Bazar ertəsi, 2024-11-25, 3:58 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bütün günahların açarı-yalan (2)
2013-08-14, 4:53 AM
Bütün günahların açarı-yalan (2)

Ötən bəhsimizdə yalanın ictimai bəla və ictimai fəsadlar gətirən bir vasitə olduğundan bir qədər bəhs etdik. Əslində, çox danışmaq, çox qaranlıq qalan məqamlara aydınlıq gətirmək olardı. Xüsusiylə də, biz bu dediklərimizin nümunələrini öz içimizdə görürük və bizim bu barədə təcrübəmiz çoxdur. Ötən bəhsi demək olar ki, bu sahəyə həsr elədik! Biz, uyğun bəhsimizin əvvəlki hissəsində İmam Əlinin (ə) bir hədisi-şərifini zikr edib, yalanın xəyanət olması barədə danışdıq, yalanı siyasətlə yan-yana tutduq, anladıq ki, yalan fəsaddır, abad evləri xərabəyə çevirir. Yalanın ictimai fəsad və zərərləri çoxdur.

Yalan bəhsində mühüm bir nöqtə
Bu bəhsimizdə yalanın mühüm bir nöqtəsinə toxunub, maraqlı bir cəhəti barədə danışacağıq. Bu həmin cəhətdir ki, yalanın nə cür iyrənc, nə cür çirkin olması bu mühüm nöqtədə daha çox biruzə verir, daha çox özünü göstərmiş olur. Yalan danışmaq bir neçə səbəblə ola bilər. Qəlbi xəstə insanlar var ki, bir ailəni dağıtmaq üçün yalan danışırlar. Bəziləri haqqında yalan danışdığı insanlardan intiqam almaq üçün, onları gözdən salmaq üçün yalan danışırlar. Bəzi insanlar, ziyandan qaçmaq üçün yalan danışırlar. Yalanı başqa bir sıra səbəblərdən dolayı da, danışanlar var ki, sadalamağa vaxt olmaz. Əlbəttə ki, "səbəb” yox, "bəhanə” təbirini işlətsək daha dəqiq olardı.
Amma, bir dəstə insanlar var ki, onlar xeyir əldə etmək üçün, öz mənfəətləri naminə yalan danışırlar. Bu bəhsimiz bu barədədir. Niyə görə, bu barədə? Çünki əvvəldə də, qeyd etdik ki, yalanın nə cür iyrənc olması bu barədə danışdıqda üzə çıxır. Çünki məlum məsələdir ki, insan öz xeyrinə olduğu təqdirdə belə, yalan danışırmırsa, o insanlara bir mesaj verir. O demək istəyir ki, yalan o qədər zülm, o qədər iyrəncdir və şeytanidir ki, hətta, xeyrinə belə olsa, sənin yalan danışmaqda səmərən belə olsa, yalan danışma.

İmanın nişanəsi və ağıllı insan
İmam Əlinin (ə) gözəl kəlamlarından biri bu barədədir. İmam (ə) buyurur: "İman (nişanəsi) budur ki, sənin ziyanına olsa belə doğru danışmağı, xeyrinə olsa da yalan danışmaqdan üstün tutasan.” Yəni, qarşıya bir problem çıxıb, əgər düzünü danışsan, ziyana düşəcəksən, amma əgər, yalan danışsan, xeyir əldə edəcəksən. Doğrunu danış, bu üstündür, nəinki yalan danışmağın. Həzrət Əli (ə) bu hədisi-şərifində doğrunu "imanın nişanəsi” bilir. Yəni, imanın şərtlərini sayası olsaq, biri də, doğruluqdur. Bu hədisdə bir təkid var. İmam Əli (ə) imanın nişanəsi kimi ziyana düşməklə nəticələnmiş olsa belə, doğru danışmağı, xeyir üçün olmuş olsa belə, yalan danışmaqdan üstün tutmaq kimi bir əməli gündəmə gətirməklə təkid edir.
Başqa bir hədisdə buyurulur: "Ağıllı insan, mənafeyi tələb etsə də, yalan danışmaz.” Bu mübarək hədis yeddinci İmamımız Həzrət İmam Museyi-Kazimdəndir (ə). Bu hədisdə də, təqribən eyni mənaya işarə edilib. Bu hədisdə isə İmam Kazim (ə) doğru danışan insanı "ağıllı insan” adlandırır və doğruluğu ağlın nişanəsi bilir. İnsana lazım olan ən dəyərli mühüm şey: iman və ağıl. Hər ikisi üçün doğru olmaq əsas şərtdir.

Günahların etiraf edilməsi və tövbə
İmam Əlinin (ə) bir qədər əvvəl zikr etdiyimiz hədisi-şərifinin birinci hissəsi barədə bir mətləbi qeyd etmək istərdik. Bir bəndənin öz günahlarını etiraf etməsi-istər öz-özlüyündə olsun, öz vicdanı ilə baş-başa qaldıqda olsun, istərsə də, polis bölməsində, məhkəmədə olsun-bu, ziyanına olmuş olsa belə, sənin doğru danışmağın anlamına gəlir. İnsan təkbaşına qalanda belə, günahını etiraf etməsi çətin olur. Öz mənliyinə sığışdırmır bunu. O ki qaldı polis bölməsində, məhkəmədə (müttəhim kürsüsündə) bunu etiraf edəsən. İnsanın vicdanı və fitrəti elə bu dünyanın məhkəməsidir. Bu məhkəmədə məhkum da, insanın özüdür, hakim də. İnsanın öz ünvanına "mən günahkaram” deməsi belə, çətindir və kişilik tələb edir, mərdlik istəyir.
Amma, polis bölməsində, məhkəmədə etdiyin günahı boynuna almağın daha çox çətindir. Çünki nəticəsi məlumdur. Sən həbs olunacaqsan, 10 il, 15 il azadlıqdan məhrum olacaqsan, ailəni, arvadını-uşağını görməyəcəksən. Bütün bunların hər biri böyük bir dərddir. Türmə həyatı çətindir, ağrılı-acılıdır- bu başqa bir dərd. Amma, bütün bunların müqabilində, sən öz günahlarını etiraf edib tövbə etsən və etdiyin cinayəti boynuna alsan, sən doğru danışmış olarsan. Baxmayaraq ki, sənin ziyanınadır. Sən günahları özünlə təkbətək qaldıqda etiraf etməyin sənin zahirən ziyanına ola bilər. Çünki insan dözə bilmir, vicdanı sızlayır, o vicdan əzabı çəkir. Həmçinin, qanun qarşısında cinayətlərini etiraf etməsən canını qurtara bilərsən. Günahın sübuta yetmədikdə sərbəst buraxıla və yaxud da, az cəza ilə qurtula bilərsən. Bu, zahiri bir xeyirdir. Amma, imansızlığın əlamət və nişanəsidir.

Mədinədəki soğan satan kişinin əhvalatı
İslam tarixində bir hadisə baş verib. Çox məhşur tarixi hadisədir və bir çox mənqullarda keçməkdədir. İslam Peyğəmbərindən (s) sonrakı dövrlərdə baş verib bu hadisə. Bu hadisə ya Müaviyyə lənətliyin zamanında Məkkə şəhərində baş verib, ya da, Osmanın xilafətinin son dövrlərində Mədinədə. Bir kişi şəhərə satmaq üçün bir miqdar əkkə soğan gətirir. Amma, alveri yaxşı getmədiyindən soğanları sata bilmir. Hava çox isti idi və soğanlar məhv olmaq, kişi də, ziyana uğramaq üzrə idi. Başqa yerdə də, satmağa imkanı yox idi. Soğan satan kişi "Əbu Hureyrə” adı ilə İslam dünyasında məhşur olan Peyğəmbər (s) səhabəsinin yanına gəlir. Əbu Hureyrənin yalan danışan olması, yalançı, uydurma hədisləri Peyğəmbərə (s) nisbət verməsi də, ən az adı qədər, kimliyi qədər məhşurdur İslam tarixində.
Soğan satan kişi Əbu Hureyrədən köməklik istəyir və ona deyir ki: bütün pulumu soğana vermişəm ki, burda satım, amma alverim getmir.. Əbu Hureyrə kişiyə zəmanət verir ki, kişi narahat olmasın və o bir tədbir görəcək. Həmin gün camaat bir yerdə cəmlənəndə, Əbu Hureyrə minbərdə camaata moizə əsnasında deyir ki: ey camaat, Allahın Peyğəmbərindən (s) eşitdim ki, hər kim Məkkədə əkkə soğanı yesə, cənnət ona vacib olacaq. O məqamda az bir zaman içində kişinin bütün soğanları satıldı.
Bu qeyri-şəri vasitədən istifadə etmək idi ki, bu məqamla işimiz yoxdur. Bu, geniş və xüsusi bəhsin mövzusudur. Amma, burada xeyir var deyə, yalan danışmağın nümunəsini görürük. Bəlkə də, Əbu Hureyrənin o soğanların qazancında, gəlirində payı yoxdur, niyyəti bir mömini müflislikdən qurtarma olub. Amma, xeyir üçün yalan danışmaq belə, bir mömini bu cür iflasdan qurtarmaq naminə olmuş olsa belə, yalan danışmaq haramdır və qadağan edilib.

Peyğəmbərin (s) oğlu Qasimin vəfatı
İslam tarixində cərəyan etmiş başqa bir hadisəni zikr edirik. İslam Peyğəmbərinin (s) Mariyeyi-Qibtiyyə adlı zövcəsindən İbrahim adında bir övladı dünyaya gəlir. Bu övlad körpə ikən dünyasını dəyişir. Bu hadisə həm şiə, həm də, sünni mənbələrində keçməkdədir. Hətta, şiə və sünni alimləri yazırlar ki, İslam Peyğəmbəri (s) kədərlənir və göz yaşı tökür. Səhabə təəccübdə qaldıqda belə, onlara bu göz yaşının rəhmət olmasını izah edir İslam Peyğəmbəri (s). Səhabələr anlayır ki, bu rəhmətdən doğan kədər və göz yaşıdır ki, sahibini heç bir vəchlə Allahın təqdirinə üsyan etməyə sövq etməz, istiqamətləndirməz.
O gün İslam Peyğəmbəri (s) və islamsevərlər kədərli idilər. Həmin gün günəşin tutulması hadisəsi baş verir. Təbii bir proses. Amma, camaat bu fövqül-adi bir hadisəni, təbii bir prosesi İslam Peyğəmbərinin (s) övladının vəfatı ilə əlaqələndirir. Bu gün də, hansısa hörmətli, izzətli, mömin bəndə dünyasını dəyişən gün, yas mərasimi əsnasında yağış yağdıqda, bunu ölənlə bağlayırlar. Deyirlər ki, bu kişi çox imanlı və Allahın sevimlisi idi ki, göylər, mələklər ağlayırlar onun üçün. Bəlkə də, bu, elə o vaxtdan qalıb.
O zaman da, belə düşündülər. Şəkkə düşmədilər ki, İslam Peyğəmbərinin (s) kədəri ilə bağlıdır bu hadisə. O zaman kimlərinsə qəlbində İslam Peyğəmbərinə (s) olan iman və inam daha da, artdı və möhkəmləndi. Kimlərinsə şəkki var idisə də ki, dağılıb getdi. Kimlər isə Peyğəmbərə (s) iman gətirməmişdilərsə də ki, eşitdikdən sonra iman gətirmək fikrinə düşdülər. Bu, xalqın zəifiyyəti idi. Amma, İslam Peyğəmbəri (s) nə etdi? Xalqın bu zəifiyyətindən (zəif damarından) istifadə etdimi? Xeyr! İslam Peyğəmbəri (s) burada qeyri-şəri vasitəyə əl atdımı, xeyr! İslam Peyğəmbəri (s) bu məqamda susa bilməzdi. O Həzrət (s) minbərə çıxıb xalqa bu hadisənin öz övladı ilə əlaqədar olmadığını və sadəcə təbii bir hadisə olmasını çatdırır.
Burada  minlərlə insan İslam Peyğəmbərinə (s) iman gətirəcəkdisə də ki, belə iman lazım deyil, qoy müsəlmanların sayı min nəfər az olsun, amma, ortada yalan olmasın. Allah eləməmiş, xüsusən də, İslam təbliğində yalandan istifadə edilməsin. Görürük ki, İslam Peyğəmbərinin (s) və İslamın xeyrinədir, amma, Peyğəmbər (s) sui-istifadə etmir bu vəziyyətdən. Susqunluq göstərmir. Bu mövqe və bu hadisə başqa bir sıra məsələlərə də, işarə edir, amma, bu bəhsimiz yalan barədə olduğu üçün ancaq yalanla bağlı olduğu üçün, bu haqda danışırıq.
İslam Peyğəmbəri (s) minbərdə camaata bu hadisənin İbrahimlə əlaqəli olmadığını deməmiş olsaydı belə, heç bir yalan demiş olmayacaqdı. Çünki camaat avamlığından belə düşünmüşdü, Peyğəmbər (s) onlara deməmişdi. Amma, nəhayətdə, ortada bir yalan və yanlış var. Camaat yanılıb. İslam Peyğəmbəri (s) isə bu yanlışı düzəldir və həqiqəti bəyan edir.

Mövzunun bu hissəsi ilə bağlı son nəticə
Deməli, mövzunun bu hissəsinə və zikr edilən mübarək iki hədisə və iki tarixi hadisəyə aid olan bəhsin son nəticə bu olur ki, insan onun ziyanına olsa da, gərək doğrunu desin və xeyrinə olmuş olsa da, gərək yalan danışmasın! Bu iki hadisənin birincisində səhabənin hərəkəti nə qədər pis görünürsə də, bu hərəkətdə insanların avamlıq və zəifiyyətindən sui-istifadə olunsa da, İslam Peyğəmbərinin (s) hərəkətində bir ürəkyanğısı, qayğıkeşlik, qeydəqalmaqlıq hiss olunur. İslam Peyğəmbəri (s) dərs öyrədir bəşərə. İslam Peyğəmbəri (s) əvvəl Özü əməl edir, sonra xalqa çatdırır. İslam Peyğəmbəri (s) əxlaqi dəyərləri tamamlamaq üçün göndərilib.
Allah-Təala bizləri İslam Peyğəmbərinin (s) həqiqi ardıcıllarından qərar versin. Allah-Təala İslam Peyğəmbərinin (s) nuru ilə qəlbimizi nurani və münəvvər eləsin! Allah-Təala dünya və Axirətdə bizləri Quran və Əhli-Beytdən (ə) ayrı salmasın! Amin!

ihq.az


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 772 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]