Cümə axşamı, 2024-04-25, 8:01 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-24, 7:52 AM
Allah-taala buyurmuşdur:
"Həqiqətən Allah bütün pislikləri siz əhli-beytdən uzaq etmək, sizi pak qərar vermək istəyir.” (Əhzab surəsi, ayə 33.)
Allahın Rəsulu (s) buyurur: "Ey insanlar, mən sizin üçün iki qiymətli əmanət qoyuram: Allahın kitabı və Əhli-beytim (ailəm). Bu iki şeydən tutun ki, heç vaxt azmayasınız. Lətif və xəbərdar Allah mənə xəbər verərək əhd etdi ki, bu iki şey kövsərdə mənə çatanadək bir-birindən ayrılmaz.” ("Came əhadisuş-şiə”, ayətullah-üzma Birucerdi, c.1, müqəddimə, 1-ci çap, s. 32)
Həzrət (s) başqa bir hədisdə belə buyurur: "Mənim Əhli-beytim Nuhun gəmisi kimidir, ona sığınan qurtular, ona arxa çevirən həlak olar.” (Həmin mənbə, c. 1, s. 28)
Bizim şiələr Həcc səfərində olarkən sünni qardaşların bəzi əməlləri onlarda sual doğurur. Onlar sünnə əhli ilə şiələr arasındakı əqidə və əməl fərqlərinin kökünü bilmək üçün möhtərəm ruhanilərə suallar verirlər.
2003-ci ildə fərdi ümrə mövsümü Mədinədə olarkən Ayətullah-üzma Fazil Lənkəraninin heyətində şəri suallara cavab vermək üçün tapşırıq aldım. Bir qrup ruhani diqqəti cəlb edən ixtilaflı məsələləri araşdırıb, onları qısa izahlarla zəvvarlara çatdırmağımı istədilər. Mən bu kitabla həmin istəyi imkan qədərində yerinə yetirdim.
Xatırladım ki, bu kitab Mədinədə olarkən yazılmış və sünni mənbələrdən "Səhihe-Buxari”, "Səhihe-Müslim kitablarından, "Məscidün-nəbi” kitabxanasından və İbn Bazın yazılarından istifadə edilmişdir. Əvvəlki iki kitabı sünnilər, sonuncunu isə vəhhabilər mötəbər hesab edirlər.
On il olar ki, Ayətullah İştiharidi adı çəkilən heyətlə Həccə gəlir və ətrafdakılar onun əxlaq və elmindən faydalanırlar. Bu kitabın bir nüsxəsini ona təqdim etdim. Kitabı oxuyub, bəzi qeydlərini bildirdi. Onun qeydləri kitabın sonunda olduğu kimi dərc edilib. Kitabda Ayətullah Qulamriza Sələvatinin məsləhətləri də imkan daxilində nəzərə alınıb.
Hər iki alimə göstərdikləri diqqət və qayğıya görə təşəkkür edir, onlara Allahdan uzun və bərəkətli ömür, daha artıq yardım arzulayıram.
AYƏTULLAH-ÜZMA BİRUCİRDİNİN BƏYANINDA ƏHLİ-BEYTƏ İTAƏT ZƏRURƏTİ
"Bir müsəlmanın, hətta Əhli-beytin hakimiyyət və canişinliyinə etiqadı olmasa da, dini işlər və ilahi vəzifələrdə, əməl və etiqadda onlara itaətin zəruriliyinə şəkk etməsi layiq deyil. Çünki bu əmr həzrət Peyğəmbər (s) tərəfindən "Səqəleyn” hədisində bəyan olunmuşdur. Səqəleyn hədisini şiə və sünnilər yekdil olaraq qəbul edir, böyük İslam alimləri bu hədisin mötəbərliyini təsdiqləyirlər. Həzrət Peyğəmbər (s) ilahi maarif, dini vacibat, Peyğəmbər (s) sünnəsi və xalqın ehtiyac duyduğu hər şeyi Əhli-beytə tapşırmışdır. Bu səbəbdən də Əhli-beyt Qurani-məcidlə eyni ağırlıqda təqdim olunmuş, onlara itaət dəfələrlə tövsiyə edilmiş, onların hidayətinə üz tutmaq tapşırılmış, onların elm və biliyindən öyrənmək sifariş olunmuş, onlara arxa çevirmək qadağan edilmişdir.
Bu hədislərdən bəzisi şiə və sünnilərin yekdil olaraq qəbul etdiyi səqəleyn hədisi kimi məşhurdur. Bu hədis peyğəmbər səhabələrinin otuz iki nəfəri tərəfindən nəql olunmuşdur. Şiə alimlərindən əlavə yüz həştad nəfər sünni alimi, mühəddisi öz kitablarında bu hədisi nəql etmişlər.
Mərhum Ayətullah Birucirdi tərcümə etdiyim bu müqəddimədən sonra "Səqəleyn” hədisini məşhur sünni kitablarından nəql etmiş, onun mənasını araşdırmış və sonra buyurmuşdur:
"Qeyd etdiklərimizin nəticəsi bu oldu ki, həzrət Peyğəmbər (s) şəri işlərdə və ilahi vəzifələrdə Əhli-beytə üz tutmağı vacib buyurmuş, Əhli-beytə bağlılığın vacibliyini təkid etmiş və bu əmri müxtəlif təbirlərlə elə əsaslandırmışdır ki, onun inkarı mümkün, ona arxa çevirmək caiz sayılmır.”
Bir sözlə, mübarək "Səqəleyn” hədisini əksəriyyət nəql etmişdir və bu şərif hədis məsum imamların (ə) imamət və xilafətini sübuta yetirir, eləcə də, ağıllı və insaflı adamlar üçün heç bir şübhə yeri qalmır.
Səqəleyn hədisindən əlavə, həm şiə həm də sünnilərin mütəvatir şəkildə nəql etdiyi bir çox hədislərdə bildirilir ki, həzrət Peyğəmbər (s) müsəlmanların qurtuluşunu Əhli-beytə itaətdə görmüşdür. Bu qəbildən olan "Səfinə” hədisində Əbuzər nəql edir ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: "Mənim Əhli-beytim Nuhun gəmisi kimidir, ona sığınan qurtular, ona arxa çevirən həlak olar.” Ayətullah Birucirdi bu hədisi sünnilərin bir neçə tanınmış kitablarından nəql edərək buyurur: "Bu hədisi yüzdən çox böyük alim öz kitabında rəvayət etmişdir.”
Əhli-beytə itaətin zəruriliyi haqqında rəvayətlər kifayət qədər çoxdur. Amma kitabın həcmini nəzərə alaraq "Səqəleyn” və "Səfinə” hədislərini nəql etməklə kifayətlənirik. Şiə fəqihləri bu iki hədisə, xüsusi ilə də "səqəleyn” hədisinə istinad edərək şəri hökmlər və fiqhi fətvalarını Əhli-beytə müraciətlə sübuta yetirirlər.
KAMİLLİK ZİRVƏSİ VƏHDƏT İŞIĞINDA

Xatırlamalıyıq ki, vacib əmrlərin ən mühümü müsəlmanların birliyi və təfriqədən çəkinməkdir. Allah-təala buyurur: "Hamınız bir yerdə Allahın ipindən yapışın və parçalanmayın. Allahın verdiyi neməti xatırlayın ki, bir-birinizə düşmən ikən qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Oddan ibarət uçurumun kənarında olduğunuz vaxt O sizi xilas etdi. Allah ayələrini sizə aydınlaşdırır ki, bəlkə, haqq yola dönəsiniz.” ("Ali-İmran”, 103) Bu ayəyə əsasən, hər bir müsəlman Quran və Əhli-beytə sarılmaqdan əlavə, müsəlmanlarla bir olmalı və vəhdət halında Allahın ipindən yapışmalıdır. Kimsə Allahın xüsusi neməti və kamal zirvəsinə çatmağın əsası olan birlikdən qəflətdə qalmamalıdır. İxtilaf və düşmənçilik odla dolu uçurum kənarında hərəkət kimidir. Allah-təala süstlük və gücsüzlük səbəbi olan təfriqədən çəkinməyə çağırır: "Bir-birinizlə çəkişməyin, yoxsa zəifləyər və gücdən düşərsiniz.”("Ənfal”, 46) Başqa bir ayədə oxuyuruq: "Birlikdə sülhə gəlin, şeytanın yolu ilə getməyin, çünki o sizin aşkar düşməninizdir.” ("Bəqərə”, 208) 


HƏM BİRLİYİN, HƏM DƏ İXTİLAFLARIN SƏBƏBKARI ALİMLƏRDİR
Şübhəsiz ki, xalq kütlələri alimlərə, təbliğatçılara və natiqlərə tabedirlər. Əgər alimlər həmrəy olub, təəssübdən, inaddan, mənəm-mənəmlikdən uzaq şəkildə, yalnız insanların hidayət və islahı üçün həqiqəti desələr və yazsalar, cəmiyyətdə parçalanma və bədbinlik olmaz. Amma alimlər cılız məqsədlərlə çıxış edəndə, təfriqəçi olanda müsəlmanların birliyinə və inkişafına ümid qalmır. Belə olsa, İslam ümməti heç vaxt vəhdət ləzzətini dadmayacaq, kimsə Allah istəyincə kamilliyə yetişməyəcək.
Bütün bunları nəzərə alaraq, Qurani-kərim hər kəsdən əvvəl alimləri birliyə çağırır, onları ixtilaf təhlükəsindən xəbərdar edir və cəhənnəm əzabı ilə qorxudur: "Aşkar dəlillərdən sonra parçalanıb, ixtilaf törədənlərdən olmayın. Onları böyük əzab gözləyir. Bəzi üzlərin ağ, bəzi üzlərin qara olacağı gündə üzüqaralara deyiləcək: İman gətirdikdən sonra kafir oldunuz? Kafir olduğunuza görə əzabı dadın.” ("Ali-İmran”, 105, 106) Quran həqiqətin bəyanını, gözəl mübahisə və dəlilləri tərif edir: "De ki, haqlısınızsa, dəlilinizi gətirin.” ("Bəqərə”, 111) İnsanlar gözəl nəsihətə təşviq olunur: "İnsanlarla gözəl şəkildə mübahisə et” ("Nəhl”, 125). Amma həqiqət aşkarlandıqdan sonra davam edən ixtilaf çirkin nəfs istəklərindən doğur və bu ixtilafın məsuliyyəti alimlərin üzərinə düşür: "Kitab verilmiş şəxslər haqqı bildikdən sonra paxıllıq səbəbindən ixtilafa başladılar.”("Ali-İmran”, 19); "Onlar yalnız bildikdən sonra həsəd səbəbindən ayrıldılar.” ("Şura”, 14)
Hamıya aydındır ki, zülm, təcavüz, parçalanma İslam dünyasını heç vaxt səadətə aparmayacaq. Ona görə də nüfuz sahibi olan alimlər müsəlmanlar arasında vəhdət yaratmaq üçün çalışmalı, bu birliyin təmini üçün şübhə yaradan suallara cavab verməli, təfriqə doğuracaq söhbətlərdən çəkinməlidirlər. Əlbəttə ki, alimlər həqiqəti gizlətməməlidirlər. Həqiqəti gizlətmək xalqı azğınlığa düçar edir. Alimlər təfriqəyə yol vermədən həqiqəti bəyan etməli, xalqı aydınlığa çıxarmalıdırlar.
Əlinizdəki kitabda təfriqəyə səbəb olacaq söhbətlərdən çəkinərək, həqiqəti dəlillərlə, gözəl şəkildə bəyan etməyə çalışmışıq. Suallara imkan daxilində səliqəli və məqbul mənbələr əsasında cavab verməyə səy göstərilib."Əfv edib vaz keçsinlər. İstəmirsinizmi Allah sizi bağışlasın?!” ("Nur”, 22)

  Nə üçün biz şiələr dəstəmazda üzü yuduqdan sonra qolları yuxarıdan aşağıya yuyur və ovcumuzdakı dəstəmaz suyu ilə (təri) ilə başın qabağına məsh çəkirik, ayaqlarımızın üstünə də əlimizdə qalmış dəstəmaz təri ilə məsh edirik; amma sünnilər bizdən fərqli olaraq, (bəziləri) başa qulaqlarla birlikdə məsh edir, ayaqları isə məsh əvəzinə yuyurlar?

Cavab: On iki imamçı şiələrlə sünnilər arasında bəzi vacib dəstəmaz hökmlərində fərq var:
1.Şiə fiqhində üzü yuxarıdan aşağıya yumaq vacibdir. Bəziləri üzün yuxarıdan aşağıya yuyulmasını ehtiyat hesab edir.(Urvətül-vusqa" dəstəmazın əməlləri fəsil) Amma sünnə əhli yekdil olaraq belə hesab edir ki, üzü yuxarıdan aşağı yumaq müstəhəbdir.("Əl-fiqh ələl məzahibil-xəmsə”, s. 35, "Əl-fiqh ələl məzahibil-ərbəə” 1-ci cild, fəraizul vuzu səh. 54. "Səlatul-mumin”, əl-Qəhtani,, Əl-qəhtani c. 1, s.41-42.)
2.Bizim fiqhdə qolları (dirsəkdən aşağı) yuxarıdan aşağıya yumaq vacibdirsə, sünnilər yekdil olaraq bildirirlər ki, insan əlləri yuxarıdan aşağıya və ya aşağıdan yuxarıya yumaqda azaddır, eləcə də, aşağıdan (barmaqların başından) yuxarıya yumaq müstəhəbdir.("Əl-fiqh ələl məzahibil-xəmsə”, s. 35, "Əl-fiqh ələl məzahibil-ərbəə” 1-ci cild, səh. 65. "Səlatul-mumin”, əl-Qəhtani,, Əl-qəhtani c. 1, s.41-42.)
3.Bizim fiqhdə başın qabağını məsh etmək vacibdir. Amma bu barədə sünnilər arasında fikir ayrılığı var. Bildiyiniz kimi, sünni məzhəbi maliki, hənbəli, hənəfi, şafei olmaqla dörd qrupa bölünür.
Hənbəlilərin fikrincə, bütün başa qulaqlarla birlikdə məsh edilməlidir. Onlar qulaqları başa aid edir və bu barədə rəvayət də göstərirlər.("Səlatul-mumin”, əl-Qəhtani,, Əl-qəhtani c. 1, s.45.)
Hənəfilərin fikrincə, başın dörddə birini məsh etmək vacibdir.
Şafeilərin əqidəsinə görə, hər nə qədər olsa başın bir hissəsinə məsh çəkmək vacibdir.("Əl-fiqh ələl məzahibil-xəmsə”, s. 36-37, "Əl-fiqh ələl məzahibil-ərbəə” 1-ci cild, fəraizul vuzu səh. 53. "Səlatul-mumin”, əl-Qəhtani,, Əl-qəhtani c. 1, s.42-46.)
Sünnilərin bəziləri isə belə hesab edirlər ki, məsh əvəzinə baş yuyulsa və ya ona su tökülsə, kifayət edər.(Həmin mənbəə)
4.Şiə fiqhinə görə ayaqların üstünə məsh çəkmək vacibdirsə, sünnilər yekdil olaraq ayaqların yuyulmasını vacib hesab edirlər.(Həmin mənbəə)
Beləcə, şiələrlə sünnilər arasında dörd məsələdə fikir ayrılığı var:
1.Biz üzün yuxarıdan aşağıya yuyulmasını vacib bilir, onlar isə müstəhəb hesab edirlər. Bizim dəlilimiz Peyğəmbərin (s) dəstəmazda üzünü yuxarıdan aşağıya yumasını bildirən rəvayət və imamın (ə) əmrini çatdıran hədisdir: "Üzünüzü yuxarıdan aşağıya yuyun”("Vəsailüş-şiə”, 15-ci fəsil, hədis-22.).
Sünnə əhli isə bildirir ki, "fəğsilu vucuhəkum”( "üzünüzü yuyun”) ayəsi("Maidə”, 6) üzü yumağı əmr etmiş və yuxarıdan aşağıya yumaq məsələsinə toxunmamışdır. Onların fikrincə, üzün necə yuyulması barədəki rəvayətlər bu hökmü vacib yox, müstəhəb edə bilər.
2.Biz əlləri yuxarıdan aşağıya yuyulmasını vacib bilir, onlar isə müstəhəb hesab edirlər. Bu hökm üçün dəlilimiz həzrət Peyğəmbərin (s) dəstəmazda əllərini yuxarıdan aşağıya yumasını nəql edən rəvayət və imamın (ə) uyğun ayənin təfsiri zamanı bir buyuruğudur: "Əllər yuxarıdan aşağıya yuyulmalıdır.”("Vəsailüş-şiə”, 19-cu fəsil, hədis-1.)
3.Biz başa məsh edilməsini vacib və müəyyən bilirik. Sünnilər isə hətta öz aralarında bu barədə fərqli əqidədədirlər. Başın qabaq hissəsinin bir miqdarına məsh çəkilməsi barədə rəvayətlərdən birində Zürarə imam Baqirdən (ə) soruşur: "Başın və ayaqların bir hissəsinə məsh çəkilməsini haradan bilirsiniz?” İmam buyurur: "Ey Zürarə bu hökmü Allahın Rəsulu (s) buyurmuş və bu barədə ayə nazil olmuşdur. Allah "üzünüzü yuyun” buyurduqdan sonra sözünə davam edərək "başınıza məsh edin” əmr etmişdir. "Bi ruusikum” kəlməsinin əvvəlindəki "bi”-hərfindən başa düşürük ki, məsh başın bəzi hissəsinə aiddir.”
Beləcə, ayənin özündən də məlum olur ki, başın bir hissəsinə məsh vacibdir. Amma sünnə əhli uyğun ayəni fərqli anladığından öz aralarında ixtilafa düçar olmuşlar. Onlardan bəziləri belə bir rəvayət nəql edirlər ki, həzrət Peyğəmbər (s) əlini qabaqdan arxaya və təkrar arxadan qabağa gətirməklə bütün başa məsh çəkirmiş.("Səhihe-Buxari”, h.185, Səhihe-Müslim, hədis-235.)Başqa bir rəvayətdə isə qulaqların da başdan hesab edildiyi bildirilir.("Səlatul-mumin, əl-Qəhtani”, cild -1, s.45) Digər bir rəvayətdə isə şəhadət (səbbabə) barmağın qulağa daxil edilib, orta barmağı qulağa çəkmək lazım bilinir.(həmin mənbə, s. 42) Amma bu hökm müstəhəb hesab edilir.
Uyğun ayədən görünür ki, üzün yuyulması ilə başa məsh çəkilməsi arasında əsas fərq "bi”-hərfidir. Sünni alimlərindən bir çoxu "bi” hərfini "bəzi” mənasında qəbul etsələr də, bəzi alimlər həmin mənanı təsdiq etmirlər.("Əl-fiqh ələl məzahibil-xəmsə”, c. 1, s. 65)
4.Şiələr ayaqlara məsh çəkilməsini vacib bilirlərsə, sünnilər yekdil şəkildə ayaqların yuyulmasını vacib hesab edirlər.
İstinad etdiyimiz ayəyə bir daha nəzər salaq. "Maidə”, 6: "ya əyyuhəlləzinə amənu iza qumtum iləs-səlati fəğsilu vucuhəkum və əydidəkum iləl-mərafiqi vəmsəhu biruusikum və ərculəkum iləl-kəbəyn.” Ayənin tərcüməsi: "Ey iman gətirən kəslər namaza durduğunuz vaxt üzünüzü və dirsəyədək əlinizi yuyun; başınıza və dikinədək ayağınıza məsh çəkin.” Şiələr ayəni yuxarıdakı kimi tərcümə etmişlər. Amma sünnilər belə hesab edirlər ki, "yuyun” əmri baş və ayağa da aiddir. Ona görə də ayəni belə tərcümə edirlər: "Üz və əllər kimi ayaqlarınızı da yuyun.” Cavab olaraq deməliyik ki, ayədə yuyun əmri yalnız üz və əllərə aiddir. Ərəb dilinin qrammatikasından xəbərdar olanlar deyilənləri daha yaxşı anlaya bilərlər.

Müəllif: Əli Ətai İsfəhani
"Vəhhabi suallarına cavablarımız" kitabından
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 580 | Downloads: 0 | Rating: 1.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]