Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Bütün günahların açarı-yalan (1)
2013-08-14, 4:51 AM | |
Bütün günahların açarı-yalan (1) İslam dinində, müqəddəs Qurani-Kərimdə bizlər üçün icrası yasaq olan bəzi əməllər var. İnsan bu əməllərə fail olduqda günah işləmiş olur. Bu günahlar növbənövdür. Hərəkət və feillə edilən günahlar, gözlə edilən günahlar, qulaqla edilən, dillə edilən və s. Dillə edilən günahlardan biri də, yalandır. Biz, dilin vasitəsiylə Adəm oğlunun işlətdiyi günahlardan biri olduğu üçün, yalanın barəsində "günahlardan biri də” təbirindən istifadə edirik. Amma, gerçək mənada yalan-bütün günahların başıdır, ilk addımıdır. Bu mühüm nöqtəni diqqətdə saxlayaq ki, haqqında bəhs edərik. Gerçək mənada toxunulası ən dəyərli və əvəzsiz məsələ məhz, budur. Yalan ictimai bəladır Bizə çox zaman yalan danışmaq, yalançılığa adət etmək çox asan gəlir, sadələşib bizim üçün. Doğruluğun, həqiqətin dəyəri yoxdur artıq. Bu gün elə bir zamandayıq ki, daha doğrusu, elə bir mühitdəyik ki, yalansız iş getmir. Yalan danışan qabağa gedir, yalan danışan çörək tapır. Həqiqətən də, ciddi problemdir, mənəvi böhrandır. Evə çörək pulu gətirmək üçün yalan danışmalı olursan, hətta, həqiqət o qədər təpiklənib ki, doğruluq o qədər aşağılanıb ki, doğru danışana, haqqı tələb edənə-üzür istəyirəm ifadəyə görə-həyasız kimi baxırlar. Yəni, əslində, bu, gözəl bir şeydir-haqqı tələb etmək və doğru olmaq Allah buyuran əməldir, ilahi tələbdir. Amma, biz onu kifirləşdiririk. Bir cəmiyyətdə ki, doğru danışana pis bir adam kimi baxırlar, həqiqət tərəfindən şahidlik edənə, məhkəmədə gördüyü cinayətə şahid olana işvərən, satqın kimi baxırlar-o cəmiyyət uçurumdadır, bundan artıq nə zəlalət ola bilər? Biz çox zaman bu kimi bəhslərdə Quran ayəsindən, hədisdən istifadə edirik, məhz, dini aspektdən yanaşırıq belə məsələlərə. Yəni, Quran ayəsi, nəbəvi hədis gətirib məsələn, yalanın günah olduğundan danışırıq, Axirət üçün çox pis atəş olduğunu diqqətə gətiririk. Əlbəttə ki, Quran və hədis İslamın dörd qaynağından ikisidir və ən düzünü onlar göstərir. Mənim məqsədim isə odur ki, yalana din eynəyi ilə baxırıq və çalışırıq ki, yalançının o dünyadakı əzabı barədə söz açıb insanları ayıldaq. Amma, bu dünyadakı yalan səbəbindən meydana gələn fəsadlara çox az toxunuruq. Yalanın ictimai bəla olduğunu unuduruq. Yalan xəyanətdir "Biharul-Ənvar” kitabında nəql olunan bir hədisi-şərifdə İmam Əli (ə) buyurur: "Yalan xəyanətdir.” Bu xəyanətin isə əhatə dairəsi çox genişdir. Bu hədisi-şərifdə iki məqama toxunmaq lazım gəlir; Biri budur ki, insan yalan danışarsa, bu, Allaha xəyanətə gətirib çıxarar. Yəni, "yalan xəyanətdir” hədisinin birinci mənasına vaqif olduq. Bu haqda daha sonra zikr edərik. İkinci növ xəyanət isə ictimai xəyanətdir. Yəni, bu gün bizim aramızda adiləşən, sahibini mənsəblərə, kürsülərə ucaldan, cibinə para, süfrəsinə təam gətirən xəyanət. Bütün günü efir məkanımızı zəbt edən xəyanət. Dövlətə qarşı xəyanətkarlıq, millətə qarşı xəyanət.. Çox təəssüf ki, bu gün dövlətə, millətə, ərazi bütövlüyümüzə, mənəviyyətimizə, dinimizə, izzətimizə xəyanət edən insanlar bu yalanla özlərini gizlədirlər. Amma, anlamırlar ki, yalan danışmaq özü xəyanətdir. Yalan üzərində səltənət ucaltmaq Allaha, bəndələrinə, ictimai təbirlə desək-xalqa, dövlətçiliyə qarşı xəyanətdir. Xalqın rifahı, gənc nəslin sağlam ruhda böyüməsi, Qarabağın azadlığı, millətin dolanışığının getdikcə yaxşılaşması və s. barədə yalanlar uydurub efirdən xalqa yalan satan insanlar-xəyanətlərin başında duranlardır. Bu gün yalan o qədər adiləşib ki, həqiqət o qədər təhqir olunub ki, haqqı deyənlər, haqtələblər dövlətçiliyə xəyanət etməkdə ittiham olunur, dövlət çevrilişinə cəhd etməklə günahlandırılır və konstitusiyada nəzərdə tutulmuş uyğun maddə ilə cəzalandırılır. Amma, onları "xəyanətkar” adlandıran insanların özləri yalançıdırlar və bir nömrəli xəyanətkardırlar. Amma, anlamırlar, çünki İmam Əlini (ə) tanımırlar, bu hədisi-şərifi eşitməyiblər. İslam niyə qadağan olunur? Nə üçün bu gün dinimiz qadağan olunur, həqiqət ocaqları dağıdılır, bağlanır, həqiqət carçıları-istər siyasi sima olsun, istərsə də, dindar, ruhani olsun-tutulur, həbs olunur? Nə üçün Osmanlı dağılandan sonra, Türkiyədə İslam qadağan olundu? Nə üçün ADR işğal ediləndən sonra İslam qadağaları meydana çıxdı? Üstəlik, bu xəyanətlərin başında duran insanlar bizlərə tarix boyu şişirdildi, ilahiləşdirildi, bütləşdirildi, xilaskar kimi təqdim olundu. "Dahi” adını zorla yamadılar bu insanlara. Hansı ki, həqiqət carçılarını onlar edam etdilər, həbs etdilər, əmlaklarını əllərindən aldılar. Hamısı ondan ötrü idi ki, öz dayaqlarını möhkəmlətsinlər, öz anbarlarını doldursunlar. Yalançı dairələr yalanı bəzəyib xalqa həqiqət əvəzində göstərdilər. Bu gün istənilən məlumatın əldə edilməsi asan olan bir dövrdə, bu qədər texniki imkanların geniş olduğu, informasiyanın bol olduğu bir zamanda belə, hələ də, yalanları işləyir. Hələ də, bu yalana alət olanlar, inananlar, təbliğ edənlər var, bundan sonra da, olacaq. Çünki yalan bunlara gözəl gəlir, necə ki, zina insana şirin gəlir-yalan da belədir. Dini təhsil qandallanıb O diyarda ki, dini təhsil qadağan edilib, zindanlara həbs edilib, o ölkədə hər gün xalqın rifahından, inkişafından, gənc nəslə qayğıdan, demokratiyadan, qloballaşmadan, nədən-nədən danışsalar-yalan danışıblar. Ən böyük yalançıdırlar onlar. Çünki həqiqətin özünü zindana salıb, qandallayıblar. Əslində, təbiidir, çünki İslam təhsili, İslam dünyagörüşü, İslamın Kitabı, hədisi-yalan danışmaqlığı qadağan edibsə, yalan danışan insanlar bu təhsili məktəblərdə, təhsil ocaqlarında necə icazəli edə bilərlər? Bir din ki, bunların yalanının üstünü açır, bir din ki, rüşvəti qadağan edir, necə onu şagirdə öyrətsinlər? Axı, sabah şagirdin gözü açılacaq və o, daha rüşvət vermək istəməyəcək. Rüşvət verilməsə, bəs bunlar gecə nə yeyəcəklər? Yalan sözdür deyirlər ki, "kadr çatışmazlığı var”. Əgər varsa, buyur aradan qaldır. Nə qədər ruhanimiz, dini təhsil alan İslam tələbələrimiz var ki, çoxu işsizdir, bulki satır, fəhləlik edir. Onların hər biri əslində bir müəllimdir. Onlar əslində səhərlər orta məktəblərdə, ali məktəblərdə müəllim olmalı, öyrəncilərə Tovhiddən, nubuvvədən danışmalıdırlar, əxlaq dərsləri, fiqh dərsləri keçirilməlidir. Yalan sözdür deyirlər ki, "biz dünyavi dövlətik!” Dünyavi dövlət olmaqlıq dini təhsili nə zamandan qadağan edib? Qanunda varmı ki, dünyavi dövlətlərdə dini təhsil qadağandır? Dünyavi dövlətlərin qanunlarında varmı ki, dini yaşamaq, təbliğ etmək, hicabla dərsə gəlmək yasaqdır? Əgər, qanunda din azadlığı adlı bir qanun, maddə varsa, bu o demək deyil ki, "Təzə pir” məscidinə getmək istəyənə icazə verək ki, o məscidə getsin. Ora gedənlər zatən sovet dövründə də, gedirdi. Aşura qeyd edənlər zatən, o vaxtda qeyd edirdilər. İndikilər onların xələfləridir, varisləridir. Məsələ burasındadır ki, "dini azadlıq” məfhumu çox genişdir. Din azaddırsa, niyə bu din məktəbə girə bilmir? O adama "azad insan” demək olar ki, istədiyi yerə gedə bilir. Niyə, din azaddırsa, məktəbə girə bilmir? Din azadlığı bir bəşəri hüquqdursa, dövləti dövlət kimi formalaşdıracaq ən önəmli xüsus və şərtlərdəndirsə, niyə görə, dini geyimdə olan qız məktəbə gələ bilməz, müəllimə hicablıdırsa, dərs deyə bilməz? Yalan danışmaq və siyasət meydanı Bizdə hələ də, "siyasət” sözünə düzgün, əməlli-başlı bir tərif verilməyib. Biz İslam rəhbərlərinin dövlət başçısı olduqları dönəmlərdəki bir sıra fəaliyyətlərini mütaliə edib camaata çatdıranda, bəziləri bu cür idarə etməyə yaxşı baxmır. Həmçinin, İslam tarixinin Peyğəmbərdən (s) sonrakı illərinin barəsində yazan əcnəbi millətdən, dindən olan yazıçılar-İmam Əlinin (ə) idarə etmədəki meyar və ölçüsünü gördükdə onlarda iki fikir formalaşır; Hətta, öz içimizdə də, belə insanlara rastlayırıq. Bu fikirlərdən biri odur ki, İmam Əli (ə) xalq üçün, camaat üçün demokratik, humanist, xalqa can yandıran, xalqın sərvətini (beytul-malı) öz şəxsi mənfəəti üçün qurban verməyən bir lider və rəhbər olub. Özü də, kasıb yaşayıb, imarətlərdə, zövqü-səfa içrə dövr eləməyib. Amma, siyasətdə zəif və bacarıqsız olub. Bu da ikinci mətləb. Çünki Müaviyyəyə məğlub olub. Çünki hökümətini davam etdirə bilməyib. Bu ifadələr həmin insanların ifadəsidir ki, onlar bir mətləbi qəbul etmək istəmirlər. O mətləb budur ki, İslam dünyagörüşü və Quran hökmünə görə, rəhbər olduqda belə, haramdan uzaq olmalısan, dövləti fırıldağla, yalan danışmaqla, çapıb-talamaqla deyil, təqva üzərində, imanla, dürüstcəsinə idarə etməlisən. Qeyri-şəri (şəriətin haram bildiyi yollar və üsullarla) idarə etməməlisən dövləti. Amma, bunu anlamayanlar isə bunun əksini deyir. Çünki dünya siyasəti-dünya siyasətçilərinin əməlləri və siyasətləri fonunda artıq çirkinləşib. Artıq, "riyasız, yalansız, fırıldağsız siyasət yoxdur” mənasına gəlir. Buna görə də, haqqı-batildən seçə bilməyən insanlar deyir ki, Müaviyyə (lənətlik) İmam Əliyə (ə) qalib oldu. O daha güclü siyasətçi idi. Çünki 20 il dövlət başçısı oldu. Əli (ə) isə 4 il 9 ay. Müaviyyəni öyənlər də, onu hiylələri ilə öyürlər. Çünki bu günümüzdə bir siyasətçini dahi, güclü siyasətçi qılacaq amil və güclü siyasətçi olmanın əsas şərti yalan danışmaqdır, qeyri-şəri vasitələrdən istifadə etməkdir. Məxsusi yalan yox. Yəni, hiyləgər olmalı, fırıldağ eləməli, yalan danışmalısan, döyənək gücünə xalqı idarə etməyi, taxt-tac uğrunda qardaşı, hətta, övladı, atanı belə, öldürməyi gözə ala biləsən. Necə ki, bir çox siyasətçilərin həyatında bu, var. Lazım gəlsə, minlərlə insanı bir gecədə qıra bilərsən, bir imza ilə sürgünə göndərə bilərsən. Güclü və dahi siyasətçi olmağın əsas şərtlərindən biridir bunlar. Siyasətin çirkin siması! Bütün bunlar çirkin maska taxıb siyasətə, onu iyrənc bir görkəmə gətirib. Bütün bunlara səbəb olan özümüzük. Biz imkan veririk ki, haqqımızı talayıb, yalandan efirdə bunun əksini desinlər. Biz imkan veririk ki, qızlarımızın başından hicabı açsınlar, mərd oğulları həbsə atsınlar. Haqqı deyənlərin əllərindən imkanlarını alsınlar. Görün yalan hara gətirdi bizi? Bu yalan bir mikrobdur, düşdüsə əgər, yayılar, törəyər. Bu yalandan min yalan doğar. Bu yalanın biri məhkəməyə, o birisi məktəbə, digəri parlament binasına girər. Bir başqası xəstəxanaya, nazirliyə və s. Odur ki, İmam Əli (ə) buyurur ki, yalan bir xəyanətdir. Deməli, yalançı xayindir. Yalan danışan hansı vəzifədə işləməsinə baxmayaraq, ictimai adamdırsa, xüsusən də, nazirdirsə, millət vəkilidirsə, ölkə başçısıdırsa, əgər, yalan onun qəlbinə yol tapıbsa, əgər nəfəsi yalanla gedib-gəlirsə, deməli o xəyanətkardır; Xalq düşmənidir, vətən xayinidir, İslam xayinidir. Allah-Təala bizləri xəyanətdən, yalandan uzaq eləsin, dünya və Axirətdə Quran və Əhli-Beytdən (ə) ayrı salmasın! Amin! ihq.az | |
Views: 668 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |