfər İmam Sadiqdən (ə) başqalarına istinadən danışanların sözlərinə qulaq asmanın rəva olub-olmaması barədə sual verir, İmam Sadiq (ə) bu sualın cavabında buyurur: "Kim danışana qulaq asarsa, ona bəndəlik etmiş olar.” Daha sonra İmam (ə) bu nurani mətləbi açıqlayır. İmam (ə) buyurur: "...Əgər natiq Allahdan danışarsa (eşidən) Allaha ibadət etmişdir. Danışan iblisin sözünü danışarsa, o (eşidən) iblisə ibadət etmişdir.”
Bəli, çox qiymətli bir öyüddür bu. Heç bir qızıl, cəvahirat, xəzinələr bu hədis qədər qiymətli, dəyərli ola bilməz bir iman əhli üçün. Biz əgər, bir məclisdə Allahdan danışırıqsa, danışan da, eşidən də, Allaha ibadət etmiş olur. Ancaq şeytan barədə, şeytani söhbətlər, nəfsə, şəhvətə xidmət edən bəhslər apararıqsa, o halda danışan da, dinləyici də, şeytana ibadət etmiş olur. Hər birimiz üçün vacibdir ki, bu nurani, bu ruhani kəlamı daim qulağımızda sırğa edək!
Allah-Təala bizləri nur əhlinin (ə) mübarək kəlamlarından ayrı salmasın, qulağımıza daim Allah kəlamı eşitdirsin! Allah bizləri dünya və Axirətdə Quran və Əhli-Beytdən (ə) ayrı salmasın! Amin!

ihq.az


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 667 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]