Cümə axşamı, 2024-04-25, 6:52 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin fəzilətləri

Surələrin fəziləti
2012-10-16, 6:56 PM

"Fatihə" surəsinin fəziləti
 
          
"Fatihətul-kitab” surəsi
(Səbul məsani, sual, şifa və nur)
1-İbn Həmzə Bətaini rəvayət edir ki, İmam Cəfər Sadiq (ə) buyurub: Allahın İsm-əzəmi (müqddəs adları) Fatihətul-kitabda yerləşdirilmişdir. ("Səvabul-əəmal”, Şeyx Səduq səhifə 94., "Təfsir Əyyaşi” 1-ci cild səhifə 25.)
2-Nəbiyyi-Əkrəm (s.ə.v.v.) buyurub: Hər kəs Fatihətul kitab surəsini oxusa, ona Quranın üçdə ikisinin ⅔ oxunmasının savabını verərlər. Elə bil ki, hər mömin və möminəyə sədəqə vermişdir. Yenədə bu məzmunda ayrı bir rəvayətdə az fərqlə nəql olunub. Elə bil ki, o Quranın hamısını oxumuşdur. Übəyy ibn Kəb deyir: Mən Fatihətul-kitabı Rəsuli-Əkrəm [s.ə.v.v.]-ə oxudum. Həzrət buyurdu: And olsun Allaha ki, Mənim canım onun əlindədir, Tövratda, İncildə, Zəburda, və hətta Quranın özündə bunun kimi surə yoxdur. Bu surə Ummul-kitabdır (kitabın anası) və səbu-məsanidir (yeddi ayədən ibarətdir) .Bu surə Allah və bəndə arasında bölüşdürülmüşdür və bəndə istədiyini ala bilir. Məhəmməd ibn Məsud Əyyaşi nəql edir ki, Nəbiyyi-Əkrəm [s.ə.v.v.] Cabirə buyurdu: Ey Cabir, istəyirsənmi Allah öz kitabında nazil etdiyi yaxşı surəni sənə öyrədim? Cabir dedi: Bəli atam-anam səna fəda olsun Ya Rəsuləllah öyrət mənə. Sonra Rəsuli-Əkrəm [s.ə.v.v.] Həmd surəsi ki "Ummul-kitab" adlanır, ona öyrətdi. Sonra isə Həzrət buyurdu: Ey Cabir onun fəziləti haqqında bilmək istəyirsənmi? Dedi: Bəli atam-anam sənə qurban. Həzrət buyurdu: Bu surə ölümdən başqa hər bir dərdə şifadır. (xərçəng, iflic, həsəd...]. İmam Sadiqdən [ə] nəql olunub ki, əgər bir kəs Həmd surəsindən şifa ala bilməsə, heç bir şey onu sağaltmaz.
Əmirəlmöminin Əli [ə] Nəbiyy-Əkrəmdən [s.ə.v.v.] nəql edir ki, Allah mənə buyurdu: "Vələqəd atəyna səbən minəl-məsani vəl-quranil-əzim ". Ey Məhəmməd biz yeddi ayəni ki, iki dəfə sənə nazil olub, göndərdik. (Hicr surəsi 87-ci ayə.)
Həzrəti Məhəmməd [s.ə.v.v.] buyurur: Allah Həmd surəsini bütün Quranın bərabərində qərar verdi, və xüsusilə onu nazil edəndə mənə minnət qoyub buyurdu ki, Fatihətul-kitab Ərş xəzinəsinin ən qiymətli surəsidir. Allah-taala bu surəni Məhəmmədə [s.ə.v.v.] məxsus edib, ona şərafət bəxş etdi, və Həzrət Süleymandan [ə] başqalarını bunda şərik etmədi. Ancaq Süleyman Peyğəmbərə bu surədən Bismillahir-rəhmanir-rəhim nazil edildi. Necəki Quran Bilqeysin dilindən belə hekayət edir: Süleyman [ə] tərəfindən mənə bir məktub verdilər ki, Bağışlayan və mehriban Allahın adı ilə başlanır. Həzrət sonra buyurdu: Hər kəs onu (həmd surəsini) oxusa, Məhəmməd [s.ə.v.v.] və onun əhli-beytilə zahirdə və batində dost və onlara iman gətirib, fərmanlarına itaət etmiş olar. Allah-taala hər bir hərfin müqabilində ona savab verər ki, onun hər biri dünyadan və onun xeyirlərindən üstün olar. Əgər bir kəs bu surə oxunanda ona qulaq versə, oxunuşun və onu üçdə birisinin ⅓ savabını alacaqdır. Bunları qənimət sayıb, çoxaldın, vaxtı ötüb keçməsin ki, sonra onun həsrəti qəlbinizdə qalar.
Bu surəni qırx dəfə qabdakı suya oxuyub, sonra onu xəstəyə içirin, və sədəqə də verin. Sədəqə verilən şəxsə deyin ki, (filan) xəstənin sağalması üçün dua et.
Cümə axşamı mühüm şeylərin hasil olması üçün Həmd surəsini 1011-dəfə oxuyun .(təcrübə olunub).
Əhəmiyyətli şeylərin hasil olması, bəlanın və düşmənin dəf olması üçün bu surəni xətm edin.
Şənbə günü (altıncı gün) 70-dəfə, yekşənbə günü (bazar günü) 60-dəfə, duşənbə günü (birinci gün) 50-dəfə, se şənbə günü (ikinci gün) 40-dəfə, çahar şənbə günü (üçüncü gün) 30-dəfə, pənc şənbə günü (dördüncü gün) 20-dəfə, cümə günü (beşinci gün) isə 10 dəfə Fatihə surəsini oxuyun. (təcrübə olunmuşdur).
Cümə günündən başlayıb, qırx gün, və hər gündə 41-dəfə həmd surəsini oxusun və hər dəfə oxuyandan sonra 13-dəfə desin.
Ya mufəttihu fəttih. Ya mufərricu fərric. Ya musəbbibu səbbib. Ya musəyyiru yəssir. Ya musəhhilu səhhil. Ya mutəmmimu təmmim. Və husubullahu və neməl vəkil.
Hər kəs xalis niyyətlə bu xətmi oxusa, o qədər var-dövlətə malik olar ki, yığıb-yığışdıra bilməz. ("Minhac” səhifə 432).
Miybədinin "Kəşfül-əsrar” kitabında yazılıb ki, hər kəs bu surəni aşağıdakı tərzdə oxusa, inşaallah öz məqsədinə nail olar. Bir həftə ərzində hər gündə 111-dəfə və 111 salavat göndərməklə xətm etsin. Əlbəttə bir şərti də budur ki, yeddi gün ərzində heyvan əti yeməsin. Sonra öz məqsədinə çatmaqdan ötrü desin; "Bismillahir-rəhmanir-rəhim Əlhəmdu lillahi Rəbbil aləmin. Ərrəhmanir-rəhim. Maliki yəvmiddin . İyyakə nəbudu, və iyyakə nəstəin.- sonra Tovhid (Qul huvəllah) surəsini üç dəfə oxusun . Onun davamında "Allahummə kəma cəmətə bəynə sifatikə və əsmaikə və əfalikə, fəcməə bəyni və bəynə hacəti, bihəqqi Muhəmmədin vəalihi əcməin" duasını oxusun. Sonra isə Həmd surəsinin qalanını yəni İhdinəs-siratəl mustəqim Siratəlləzinə ənəmtə ələyhim ğəyril məğzubi ələyhim, vələzzallin " oxusun.
Müqəddəs Ərdəbilidən nəql olunub ki, hər kəs Həmd surəsini bu iki ayə ilə on gün ərzində, gündə on bir dəfə, hamısı birlikdə 110-dəfə olmaqla hər bir böyük yaxud kiçik hacət və mətləbinin olmasından asılı olmayaraq, oxusun. Bu üslub da təcrübə olunmuşdur və hacətə çatmaq üçün daha əlverişlidir.
Deyirlər ki, qüdrətli olmaqla bərabər onu yerinə yetirməkdə acizlik qarşıya çıxar. (göz dəyməsin) Üç cümə axşamı hər gecəsində bir rükət namaz qılsın, və hər rükətdə on dəfə Həmd surəsini və on bir dəfə Tovhid surəsini oxusun . Salamdan sonra (yüz) 100 dəfə salavat göndərsin.
Bir nəfər özünün yoxsulluğundan Peyğəmbərə [s.ə.v.v.] şikayət etdi. Həzrət buyurdu: Öz evinə daxil olanda salam ver və bir dəfə Həmd surəsini oxu. O kişi həzrətin buyurduğu kimi etdi; Allah-taala onun, özünün və qonşularının ruzisinə bərəkət verdi.
Əbu Süleyman nəql edir ki, Allahın Rəsulu [s.ə.v.v.] ilə kafirlərə qarşı müharibəyə getmişdim, aramızda bir kişi sər "Epilepsie" (bir növ əsəb xəstəliyidir) xəstəliyinə tutulmuşdu. Səhabələrdən birisi Fatihə surəsini onun qulağına oxudu, o ayağa qalxıb tamamilə şifa tapdı. Bu hekayəti kainatın ağası Rəsuləllaha çatdırdılar. Həzrət buyurdu: "Hiyə ummul kitab və hiyə şifaun min kulli dain". Yəni o (Fatihə surəsi) ummul kitabdır (Quranın anasıdır) və hər dərdə şifadır.
Həmd surəsini yetmiş dəfə oxumaq hər bir dərd üçün faydalıdır.
Müqəddəs Ərdəbilidən nəql olunub ki, hər kəs həmd surəsini bu iki ayə ilə on gün və hər gündə on bir dəfə oxusun, (hamısı bir yerdə 110 dəfə olur). Bütün kiçik, böyük hacət və mətləbi olmuş olsa, belə bunları oxusa hacətinin müstəcab olmağını yaxınlaşdırar. (təcrübə olunub).
1-"Ənzələ ələykum min bədil ğəmmi əmənətən nuasən yəğşa taifətən minkum və taifətun qəd əhəmməthum ənfusuhum yəzunnunə billahi ğəyrəl həqqi zənnəl cəhiliyyəti. Yəqulunə həl-ləna minəl əmri min şəyin. Qul innəl əmrə kulləhu lillahi, yuxfunə fiənfusi-him mala-yubdunə ləkə yəqulunə ləv kanə ləna minəl-əmri şəyun maqutilna hahuna. Qul ləv kuntum fibuyutikum ləbərəzəlləzinə kutibə ələyhimul qətlu ila məzaciihim vəliyəbtəliyəllahu mafisudurikum vəliyuməhhisə mafiqulubikum. Vallahu əlimun bizatis-sudur". (Ali-İmran surəsi 154)
2-"Muhəmmədun Rəsulullahi vəlləzinə məəhu əşiddau ələl kuffari ruhəmau bəynəhum tərahum rukkəən succədən yəbtəğunə fəzlən minəllahi və rizvanən simahum fivucuhihim min əsəris-sucudi. Zalikə məsəluhum fittovrati. Və məsəluhum fil-İncil kəzərin əxrəcə şətəhu fəəzarəhu fəstəğləzə fəstəva əla suqihi yucibuz-zərraə liyəğizə bihimul kuffaru vəədəllahul-ləzinə amənu və əmilus-salihati minhum məğfirətən və əcrən əzimən". (Fəth surəsi 29) 

"Bəqərə" surəsinin fəziləti
 
          
"Bəqərə” surəsi
Ayətəl kürsi.
1-Əli ibn Ubəyy Həmzə Əlbətaini Hüseyn ibn Ubəyy Əlaidən və oda Ubəyy Bəsirdən, o isə imam Cəfər Sadiqdən (ə) nəql edir. Həzrət buyurdu: Hər kəs Bəqərə və Ali-İmran surəsini oxusa, Qiyamət günü bu iki surə, iki bulud və yaxud iki əba (çuxa), ya da iki gölgə kimi onun üçün kölgə salacaqdır.
2-Ubəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v.) nəql edir ki, Həzrət belə buyurdu: Hər kəs bu surəni (Bəqərə) oxusa Alllahın rəhmət və salamı olsun. Ona Allah yolunda fədakarcasına keşik çəkən sərhədçilərin savabını verərlər. (İbn Kəb) yenədə deyir: Peyğəmbər (s.ə.v.v) mənə buyurdu: Ey Ubəyy müsəlmanlara de Bəqərə surəsini oxusunlar. Çünki, onu oxuyub öyrətmək bərəkətin nazil olmasına, və onu (oxumağı) tərk etmək həsrətə səbəb olar. Sehrkarların onu batil etməyə qüdrəti çatmaz. Səhl ib Səəd deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: hər kəs bir şey üçün qala vardır, Quranın qalası isə Bəqərə surəsidir. Bu surə gündüz hər bir evdə oxunsa, şeytan üç gün o evə daxil olmaz. Əgər onu gecələr oxusa, üç gecə o ev şeytanın oraya daxil olmasından amanda qalar. Rəvayət olunub ki, günlərin birində Rəsuli-Əkrəm (s.ə.v.v) bir dəstəni müəyyən olunmuş yerə göndərdi. Sonra isə özü onların arxasında getdi. Qurandan nə qədər əzbər etdiklərini onlardan birbə-bir soruşdu. Axırda növbə hamıdan azyaşlı olan bir cavana gəlib çatdı. O Rəsuli-Əkrəmin (s.ə.v.v) sualının cavabında Quranın bir hissəsini və Bəqərə surəsini əzbər etdiyini bildirdi. Sonra Həzrət üzünü cəmiyyətə tutub dedi: İndi isə gedin və bu cavan sizin Əmrinizdir (başçınız). Onlar dedilər: Ya Rəsuləllah, o bizim hamımızdan uşaqdır! Həzrət buyurdu: Bəli elədir, lakin o Bəqərə surəsini əzbər bilir. Onlar yenədə Rəsuli-Əkrəmdən (s.ə.v.v) soruşdular. Quranın hansı surəsi o biri surələrdən əfzəldir? Həzrət buyurdu: Bəqərə surəsi.
3-İmam Səccad (ə) (Zeynul Abidin) Rəsuli-Əkrəmdən (s.ə.v.v) belə nəql edərək buyurmuşdur: Hər kəs Bəqərə surəsindən Ayətəl kürsünü və onun davamında iki ayəni və həmçinin Bəqərə surəsinin başqa yerindən üç ayəni oxusa, nə ona bir pislik yetişməz və nədə ki, Şeytan ona yaxınlaşa bilməz. "Allahu la ilahə illa huvəl həyyul qəyyum. La təxuzuhu sinətun vəla nəvm: Ləhu mafisissəmavati və maa fil-ərz. Mənzəlləzi yəşfəu indəhu illa biiznih. Yəələmu Mabəynə əydihim və ma xəlfəhum, vəla yuhitunə bişəyin min elmihi illa bimaşaə Vəsiə Kursiyyuhus-səmavati vələrz. Vəla yəuduhu hifzuhuma və huvəl Əliyyul Əzim 255 La ikrahə fiddini qəd təbəyyənərruşdu minəl ğəyy. Fəmən yəkfur bittağuti və yumin billahi fəqədistəmsəkə bilurvətil vusqa lən fisamə ləha, vəllahu Səmiun Əlim. 256. Allahu vəliyyulləzinə amənu yuxricuhum minəz-zulumati ilənnur. Vəlləzinə kəfəru əvliyauhumut-tağutu yuxricuhum mənən-nuri iləz-zulumat. Ulaikə Əshabun-narihum fiha xalidun. 257.
4-İbrahim ibn Məhzum deyir bir kişi belə dedi: İmam Rzadan (ə) eşitdim ki, buyurdu: Hər kəs yatan zaman Bəqərə surəsini oxusa, Allahın iradəsi ilə o iflic xəstəliyinə giriftar olmaz. Əgər onu hər namazdan sonra bir kəs oxusa, heç bir ziyanverici ona ziyan vurmaz.
5-Əli ibn Hüseyn (ə) Allahın Rəsulundan (s.ə.v.v) hədis rəvayət edərək buyurdu: Hər kəs Bəqərə surəsindən dörd ayəni, "Ayətəl-kürsü”nü və onun ardınca iki ayəni və ondan sonra həmin surənin sonundan üç ayəni oxusa, o öz canında və malında heç bir narahatlıq görməz, div ona yaxınlaşmaz, və Quranı unutmaz.
İmam Sadiq (ə) buyurdu: Əgər bir kəs bu "Və iz cəllən bəytə məsabətən linnasi və əmənən vəttəxizu min məqami İbrahimə musəlla. Vəəhidina ila İbrahimə və İsmailə ən təhhirə bəyti littaifinə vəl akifinə və rukkəis-sucud. (125) ayəni yatan zaman oxuya və Allahdan müəyyən bir vaxtda oyanmasını istəyə, bu əməl hasil olacaqdır.
Təcrübə yolu ilə sabit olmuşdur ki, hər kəs aşağıdakı ayəni üç dəfə oxusa, və onun əvvəlində və axırında Peyğəmbərə salavat göndərsə, ruzinin çoxalmasına və kilidlərin (düyünlərin) açılmasına səbəb olar. Ayə-"Vəmən yəttəqillahə yəcəl ləhu məxrəcən. Və yərzuqhu min həysu la yəhtəsibu. Və mən yətəvəkkəl ələllahu Fəhuvə həsbuhu. İnnəllahə baliğu əmrihi qəd cəələllahu likulli şəyin qədrən." –Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bəqərə surəsini öyrənin! Çünki oxumaqlıq bərəkət, tərk etmək isə həsrət gətirər. Sehrkarlar bu surəyə yol tapa bilməzlər. Sonra Həzrət yenə buyurdu: Bu surəni oxuyan şəxsə Allahın rəhmət və salamı olsun.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Ya Əli (ə) bu ayə (ayələr) oxunan evin yanına ləənətlənmiş iblis üç gün yaxın gələ bilməz. Və yaxud qırx gecə-gündüz heç bir cadu o evə daxil olmaz. Sonra Həzrət yenə buyurdu: Ey Əli (ə) bu ayəni (Ayətəl kürsünü) övladlarına və qonşularına öyrət. Çünki bundan üstün ayə nazil olmamışdır.
Hər kəs ayəni ("Ayətəl-kürsü”nü) yatan zaman oxusa, Allah-taala onun ailəsini və ətrafında olan bir neçə qonşularını şeytanın şərrindən amanda saxlayar.
Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bir kəs evindən çıxanda bu ayəni ("Ayətəl-kürsü”nü) oxusa, evinə qayıdıb gələnə qədər onun bağışlanması üçün Allah-taala yetmiş min Mələyi məmur edər. Evinə gəlib çatdıqda isə, fəqirliyi ondan uzaqlaşdırar.
Əmr ibn Ubəy Əlmiqdam deyir: İmam Məhəmməd Baqirdən (ə) eşitdim belə buyurdu: "Ayətəl-kürsü”nü oxumaq min ədəd dünyəvi pislikləri (çətinlikləri) və min ədəd üxrəvi (axirətdə) çətinlikləri aradan aparar ki, ən çətin şey dünyada fəqirlik, (kasıblıq) axirətdə ən dözülməz şey isə sıxıntısıdır.
Əbdullah Ubəyy Cəfər deyir: Mən elə bir dərdə mübtəla oldum ki, təbiblər onu əlac etməkdən aciz qaldılar. Bir gecə incik halda bu haqda fikirləşirdim ki, iki kişi mənim qarşımda dayanıb deyirlər: Bu kişi elə bir ayəni oxudu ki, onda üç yüz altımış beş (365) rəhmət vardır. İndi bu rəhmətdən biri o kişiyə şamil oldu. Mən yuxudan oyandım və özümün o dərddən nicat tapdığımı gördüm.
İsbəğ ibn Nəbatə bir hədisdə Əlidən (ə) belə nəql edir. Bir kişi o cənabın xidmətinə təşrif gətirdi (gəldi) və dedi: Mənim qarnıma sarı su yığılıb, görəsən mənim dərdimə şifa var? Həzrət buyurdu: Bəli dinar və dirhəm xərcləmədən. Söylədi axı necə? Həzrət buyurdu: "Ayətəl-kürsü”nü qarnına yaz, sonra onu yuyub suyunu iç. Allahın izni ilə şifa tapacaqsan.
Bu ayəni ("Ayətəl-kürsü”nü) on dəfə (14) xəstə adama oxusanız, inşa Allah şifa tapacaqdır.
Hər kəs günəş qurub edən (batanda) vaxt bu ayəni ("Ayətəl-kürsü”nü) qırx bir dəfə oxusa onun hacəti rəva olar (verərlər).
Özünüzün və nəslinizin bəlalardan sağ-salamat qalması üçün bu ayəni qırx (40) dəfə Əliyyul Əzimə kimi oxuyun (təcrübə olunub).
Böyük şəxsiyyətlərin yanında izzətli və hörmətli olmaqdan ötrü Ayətəl kürsünü üç dəfə oxuyub, əllərinin içinə pilə və üzünə çək.
Gözün nuru olmasından ötrü hər namazdan sonra əllərini gözlərinə qoyub, bir dəfə həmd surəsini və "Ayətəl-kürsü”nü oxusun. Sonra bu duanı desin. "Uizu nurə bəsəri binuril-lahilləzi la yətfa."
Bu surə və ayələrdə İsm Əzzəm (Allahın əzəmətli adları) çox gözə çarpır. O cümlədən, həmd, Tövhid, "Ayətəl-kürsü”, Şəhidəllah, Qul allahummə, amənərrəsul, həşr surəsinin sonu və Bismillahir-rəhman-nirrəhim, onlardandır.
Deyirlər, Qurdların və çəyirtkələrin ziyan vurmasından ötrü "Ayətəl-kürsü”nü yazıb bağın dörd guşəsində basdırın.
Deyirlər ki, "Ayətəl-kürsü”nü üç dəfə suya oxusun, sonra üzünü o su ilə yusun, və iki rükət namaz qılsın. Hər rükətdə bir dəfə həmd surəsini və "Ayətəl-kürsü”nü oxusun. Hər mətləbi olmuş olsa, inşaallah hasil olar.
Deyirlər ki, hər kəs "Ayətəl-kürsü”nü oxuyub öz qoluna bağlasa hara getsə əziz və hörmətli olar.
Deyirlər ki, hər kəs "Ayətəl-kürsü”nü oxuyub şirin nara üfürüb, dörd aydan sonra onu hamilə qadına versəniz, onun uşağı oğlan olacaqdır.
Salman Farsi Allahın Rəsulundan (s.ə.v.v) bir hədisdə nəql edir ki, Həzrət belə bu yurdu: Hər kəs "Ayətəl-kürsü”nü zəfəranla sağ əlinin içinə yazıb onun suyunu dili ilə yalasa, və bu işi yeddi dəfə təkrar etsə, heç vaxt bir şeyi unutmaz. Mələklərdə onun bağışlanmasını istəyərlər.
Deyirlər ki, müşkil və böyük çətinliklər üz verəndə, "Ayətəl-kürsü”nü on iki dəfə oxumaq faydalıdır.
-Allah-taala bir kəsə təzə paltar əta etsə (olsa), dəstəmaz alsın, iki rükət namazı həmd və "Ayətəl-kürsü”, Qulhuvəllah və inna ənzəlna ilə oxusun. Sonra Allaha onun övrətini örtməsinə və xalq arasında onu zinətləndirdiyə xatir şükr etsin. Və bu sözləri, "La həvlə və la quvvətə illa billahil Əliyyil əzim." çoxlu təkrar etsin ki, günaha düçar olmasın. Onun bu əməlinə xatir hər sapın sayı qədər Mələk onun bağışlanmasını və rəhmətə şamil olmasını tələb edib, onun üçün həmd-səna edərlər.
Hər zaman bir kəsin gözü ağrısa, "Ayətəl-kürsü”nü düzgün etiqadla oxusun. İnşallah şifa tapar.
(Amənər-Rəsul):
1-Bəqərə surəsinin sonundakı ayələr həm Qurandır, həm dua və həmdə ki, Allahın razılığı. Bir hədisdə vardır ki, günlərin birində Allahın Rəsuluna (s.ə.v.v) dedilər: Sabit ibn Qeys Şəmasın evindən nur kimi bir çıraq (işıq) saçır. Həzrət buyurdu: O Bəqərə surəsini oxuyur. Ona (Sabitə) dedilər: Gecələr sən sarayında (otaqında) nə oxuyursan? O dedi: Bəqərə surəsinin sonunu (Amənər-Rəsulu).
2-Hər kəs işa namazından sonra Bəqərə surəsinin sonundan iki ayəni (Amənər-rəsulu surənin sonuna kimi) oxusa, elə bil ki, bütün gecəni ehya saxlamışdır.
3-Hər kəs (Bəqərə surəsinin sonundan) iki ayəni oxusa, Şeytan üç gecə onun evinə yaxın gəlməz.
4-Deyirlər ki, əgər bir kəs Amənər-rəsul ayəsini pak bir qaba yaza, və onu şirin çayla yuya, sonra onu acqarına içsə, hafizəsi çox güclənəcəkdir.
Category: Surələrin fəzilətləri | Added by: Ənfal
Views: 2020 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 EHLI-BEYT_ASIQI   (2012-12-22 3:18 PM) [Daxil et]
twk

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]