Çərşənbə axşamı, 2024-04-23, 9:51 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Şübhə doğuran suallar » Şübhə doğuran suallar

Şübhə doğuran suallar
2012-10-22, 6:04 AM
VƏHHABİLƏR NƏYİ BİDƏT HESAB EDİRLƏR?

Ərəbistan müftisi və hicaz vəhhabilərinin rəhbəri İbn Baz bidətə belə tərif verir:
"Keçmişdə oxşarı olmayan hər bir yenilik bidətdir.”("Fətavi muhimmə”, Ben Baz, №11, səh. 31)
Elə bu tərifə əsaslanaraq vəhhabilərin və digərlərinin bidətlərini iki qrupa ayıra bilərik: Onların öz fiqhinə əsasən bidət sayılan işlər və şiə fiqhinə əsasən bidət sayılan işlər.

VƏHHABİLƏR ÖZ FİQHİNƏ ƏSASƏN YOL VERDİKLƏRİ BİDƏTLƏR
Onların nəzərincə, Peyğəmbər (s) və səhabələrdən sonra baş vermiş yeniliklər bidət və haramdır, şirk və küfr səbəbidir. İbn Baz öz mövqeyinin sübutu üçün Peyğəmbərdən (s) bir rəvayət də sitat gətirir. Elə həmin rəvayətə əsasən də vəhhabilərin bidətlərinə nəzər salaq:
1.Müsəlmanları müşrik və kafir saymaq;
Peyğəmbər (s) və onun səhabələrinin dövründə belə bir münasibət yox idi. Hansı ki, fikir ayrılığı da olurdu, səhabələr mübahisə də edirdilər, savaş vəziyyəti də yaranırdı, hətta müsəlmanlar xəlifə saydıqları Osmanı öldürüb, yəhudi qəbiristanlığında basdırmışdılar. Bütün bunlara baxmayaraq, kimsə kimsəni kafir saymırdı. Vəhhabilər isə öz fiqhinə əməl edən, onlarla eyni fikirdə olmayanları şirk, küfr və dindən çıxmaqda ittiham edirlər. Onların bu işinin Qurana zidd olması ayələrdən aşkar görünür: "Müsəlmanlığını bildirənə kafir deməyin.”(Nisa surəsi, ayə 94) Bəli, vəhhabilərin aşkar bidətlərindən biri müsəlmanları kiçik işlərə görə şirk və küfrdə ittiham etmələridir. Onlar şərif ayə və öz nəql etdikləri rəvayətlərin ziddinə hərəkət edirlər.
2.Bəqi, Ühüd və Əbu Talib qəbiristanlıqlarına göstərilən münasibət;
Onlar qəbiristanlıqları hasara salır, gecələr və günün müəyyən saatları onların qapısını bağlamaqla qəbir ziyarətinə mane olur, qəbiristanlarda tablolar asıb, qeyri-münasib sözlər yazır, qəbirlər üzərində nəzarətçilər qoyurlar. Bütün bunlar bidətdir. Peyğəmbər (s) və onun səhabələri dövründə sadalanan işlərin heç biri mövcud olmamışdır. Mötəbər sünni mənbəyində nəql olunur: "Rəsulullah (s) gecə yarı, Ayişə yatdığı vaxt Bəqiyə qəbir əhlinin ziyarətinə gedirdi.”("Səhih Buxari”, əlcənaiz, səh. 214, hədis 1340.) Başqa bir rəvayət: "Bəzən ölülər gecə dəfn olunar və Rəsulullah (s) növbəti gün onların qəbrinə namaz qılardı.”("Səhih Müslüm”, əlcənaiz, səh. 412, hədis 974)
Ən çirkin bidətlərdən biri budur ki, Ühüd şəhidlərinin qəbirlərini hasarlayıb, möhtərəm zəvvarların qəbiristana daxil olmasına mane olurlar. Ziyarət vaxtı səs gücləndiricilər ətrafda sakitliyi pozur, ziyarətçilərin hissləri təhqir olunur. Məgər müsəlman ziyarətçilərlə belə rəftar etmək bidət deyilmi?! Ziyarətçilərə bir belə maneə yaradanları Peyğəmbər (s) ardıcılı saymaq olarmı?
3.Məscidül-həram və Məscidün-nəbidə cənazə namazı qılmaq;
Cənazələri adı çəkilən məscidlərə daxil edib, meyit namazı qılan vəhhabilər belə bir rəvayət nəql edirlər:
Ayişə göstəriş verir ki, Səd ibn Əbu Vəqqasın cənazəsi məsciddən aparılsın və özü də ona namaz qılır. Müsəlmanların etirazı ilə qarşılaşan Ayişə deyir: "Peyğəmbərin (s) məsciddə Süheylə namaz qılmasını müsəlmanlar nə tez unutdu!”("Səhih Müslüm”, əlcənaiz, səh. 412, fəsil 34, hədis 973.) "Səhih Müslim”dən daha mötəbər sayılan "Səhih Buxari”də bu məsələ açıqlanmır. "Əl-fiqh ələl-məzahibul-ərbəə” kitabının 1-ci cildində deyilir: "Məsciddə meyit namazı caizdirmi? – Məsciddə meyit namazı məkruhdur, hətta məscidin kənarında da – bu hənəfilərin və malikilərin mövqeyidir. Bildirilir ki, meyitə namaz qılınmamış onu məscidə daxil etmək məkruhdur. Hənbəlilər bu işi mübah, şafeilər isə müstəhəb sayırlar.” Başqa bir sünni kitabında mənbə göstərilmədən nəql olunur ki, Əbu Bəkr və Ömərin cənazə namazları məsciddə qılındı. ("Səlatul-mumin”, əl-Qəhtani, c.2, səh. 1277) İbn Baz deyir: "Məsciddə cənazə namazı caizdir. Bu namazı bayram namazı qılınan yerdə qılmaq əfzəldir.”("Məcmuətül-fətavi”, Ben Baz, c. 13, səh. 164)
İndi özünüz qərara gəlin, məsciddə cənazə namazı qılınmasında təkcə bir rəvayətə istinad olunur və bu rəvayətdən də məlum olur ki, uyğun iş Peyğəmbər (s) dövründə adi sayılmışdır. Əgər bu rəvayəti düzgün saysaq, yalnız bir dəfə Peyğəmbər (s) məsciddə cənazə namazı qılmışdır. Sonra isə yenə də bircə dəfə Ayişə məsciddə meyit namazını yerinə yetirmişdi. Səhabələr dövründə belə bir namaz yalnız Ayişənin qıldığı namazdır və həmin namaz da etirazla qarşılanmışdır.
Mötəbər vəhhabi mənbələrindən məlum olur ki, onlar meyit namazında Quran və Peyğəmbər sünnəsinə zidd beş bidətə yol verirlər:
1.Dəlil göstərilən rəvayətdə Peyğəmbər (s) və Ayişənin Məscidün-nəbidə cənazə namazı qıldığı bildirilir. Bu rəvayətə əsasən Məscidül-həramda cənazə namazı qılınmasını caiz saymaq olmaz. Meyiti Məscidül-hərama daxil edib, meyit namazı qılmaq vəhhabilərin öz məntiqinə görə bidətdir.
2.Rəvayətdə həm Peyğəmbər (s), həm də Ayişənin cəmi bir dəfə bu işi gördüyü bildirilir. Rəvayətdən bu nəticə çıxmır ki, gündə məsciddə meyit namazı qılınmalıdır.
3.Rəvayətdə meyit namazının camaat namazından sonra qılındığı bildirilmir. Hansı əsasla bu namaz camaat namazından sonra qılınır?
4.Namazın təqibatı və nafilə namazları daha çox tapşırıldığı halda, meyit namazlarının hesabına müsəlmanlar bu işə imkan tapmırlar.
5.Meyit namazında azançı "əssəlatu ələl-əmvat” deyə Peyğəmbərin (s) kənarında haray salır. Hansı ki, vəhhabilər başqalarını həmin yerdə səsini çıxarmağa qoymurlar.
Cənazəni imkan daxilində tez dəfn etmək tapşırıldığı halda, sübh namazından sonra ölmüş adam dəfnə hazır olsa da, onu günortaya saxlayırlar ki, günorta namazından sonra meyit namazı qılıb, dəfn etsinlər. Bu iş əsil bidətdir. İndi özünüz görün ki, bu adamlar öz fiqhləri baxımından nə qədər bidətə yol verirlər.

VƏHHABİLƏRİN MƏSCİDLƏ BAĞLI BİDƏTLƏRİ
Vəhhabilərin məscidlərlə, xüsusi ilə də Məscidül-həram və Məscidün-nəbi ilə bağlı bidətlərinə nəzər salaq:
1.Çox uca və çoxsaylı minarələrin tikilməsi;
2.Çoxsaylı günbəzlərin tikintisi, xüsusi ilə Məscidün-nəbinin 21-ci qapısı üzərindəki 7 oxşar günbəz;
3.Qapı və divarların, tavanın müxtəlif naxışlarla zinətləndirilməsi;
4.Məscidin qapı və divarlarının yazılması;
5.Gecənin bir hissəsi Məscidün-nəbinin qapılarını bağlamaqla namaz qılanlara maneçilik;
6.Məscidün-nəbidə çoxsaylı kitabxanalar;
7.Məscidül-həram və Məscidün-nəbidə süfrə açılması (xüsusi ilə ramazan ayında)
8.Ölülərin məscidə daxil edilməsi və məsciddə cənazə namazı qılınması;
9.Qadınlara qəbir ziyarətini haram bildikləri halda, gündə iki növbə onların Məscidün-nəbiyə buraxılması;
10.Məscidlərin süni və rəngarəng xalılarla döşənməsi, hansı ki, bu, diqqəti dünyaya yönəldir;
11.Çoxlu qəbirlər olan Məscidül-Həramda və Məscidün-nəbidə namaz qılınması Müfti ibn Bazın fətvalarına ziddir. ("Tohfətul-ixvan”, səh. 68)
Əgər dəqiq araşdırsaq, məscidlə bağlı daha çox bidət üzə çıxar. Sadaladıqlarımız vəhhabilərin öz fiqhinə əsasən bidət sayılır. İndi onların öz kitablarından bəzi rəvayətləri nəzərinizə çatdırırıq:
İbn Abbas nəql edir ki, Peyğəmbər (s) buyurdu: "Məscidlərin çox ucaldılmasını və genişləndirilməsini əmr etmirəm.” ("Səlatül-mumin”, əl-Qəhtani, səh. 498)
İbn Abbas müsəlmanların gələcəyindən xəbər verərək deyir: "Yəhudilər və məsihilər kimi məscidləri bəzəyib, qızıla tutacaqsınız.”(Həmin mənbə) Ömər ibn Xəttab da məscidlərin zinətləndirilməsini pisləmişdir.(Səhih Buxari, Kitabus-səlati, səh. 77, hədis 445.)
Belə bir rəvayət də var: "Peyğəmbər (s) zamanı Məscidün-nəbinin divarı çiy kərpicdən, sütunları xurma ağacından, tavanı isə xurma budaqlarından idi. Əbu Bəkrin vaxtında da belə idi. Ömər ibn Xəttab əvvəlki şəkildə məscidi təzələdi. Amma Osman məscidi genişləndirib, divarları və sütunları rəngli daşlarla hördürdü, tavanı isə Hindistandan gətirilmiş xüsusi ağaclarla örtdü.”(Həmin mənbə.)
İbn Baz deyir: "İnsanlar evlərini gözəl tikdiyi bir vaxt qədim binalardan uzaq gəzir, belə məscidlərdə yığıncaq və namazdan çəkinirlər. Belə vaxtlarda xalqı məscidə rəğbətləndirmək üçün onu rəngli daşlardan tikmək olar, necə ki, Osman belə etdi.”("Səlatül-mumin”, əl-Qəhtani, səh. 500.)
Bu rəvayətlərin mötəbərliyini araşdırmadan vəhhabilərdən və İbn Bazdan soruşduq ki, nə üçün öz mötəbər kitablarına, Ömər və İbn Abbasın, həzrət Peyğəmbərin (s) qadağalarına əhəmiyyət vermirlər? Necə olur ki, başqalarını şirkdə və küfrdə ittiham edərkən dəlil göstərilən rəvayətlər vəhhabilərin öz bidətlərinin qarşısını almır? Necə ola bilər ki, xalqı məscidə rəğbətləndirmək üçün İslamda olmayan, bidət işlərə yol verilə? Hansı ki, İslam şəxsiyyətlərinə məqbərə tikilməsi, uçulmuş binaların təmiri birtərəfli qaydada bidət sayılır. Onların nəzərincə, Bəqidəki imam qəbirlərinin təmizlənməsi, Ühüd şəhidlərinin qəbirlərinin səliqəyə salınması bidət, şirk və küfrdür!

MÜBAHİSƏ
Onlardan birinə dedim: "Məscidə döşədiyiniz xalılar 50 ildir buradadır. Bu xalılar sünidir. Peyğəmbər (s) və onun səhabələri belə döşəmədə namaz qılmayıblar. Peyğəmbər (s) dövründə məscidin döşəməsi torpaq, həsir və bu kimi təbii şeylər olub. Sizin döşədiyiniz xalılara isə səcdə etmək batil, bidət və haramdır. Bu xalıları döşəmədən yığsanız, daha yaxşı olar və biz şiələr məscidin xalısız hissəsində namaz qılmarıq. Peyğəmbərin (s) dövründəki kimi çiyin-çiyinə dayanıb namaz qılarıq.”
Dedi: "İndiki dövrün adamları Peyğəmbər (s) dövrünün xüsusiyyətlərini bəyənmirlər, ona görə də xalı lazımdır.”
Dedim: "Əvvəla, müsəlmanlar Peyğəmbərin (s) necə namaz qıldığını öyrənməlidirlər. Peyğəmbər (s) nəyə səcdə edibsə, biz də həmin şeylərə səcdə etməliyik. Axı həzrət buyurub ki, mən necə namaz qılıramsa, siz də elə qılın. İkincisi, qədim dövrü bəyənməyən adamlar onların ibadətlərində axtarış aparılmasını da bəyənmirlər. Siz vəhhabilər isə başqalarının namazını öz süzgəcinizdən keçirirsiniz.”
Dedi: "Nə vaxt belə olub?”
Dedim: "Şiə fiqhində bu xalılara səcdə etmək düzgün sayılmır. Ona görə də biz ya həsir və torpaq, daş üzərində namaz qılır, ya da səccadə səririk. Vəhhabilər buna etiraz edir, səccadəmizi yığışdırır, bəzən də təhqir edirlər. Hansı ki, biz şiələr başqa məzhəbdən olanlara mane olmur, onların ibadətlərinə müdaxilə etmirik. Əksəriyyəti şiələrdən ibarət olan İran mühitində hər bir insan öz məzhəbinə uyğun şəkildə ibadət edir və heç bir etirazla qarşılaşmır. Necə olur ki, siz öz əqidənizə və fəqihlərinizin ziddinə, zəmanə adamlarının istəyinə müvafiq olaraq, məscidləri zinətləndirir, süni xalılar döşəyir, eyni zamanda Bəqi, Ühüd, Əbu Talib qəbiristanlarının ziyarətçilərinə mane olursunuz? Nə üçün müxtəlif islami və qeyri-islami ölkələrdən gəlmiş ziyarətçilərin istəyinə etina olunmur? Nə üçün böyük İslam şəxsiyyətlərinin qəbirlərinin təmirinə icazə vermirsiniz?”
Dedi: "Mən sizin ibadət və namazınıza etiraz etmirəm. Bəli, biz vəhhabilərdən bəziləri quru və təəssübkeş adamlardır. Onlar əmr be məruf və nəhy əz münkər etdiklərini düşünürlər. Siz böyük məqsədlər naminə güzəştə getməlisiniz. Qəbiristanların ixtiyarı isə böyüklərin əlindədir, adi adamlar bu işə müdaxilə edə bilmirlər. Hər halda gərək bağışlayasınız. Allah-taala buyurur: "Əfv edib, bağışlayın; Allahın sizi bağışlamasını istəmirsiniz?” ("Nur”, 22)
Dedim: "Bu gün sizə məzəmmət yoxdur, Allah sizi bağışlasın.” ("Yusuf”, 92)
Görüşüb ayrıldıq. Mədinədə olduğum müddətdə ünsiyyətə olduğum adamlar arasında belə insaflısını görmədim.

ŞİƏ FİQHİNƏ GÖRƏ SÜNNİLƏRİN BİDƏTLƏRİ
Əvvəlki söhbətlərimizdə sünnə əhli və vəhhabiləri onların öz fiqhinə, məzhəbinə, rəvayətlərinə əsaslanaraq bəyan etdik. İndi isə onların şiə fiqhi baxımından bidətlərini nəzərdən keçirəcəyik:
1.Fəcr tülusundan qabaq azan demək bidət və haramdır;
2.Sübh azanında "əssəlatu xəyrun minən-novm” demək bidət və haramdır;
3.Əllər qabaqda bağlı halda namaz qılmaq bidət və haramdır, belə qılınan namaz batildir;
4."Həmd” surəsinin əvvəlində "bismillahir-rəhmanir-rəhim” deməmək bidət və Quranın təhrifidir, namazı batil edir;
5."Həmd” (Fatihə) surəsindən sonra "amin” demək bidət və haramdır;
6.Namazda səcdə ayəsi oxuyub, onun gedişində səcdə etmək bidət və haramdır, namazı batil edir;
7."Həmd” surəsindən sonra bütöv surə oxumamaq namazı naqis və batil edir;
8.Xalıya səcdə etmək bidət və haramdır, namazı batil edir;
9.Namazın salamını deyərkən üzü qiblədən döndərmək bidət və haramdır, namazı batil edir;
10.Camaat namazında sıraların bitişikliyini gözləməmək bidətdir və namazı batil edir;
11.Ramazan ayının gecə nafilələrini "təravih” adı altında camaatla qılmaq bidət və haramdır;
12.Azan və iqamənin bəzi hissəllərini ixtisar etmək haramdır;
13.Cümə günü cümə namazı üçün iki azan demək bidət və haramdır;
Adətən, cümə günləri sübh namazında "Həmd” surəsindən sonra "səcdə” surəsi oxunur. Rəkət gedişində səcdəyə gedilməsinin bidət olmasından əlavə, müsafirlər və belə namazla tanış olmayanlar səcdə əvəzində rükuya getdiklərindən namazları batil olur. Camaat namazında uzun surə oxumaq Peyğəmbərin (s) əmrinə ziddir. Pişnamaz möminlərin halını nəzərə almalıdır. Təkcə cümə günü sübh namazında yox, bütün camaat namazlarında möminlərin halı nəzərdən qaçırılmamalıdır.
Sünni mənbələrində nəql olunur ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: "Əgər biriniz pişnamaz (imam camaat) olsanız, namazı yüngül və qısa qılmalısınız. Çünki namaz qılanlar arasında uşaqlar və böyüklər, zəiflər və xəstələr, işə tələsənlər vardır. Namazı təklikdə qılan kəs istədiyi kimi (uzun və ya qısa) qıla bilər.”("Səhih Buxari”, kitabul-əzan, hədis 703.) Başqa bir rəvayət: "Hansınız camaatla pişnamaz olsa, namazı yüngül qılsın. Çünki adamlar arasında zəiflər, xəstələr, işi olanlar var.”("Səhih Müslüm”, hədis 467.) Bu mənbələrdə oxşar hədislər "təvatür” həddədir. Amma bu göstərişlərə əməl olunmur, xüsusi ilə sübh namazları uzadılır. Hətta bəzilərini namaz gedişində yuxu tutur.
Şiələrdən biri dedi: "Mən bu səhnələri görəndən sonra öz pişnamazlarımızın qədrini bildim. Əgər bizim pişnamazlar belə namaz qılsalar, məscidə gələn olmaz.”
Bəli, şiələr bu bidətləri görür və ümumi düşmən qarşısında vəhdəti qorumaq üçün susurlar. Onlar öz fəqihlərinin əmrinə itaət edərək, sünnilərlə camaat namazında çiyin-çiyinə dayanır, namaz qılırlar. Bu göstərişlər məsum İmamlarımızın (ə) tövsiyəsidir. Onlar isə şiələri şirk və küfrdə ittiham edir, hətta bəziləri Əhli-beyti (ə) təhqir etmək səviyyəsinə alçalırlar. Müəllifi hazırkı kitabı yazmağa sövq edən də məhz bu məsələdir.

Vəhhabi suallarına cavablarımız       
   Müəllif: Əli Ətai İsfəhani   
Category: Şübhə doğuran suallar | Added by: Ənfal
Views: 519 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]