Bazar günü, 2024-12-22, 9:34 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bütün günahların açarı-yalan (3)
2013-08-14, 4:56 AM
Bütün günahların açarı-yalan (3)

Ötən bəhslərin birində bir məqamı diqqətdə saxlamışdıq ki, bütün günahların, bütün fəsadların ilk addımı yalandır, yalanla başlayır. Yəni, bu, o anlama gəlir ki, insan ki, günah edir, onun qəlbi qəsavət bağlayır, daşlaşır-bütün bunların ilkin mərhələsi yalanla başlayır. İndi bəhsi bu istiqamətdə davam etdirəcək, bu barədə bir neçə mübarək kəlam zikr edəcəyik və ən əsas da, yalan danışmaq kimi bir çirkin, iyrənc əməlin imana təsiri haqqında qeydlər edəcəyik. Çünki yalan qədər bəlkə heç nə imanı zay etmir, süquta uğratmır.

Yövmul-bəla ("bəla” günü)
Bizim inancımıza görə, zərr aləmində, yəni hələ Adəm övladları törəməmişdən əvvəl, Allah-Təala Həzrət Adəm (ə) peyğəmbəri xəlq etdikdən sonra, onun bədənindən Qiyamətə qədər törəyəcək bütün insanları çıxartdı. O vaxt bizlər zərrə halında idik. Bu zərrələrin eşitmə və danışma qabiliyyəti var idi. Quran da, bu mövzunu gündəmə gətirir. Həmin gün "yövmul-bəla”, yəni, "bəla günü” adlanır. "Bəla”, yəni, "bəli!”- etiraf və təsdiq mənasındadır. Bu o gün idi ki, o gün biz Allahın bizə verdiyi suala "bəli!”- deyə, cavab vermiş idik. Yəni, Allah bizdən bir əhd almışdı və biz əhd bağlamış idik Allahla. "Əraf” surəsinin 172-ci ayəsi bu barədədir. Allah-Təala buyurur: "(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi?” – soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: "Biz bundan qafil idik”” Alimlər buyurmuşlar ki, bu əhdin alındığı mühit "zərr” aləmi idi. "Zərr” sözü "zürriyyə” sözündən əmələ gəlib ki, bu sözün mənası "sonrakı nəsil”, "övladlar” deməkdir. Bu barədə "Numunə” təfsirinə müraciət edə bilərsiniz!

Günahın süftəsi-yalandır
Ayədən gördüyümüz kimi, Allah bizdən əhd alır və bu, ona görədir ki, sabah (Qiyamət gün) bəhanə gətirib deməyək ki, bizim xəbərimiz yox idi, biz qafil idik. Çünki Allah bizi xəlq edib və bilir ki, biz sabah bəhanə gətirəcəyik. Bu məqamda bir haşiyə çıxmaq faydalı olardı; Allahın varlığının və bizim Xaliqimizin O olmasının bir sübutu da, bu ayədir. Çünki Allah bu məqamda bizim fitrətimizə nüfuz edir, vicdanımızdan səslənir bizə. O, bilir ki, biz sabah bəhanə gətirəcəyik və deyəcəyik ki, biz qafil idik. Necə ki, bəhanələri bu dünyamızda gətiririk. Buna görə də, Allah "Xayrul-Məkirin”dir, "Tədbirlilərin ən tədbirlisi”dir və qabaqcadan işi sağlam tutur.
Bu mübarək ayəyə oxşar bir ayə "Yasin” surəsində keçir; Allah buyurur: "Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir, Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!” (Ayə 60, 61.) Bəli, təsdiqləndi ki, biz Allahla əhd bağladıq. Amma, hər hansısa bir günahı işlədikdə, günahlarımızın ilki hansı günah olursa olsun, kökündə yalan durur. Çünki biz əhd bağlamışdıq ki, "İlahi, Sən bizim Rəbbimizsən!” Və Allah bizdən əhd almışdı ki, şeytana ibadət etməyək, o (şeytan) açıq-aşkar düşməndir. Allaha ibadət edək ki, doğru yol budur. Amma, əməldə günaha girdik, doğru yolu qoyub, şeytana-açıq-aşkar düşmənə uyduq. Əməli yalan işlədik, vədimizə xilaf çıxdıq. Yəni, ilk günahı etməklə zərr aləmindəki əhdimizi batil etdik. Bu yalan meydana çıxdı və bundan sonrakı bütün günahları yalan üzərində bina etdik.

Əməldə "Bəli, Rəbbimizsən” sözü təsdiqlənməlidir!
Üzərimizə düşən vəzifə nədir? Bu müqəddəs vəzifə odur ki, "bəli, Rəbbimizsən” deyib, təsdiq etdikdən sonra, bu təsdiqi əməldə həyata keçirtməliyik. Bu təbir əməllə realizə edilir. Bu, eyniylə dövlət başçısı seçilmiş bir insanın öz andına və əhdinə sadiq qalıb-qalmaması kimidir. Bir insan ölkə başçısı seçilir və and içmə zalında o and içir ki, xalqına ləyaqətlə xidmət edəcək. Amma, səlahiyyətlərinə başladıqda isə, bu ləyaqəti özü ayaqlar altına atıb tapdalayır. Müqəddəs və möhtərəm heç nə bilmir. Rüşvətxorluq, özbaşınalıq, oğurluq, ayrıseçkilik, kasıbçılıq, zinakarlıq, zülm-istibdad baş alıb gedir. Deməli, o and və əhdinə sadiq qalmadığı üçün, andının və əhdinin yalan çıxması səbəbiylə, bu hadisələr meydana gəldi. Ölkəni bürüyən bütün fəsad bir yalandan başladı. Bəndənin günahları belə başlayır, bir yalandan törəyir, ardı-arxası kəsilmək bilmir.

Günah zamanı özümüzə veriləsi mühüm sual!
Elə ki, qəlbimiz günaha yaxınlaşır, hiss edirik ki, günaha batmaq üzrəyik, özümüzə veriləsi bir mühüm sual var ki, gərək onu özümüzdən sual edək; Bu mühüm sualı özümüzə verək və özümüzü ayıldaq; Bəs sən əhd bağlamışdın Allahınla, bəs nə oldu? Bəs, aləmi-zərr nə tez unuduldu? Bəs əhdinə və andına nə tez xilaf çıxdın?
İslam mətnlərdə əhdə vəfasızlıq və əhdə xilaf çıxmaq, andı pozmaq haram və qadağandır. İslam xüsusi bəhs ayırıb əhd-peyman məsələsinə. Quran ayələrində, hədislərdə, şairlərin şeirlərində əhdə xilaf çıxmaq və əhdə xilaf çıxanlar məzəmmət olunur, qınanır. Əhdə xilaf çıxanlar "vəfasız” adlanırlar. Öz əhdinə vəfa etməyənə, dünən əhd edib, bu gün əhdini pozana necə baxarıq? Onlar barəsdindəki təbirim "münafiq, ikiüzlü, riyakar” olar. Bəs, Allahla əhd bağlayıb, unudanları necə adlandıraq? Bir də görərsən ki, bir insan oğluna, yaxud bir cavana nəsihət edir; Onu yalan danışmaqlıqdan çəkindirir, yalanın pis olmasını ona izah edir, atalar sözünü nümunə gətirir ona. Amma, özünün nə namazı var, nə imanı var, nə orucu.. Amma, özünü doğrucul bilir. Çünki həqiqət olmayan söz danışmır. Yalançılıqdan uzaqdır, amma, Allaha itaətsizliyinin özü bir yalandır, günahları yalan üzərində qurulub.
Yalan danışanlar bu üç dəstədən hər birisinin içində var. Daha doğrusu hər üç dəstədəki insanlar yalan danışanlardır. Birinci dəstə münafiqlərdir. Onlar üzdə iman gətirərlər, onlar nifaq əhlidirlər. Daxildəsə kafirdirlər, imanları yoxdur. İslam Peyğəmbəri (s) zamanında belələrindən çox idi. Hətta, Quranda "Munafiqun” adlı surə var. İslam Peyğəmbərindən (s) sonra, bunlar üzə çıxdılar. İkinci dəstə kafirlər və müşriklərdir. Allaha inanmazlar və ya şərik qərar verərlər. Onlar "Allah yoxdur!” deyərlər və yaxud da, bütləri şərik qərar verər, "bunlar bizim tanrılarımızdır!” deyərlər. Üçüncü dəstə fasiqlərdir. Onlar ibadət etməzlər, hətta, ibadətin faydasız olması qənaətində olarlar. Allaha əyilib-dikəlməkliyi vaxta israf kimi qiymətləndirib qiymətdən salarlar özlərini! Bu üç dəstə yalan dəstəsidir.

Yalan və iman
Yalançılıq imanın qayçısıdır. Yalan danışan insan öz imanını məhv edər. İmam Baqir (ə) buyurur ki; "Həqiqətən, yalan imanı viran qoyar.” Çox ciddi məsələdir. Əgər, iman toplamaq, iman qazanmaq istəyiriksə, gərək yalandan uzaq olaq. Bəzi hədislər ki, var, orada imanın şərtləri açıqlanır, imanın əldən getməsinə səbəb olan əməllər sadalanır, bu hədis də, onlardan biridir. İman toplamaq çox zaman asan başa gəlir, amma, onu saxlamaq çətindir. İmam Baqir (ə) iman saxlamaqlığın yollarından birini göstərir bizə.
"Nəhl” surəsinin 105-ci ayəsində Allah-Təala buyurur: "Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!” O zaman Allah-Təalanın ayələrini yalan sayanalr var idi. Onlar Məkkədə, Mədinədə, Ərəbistanın hətta, dünyanın dörd bir cəhətində mövcud idilər. Onlar hətta, İslam Peyğəmbərinin (s) qohumları içində də, var idi. İslam Peyğəmbərinin (s) Öz əmisi-Əbu Ləhəb İslam Peyğəmbərinə (s) – nəuzu billah- yalan nisbət verər, onu yalançı adlandırardı. Nə qədər nalayiq ifadələr işlədərdi Həzrətin (s) ünvanına. Amma, Quran deyir ki, o özü yalançı idi. Çünki haqq ilə göndərilmiş həqiqət carçısına "yalançı” deyirdi.
Bu gün də, belələri çoxdur və hətta, müsəlman ailədə dünyaya göz açıblar, amma, Allahın ayələrini inkar edirlər və yaxud əməl etmirlər. İnkar etmək bir cür yalan, inkar etməyib, amma əməl etməmək bir başqa cür yalançı edər sahibini.

Yalan imandan kənardır
İmam Əli (ə) hədislərin birində yalanı imanın kənarında hesab edir. Həzrət (ə) buyurur: "Yalandan kənar olun. Çünki yalan imandan kənardır...” Bu hədisi-şərifində İmam Əli (ə) yalanın imanla olan rabitəsini və yalanın imanını məhv etmək kimi bir istedada, qabiliyyətə malik olmasından xəbər verir. İmanlı bir şəxs yalana meyl etdisə, bu, o deməkdir ki, o imandan bir addım kənara çıxdı. Yəni, hədisdən məqsəd odur ki, yalan imanı yandırır. Yoxsa, insan bir yalan danışdısa, imandan xaric olur- anlamına gəlmir. Mübarək "Nəhl” surəsinin zikr etdiyimiz ayəsindən götürüb qaynağını bu hədisi-şərif. Hədisin davamında İmam Əli (ə) gözəl mətləblər açıqlayır; "..Doğru danışan nicat və kəramətin sahilində, yalançı isə uçurumun və zəlilliyin astanasındadır.” Hədisi-şərifin bu hissəsində də, eyni məna ifadə edilib. İnsan zəlilliyə yalanla yaxınlaşır. Yalan onu uçurumun önünə gətirən bir nəqliyyət vasitəsidir.
Yalanın çirkinliyini, eybəcərliyini daha qabarıq göstərən hədislərin biri də, İmam Sadiqdən (ə) nəql olunur; Həsən ibn Məhbub adlı bir şəxs Həzrət İmam Sadiqdən (ə) sual edir; Möminin xəsis olması mümkündürmü? İmam (ə) cavab verir: Bəli. O kişi növbəti sualını verir: Mömin orxaq olması mümkündürmü? İmam Sadiq (ə) cavab verir: bəli. O kişi yenə soruşur: Yalançı ola bilərmi? İmam Sadiq (ə) cavab verir: xeyir, xəyanətkar da olmaz! Daha sonra İmam Sadiq (ə) belə buyurur: "Mömin hər bir xususiyyəti qazanar, yalnız xəyanət və yalandan başqa.”
Deməli, möminçiliyə yaddır xəyanətkarlıq və yalançılıq. Deməli, bu iki iyrənc xislət insanı imandan çıxardar, möminliyini əlindən alar. Bu hədisdə də, ötən ki bəhslərimizdəki zikr edilən bir sıra hədislər kimi, yalanla xəyanət yan-yana qoyulub.
Son nəticə budur ki, insanın törətdiyi xəyanət də, yalandır. O xəyanət etməklə dosta-qardaşa yalan demiş olur. O, yalan danışdıqda da, xəyanət etmiş olur. Nəhayətdə hər ikisi Allaha qarşı edilən xəyanət və danışılan yalandır!!!
Allah-Təala bizləri belə hadisələrdən lazımi nəticə çıxaranlardan qərar versin, dünya və Axirətdə Quran və Əhli-Beytdən (ə) ayrı salmasın! Amin!

ihq.az



Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 711 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]